Kamal Abdulla: Azərbaycan
multikulturalizmi bəşəri dəyərlər
sisteminə çox şey verə bilər
Azərbaycan
Respublikasının millətlərarası, multikulturalizm və
dini məsələlər üzrə Dövlət
müşaviri Kamal Abdullanın AzərTAc-a müsahibəsi
- Hörmətli Kamal müəllim, 2014-cü ilin əvvəllərində Prezident İlham Əliyevin Fərmanı ilə millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidməti yaradıldı. Ölkə Prezidentinin Sərəncamı ilə siz bu Xidmətə rəhbər təyin olundunuz. Bu müdət ərzində Xidmət ölkəmizin müxtəlif rayonlarında, şəhər və qəsəbələrində, həmçinin Bakı şəhərində dini, milli və mutikutluralizm istiqamətində faydalı, çoxşaxəli tədbirlər həyata keçirdi. Yeni 2015-ci ildə davam etdirəcəyiniz işlər barədə konkret məlumat vermək istərdinizmi?
– Mart ayından fəaliyyətə
başlayan Xidmət, əslində, Prezident İlham
Əliyevin Azərbaycanın ideoloji həyatının
ahəngdar inkişafını təmin etmək istiqamətindəki
düşüncələrinin real təzahürüdür.
Doğru qeyd olundu
ki, gördüyümüz
işlər çoxşaxəlidir və onlardan
yalnız biri ilə bağlı xüsusi danışmaq istərdim.
Prezident İlham Əliyev daim qeyd edir
ki, multikulturalizm vətənimizdə
özünəməxsus həyat tərzinə çevrilib. Eyni zamanda, multikulturalizm
dövlət siyasətinin əsas xətti kimi
dünya ölkələrinin də xüsusi marağına səbəb olur və biz bu sahədəki təcrübəmizi hamı
ilə bölüşməyə hazırıq. Azərbaycan multikulturalizmi həm siyasi,
həm sosial təcrübəsi ilə bəşəri
dəyərlər sisteminə bu gün çox şey verə bilər.
Möhtəşəm
Heydər Məscidinin açılışı zamanı Prezident İlham Əliyev bir məsələyə toxundu.
Dünya
siyasətçiləri, ictimai, elmi xadimlər, mədəniyyət nümayəndələri
çox zaman belə bir sualla müraciət
edirlər ki, necə ola
bilir, Azərbaycanda müxtəlif dinlərin
nümayəndələri, ruhani
başçıları bir-birinə qarşı bu cür səmimi və xeyirxah qardaşlıq münasibətilə
yaşaya bilirlər?! Bunun
səbəbini soruşurlar. Əlbəttə
ki, bu fenomenin
ciddi səbəbini elmi
araşdırmalar aparıb vermək də mümkündür.
Amma, məncə, bunun
səbəbini elmi araşdırma aparmadan da açmaq
olar. Cavab budur: Prezident İlham Əliyevin şəxsiyyəti! Bəli,
məhz Prezident İlham
Əliyevin müxtəlif din xadimlərinə
eyni səmimi münasibəti, eyni diqqət və qayğısı
onların dövlətə və bir-birinə səmimi
münasibətini formalaşdıran həm insani,
həm də siyasi səbəbdir. Bunun isə əsasında Ulu
öndər Heydər Əliyevin şəxsi nümunəsi durur. Siyasi və insani varislik bu şəkildə öz
təntənəsini yaşayır.
- Azərbaycan multikulturalizmin bir fənn kimi ali məktəblərdə tədrisinə başlanılacağı ilə bağlı cəmiyyətdə artıq müəyyən məlumat var. Bu məsələ haqqında xüsusi olaraq nəyi qeyd etmək istərdiniz?
- Bu
gün Azərbaycan multikulturalizmi
şaxələri, istiqamətləri, qatları ilə
artıq elmi-nəzəri və praktik tədqiqat
obyektinə çevrilmə mərhələsinə qədəm
qoyub desək, səhv etmərik. Onun mənəvi,
mədəni, siyasi əsaslarının
öyrənilməsi, dünya multikultural ənənə və təcrübəsinin
mühüm məqamları ilə
faydalı mübadilə potensialı bu
istiqamətin ictimai, fəlsəfi, siyasi elmlər sırasında öz
yerini tutmasını şərtləndirir.
Biz öz təcrübəmizi, Ulu
Öndərin bu sahədəki yorulmaz fəaliyyətini dünya
səviyyəsində ortaya
qoymalıyıq. Ölkəmizin multikultural
təhlükəsizliyinin qarantı kimi
çıxış edən Prezident İlham Əliyevin fəaliyyətini örnək
kimi öyrənməli və öyrətməliyik.
