Prezident İlham Əliyev
yeni zamanın yeni lideridir
Beynəlxalq
Valyuta Fondunun hesablamalarına görə, 2003-cü ildən
Azərbaycanda büdcə gəlirlərinin orta illik
artımı 20-30 faiz təşkil etmişdir və bu regionda ən
yüksək göstərici sayılır.
Respublikamızın 2014-cü il dövlət
büdcəsi Cənubi Qafqazın ümumi büdcəsinin 76
faizini təşkil edir.
Azərbaycan xalqının tarixi müxtəlif səciyyəli
və taleli liderlərin obrazları ilə kifayət qədər
zəngindir.
Cavanşirdən , Babəkdən, Şəmsəddin Eldəgəzdən
və onun hökmdar oğullarından, Uzun Həsəndən,
Şah İsmayıl Xətaidən, Nəriman Nərimanovdan
Heydər Əliyevə qədər neçə- neçə
dövlət başçısı, ictimai- siyasi xadim
yetirmiş bir xalqın, həqiqətən, ən yeni tarixini
yaradan və yaşayan ölkənin bu mərhələdə
də zamanın məzmunu, sürəti, enerjisi və
miqyası səviyyəsində siyasi lider yaradacağı
heç bir şübhə doğura bilməzdi. Azərbaycan
Respublikasının indiki Prezidenti İlham Əliyev mənsub
olduğu xalqın və dünyanın gözləri
qarşısında belə bir lider kimi yüksəldi, qəbul
olundu. Ümummilli lider Heydər Əliyevin həyatının
son illərində və aylarında Azərbaycan cəmiyyətini,
eləcə də ölkəmizi diqqət mərkəzində
saxlayan beynəlxalq dairələri ulu öndərin
yaratdığı dövlətə gələcəkdə
kimin rəhbərlik edəcəyi, onun hakimiyyət irsini və
siyasi kursunu kimin davam etdirəcəyi ciddi
düşündürürdü. Və bu barədə
düşünəndə dostun da, düşmənin də
ağlına birinci növbədə ümummilli liderin ən
yaxın və ən sadiq məsləkdaşı İlham
Əliyev gəlirdi. Bu, yalnız ona görə deyildi ki,
İlham Əliyev dünya miqyaslı ictimai- siyasi xadim,
böyük dövlət adamı və nəhayət,
ümummilli lider Heydər Əliyevin oğlu idi, həm də
ona görə idi ki, ötən 90 - cı illərinin
ortalarından başlayaraq İlham Əliyev kifayət qədər
böyük siyasi nüfuz qazanmışdı.
Görünür, onun
yalnız dostları deyil, artıq hamı etiraf etməyə məcbur
idi ki, həmin illərdə İlham Əliyevin siyasi
nüfuzu onun potensial rəqiblərinin “münbit tarixi şəraitdə”
- ötən əsrin 80— 90 - cı illərində
qazandıqları nüfuzu keçmişdi. Və nəzərə
aldıqda ki, potensial rəqiblərin vaxtilə göstərdikləri
fəaliyyət artıq tarixə çevrilmişdi, yeni tipli
siyasi xadim İlham Əliyev isə hər gün yeni bir
uğura imza atırdı, onda “tarix” ilə “müasirlik” (və
“gələcək”!) arasındakı fərq, şübhəsiz,
daha aydın görünürdü...
Azərbaycan dövlətçiliyi həmin
dövrdə qarşısıalınmaz bir sürətlə
inkişaf edirdi. Artıq dünya da bu və
ya digər dərəcədə etiraf etməyə məcbur
olurdu ki, Yer üzündə, gerçəkdən, Azərbaycan
adlı bir dövlət var. Və bu dövlətlə
hesablaşırlar. Azərbaycan dövlətçiliyinin
güclənməsi həm xalqımızın, həm də
onun böyük rəhbəri Heydər Əliyevin qələbəsi
idi. Həmin qələbə isə
İlham Əliyev qarşısında yüksək fəaliyyət
perspektivləri, yeni siyasi, iqtisadi, mənəvi- ideoloji
üfüqlər açırdı. Azərbaycan
dövlətçiliyi uğrunda mübarizənin gənc qəhrəmanına
belə geniş meydan, təbii ki, hava - su kimi lazım idi.
