Elmi təmələ söykənən
etibarlı inkişaf strategiyası
İqtisadi inkişaf strategiyasını elmi-texniki əsaslar üzərində quraraq innovasiya inkişafını dövlət quruculuğu prosesinin mühüm təminatı sayan, proqressiv ənənələrə istinad edən dövlətlər milli tərəqqiyə nail olur, iqtisadi, sosial və intellektual inkişaf müstəvisində rəqabətə davam gətirirlər. Hazırda nəinki Avropanın, eləcə də Uzaq Şərqin və Asiyanın iqtisadi cəhətdən inkişaf etmiş bəzi dövlətlərinin - Yaponiyanın, Cənubi Koreyanın, Malayziyanın, Sinqapurun informasiya-kommunikasiya texnologiyaları, ümumilikdə elmi-texniki tərəqqi sahəsində heyrətamiz uğurlara imza atması bu qənaətin doğruluğunu bir daha təsdiqləyir. Bu dövlətlərin təkcə iqtisadi cəhətdən deyil, həm də vətəndaş cəmiyyəti təsisatlarının və demokratiyanın inkişafı sahəsində əldə etdiyi uğurlar müasir dövrdə elmi-intellektual tərəqqinin cəmiyyət üçün müstəsna əhəmiyyətini qabarıq şəkildə önə çıxarır.
Vətəndaşa
sərmayə qoyulması, onun fərdi
keyfiyyətlərinin və qabiliyyətlərinin
inkişafı, nanotexnologiyaları dərindən mənimsəmiş
yeni menecerlər sinfinin
yaradılması, intellektin milli inkişafda prioritet amili kimi müəyyənləşdirilməsi
müstəqil Azərbaycanda da həyata
keçirilən dövlət siyasətinin əsasını təşkil edir. Prezident İlham Əliyevin son 11
ildə qarşıya qoyduğu ən mühüm vəzifələrdən biri də məhz milli inkişafda intellektual irəliləyişə
nail olmaqla, dövlətin
siyasi suverenliyinin,
davamlı iqtisadi rifahının təmin
edilməsindən ibarətdir.
Azərbaycan
Prezidentinin 2012-ci il 30
dekabr tarixli sərəncamı
ilə təsdiq edilmiş “Azərbaycan
2020: gələcəyə baxış” İnkişaf
Konsepsiyasına əsasən, uzunmüddətli davamlı iqtisadi inkişafın təmin edilməsi, bilik iqtisadiyyatının
formalaşdırılması, elmtutumlu
texnologiyanın, məhsulun (işin, xidmətin)
yaradılmasının
sürətləndirilməsi məqsədilə innovasiya fəaliyyətinin genişləndirilməsi
qarşıdakı illərdə əsas istiqamətlərdən
biri olacaqdır. Bununla
əlaqədar elmin inkişafı onun ölkəmizdəki tarixinə və dünyada gedən meyillərə əsasən
prioritet olaraq qalacaq və mütərəqqi dünya elminə səmərəli inteqrasiya prosesi davam etdiriləcəkdir.
Dövlət
başçısı İlham
Əliyevin hələ
AMEA-nın 2011-ci il aprelin
26-da keçirilmiş illik
ümumi yığıncağında
iştirakı və dərin məzmunlu nitqi
bir daha təsdiqləmişdir
ki, elm xadimləri, o cümlədən yaradıcı zəka
sahibləri, intellektual, kreativ
kadrlar dövlətin lazımi diqqət və qayğısı ilə əhatə
olunmuşdur: “Azərbaycan müstəqil
dövlət kimi uğurlu
siyasət aparır. Ölkəmiz inkişaf
edir. Bu inkişaf özünü
bütün istiqamətlərdə
göstərir. Əlbəttə, elmin
inkişafı da ümumi
inkişaf templəri ilə
uzlaşmalıdır. Azərbaycanda elmin,
ali təhsilin, iqtisadiyyatın birliyi yaradılmalıdır. Bizim
üçün elmin
inkişafı ilə bağlı əsas məsələ
prioritetlərin düzgün seçilməsidir.
İşimizi bu
prioritetlər üzərində qurmaq üçün konkret təkliflər
verilməlidir”.
Prezident İlham Əliyevin elmin problemlərinə xüsusi
diqqətlə yanaşması, həm də respublikamızın
sürətli iqtisadi inkişaf
yolunda olması, geniş
maliyyə imkanları qazanması ilə şərtlənir.
