Almaniyada Azərbaycan

mədəniyyəti günü keçirilmişdir

 

Türingiya Azərbaycanlı Tələbələr Assosiasiyası Almaniyanın Yena şəhərində “Azərbaycan mədəniyyəti günü” adlı tədbir keçirmişdir. Fridrix Şiller adına Yena universitetində təşkil olunmuş tədbirdə Türingiya əyalətinin müxtəlif universitetlərində təhsil alan alman və digər millətlərdən olan tələbələr, həmçinin yerli sakinlər iştirak etmişlər.

Diasporla İş üzrə Dövlət Komitəsindən aldığımız məlumatda deyilir ki, tədbirin aparıcısı Şəlalə Yusifova iştirakçıları salamladıqdan sonra Türingiya Azərbaycanlı Tələbələr Assosiasiyasının sədri Alı Adıgözəl çıxış etmişdir. Təşkilatın rəhbəri Azərbaycanın tarixi haqqında məlumat vermiş, ölkəmizin tarixi dövlətçilik ənənələrinə malik olduğunu vurğulamışdır.

 Sonra təşkilat üzvlərinin Azərbaycan haqqında hazırladığı materiallar təqdimat olunmuşdur. Azərbaycanın coğrafiyası haqqında Murad Cəlalov, mədəniyyətimiz barədə Dəryən Rüstəmov,  Azərbaycanın iqtisadi imkanları haqda Bəhlul Məhərrəmov təqdimatla çıxış etmişlər. Alman tələbə Pia Plappertin Azərbaycan idmanı haqqında hazırladığı təqdimat iştirakçıların xüsusi diqqətinə səbəb olmuşdur. Pia Plappert öz çıxışında ölkəmizi tanımağında Azərbaycanda keçirilən beynəlxalq yarışların böyük rolu olduğunu demişdir. O, ölkəmizin idman ənənələri və 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunları barədə ətraflı məlumat vermişdir. Almaniyalı tələbə Azərbaycanı Avropada uğurlu təmsil edən “Qarabağfutbol klubunun adını xüsusi vurğulamışdır. Pia PlappertQarabağklubunun ev oyunlarını Bakıda keçirməsinə toxunaraq, bunun Qarabağın işğal altında olması ilə əlaqədar olduğunu da qeyd etmişdir.

 Azərbaycan haqqında geniş təqdimatdan sonra iştirakçılar arasında kiçik viktorina keçirilmiş, qaliblər Azərbaycanı əks etdirən hədiyyələrlə mükafatlandırılmışlar. Sonda tələbələrin ifasında Azərbaycan milli rəqsləri təqdim edilmişdir. Alman və azərbaycanlı tələbələrin ifasında “Naz eləmə” rəqsi böyük maraqla qarşılanmışdır.

Tədbirin sonunda iştirakçılar Azərbaycan stendində ölkəmizi əks etdirən müxtəlif kitablar, jurnallar, fotolarmilli geyimlərlə tanış olmuşlar.

 

Samirə ƏLİYEVA

 

Xalq qəzeti.- 2014.- 23 dekabr.- S.10.