Hamı bu və ya digər
şəkildə etiraf edirdi ki, İlham Əliyev
güclüdür! Hər şeydən əvvəl
ona görə güclüdür ki, ümummilli lider Heydər
Əliyevin həyat və mübarizəsinin təbii varisidir –
sağlam, intellektual, mübariz bir genin
daşıyıcısıdır. Azərbaycan
cəmiyyəti və dünya Heydər Əliyevi neçə
onillər idi ki, bu xalqın milli lideri kimi tanıyırdı.
Onun qurduğu dövlətin iqtisadi- sosial, mənəvi-
ideoloji həyatında oynadığı həlledici rol gənc,
təşəbbüskar və enerjili lider üçün
böyük siyasi dayaq idi.
Tarix yalnız dostlara deyil,
özünün ən müxtəlif formalarda təzahüründə
düşmənlərə də göstərdi ki,
ümummilli liderə və onun arxalandığı millətə
qalib gəlmək, sadəcə olaraq, mümkün deyil. Ona qarşı dayanmaqsa Azərbaycan dövlətçiliyinə,
xalqın özünütəsdiqinə qarşı dayanmaq
demək idi ki, bu da heç bir siyasi, yaxud psevdosiyasi qüvvəyə
nüfuz gətirə bilməzdi.
Ümummilli liderin ən layiqli varisi
İlham Əliyev ona görə güclü idi ki,
yaxşı təhsil almış, müxtəlif dillərdə
sərbəst danışmağı və müxtəlif,
xüsusən beynəlxalq mədəniyyət tipologiyaları
ilə təmasa girməyi dərindən mənimsəmişdi,
dünyanın müasir düşüncə
texnologiyalarına yiyələnmişdi. Bu baxımdan onu “rəqibləri” ilə müqayisə
etmək çətindir. Həmin dövrdə Azərbaycanda
hakimiyyətə can atan qüvvələrin böyük bir
hissəsi, əvvəllər tez- tez deyildiyi kimi, adi bir namizədlik
dissertasiyası müdafiə edə bilməmiş aspirantlar,
yaxud dissertantlar idilər. Onların nə zamansa sistemli,
ardıcıl bir iş görə biləcəklərinə
inanmaq mümkün deyildi.
Xalq məhz irəliyə baxır, geriyə yox!.. Geriyə baxmaq tarixçilərin
işidir. Xalq hərəkatının
dalğalarında hakimiyyətə gəlmiş, çox
keçmədən, səriştəsizlik ucundan, məğlub
olub kənara atılmış oyuncaq qəhrəmanlar özlərini
yalnız xəyallarda hakimiyyətdə təsəvvür edə
bilərdilər. Xalqın ulu öndərdən
sonra taleyini etibar etmək istədiyi lider isə yalnız
İlham Əliyev idi.
Gələcəyin lideri İlham
Əliyev müxtəlif dövlətlərin siyasilərinin
çeşidli mülahizələrilə müşayiət
olunan proseslərdə, tez- tez dəyişən olayların
çevrəsində dünya şöhrətli
atasının bütün fərdi və ideoloji qənaətlərini
onunla birgə yaşayırdı. Öndər Heydər
Əliyev ölkəsinin müstəqilliyinin on ili
ərzində milli, dünyəvi quruluş formasiyasını
seçən Azərbaycanın bugününün və
sabahının prinsipini, ideya istiqamətini müəyyənləşdirmişdir.
İlham Əliyev siyasi meydanda çoxdan
olsa da, tam aydınlığı ilə Avropa
Şurasının Parlament Assambleyasında Azərbaycan
nümayəndə heyətinin rəhbəri qismində vətənpərvər
fəaliyyəti ilə nəzərə çarpdı. Sonradan isə cəmiyyət onu Baş nazir kimi qəbul
etdi. Və unutmamalıyıq ki, Avropa
Şurası ölkəmiz üçün beynəlxalq aləmə
açılan pəncərədir. Bununla
yanaşı, Azərbaycana qarşı geniş təbliğat
kampaniyası aparan erməni diasporunun bəzi iri xarici dövlətlərdə
güclü təsirləri görünürdü. Belə bir zamanda ölkəmizi Avropada təmsil edəcək
heyətə elə bir geniş və müasir
dünyagörüşlü şəxs lazım idi ki,
dünyada gedən siyasi proseslərdən düzgün baş
çıxara bilsin.