Belə mühüm mərhələdə
mövcud uğurların qorunub
saxlanılması üçün idarəçilikdə
yüksək elmi-intellektual səviyyənin
təmin edilməsi son dərəcə vacibdir. Neft gəlirləri ilə bağlı dövlət
büdcəsinin vəsaitlərinin ildən-ilə artması təhsil
sahəsində məhz maliyyə
çatışmazlığı səbəbindən uzun illərdən bəri
yığılıb qalmış çeşidli
problemlərin hazırkı mərhələdə həlli məsələsini
aktuallaşdırır.
Ölkə
başçısının 20 avqust
2013-cü il tarixli sərəncamı
ilə AMEA-nın elmi-tədqiqat institutlarında
çalışan əməkdaşların məvaciblərinin
daha 10 faiz
artırılması bu sahəyə
göstərilən diqqət və qayğının sistemli səciyyə
daşıdığını göstərir. Xatırladaq ki, bu, dövlət başçısının son 3 il ərzində elm adamlarının məvaciblərinin
artırılması ilə bağlı üçüncü
sərəncamı olmuşdur. Dövlət başçısının hələ
27 aprel 2011-ci il tarixli sərəncamı ilə Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyində
olan, dövlət büdcəsindən
maliyyələşdirilən elm və elmi tədqiqat müəssisələrində
çalışan işçilərin Vahid
Tarif Cədvəli ilə müəyyən
edilmiş aylıq vəzifə (tarif) maaşları 2011-ci il
mayın 1-dən orta hesabla
20 faiz artırılmışdır. Həmin ilin dekabrında isə
ölkə başçısı elm
adamlarının məvaciblərinin daha
10 faiz artırılması ilə
bağlı növbəti sərəncam
imzalamışdır. Ümumilikdə, elm
sistemində çalışanların sosial
müdafiəsi tədbirlərinin gücləndirilməsi
ötən 11 ildə cənab İlham
Əliyevin xüsusi diqqət mərkəzində
olmuşdur. Ötən illərdə
aspirantların təqaüdləri, alimlik
dərəcələrinə görə əlavələr,
habelə AMEA-nın müxbir üzvlərinin
və akademiklərinin rütbə maaşları dəfələrlə
qaldırılmışdır.
Xatırlatmaq
lazımdır ki, dövlət
başçısı İlham
Əliyevin 2008-ci il 10 aprel
tarixli “Azərbaycan elmində
islahatların aparılması ilə bağlı Dövlət
Komissiyasının yaradılması haqqında” sərəncamında
da elmin maliyyələşmə
mexanizmlərinin təkmilləşdirilməsi vacibliyi
əksini tapmışdı. Sərəncamda xüsusi
vurğulanırdı ki, ölkədə
aparıcı alimlər nəslinin yaşlaşması və
gənc nəslin elmə axınının zəifləməsi
elmdə kadr potensialının
aşağı düşməsi təhlükəsini
yaratmışdır. Bütün bunlarla yanaşı, sərəncamda
Azərbaycan Respublikasında elmi
qurumların strukturunun müəyyənləşdirilməsi,
tədqiqatların müasir standartlar səviyyəsində
aparılması və maliyyələşdirilməsi, ölkənin
elmi kadr
potensialının artırılması və onun
sosial müdafiəsinin gücləndirilməsi,
bütövlükdə elmin
inkişafı üzrə milli
strategiyanın həyata keçirilməsi, Azərbaycan elminin beynəlxalq elm məkanına
inteqrasiyasının təmin olunması məsələləri
əksini tapmışdır.
Sərəncama
əsasən 2009-2015-ci illər üzrə elm
sahəsində aparılacaq islahatların, habelə elmin inkişaf strategiyasının
konkret proqram modelində
hazırlanması üçün
hökumət və elm adamlarından ibarət
dövlət komissiyası yaradılmışdı. Komissiya tərəfindən hazırlanaraq
dövlət başçısının 4 may 2009-cu il tarixli
sərəncamı ilə təsdiq edilmiş
“Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli
Strategiyanın həyata keçirilməsi ilə bağlı
Dövlət Proqramı” elm sahəsində
həyata keçiriləcək islahatların konseptual
əsaslarını özündə əks etdirmişdir.
