İnşaatçı
peşəsinin cəfakeşi
Yer üzünün əşrəfi sayılan insanın yaşadığı ömür Tanrı əmanətidir. Əqidəsindən, dünyaya baxışından, seçdiyi peşəsindən asılı olmayaraq insan Ulu Tanrının verdiyi ömür payını vicdanla, şərəflə, ləyaqətlə yaşamağa borcludur. Xoşbəxt o insandır ki, özündən sonra yaxşı ad-san, iz qoyub gedir, əməli ilə sağlığında el məhəbbəti qazanır, nəsillərə örnək olası bir ömür yaşayır. Belələri həyatlarının mənasını xalqa, Vətənə xidmətdə görür, kamil bir şəxsiyyət kimi yetişirlər. Cəlal Süleyman oğlu Mənsimov da məhz bu cür yaşamağı bacardı. Bu adın məğzində bütün ömrünü respublikamızda gedən tikinti-quruculuq işlərinə həsr edən inşaatçı-mühəndisin parlaq obrazı canlanır.
Cəlal Mənsimov
kasıb, zəhmətkeş bir ailədə
dünyaya göz
açmışdı. Ağlı kəsəndən ailəsinin
qazancının alın tərindən, halal
zəhmətdən çıxdığını dərk etmişdi. Məhz buna
görə də hələ erkən yaşlarında zəhmətə
alışmış, ailəsinin gücünə güc qatmaq üçün kolxozda
işləməyə qərar vermişdi.
Yaşının az
olmasına baxmayaraq, ən ağır
işlərdə çalışmış, müharibədən
sonrakı aclıq illərində körpə
bacılarının korluq çəkməməsi
üçün
balaca, zəif çiynini
ən ağır yükün altına
belə verməkdən çəkinməmişdi. Bununla belə o, dərslərinə
də səylə hazırlaşar,
çalışqanlığı ilə sinif
yoldaşlarından seçilərmiş. Əsas məqsədi
isə ali təhsil alıb savadlı bir kadr kimi
cəmiyyətə xidmət etmək idi.
Həmin illərdə müharibədən
çıxmış ölkənin hər yerində geniş tikinti-quruculuq
işləri gedirdi. Gənc
Cəlalda da inşaatçı olmaq, bu quruculuq
işlərində fəal iştirak etmək
istəyi yaranmışdı. Elə bu həvəslə
də paytaxta gələn Cəlal Mənsimov
sənədlərini o zamankı Azərbaycan
Politexnik İnstitutunun
mülki-sənaye tikinti şöbəsinə
təqdim edir. Qəbul
imtahanlarını müvəffəqiyyətlə verən Cəlal
tələbə adını qazanır. Çox
keçmir ki, coşqun, qaynar tələbəlik
illəri, paytaxtın gur həyatı onu ağuşuna alır.
Çaqlışqanlığı, dərslərə olan böyük
marağı müəllimlərin diqqətini cəlb edir, nümunəvi tələbə kimi nüfuz qazanır. Məhz
bu keyfiyyətlərinə görə onu qrup nümayəndəsi,
daha sonra isə
fakültə komsomol təşkilatının
katibi seçirlər.
Ali məktəbi nümunəvi qiymətlərlə bitirib inşaatçı-mühəndis
ixtisasına yiyələnən Cəlal təyinatla doğulub boya-başa
çatdığı Sabirabad rayonuna göndərilir. 24 yaşlı C.Mənsimovu
Azərittifaqın 3 nömrəli tikinti-quraşdırma idarəsinə
rəis təyin edirlər.
Lakin səhhətində yaranmış
problemlə əlaqədar Soçi şəhərinə
müalicəyə getməli olur. O,
müalicəsinə başlar-başlamaz
təcili olaraq Sabirabad
Rayon Partiya Komitəsinə
çağırılması ilə bağlı teleqram alır. Teleqramda
göstərilən vaxtda birinci
katibin qəbuluna gələn C.Mənsimov
burada respublika avtomobil nəqliyyatı naziri
Tofiq Bağırovu görür.