Əslində, bu qədəmi sayalı
başlanğıc Heydər Əliyev siyasi, ictimai, əxlaqi məfkurəsi
və mədəniyyəti üzərində
formalaşmış, Avropa və Şərq dəyərlərinin
sintezindən yaranan, monolit kökü olan özünəməxsus
siyasi əxlaqın - mədəniyyətin gəlişi idi. Siyasi düşərgəyə, cəmiyyətimizin
idarəçiliyinə yeni ictimai ruhun gəlişi təzə
ideyaların axını demək idi. Bütün
bunların bəhrəsi isə təkcə əldə
olunmuş inkişaf tempini qoruyub saxlamaq deyil, həm də
qazanılacaq yeni uğurlar, növbəti təcrübə
olacaqdı. İlham Əliyevin keçdiyi
mənəvi, mədəni, intellektual, siyasi məktəb
bütöv bir tarix idi.
Nadir siyasi və dövlət xadimi Heydər Əliyevin
həyat və mübarizə məktəbinin bilavasitə
yetirməsi olan, parlaq siyasətçi, gerçək əməl
adamı İlham Əliyevin hələ ölkəyə rəhbərlik
etməyə başlamamışdan əvvəl iqtisadi, sosial-
siyasi, ideoloji sahələrdə qazandığı
böyük uğurlar onun qarşısında geniş
perspektivlər açır, hakimiyyət uğrunda hər hansı
konyuktur mübarizə formasına əl atılmasını
istisna edirdi.
Belə bir tarixi şəraitdə həyatı şam
kimi sönməkdə olan ümummilli lider 2003-cü ilin
prezident seçkilərinin həlledici dövründə
canından artıq sevdiyi xalqına müraciətlə
bildirdi: “Üzümü sizə – həmvətənlərimə
tutaraq, qarşıdan gələn prezident seçkilərində
prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan
Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə
çağırıram. O, yüksək intellektli, praqmatik
düşüncəli, müasir dünya siyasətini və
iqtisadiyyatını gözəl bilən, eneryili və təşəbbüskar
bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm
İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası
bundan sonra da xalqımızın ən layiqli
övladlarını öz ətrafında sıx birləşdirərək
Azərbaycan dövlətinin inkişafı və
xalqımızın firavanlığı yolunda çox
işlər görəcəklər. İnanıram
ki, mənim axıra çatdıra bilmədiyim
taleyüklü məsələləri, planları, işləri
sizin köməyiniz və dəstəyinizlə İlham
Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə
böyük ümidlər bəsləyirəm”.
Müstəqil dövlətin yenicə qurulmuş,
nizamlanmış hakimiyyətinin yeni siyasi varisə
ötürülməsi kimi taleyüklü bir keçid mərhələsində
İlham Əliyevin böyük səs çoxluğu ilə
Azərbaycan Prezidenti seçilməsi göstərdi ki, əvvəla,
Azərbaycan xalqı ümummilli liderin milli dövlət
quruculuğu siyasətinin perspektivliliyinə dərindən
inanır; ikincisi, İlham Əliyevi məhz həmin siyasətin
daşıyıcısı (və davamçısı!) kimi
qəbul edir; nəhayət, gələcəkdə milli
dövlət quruculuğu qarşısına çıxa biləcək
qaçılmaz problemlərin həllində onun siyasi
intellektinə, uzaqgörənliyinə və iradəsinə
şübhə etmir.
