“Alman
Parlament Cəmiyyəti”ndə Xocalı
soyqırımının ildönümü
münasibətilə simpozium keçirilmişdir
Xocalı soyqırımının 22-ci ildönümü münasibətilə Azərbaycan Respublikasının AFR-dəki səfirliyi və “Alman-Azərbaycan Forumu”nun birgə təşkilatçılığı və ARDNŞ-in Almaniya nümayəndəliyinin dəstəyi ilə Berlində, “Alman Parlament Cəmiyyəti”ndə “Cənubi Qafqazda təhlükəsizlik və sabitlik. Almaniya-Azərbaycan əməkdaşlığının perspektivləri” adlı simpozium keçirilmişdir.
Azərbaycanın Almaniyadakı səfirliyindən APA-ya verilən məlumata görə, AFR hökuməti, Bundestaq, Almaniyanın ictimai-siyasi, iqtisadi və mədəni dairələri, Berlindəki diplomatik missiyalar, Almaniyadakı Azərbaycan diasporu və mətbuat nümayəndələrinin qatıldığı tədbirdə Azərbaycan Respublikasının AFR-dəki səfiri Pərviz Şahbazov 22 il əvvəl Xocalıda azərbaycanlı əhaliyə qarşı törədilmiş cinayətin təfərrüatları haqqında danışmışdır. Səfir daha sonra Cənubi Qafqaz regionunun lideri olan Azərbaycanın Avropa İttifaqı və AFR-lə tərəfdaşlığının daim dərinləşdiyi barədə ətraflı məlumat vermiş, Ermənistan-Azərbaycan münaqişəsinin regionda sülhə böyük təhlükə olmaqla yanaşı, regionun inkişafı və Avropa İttifaqı ilə münasibətləri üçün maneələr yaratdığını vurğulayan P.Şahbazov Ermənistanın ölkəmizə təcavüzünün ağır nəticələrindən bəhs etmiş, Azərbaycanın münaqişənin sülh yolu ilə və ədalətli həllinə çalışdığını diqqətə çatdırmışdır.
Daha sonra çıxış edən Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Xələf Xələfov Dağlıq Qarabağ münaqişəsində status-kvonun qəbuledilməz olduğunu və bunun dəyişilməsi üçün beynəlxalq səylərin artırılmalı olduğunu vurğulamışdır. O, qeyd etmişdir ki, Avropa İttifaqı özünün etibarlı tərəfdaşı olan Azərbaycanın yerləşdiyi regionda sülh və təhlükəsizliyin təmin edilməsinə daha böyük diqqət yetirməlidir. Çünki, işğala son qoyulması regional inkişaf və inteqrasiya proseslərinə təkan verərdi.
“Alman-Azərbaycan Forumu”nun sədr müavini, AFR Bundestaqının keçmiş deputatı Helqa Daub Dağlıq Qarabağ münaqişəsinin indiyədək həll olunmaması nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin işğal altında qalması və bir milyonadək azərbaycanlının qaçqın və məcburi köçkün həyatı yaşamasını, azərbaycanlı mülki əhalinin qətlə yetirildiyi, Xocalı faciəsinin Azərbaycan və Ermənistan münasibətlərində dərin iz buraxdığını diqqətə çatdırmışdır.
Xocalı hadisələrini insanlığın faciəsi adlandıran AFR İqtisadi Əməkdaşlıq Nazirliyinin dövlət katibi Kristian Şmit Almaniyanın münaqişələrin nizamlanması üçün münaqişə tərəfləri arasında qarşılıqlı etimadın yaradılmasına diqqət verdiyini vurğulamışdır.
Tədbirin ikinci hissəsində
isveçrəli jurnalist Andre
Vidmerin “Unudulmuş
münaqişə. Dağlıq Qarabağ
müharibəsindən 20 il sonra” başlıqlı kitabının təqdimatı
keçirilmişdir. Alman publisisti
Rixard Kislerin
aparıcılığı ilə keçən təqdimat mərasimində
müəllif A.Vidmer Ermənistanın təcavüzünün
yaratdığı fəsadlar, işğal
altındakı torpaqlardakı vəziyyət və azərbaycanlı
əhalinin qaçqın və məcburi köçkün
həyatı haqqında təəssüratlarını bölüşmüş
və münaqişə zonasından çəkdiyi şəkilləri
nümayiş etdirmişdir.
Xalq qəzeti.- 2014.- 14 fevral.- S. 5.