Qeyri-neft sektorunun
inkişafında
sahibkarlığın rolu artmaqdadır
Qloballaşan dünyada o dövlətlər dinamik və sabit inkişaf edir ki, onlar gələcəyi nəzərdə tutan düşünülmüş strategiyaya malikdir. Bu gün tam cəsarətlə demək olar ki, Azərbaycan məhz belə dövlətlərdəndir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, xalqın maddi rifahının yaxşılaşdırılmasına xidmət edən inkişaf strategiyası 11 ildir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.
Son 11 ildə Azərbaycanın sosial-iqtisadi
həyatında baş verən irimiqyaslı
kəmiyyət və keyfiyyət dəyişiklikləri nəticəsində
respublikamızın iqtisadi qüdrəti daha da artmış,
ölkəmiz qloballaşan dünyanın
nüfuzlu dövlətlərindən birinə
çevrilmişdir. İqtisadi
inkişafın artım
sürətinə görə, Azərbaycan dünyada
lider mövqeyinə çıxmış
və onu inamla qoruyub saxlamaqdadır. Həmçinin ölkədə
demokratik dəyərlərə yiyələnməklə
liberal prinsiplərə əsaslanan unikal iqtisadi inkişaf modeli
yaradılmışdır. Təsadüfi deyildir
ki, hazırda Azərbaycan iqtisadi
inkişaf modelinə görə dünyada nümunə göstərilir.
Respublikamızda
liberal iqtisadi sistemin qurulması, sahibkarlıq üçün hərtərəfli şəraitin
yaradılması,zəngin təbii sərvətlərdən və
regionların potensialından səmərəli istifadə, qeyri-neft sektorunun
inkişafı, investisiya mühitinin
daha da yaxşılaşdırılması,
yerli məhsulların rəqabət
qabiliyyətliliyinin yüksəldilməsi
istiqamətində görülən tədbirlər ölkə
iqtisadiyyatının yüksələn xətlə
inkişafını təmin edib. Həyata keçirilən iqtisadi
islahatlarla paralel olaraq makroiqtisadi sabitlik qorunub saxlanıb,
iqtisadiyyatın diversifikasiyası, qeyri-neft
sektorunun və regionların
inkişafı sürətlənib, valyuta
ehtiyatlarının səmərəli idarə edilməsi və
milli valyutanın sabitliyi
təmin olunub, sahibkarlığa dövlət
dəstəyi gücləndirilib, özəl bölmənin
inkişafı üçün azad rəqabət və münbit
investisiya mühiti
yaradılıb, əhalinin sosial rifahı
daha da
yaxşılaşıb.
2014-cü il də bu mənada uğurlu olub. Ümumiyyətlə,
hər ilin sonu, adətən,
iki məqamla diqqəti çəkir. Bir tərəfdən, təqvim ilinə yekun vurulur, digər tərəfdən
yeni ilin hədəfləri,
vəzifələri müəyyənləşir. Dünənin
uğurları sabahın daha böyük nailiyyətləri üçün
təmələ çevrilir. Yola saldığımız ildə də Azərbaycan
iqtisadiyyatının şaxələndirilməsi və qeyri-neft sektorunun daha da gücləndirilməsi
dövlət siyasətinin prioritet istiqamətlərindən
biri olub.
Məlum olduğu
kimi, 2014-cü il Azərbaycanda “Sənaye ili” elan edilib. Bundan
əsas məqsəd sənayenin modernləşdirilməsi
və qeyri-neft sektorunun inkişaf etdirilməsi, o cümlədən
mövcud təbii və iqtisadi resursların təsərrüfat
dövriyyəsinə cəlb
olunması, ənənəvi
sənaye sahələri
ilə yanaşı, yeni prioritet istehsal sahələrinin, sənaye parklarının
yaradılması, regionlarda
sənaye potensialının
gücləndirilməsi və
onun innovasiyalar əsasında inkişafının
təmin edilməsidir.
Cari ildə sənaye potensialının gücləndirilməsi,
bu sahədə rəqabət qabiliyyətinin
artırılması, kadr
potensialının inkişaf
etdirilməsi, müvafiq
normativ hüquqi bazanın təkmilləşdirilməsi
ilə bağlı mühüm tədbirlər
həyata keçirilib,
200-dək, o cümlədən 40-dan çox orta və iri sənaye
müəssisəsi açılıb.
Ümumilikdə, son 10 ildə
sənaye istehsalı
2,7 dəfə artıb.
On ildir ki, Azərbaycan iqtisadi inkişaf səviyyəsinə görə
dünyada lider ölkələr sırasındadır. Bu dinamika
2014-cü ildə də
qorunub saxlanıb, üstəlik, bəzi istiqamətlərdə daha
ciddi artım müşahidə olunub.