Azərbaycan Prezidenti İlham Əliyev
ölkəyə rəhbərlik etdiyi 11 illik bir müddətdə
xalqın böyük etimadını qazanaraq bir daha sübut
etdi ki, Azərbaycanı həm daxili, həm də beynəlxalq
miqyasda yalnız o təmsil edə bilərdi. İlk gündən hər bir azərbaycanlının
prezidenti olacağını vəd edən, verdiyi sözü
uğurla yerinə yetirən dövlət
başçısı İlham Əliyev öz fəaliyyəti
ilə ümummilli liderin başladığı işi davam
etdirməyə qadir olduğunu sübut etməklə
yanaşı, həm də özünü yeni zamanın yeni
lideri kimi göstərdi. Ötən 11 ildə
bir tərəfdən, mövcud ənənələr
müdafiə olundu, digər tərəfdən isə dövlət
idarəçiliyinə zəruri novatorluq gətirildi.
Prezident İlham Əliyev ümummilli lider
Heydər Əliyevin şəxsində təzahür edən “əbədi
zaman”dan (özünün də iştirak etdiyi “zaman”dan)
doğulmuşdu. Onu hakimiyyətə
hansısa subyektiv istək, yaxud maraq, kütləvi hərəkatın
konyuktur mənafeləri gətirməmişdi. İlham Əliyevi siyasi liderlik mövqeyinə
qaldıran zamanın özü idi. Heydər
Əliyev idarəçiliyi, dövlət (və millət!)
quruculuğu təcrübəsini yaşatmaq tələbatı
– millətin ruhundan gələn bu qarşısıalınmaz
ehtiyac İlham Əliyevi israrla Prezident kürsüsünə
gətirmişdi. Onun üzərinə elə
bir tarixi məsuliyyət qoyulmuşdu ki, həmin missiyadan
qaçmaq, sadəcə olaraq, mümkün deyildi. Və bu, yalnız bir şəxsin, yaxud siyasi liderin
taleyi məsələsi də sayıla bilməzdi – burada
söhbət bütöv bir millətin aqibətindən
gedirdi.
İlham Əliyev bir dövlət xadimi
kimi, milləti özünə (və dünyaya)
tanıtmağın ən modern üsullarını,
formalarını cəsarətlə tətbiq etməyə
başladı. Ölkənin maddi sərvətini sürətlə
artırmaqla yanaşı, onu mənəvi- mədəni sərvətə
çevirməyin uğurlu praktikasını da verdi.
Çəkilən yollar, tikilən və ya təmir olunan xəstəxanalar,
təhsil, mədəniyyət, idman müəssisələri;
sosial, siyasi- ideoloji ziddiyyətlərin aradan
qadırılması, milli barış və mütəşəkkilliyin
təmin olunması, dünya azərbaycanlılarının
birliyi uğrunda aparılan ardıcıl mübarizə... Bütün bunlar adi bir dövlət rəhbərinin
deyil, böyük dövlət və millət qurucusunun
görə biləcəyi işlərdir ki, onların öhdəsindən
məhz ümummilli liderin müzəffər siyasi varisi
İlham Əliyev gələ bildi.
Azərbaycanın yeni siyasi lideri, bir tərəfdən,
ulu öndərin strateji ideyalarını həyata
keçirirsə, digər tərəfdən, zamanın diktə
elədiyi yeni ideyalar irəli sürür, bu gün olmasa da sabah reallaşacaq perspektivli texnologiyalar üzərində
düşünür və bütün cəmiyyəti də
düşünməyə və çalışmağa səfərbər
edir.
Prezident İlham Əliyev ölkənin
maddi, mənəvi sərvətlərini, xaricdə beynəlxalq
nüfuzunu, daxildə isə vətəndaşlıq hisslərini
gücləndirməklə Azərbaycanın ən
ağrılı problemini - Dağlıq Qarabağ (və zəbt
olunmuş rayonlar) probleminin ədalətli həllini prinsip
etibarilə həll edir, əməli baxımdan
yaxınlaşdırır. Heydər Əliyevin
böyük siyasəti və onun qətiyyətlə davam
etdirilməsi Azərbaycan neftinə olan ənənəvi beynəlxalq
marağın ölkənin mənafeyi naminə istifadə
olunmasının tarixdə görünməyən təcrübəsini
verdi. Bu müstəqil və
mötəbər siyasət yüzillər boyu məkrli siyasi
iddialarla, amoral texnologiyalarla Azərbaycana (və ümumən
türklərə) meydan oxuyan erməni təcavüzünün
(və onun havadarlarının) qarşısına qüdrətli
bir müdafiə və hücum mexanizminin modern
formalarını çıxartdı.