2009-cu ildə respublikada Elmin
İnkişafı Fondunun yaradılması
elmi tədqiqatların
stimullaşdırılmasının yeni
maliyyə mexanizmi kimi
diqqəti çəkmişdir. Fondun yaradılması fundamental elmi tədqiqatların
stimullaşdırılması, ölkənin təbii
resurslarının, mədəni və tarixi
irsinin öyrənilməsinin gücləndirilməsi,
elmin müxtəlif sahələrində
aparılan araşdırmaların səmərəliliyinin
artırılması məqsədi ilə əsaslandırılır.
Ölkə
rəhbərinin xaricdə kadr
hazırlığına xüsusi diqqətlə
yanaşması respublikada
demokratik ölkələrin zəngin təcrübəsinə
əsaslanan mükəmməl, çevik
və mütərəqqi dövlət idarəçilik sistemi formalaşdırmaq niyyətindən irəli
gəlir. Azərbaycan
Prezidentinin 19 oktyabr
2006-cı il tarixli “Azərbaycan
gənclərinin xarici ölkələrdə
təhsil almasına dair Dövlət
Proqramı haqqında” sərəncamı bu
sahədə həyata keçirilən dövlət siyasətində
ardıcıllığın və sistemliliyin
təmin olunması məqsədi daşımışdır.
Dövlət
başçısının “Azərbaycan Milli
Elmlər Akademiyasının gənc alimlərinin Avropanın elmi mərkəzlərində doktorantura
təhsilinin maliyyələşdirilməsi haqqında” 2010-cu il 9 fevral tarixli
sərəncamı respublikada elmi tədqiqatların müasir
standartlar səviyyəsində
aparılmasını, ölkənin elmi kadr
potensialının artırılmasını və Azərbaycan
elminin beynəlxalq elm
məkanına inteqrasiyasının təmin olunmasını daha da sürətləndirmək
məqsədi daşımışdır. Sərəncamla
Azərbaycan Respublikasının 2010-cu il
dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Milli
Elmlər Akademiyasına gənc alimlərin Avropanın elmi mərkəzlərinin doktoranturalarında
təhsil almaları üçün 500 min (beş yüz
min) manat məbləğində
vəsait ayrılmışdır. Bu, Azərbaycan
elminin beynəlxalq elm
məkanına inteqrasiyası baxımından son
dərəcə əhəmiyyətli addım olmuşdur.
AMEA-nın infrastrukturunun, maddi-texniki
bazasının, iş şəraitinin
yaxşılaşdırılması məsələləri
də son 11 ildə Prezident
İlham Əliyevin daim
diqqət mərkəzində olmuşdur. Dövlət başçısının 29 aprel 2011-ci il tarixli “Azərbaycan Milli
Elmlər Akademiyasının maddi-texniki
bazasının möhkəmləndirilməsi haqqında” sərəncamı
da AMEA-nın maddi-texniki
bazasının möhkəmləndirilməsinə və mövcud bir sıra
problemlərinin həllinə xidmət etmişdir.
Ötən illərdə AMEA-nın Mərkəzi
Elmi Kitabxanasının yeni
binasının inşasına başlanmış, Azərbaycan
Milli Tarix Muzeyində,
Nizami Gəncəvi adına Azərbaycan Milli Ədəbiyyat Muzeyində, Rəyasət
Heyətinin binasında təmir işləri başa
çatdırılmışdır.
Prezident İlham Əliyevin son
illər imzaladığı sərəncamlarla, həmçinin
Azərbaycan Milli Elmlər
Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun, Abbasqulu ağa Bakıxanov
adına Tarix İnstitutunun,
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki
bazasının müasir tələblər
səviyyəsində qurulması, kadr
potensialının
gücləndirilməsi məqsədi ilə zəruri vəsaitlər
ayrılmışdır.
Akademiya sistemində həyata keçirilən islahatlar son 2 ildə daha geniş vüsət
almış, AMEA-da genişmiqyaslı struktur dəyişikliyinə
başlanılmışdır. Bu
islahatların əsas məqsədi AMEA-nın fəaliyyətini
mövcud qanunvericiliyin
tələblərinə uyğun təmin
etmək, hüquqi təminat
bazasını möhkəmləndirmək və idarəetmə
strukturunu təkmilləşdirməkdir. Təhsil
və kadr siyasətinin müasir
səviyyədə qurulması, informasiya
və elmin kütləviləşdirilməsi
sahələrində fəaliyyətin səmərəliliyinin
artırılması da islahatların hədəflərindəndir.
Bu məqsədlə
Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət
Heyətində müasir dövrün
idarəetmə sistemlərinə uyğun
yeni akademik bölmə
və şöbələr yaradılmış, idarəetmə
sisteminin müasirləşdirilməsi
istiqamətində tədbirlər həyata keçirilmişdir.