Qısa mükalimədən sonra onu rayon avtobazasına direktor təyin edir, geridə
qalan, ziyanla işləyən
müəssisənin dirçəldilməsi ilə
bağlı konkret tapşırıqlar
verirlər.
O, qısa müddətdə
müəssisənin fəaliyyətində ciddi
dönüş yarada
bilir, sağlam,
bacarıqlı bir kollektiv
formalaşdırır. Bununla da, geridə qalan atobaza gəlirlə işləməyə
başlayır, dövlət plan və
tapşırıqları artıqlaması ilə yerinə yetirilir. Lakin bu iş gənc Cəlalın
ürəyincə deyildi, sanki
daxildən gələn səs ona “sən
inşaatçı-mühəndis kimi cəmiyyətə,
respublikamıza daha çox
fayda verə bilərsən”-deyirdi. Beləcə,
başqa işə keçməsi ilə
bağlı qərarını qətiləşdirir, bu məqsədlə respublikada
döymədiyi qapı, minnətçi düşmədiyi adam qalmır. Nəhayət, xeyirxah
adamların yaxından köməyi ilə o,
istəyinə nail olur.
Onu yenicə yaradılan 3 nömrəli Sabirabad Rayonlararası Tikinti-Quraşdırma və
Elektrikləşdirmə İdarəsinə rəis təyin
edirlər. On ilə yaxın böyük bir müəssisəyə
rəhbərlik edən Cəlal Mənsimov işi,
əməli ilə həm rəhbərliyin, həm də kollektivin dərin hörmətini qazanır. Lakin sovet quruluşunun
məntiqsiz bir qərarı onun vəzifəsi ilə vidalaşmasına səbəb
olur. Belə ki, inşa
etdirdiyi fərdi yaşayış evinin sahəsi hökumətin müəyyənləşdirdiyi
normativdən kənara çıxdığı üçün həm özünü,
həm də o zaman Sabirabad Rayon Xalq Deputatları Soveti
İcraiyyə Komitəsinin sədri vəzifəsində
çalışan qardaşı Qasımı işdən
çıxarırlar. Bir müddət
ürəyincə olmayan, mütəxxəsis
kimi özünün,
potensialının nümayiş etdirilməsinə
imkan verməyən işlərdə
çalışmaq məcburiyyəti qarşısında qalsa da, sonradan
öz ərizəsi ilə işdən
çıxır.
Lakin respublika rəhbəri ümummilli lider Heydər
Əliyevin Sabirabada səfəri
inşaatçı-mühəndis Cəlalın həyatında
ciddi dönüşə səbəb olur. Əhvalat belə olur:
1974-cü ildə Sabirabadda keçirilən
rayonlararası zona müşavirəsinin
gedişində 809 nömrəli Səyyar-Mexanikləşdirmə
Dəstəsinin rəisi
Qasım Mənsimovun yeni texnikanın istehsalata tətbiqini nümayiş
etdirməsi respublika rəhbəri Heydər
Əliyevin marağına səbəb olur.
Q. Mənsimovun işini bəyənən ulu öndər ondan
qardaşı Cəlalı soruşur. O zaman bacarıqlı mühəndislərə
xüsusi diqqət və qayğı
göstərən, onları irəli çəkən ümummilli lider Cəlal Mənsimovun
işsiz olduğunu
bildikdə rayon partiya
komitəsinin birinci katibinə onu ən qısa müddətdə istədiyi
idarələrdən birinə rəis təyin etməyi
tapşırır. Ertəsi gün katibin qəbulunda olan C. Mənsimov
öz istəyi ilə 24 nömrəli Səyyar-Mexanilkləşdirmə
Dəstəsinə rəis təyin olunur.