Prezident İlham Əliyev indiki və gələcək
dövr üçün dövlətin və vətəndaşların
vəzifələrindən danışarkən
soydaşlarımızın doğma vətənləri ilə
hər cür faydalı əlaqələrində hüquqi, mədəni,
mənəvi əsasların möhkəmləndirilməsini zəruri
istiqamət kimi vurğulayır. Prezident
dövlətimizin inkişafı müqabilində maddi-mənəvi
imkanlardan istifadə edərək dünya azərbaycanlılarının
normal səviyyədə bəhrələnməsinə imkan
yaratmağı, onların milli və vətəndaş
hüquqlarının qorunması yolunda səyləri gücləndirməyi
çağdaş dövr üçün vacib amillərdən
sayır.
Millilik Prezident İlham Əliyevin siyasi
düşüncəsinin, təfəkkürünün əsas
mənbəyidir. Onun öz xalqının
ruhuna uyğun, eləcə də Avropa və Qərb təmayüllü
siyasəti Azərbaycanın əzəli milli maraqlarından
mayalanır.
Önəmlisi odur ki, Azərbaycandakı
siyasi, sosial, mədəni xətt doğma dəyərlərə
münasibətdə millətin keçmiş dövlətçilik
və yaşam təcrübəsindən istifadəyə
söykənir.
Prezident İlham Əliyev Azərbaycan
dövlətinin başına təkcə ümummilli liderin
varisi, davamçısı, onun məktəbinin
ardıcılı kimi yox, həm də yenilikçi—yeni
zamanın yeni lideri olaraq gəlmişdi. O, idarəçiliyin
elə demokratik və optimal yolunu seçmişdir ki, hər
bir zəkalı ölkə vətəndaşının
dövlətçiliyin inkişafında yeri vardır. Və dövlət quruculuğunda bu yer hər kəsin
məhz vətənpərvərliyinə, biliyinə,
sağlam düşüncəsinə, qabiliyyətinə
görə müəyyənləşmişdir.
Hələ prezidentlikdən əvvəl cənab
İlham Əliyevin gənclik maraqlarıyla uyğun olaraq Azərbaycanda
idmanın intibahını qısa zamanda gerçəkləşdirməsi,
mühüm məsələ kimi millətin fiziki və əqli
sağlamlığına qayğı ilə yanaşması
da sırf milli xarakterlidir.
Ölkəmizdə müasir idman siyasəti
fiziki hazırlıq çərçivəsini genişləndirərək
mənəvi təbiətin güclənməsi anlamına
keçmişdir və ictimai, ideoloji əhəmiyyətini ilbəil
artırır.
Respublikamızın bütün
regionlarında möhtəşəm olimpiya komplekslərinin,
idman qurğularının beynəlxalq standartlar səviyyəsində
tikilməsi, nəticədə yarışların müntəzəm,
planlı şəklə düşməsi dövlətimizin
başçısının gəncləri
çağdaş dünyanın nəfəs
aldığı ideallarla yetişdirmək ideyasından irəli
gəlir. Müstəqil Azərbaycan
dövlətinin yeni lideri İlham Əliyevin əsaslı və
zəruri eksperimentləri ölkənin real iqtisadi, sosial,
siyasi vəziyyətini dəqiqliklə nəzərə almaqla
yanaşı, cəsarətliliyi ilə də seçilir.
Onun məhz yenilikçi idarəetmə texnologiyalarına
ardıcıl, inamlı müraciətinin nəticəsidir ki,
respublikanın iqtisadi inkişafı indiyə qədər
görünməmiş bir sürət və miqyas
almış, ölkədə sağlam sosial- siyasi, mənəvi-
mədəni əhval- ruhiyyə güclənmişdir. Bu gün ən qərəzkar, ən aqressiv, hətta
ən dağıdıcı bir müxalif qüvvə belə
İlham Əliyevin qazandığı çoxspektrli
uğurları görməmək, yaxud inkar etmək
gücündə deyil.