İlk növbədə
qeyd edilməlidir ki, bu il Azərbaycanın dövlət büdcəsi
təxminən 25 milyard
dollar səviyyəsində olub və Cənubi
Qafqazın ümumi büdcəsinin 76 faizini təşkil edib. Cari ilin 10 ayı
ərzində ümumi
daxili məhsul
(ÜDM) istehsalı 2,8
faiz, qeyri-neft sektoru isə 6,6 faiz artıb. Son illər qeyri-neft
sektorunda müşahidə
olunan sürətli artım əyani şəkildə təsdiq
edir ki, iqtisadi sahədə qarşıya qoyulmuş strateji vəzifələr
tam həcmdə yerinə
yetirilir. Ölkəmizin valyuta ehtiyatları 53 milyard dollar səviyyəsinədək
yüksəlib. Bu gün
Azərbaycanın xarici
borclarının ÜDM-ə nisbəti cəmi 8,5 faiz səviyyəsindədir
ki, bu da
dünyada ən yaxşı göstəricilərdən
biri hesab edilir.
Dövlət
başçısının da dəfələrlə bəyan etdiyi kimi, həyata keçirilən siyasətin,
görülən bütün
işlərin başlıca
məqsədi Azərbaycan
vətəndaşlarının layiqli həyat şəraitinin təmin edilməsidir. Bu ilin
ötən dövrü
ərzində işsizliyin
səviyyəsi 5,2 faizə,
yoxsulluq isə 5 faizə düşüb ki, bu göstəricilərə
görə Azərbaycan
dünyanın inkişaf
etmiş bir çox ölkəsini belə geridə qoyur. Son 10 ayda əhalinin gəlirləri
4,7 faiz artaraq
33,6 milyard manat olub. Əhalinin hər bir nəfərinə
düşən gəlir
3,4 faiz çoxalaraq
3600 manata, orta aylıq əməkhaqqı
isə 5,5 faiz yüksələrək 450 manata
çatıb. İnflyasiya
cəmi 1,5 faiz təşkil etməklə əhalinin gəlirlərindən bir neçə dəfə aşağı olub.
Təsadüfi deyil
ki, “Standard & Poor’s”, “Fitch Ratings”, “Moody’s” kimi dünyanın aparıcı beynəlxalq
reytinq agentlikləri ölkəmizə verilən
investisiya səviyyəli
kredit reytinqlərini bir daha təsdiqləyiblər.
Dünya İqtisadi Forumunun qlobal rəqabətlik indeksində
Azərbaycan 144 ölkə
arasında 38-ci yerə
yüksəlib və ardıcıl olaraq 5 ildir ki, MDB ölkələri
arasında birinciliyi əldə saxlayır.
Son 10 ildə həyata keçirilən
məqsədyönlü siyasət
nəticəsində Azərbaycan
iqtisadiyyatı şaxələndirilib
və qeyri-neft sektorunun sürətli inkişafı təmin edilib. Artıq bir neçə
ildir ki, ÜDM istehsalında qeyri-neft sektorunun çəkisi 50 faizdən çoxdur və 2014-cü ildə bu nisbət 59 faizə çatıb.
Səmərəli
iqtisadi strategiya həm də sosial siyasətin uğurluluğunu təmin
edir. Ötən il vətəndaşların
maddi rifah halının yaxşılaşdırılması
istiqamətində görülən
tədbirlər, əməkhaqlarının
və pensiyaların artırılması, onların
əmanətlərinin kompensasiya
şəklində qaytarılması
əhəmiyyətli nəticələr
kimi dəyərləndirilməlidir.
Cari ilin birinci yarısında
sosial-iqtisadi sahədə
əldə olunan nəticələr də sevindiricidir.
Prezident
İlham Əliyev zamanın çağırışlarına
adekvat olaraq daxili və xarici siyasətdə zəruri, davamlı, uğurlu qərarlar qəbul etməklə respublikamızın siyasi nüfuzunun və iqtisadi gücünün artmasına nail olmuşdur. “Biz xalq üçün
işləyirik. Məqsədimiz də odur ki,
ölkə vətəndaşları
vəziyyətin ildən-ilə
daha da yaxşılaşmasını
görsünlər, bunu
gündəlik həyatlarında
hiss etsinlər”, – deyən
Azərbaycan Prezidenti İlham Əliyev bu məqsədə xidmət edən çoxşaxəli islahatları
çevik və işlək mexanizmlər üzərində reallaşdırır,
davamlı yüksəlişi
təmin etmək üçün ölkənin
daxili potensialından səmərəli şəkildə
bəhrələnir.
Ümummilli lider
Heydər Əliyevin
2000-ci ilin aprel və may aylarında yerli və xarici
iş adamları ilə görüşməsi,
bundan sonra özəl sektorun qanunla tənzimlənməsi
üçün hüquqi
bazanın yaradılması
bu gün də öz səmərəsini verməkdədir.
Azərbaycanda sahibkarlığın inkişafı ölkə
iqtisadiyyatının prioritet
istiqamətlərindəndir. Ölkədə innovativ sahibkarlığın
stimullaşdırılması və inkişafı üçün özəl
bölməyə xüsusi
diqqət yetirilir.