O zaman bu müəssisədə təsərrüfatsızlıq baş alıb gedir,
plan-tapşırıqlar kəsirlə yerinə yetirilirdi. Yeni rəis ilk gündən qolunu
çırmalayıb böyük həvəslə
işə başlayır, idarədə əmək
intizamını bərpa edir, müəssisənin
işini sahmana
salır. Dövlətin qarşıya qoyduğu
tikinti planına 214 faiz
əməl edən müəssisə 1977-ci ildə
Qırmızı Əmək Bayrağı Ordeninə layiq görülür. Az müddətdə şöhrəti bütün respublikaya
yayılan bu müəssisənin rəhbəri
Cəlal Mənsimov isə Azərbaycanın səriştəli
inşaatçı-mühəndisi kimi
tanınmağa başlayır. Təsadüfi deyidi
ki, o vaxt
“Kəndtikinti” İstehsalat Birliyinin xətti ilə Neftçala,
Salyan və İmişlidə nəzərdə
tutulan bütün sosial, mədəni-məişət obyektlərinin,
yaşayış komplekslərinin tikintisi
məhz C. Mənsimovun rəhbərlik etdiyi
inşaat kollektivinə həvalə olunurdu.
1978-ci ildə Sabirabadda yaradılan 8 nömrəli Kəndtikinti
Trestinə rəhbərlik də məhz ona
həvalə olundu. Yüksək təşkilatçılıq
qabiliyyətinə malik, tikinti
kompleksinin işinə yaxından bələd
olan Cəlal Mənsimov qısa müddətdə
respublikamızın 14 rayonunda trestin idarələrini yaratmağa
nail oldu. Bundan əlavə,
Sabirabadda trestin 11 xidmət sahəsi təşkil olundu, bütün texnika, maşın və mexanizmlər, nəqliyyat
vasitələri bu idarələrdə cəmləşdirildi.
Beləliklə də, trestin şöhrəti
qısa müddətdə respublikanın hüdudlarını
aşaraq bütün
İttifaqa yayılmağa başladı.
Ötən əsrin
70-ci illərində bütün İttifaqda olduğu kimi, Azərbaycanda da geniş quruculuq işləri
aparılır, xalq təsərrüfatında,
xüsusən də inşaat kompleksinin
işində böyük bir
canlanma müşahidə olunurdu.
Belə bir şəraitdə etimadı doğruldan 8 nömrəli Kəndtikinti Trestinin kollektivi bütün quruculuq
işlərinin önündə gedir, ən
vacib obyektlərin tikintisi
məhz bu trestə etibar
edilirdi. Yeri gəlmişkən, trest
tapşırılan işlərin öhdəsindən layiqincə
gəldiyi üçün 1979-cu ildə Sov.İKP MK-nın, SSRİ Nazirlər Sovetinin, Ümumittifaq Həmkarlar
İttifaqları Mərkəzi Şurasının və Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi
Komitəsinin keçici qırmızı
bayraqları ilə təltif olunur.
Sonrakı 15 ildə isə trest 4 dəfə
SSRİ-nin və 6 dəfə Azərbaycan
SSR-in keçici
qırmızı bayraqlarını alır. Həmin dövrdə
C. Mənsimov bütün bu
uğurlarla yanaşı, respublikamızda
gənc mütəxəssislərin,
inşaatçı-mühəndislərin yetişdirilməsində
də yaxından iştirak edirdi.
Onun rəhbərlik etdiyi
tikinti təşkilatları tərəfindən
respublikamızın ayrı-ayrı rayonlarında
saysız-hesabsız sosial və mədəni-məişət
obyektləri, məktəb və uşaq
bağçalrı inşa olunmuşdur. Bundan əlavə, Bakı Dərin Dəniz Özülləri
Zavodunun məişət korpusu,
Dəvəçi, Xırdalan, Qobu quşçuluq kompleksləri, Qaradağ
Sement Zavodu, hazırda
erməni işğalında inildəyən Xocalıda tikilən
çoxsaylı evlər də ömrünü
qurub-yaratmağa həsr etmiş
Cəlal Mənsimovun taleyinin bir parçasıdır. O, həm də ayrı-ayrı rayonlarda
600 ailənin mənzillə təmin olunmasında bilavasitə
iştirak etmişdir. Heç şübhəsiz, C.Mənsimovun əməyi respublika rəhbərliyinin diqqətindən kənarda
qalmamış, məktəb və uşaq
bağçalarının tikintisi sahəsində
göstərdiyi fədakar əməyə görə ona “Qabaqcıl maarif xadimi”, 1979-cu ildə isə Azərbaycanda həyata
keçirilən quruculuq işlərindəki
fəal iştirakına görə respublikanın Əməkdar
inşaatçısı fəxri adları verilmişdir.