Son 11 ildə Prezident İlham Əliyev ulu
öndərin yaratdığı əsaslara söykənərək
Azərbaycanda iqtisadi- sosial tərəqqini fenomenal bir
gerçəyə çevirib. Bu illərdə
milli iqtisadiyyatımız onun qətiyyəti və novator idarəçiliyi
sayəsində 3 dəfədən çox artıb. Bu, dünyada ən sürətli inkişaf göstəricisidir.
Yoxsulluq onun müstəsna səyləri ilə
10 dəfəyə qədər azalaraq 5 faiz səviyyəsinə
enib. İlham Əliyevin rəhbərliyi dövründə
ölkəmizdə 1,3 milyon yeni iş yeri
açılıb.
Dünyada əsl qurucu lider kimi tanınan İlham
Əliyevin yeritdiyi siyasətə ölkə daxilində və
xaricdə olan yüksək inamın, möhkəm etibarın
nəticəsidir ki, son 11 ildə Azərbaycana 170 milyard
dollardan çox sərmayə yatırılıb. Ötən
il bu göstərici rekord səviyyədə
– 28 milyard dollar olub. Bu rəqəmin
70 faizi yerli sərmayədir.
Beynəlxalq Valyuta Fondunun hesablamalarına
görə, 2003-cü ildən Azərbaycanda büdcə gəlirlərinin
orta illik artımı 20-30 faiz təşkil edib və bu
regionda ən yüksək göstərici sayılır. Hazırda
respublikamızın 2014-cü il dövlət
büdcəsi Cənubi Qafqazın ümumi büdcəsinin 76
faizini təşkil edir. Gələn ilin büdcəsində
də bu nisbət qorunub saxlanır. Azərbaycandakı
qanunvericilik bazasının demokratikliyi günün, proseslərin
gedişatı müqabilində təbii bir axarda təkmilləşməkdə,
səviyyəsini artırmaqdadır. Hətta,
xüsusilə vurğulamaq yerinə düşər ki,
keçmiş İttifaq məkanındakı müstəqil
respublikalarla müqayisədə Azərbaycanda məbuata, azad
sözə verilən demokratiya, imkanlar daha çoxdur. İndi əsas məsələ odur ki, təqdim
olunan, gerçəkləşdirilən demokratik şəraitdən,
ümdəsi isə dövlət başçısı
İlham Əliyevin kifayət qədər aydın demokratizmindən
xalqın, ölkənin imicinin yüksəlməsi
üçün səmərəli istifadə edilsin.
Mən həmişə Heydər
Əliyevin Azərbaycanından bəhs etmişəm. Elə bilirəm ki, artıq İlham Əliyevin Azərbaycanından
da danışmaq vaxtı çatıb. Ölkəyə
rəhbərlik etdiyi illərdə İlham Əliyev
bütün aydınlığı ilə göstərdi ki,
Heydər Əliyevin Azərbaycanı heç vaxt lidersizlik
problemi ilə üzləşməyəcək, ötən əsrin
80 - ci illərinin sonu, 90 - cı illərinin əvvəllərində
olduğu kimi daxili çəkişmələr, xarici
müdaxilələr obyektinə çevrilməyəcək.
Bu isə o deməkdir ki, Azərbaycan xalqı yüzillər
boyu yığılıb qalmış taleyüklü məsələlərin
həllinə səfərbər edilir, Azərbaycan insanı
zaman- zaman itirilmiş, yaxud qəsb olunmuş milli “mən”ini
özünə qaytarır.
İlham Əliyevin siyasi portretini onun
söhbət açacağımız fərdi
obrazının əlamətdar ştirixləri tamamlayır. Və özəllik ondadır ki, həmin cizgilərin
genetik qaynaqları Azərbaycan xalqının
özünüdərkində əvəzsiz rolu olmuş bir
dahinin ömürlüyündən irəli gələrək
formalaşmışdır. Prezident
İlham Əliyev bilir ki, insanları sevmək, onlara
xeyirxahlıq, mənəvi-ruhi, hüquqi, sosial baxımdan
problemlərinin həllində doğmalıq göstərmək,
dayaq durmaq- layiqli rəhbər olmaqdır.