İdarəetmədə çevikliyin və
aparılan islahatların səmərəsinin
artırılması, elmi müəssisələr
üçün aktual
məsələlərin geniş
müzakirəsi, problemlərin səmərəli həll
yollarının tapılması məqsədi ilə AMEA Elmi Müəssisələrinin Direktorlar Şurasının yaradılması da mühüm yeniliklərdən
biri olmuşdur. İnnovativ Layihələrin Ekspertizası və
Koordinasiyası Şurasının yaradılması əldə
olunan elmi nəticələrin
praktikada tətbiqi istiqamətində
aparılan islahatların uğurlu
davamıdır.
Elmi-tədqiqatların,
əldə olunan innovativ
nəticələrin həm ölkə, həm də dünya ictimaiyyətinə
çatdırılması AMEA-nın fəaliyyətində mühüm yerlərdən birini
tutur. Bununla
bağlı akademiya nüfuzlu
“Thomson Reuters”
jurnalı ilə elmi təcrübələr
həyata keçirir. Gənc alimlərin
zəhmətinin stimullaşdırılması son
dərəcə vacib məsələlərdən
biridir. Bu məqsədlə son illər 8
gənc alimin adı Prezident
mükafatına namizəd irəli sürülmüşdür.
2014-cü ildə Prezident İlham
Əliyevin dəstəyi ilə 10-dan çox
gənc tədqiqatçı Avropanın elmi
müəssisələrində fəlsəfə doktoru və elmlər doktoru
proqramları üzrə təhsil almağa göndərilmişdir. Elmin inkişafına böyük töhfələr verən və mühüm nailiyyətlər qazanan
alimlərin yaradıcılığını
stimullaşdırmaq məqsədi ilə “Nizami
Gəncəvi adına Qızıl medal”ın təsis
olunması da mühüm
yeniliklərdən biri olacaqdır. Bundan başqa, hazırda AMEA əməkdaşlarının
mənzil problemlərinin həlli, müasir
tələblərə cavab verən səhiyyə,
ticarət və istirahət mərkəzlərinin
yaradılması istiqamətində də mühüm
işlər görülür.
AMEA-nın həyata keçirdiyi islahatlar onun mühüm elmi-tədqiqat
institutlarından biri olan
Fəlsəfə və Hüquq İnstitutunda da ciddiliklə
nəzərə alınır. Son illərdə
institutun ümumi tədqiqat
planlarında müasir dövrün
aktual fəlsəfi, siyasi
və hüquqi problemlərinin tədqiqinə
xüsusi diqqət yetirilir,
elmi istiqamətlər müəyyənləşdirilir.
Birinci elmi istiqamət
Azərbaycan fəlsəfə tarixi, ictimai-siyasi, mənəvi-psixoloji tərəqqi,
sosial idarəetmənin və vətəndaş
cəmiyyətinin formalaşması; qlobal
etika və milli əxlaq,
ideologiya ilə əxlaqın
qarşılıqlı münasibətləri, estetika və mədəniyyət, idrakın, təbiətşünaslığın,
qloballaşmanın və informasiya cəmiyyətinin
fəlsəfi problemlərini; ikinci istiqamət
Azərbaycanda demokratik hüquqi
dövlətin formalaşması məsələlərini; üçüncü istiqamət Azərbaycanda
beynəlxalq münasibətlər sistemini
və ölkədaxili siyasi prosesləri əhatə
edir.
İnstitut hər 3 elmi istiqamət
üzrə Azərbaycan və Şərq xalqlarının fəlsəfi
və ictimai fikir tarixi; müasir Azərbaycanda
yeniləşmə proseslərinin sosial-fəlsəfi və sosial-siyasi problemləri; mənəvi, etik və estetik
baxışların, sosial dəyərlər
sisteminin inkişaf
xüsusiyyətləri; milli və tarixi özünüdərk; gender,
dinşünaslıq problemləri və müasir
Azərbaycanın mədəni, ideoloji həyatında
və ictimai-siyasi proseslərdə
onların təzahürü; idrak nəzəriyyəsi,
sosial idarəetmənin, təbiətşünaslığın
və informasiya cəmiyyətinin fəlsəfi
problemləri; geosiyasət və Azərbaycanın beynəlxalq
münasibətlər sistemində xarici
siyasət strategiyası; müstəqil Azərbaycanın demokratik inkişaf
yolları və formaları, ictimai-siyasi
proseslərin demokratikləşdirilməsinin sosial
və mənəvi faktorları; hüquqi dövlətə keçid
dövründə dövlət və hüquq
quruculuğu problemləri və s. məsələləri tədqiq edir. İnstitutun fəaliyyətinin
başlıca məqsədi Azərbaycan xalqının mənəvi
mədəniyyətinə, ictimai-fəlsəfi fikrinin tarixinə, fəlsəfə,
siyasət və hüquq elmlərinin aktual problemlərinə dair
aparılmış elmi tədqiqatların
nəticələrini elmi əsərlər
kimi nəşr etdirməkdir.