Bu məqsədlə Xidmət tərəfindən
iki tədris proqramı hazırlanıb. Onlardan biri bakalavr
səviyyəsi üçün
“Multikulturalizmə giriş”
proqramıdır. Digəri magistratura səviyyəsi
üçün “Azərbaycan multikulturalizmi” proqramıdır. Bu proqramlar həm Azərbaycan,
həm də xarici ölkə universitetlərinin
tələbələri üçün
nəzərdə tutulur. Təsəvvür
edin, müxtəlif xarici
ölkələrdə bu istiqamətdə
çoxlu tədbirlər – konfranslar, dəyirmi masalar,
sərgilər, konsertlər təşkil edilir,
xeyriyyəçilik aksiyaları həyata keçirilir.
Bunlar çox
yaxşıdır. Eyni zamanda,
bəzi əlavələrə də ehtiyac
var. Bakı Beynəlxalq Multikulturalizm
Mərkəzi bu istiqamətdə öz missiyasına uyğun
konkret addımlar atmağa
hazırlaşır. Qarşıdakı semestrdən etibarən
Avropanın bir neçə universitetində
həm də “Azərbaycan multikulturalizmi”
fənni tədris olunacaq. Artıq
Rusiyanın, Litvanın, İtaliyanın,
Gürcüstanın, İsveçrənin, Türkiyənin,
Bolqarıstanın bəzi tanınmış universitetləri onlara təklif edilən bu
fənnin tədrisinə razılıq veriblər. Fənn yeni olduğundan onu tədris edəcək mütəxəssislər
üçün Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi hazırda
hazırlıq məşğələləri keçirir. “Azərbaycan multikulturalizmi” fənni ya xarici ölkə universitetlərinin mütəxəssisləri
tərəfindən tədris ediləcək, ya
da həmin fənn üzrə müəllim
buradan göndəriləcək. İndi bu böyük
işin hazırlığı gedir. İnanıram ki, ildən-ilə
həm xaricdə, həm də ölkə daxilində bu tədris ocaqlarının sayı artacaq və daha çox xarici ölkə
gənci Azərbaycan barədə məlumat alacaq,
onun dostuna çevriləcək.
Digər tərəfdən belə bir universal fənnin Azərbaycan gəncliyinə də təqdim edilməsinə ehtiyac var. Multikulturalizm xalqın tarixi, mədəniyyəti, psixologiyası, dünyagörüşü, dili, ədəbiyyatı, siyasi baxışları, durumu, gələcək inkişaf istiqamətləri, hədəfləri, bəşəri dəyərlər sisteminə verdiyi töhfələr barədə ümumiləşdirici elmi təlimdir. Tutalım, bu saydıqlarımız humanitar yönlü universitetlərdə bu və ya başqa şəkildə (dil, ədəbiyyat, tarix, mədəniyyət yönlərindən) tədris edilir. Bəs texniki istiqamətli universitetlərimizin tələbələri təhsili boyunca belə fənlərin heç qoxusunu belə almırlar – bu, necə olsun?! Niyə bizim texniki, tibb, iqtisadi, neft universitetlərimizin tələbələri Azərbaycanla bağlı bu dərəcədə vacib mətləblərdən xəbərsiz olsunlar?! Xəbərdar olsalar, bu gənclərin həyata atıldığı zaman vətənpərvərlik, azərbaycançılıq, dinlə bağlı təsəvvürləri daha möhkəm və səbatlı olmazmı?
Bütün bunları nəzərə alaraq, bir daha
o fikrə gəlirik ki,
Prezident İlham
Əliyevin “multikulturalizm bizim
həyat tərzimizdir və ona alternativ yoxdur” kəlamının
ölkəmiz və xalqımız üçün
əhəmiyyəti sonsuzdur. Cəsarətlə
demək olar ki, müasir dünya ictimai-siyasi fikir tarixində
bu yanaşmanın çəkisi böyükdür və əhəmiyyətli yeri var.
Azərbaycan multikulturalizmi bu gün dünya
masştabında elmi və təcrübi nümayişini həyata keçirməyə
hazırdır. Biz bu fenomeni öyrənmək istəyənlər üçün istər Azərbaycanda, istərsə
də dünyanın ən müxtəlif elm,
mədəniyyət ocaqlarında hər bir
şəraiti yaratmağa hazırıq və
bunu əzmlə edəcəyik. Nəticədə
ümidvaram ki, bütün dünyada Azərbaycanın
dostlarının sayını artırmış
olacağıq. Bu, Ulu
Öndərin göstərdiyi hədəflərə doğru aparan yoldur, bizim həm borcumuz, həm də haqqımızdır.
- Kamal müəllim, sonda Yeni il arzularınızı öyrənmək istərdik.
Əlbəttə, Yeni il özü
ilə yeni fikirlər, yeni
yanaşmalar gətirəcək. Arzu edirəm ki, 2015-ci il millətimiz və Vətənimiz üçün, Prezidentimiz
üçün uğurlu
olsun.
Xalq qəzeti.- 2014.- 30 dekabr.- S.6.