Çünki bu sahənin inkişafı paytaxt Bakı ilə yanaşı, bölgələrin tərəqqisi,
yeni emal müəssisələrinin və
iş yerlərinin yaradılması və ümumilikdə Azərbaycanın
hərtərəfli inkişafı
deməkdir. Qeyri-neft sektoru həm
dövlət tərəfindən
verilən dəstək,
həm də özəl bölmənin
fəaliyyəti nəticəsində
daha da genişlənir.
Yeri
gəlmişkən, Bakı
şəhəri və
onun ətraf qəsəbələrinin, regionların
sosial-iqtisadi inkişafına
dair dövlət proqramlarının uğurla
icrası bu sahənin inkişafına
yeni təkan vermişdir. Belə ki,
dövlət proqramlarının
icrası bölgələrin
sosial-iqtisadi mənzərəsini
tamamilə dəyişmiş,
əhalinin işgüzar
fəallığı daha
da artmış, sahibkarlığın sürətli
inkişafı təmin
edilmişdir. Möhtərəm Prezidentimiz İlham Əliyev, hər sahədə olduğu kimi, biznes mühitinin
formalaşmasında, sahibkarlara
dövlət tərəfindən
dəstək, diqqət
və qayğı göstərilməsində də
ulu öndərin kursunu qətiyyətlə
davam etdirir. Məhz bunun nəticəsidir ki, özəl bölməyə, biznes mühitinə əngəl
törədən əlavə
müdaxilələr, qeyri-qanuni
yoxlamalar aradan qaldırılmışdır. Həmçinin dövlət tərəfindən
ayrılan kreditlərin
məbləği də
ildən-ilə artırılır.
Ötən müddətdə
dövlət başçısı
istər Bakıətrafı
qəsəbələrə, istərsə də bölgələrə mütəmadi
səfərlər etmiş,
infrastruktur obyektlərinin
və yeni müəssisələrin açılış
və təməlqoyma
mərasimlərində iştirak
etmiş, müəssisələrin
fəaliyyəti ilə
yaxından tanış
olmuş, tapşırıq
və tövsiyələrini
vermiş, müxtəlif
məsələlərin həlli
ilə bağlı
250- dək sərəncam
imzalamışdır.
Xüsusilə
vurğulanmalıdır ki,
ölkə rəhbərinin
müəyyənləşdirdiyi “Sahibkarlığın inkişafı
dövlət siyasətidir
və dövlət siyasəti kimi qalacaqdır” strateji xətti regionların sosial-iqtisadi inkişafı
dövlət proqramlarının
da başlıca istiqamətlərindən olmuşdur. Bu prinsipə uyğun
olaraq, son 11 ildə biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, sahibkarlıq fəaliyyətinin
genişləndirilməsi sahəsində
ardıcıl tədbirlər
həyata keçirilmişdir.
Prezident İlham
Əliyevin “Sahibkarlığın
inkişafı ilə
bağlı əlavə
tədbirlər haqqında” 3 mart 2014-cü
il tarixli fərmanı sahibkarlığın
inkişafına göstərilən
diqqət və qayğının, özəl
bölməyə dövlət
dəstəyi tədbirlərinin
ardıcıllığının göstəricisi, bu sahənin inkişafının
yeni mərhələsinin
hüquqi əsaslarını
özündə əks
etdirən mühüm
konseptual sənəddir. Dövlət
başçısı demişdir: “Bu gün ölkə
iqtisadiyyatının mütləq əksəriyyəti özəl
sektorda formalaşır. Özəl sektor gələcəkdə Azərbaycan
iqtisadiyyatının inkişafını təmin edəcəkdir.
Biznes mühitinin
yaxşılaşdırılması, yerli
və xarici investorlar üçün daha da əlverişli vəziyyətin
yaradılması daim diqqət mərkəzindədir”.
Ölkə
iqtisadiyyatında neft amilindən
asılılığın azaldılmasına xidmət edən
qeyri-neft sektorunun
inkişafı hazırda digər sahələrin tərəqqisi
ilə müşayiət olunur. Qeyri-neft sektorunda əldə
olunan artım Azərbaycan
iqtisadiyyatında gedən dinamik
inkişafın təzahürüdür və qarşıya qoyulmuş əsas məqsəd də bu sahədə artıma nail
olmaqdır. Bu gün icra edilən və icrasını gözləyən
layihələr növbəti illərdə güclü
qeyri-neft sektorunun
yaranmasına gətirib çıxaracaqdır.
Sahibkarlığın inkişafına dövlət dəstəyinin
davamlılığı 2015-ci ildə də ölkə
qarşısında duran vəzifələrin
icrası üçün daha
yaxşı şərait yaradacaqdır.
Əlihüseyn ƏSKƏROV,
“Kənan-insaat və ticarət” MMC-nin
baş direktoru
Xalq qəzeti.- 2014.- 28 dekabr.- S.5.