Vaxtilə
institutun yetirdiyi alimlər
hazırda Rusiyada, Türkiyədə, İran İslam
Respublikasında, İsraildə, ABŞ-da
və bir sıra başqa
ölkələrdə elmi fəaliyyətlə
məşğuldurlar. İnstitut kollektivinin qarşısına qoyduğu
vəzifələrdən biri də xarici ölkələrlə elmi
əlaqələri genişləndirməkdir. Əməkdaşlarımız Rusiya,
Qazaxıstan, Almaniya, Fransa,
Türkiyə, İran İslam
Respublikası və digər ölkələrdə keçirilən
beynəlxalq elmi konfranslarda
fəal iştirak edirlər.
İnstitut Azərbaycan MEA Rəyasət Heyətinin,
Milli Elm
Assosiasiyası və Respublika Elm Fondunun təsis etdikləri
“Şərq Fəlsəfəsi Problemləri” adlı elmi jurnal çap
etdirir. Jurnalın redaksiya
heyəti və redaksiya şurası İslam regionu fəlsəfəsinin
ənənələri və müasir
nailiyyətləri ilə elmi ictimaiyyəti
və geniş oxucu
kütləsini tanış etməyi arşısına məqsəd
qoymuşdur.
Son illər ərzində institutun
Rusiya, İran İslam Respublikası, Türkiyə, Ukrayna, Qazaxıstan, Misir, Belarus Respublikası ilə elmi
əməkdaşlığı genişlənməkdədir.
Buna institutun xarici ölkələrlə birgə keçirdiyi beynəlxalq konfransları misal göstərmək kifayətdir. Görkəmli şərqşünas alim Aida
İmanquliyevanın xatirəsinə həsr olunmuş,
10-dan çox xarici
ölkə alimlərinin qatıldığı “İbn-Ərəbi
simpoziumu”nu (2009), “Muğamın fəlsəfəsi”
adlı beynəlxalq konfransı (2009), ənənə şəklini
almış ulu öndər Heydər
Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar
keçirilən “Heydər Əliyev qiraətləri. Qloballaşma dövründə mədəniyyətlərin
qarşılıqlı əlaqəsi. 2009-2010" Moskva və Bakı forumlarını, Fransa, Kanada, Türkiyə,
Rusiya və İran
alimlərinin iştirakı ilə baş
tutmuş beynəlxalq konfransları misal göstərmək olar.
Müasir dövrdə intellektual
potensial əhəmiyyətinə və gətirdiyi
dividendlərə görə hətta zəngin təbii sərvətləri
belə üstələyir. Hesablamalara
görə, hazırda 1 kiloqram elmtutumlu məhsulun dəyəri 70 ton neftin qiymətinə bərabərdir.
Yeni dünya
nizamında elmi-informativ biliklər
inkişafın mühüm katalizatoruna, innovasion
yeniliklərin başlıca təminatına çevrilmişdir.
Elmtutumlu informasiyanın yaradılması,
əldə edilməsi, tətbiqi sosial-iqtisadi
inkişafın, qlobal rəqabətin, ən
başlıcası isə demokratikləşmə prosesinin mühüm amilləridir.
Bu
baxımdan son illərdə milli gəlir artdıqca, ölkə
başçısı İlham
Əliyevin respublikamızda elmə, təhsilə, informasiya texnologiyalarına
ayırdığı vəsaitlərin həcmi də
artır və bu da insan amilinin və ümumən
demokratik proseslərin inkişafı üçün etibarlı təməl
yaradır.
İlham MƏMMƏDZADƏ,
AMEA Fəlsəfə və Hüquq İnstitutunun direktoru,
fəlsəfə elmləri doktoru, professor
Xalq qəzeti.- 2014.- 28 dekabr.- S.4.