Cəlal
Mənsimov xeyriyyəçi kimi
tanınırdı. Erməni işğalı nəticəsində
yurd-yuvalarından didərgin düşmüş
soydaşlarımıza arxa, dayaq durmağı özünə mənəvi
borc bilmiş, onların rəhbərlik etdiyi
trestin ayrı-ayrı inzibati
binalarında yerləşdirilməsində yaxından iştirak etmiş, əlindən
gələn köməyi
əsirgəməmişdir. O, həm də fəal ictimaiyyətçi
kimi ötən əsrin sonlarında
respublikmızda cərəyan edən ictimai-siyasi
proseslərdə yaxından iştirak edirdi. 1990-cı ildə Azərbaycan
Respublikası Ali Sovetinin
deputatı seçilən C. Mənsimov parlamentin
iclaslarında xüsusi fəallıq
göstərir, bir sıra qanunvericilik
təşəbbüsləri ilə çıxış edirdi.
Sovet sisteminin
dağılması ilə əlaqədar cəmiyyət həyatında
əsaslı yeniliklər başlandı, əmlak münasibətləri
büsbütün dəyişdi. Keçmiş İttifaq respublikaları
arasında iqtisadi əlaqələrin
qırılması ilə əlaqədar olaraq
respublikamızın inşaat kompleksi də böhran məngənəsinə
düşdü, sifarişlər kəskin
azaldı. Yeni dövrün
tələbi ilə ayaqlaşa bilməyən
müəssisələr öz yerini daha çevik,
daha mütərəqqi
təsisatlara vermək məcburiyyəti qarşısında
qaldı. Belə bir şəraitdə daim qurub-yaratmaq eşqi ilə yaşayan,
respublikamızın tikinti kompleksinin
ağsaqqal nümayəndələrindən sayılan Əməkdar
inşaatçı Cəlal Mənsimov da
boş dayana bilməzdi.
Ümummilli liderimiz
Heydər Əliyevin yenidən Azərbaycana rəhbərlik
etməsi çoxları kimi, onu da respublikamızın
xoşbəxt gələcəyi naminə daha
böyük əzmlə
çalışmağa sövq edirdi. Məhz buna görə
də o, 1992-ci ildə öz
təşəbbüsü ilə “Cahan” Məhdud
Məsuliyyətli Cəmiyyətini təsis etdi.
Məqsədi isə ömrünün qalan illərini
də Azərbaycanın gələcək tərəqqisi naminə
qurub-yaratmağa, ölkənin inşaat kompleksinin
inkişafına həsr etmək idi. O, ömrünün son illərinədək
bu sahədə yorulmadan
çalışdı, çoxsaylı sifarişləri
vaxtında və yüksək keyfiyyətlə başa çatdırmağa müvəffəq
oldu.
...Deyirlər
ki, çalışdığı vəzifələrdə
xalqı və dövləti həmişə uca
tutan, milli-mənəvi dəyərləri
qoruyan sadə və səmimi insanların
ömrü, adətən,
yaşanmış illərin sayı ilə deyil,
bu illərin dəyəri ilə ölçülür. Belə insanlar
həyatı boyu xeyirxah
əməlləri, cəmiyyət üçün
gərəkli və faydalı işləri ilə seçilir, sevilirlər. Çətin və
şərəfli peşə sahibi, inşaatçı-mühəndis, Azərbaycan
Respublikasının Əməkdar inşaatçısı Cəlal
Mənsimov də yaşadığı illərin dəyəri
və bəhrəsi ilə fəxr ediləsi
insanlardandır. Bu gün
80 illik yubileyini
övladları, nəvələri onsuz qeyd edirlər. Amma gözəl ailə başçısı,
qayğıkeş, sadə və təvazökar insan Cəlal Mənsimov doğmalarının,
ömrünün çox
hissəsini onunla tikinti
cəbhəsində keçirən həmkarlarının qəlbində,
bir də qurub-yaratdıqlarında
yaşayır.
Mirbağır YAQUBZADƏ
Xalq qəzeti.- 2014.- 28 dekabr.- S.7.