Vətənpərvərlik - hələ
millət vəkili olaraq Avropa Şurasında nümayəndə
heyətinin rəhbəri kimi fəaliyyəti onun haqqında
bu imici yaratmışdı. İlham Əliyev dünyanı bir həqiqətə
inandırmağa çalışır ki, Ermənistan
terrorçu dövlətdir, zəbt etdiyi Azərbaycanın ayrılmaz hissəsi olan
Dağlıq Qarabağ ərazisindən narkotik maddələrin
tranziti və biznesi məqsədilə istifadə edir. Bu isə
təkcə Azərbaycan, Cənubi Qafqaz üçün
deyil, bütün dünya üçün təhükə mənbəyidir.
İlham Əliyev
ardıcıl olaraq Avropa Şurası kimi mötəbər
qurumun üzvü olan ölkələrin hamısına üz
tutaraq bu suallara cavab istəyir: “Ermənistan Avropa
Şurasının üzvü ola-ola, beynəlxalq hüququn
normalarına məhəl qoymaya bilərmi? Ermənistan Avropa
Şurasının üzvü ola-ola, digər AŞ
üzvünün ərazilərini 20 ildən artıq bir
müddətdə işğal altında saxlaya bilərmi? Ermənistan
AŞ üzvünün qaçqın və
köçkünə çevrilmiş bir milyondan artıq vətəndaşının
insan haqlarını açıq-aydın poza bilərmi?”
Xalqımız
onun himayədarlığını kifayət qədər hiss
etmişdir. İlham Əliyev, bəlkə də, insanları
nəinki mənəvi- sosial sıxıntılarla
üz-üzə qoymamış, yerlərdə adamlarla
müntəzəm görüşlər keçirərək
ümumi əhval-ruhiyyənin yüksəkliyinə nail
olmağa çalışır. İlham Əliyev rəsmi və ictmaiyyətlə
görüşlərində siyasətçiləri, müxtəlif
zümrədən olan insanları nəzakətlə, hörmətlə
dinləməyi, məsələyə aydın münasibət
bildirməyi ilə tərəf müqabillərini özü
haqqında sayğılı düşünməyə vadar
edir. O, dialoq zamanı həmsöhbətini özünün təbii
səmimiyyətinə və obyektivliyinə inandırır. Mətbuat
nümayəndələri ilə təmasda da sadə və
konkretdir.
Mən böyük məmnuniyyətlə
türk dünyasının İlham Əliyevindən və
İlham Əliyevin türk dünyasından da bəhs etmək
istəyirəm. Azərbaycan
Respublikasının Prezidenti seçildikdən sonra dəfələrlə
türk respublikalarına - Qazaxıstana, Özbəkistana,
Türkiyəyə rəsmi səfərlərə gedən,
Türküstanla (Orta Asiyanın türk dövlətləri
ilə) əlaqələrdəki soyuqluğu aradan qaldıran,
Şimali Kipr məsələsinə
münasibətdə, mövcud maneələrə baxmayaraq, ən
cəsarətli addım atan, türk dövlətlərinin və
xalqlarının birliyi üçün müasir mübarizə
texnologiyaları nümayiş etdirən və yeni təcrübə
verən İlham Əliyev artıq Azərbaycanın—
Bakının sovet dövründə unutdurulmuş
türk dünyasının mərkəzi şöhrətini
özünə qaytarıb. Azərbaycan rəhbəri
İlham Əliyev bu gün Qafqaz regionunun şəriksiz lideri
sayılır, onun razılığı olmadan bu bölgədə
heç bir ciddi layihəyə və addıma start verilə
bilməz.
Çağdaş
Azərbaycan dövlətini qurmaq missiyasına ümummilli
lider Heydər Əliyev “Öz ömrümün qalan hissəsini
də xalqıma bağışlayıram” söyləməklə
başlamışdı. Azərbaycanın müstəqilliyi
Tanrının xalqımızın gələcəyinə
verdiyi bir şans, istək və arzularına açdığı yol idi. Və nə
yaxşı ki, Heydər Əliyev kimi böyük mütəfəkkir
həmin şansdan istifadə edərək xalqını da
öz arxasınca bu yolla apara bildi. Xalq seçdiyi, ümidvar
olduğu öndərin bu tarixi quruculuq missiyasından
azadlığını və liderini qazandı.
Xalq
1993-cü ildə Heydər Əliyevi yenidən
özünün alternativsiz rəhbəri olaraq ali hakimiyyətə
tələb edəndə nə qədər ağıllı,
təkidli hərəkət etmişdisə,
üçüncü minilliyin üçüncü ilində
İlham Əliyevin şəxsində öz yeni Prezidentini -
yeni liderini seçəndə də o səviyyədə
mübarizlik göstərdi.
İlk
mərhələdə Azərbaycan xalqı dövlətçiliyin
xilaskarının missiyasından lazımınca bəhrələnərək
öz varlığını, Vətənin müstəqilliyini
qorudu və milli dövlətini qurdu. İkinci mərhələdə
isə Azərbaycan cəmiyyəti böyük zəhmətlər, ağrı-acılar
bahasına yaradılmış ideoloji ənənə və
dövlətçilik təcrübəsini
dağılmağa, müstəqilliyi naməlum talenin
oyunları ilə üz-üzə qalmağa qoymadı. Bu,
müasir Azərbaycanda siyasi varislik ənənəsinin nə
qədər ehtiyac duyulan həyati məsələ olduğuna
mükəmməl sübut idi.
Prezident
İlham Əliyevin müasir azərbaycanlı təfəkküründə
Vətən və Xalq təəssübkeşliyi, Şərqin
müsbət ənənələri, türk mənəvi-əxlaqi
dəyərləri, Qərb və Avropa modellərinə
münasib intellekt möhkəm bir özüldür. O, milli- mənəvi,
ideoloci dəyərlərimizin hamısında, mədəni,
elmi, etno-kulturoloji, eləcə də yaradıcılıq sahələrində
irəliləyişi, mənəviyyat məsələlərinə
dövlət himayəsini yalnız və yalnız
iqtisadi-sosial tərəqqi ilə ayrılmaz şəkildə
bağlayır. Biz qəlbən rahatlıq hissi
keçirməli və ümidvar olmalıyıq ki, xalqın
intellektual, mədəni, mənəvi perspektivi Azərbaycanın
potensial iqtisadi-sosial rifahına hesablanmışdır. Prezident İlham Əliyevi müasir insanların,
ziyalıların, gənc nəslin fəal surətdə dəstəkləməsi,
ona böyük ümidlər bəsləməsi nəticə
etibarilə, göz qabağındakı praktik işlərin
inikası və perspektivə güclü inamdan irəli gəlir.
Gəncliyin, xüsusən də ötən əsrin
ortalarında dünyaya gələn nəslin düşüncəsində
onun siyasətindəki demokratikliyin, milliliyin, intellektin
güclü obrazı var.
Müasir dövrdə
İlham Əliyev liderlik yolunda cəmiyyəti də
özü ilə birlikdə ucaltmağa qadir olan yeganə
dövlət adamıdır.
Prezident İlham
Əliyevin geniş düşüncəsində Azərbaycanın
indiki inkişaf mərhələsini dönməz prosesə
çevirmək və islahatları uğurlu sonluqla tamamlamaq,
ölkəni yeniləşdirmək məramı durur. Cəmiyyətin
sağlam qüvvələrinin qəbul etdiyi siyasi kursun
davamı da elə bundan - ənənələrin etibarlı səviyyədə
qorunmasının özünün də bir ənənəyə
çevrilməsi ideyasından qaynaqlanır. Bu yol Azərbaycanı
daha böyük uğurlara doğru aparır.
Nizami CƏFƏROV,
Milli Məclisin komitə sədri,
AMEA-nın müxbir üzvü
Xalq qəzeti.- 2014.- 24 dekabr.- S.3.