“Azərbaycanfilm”:
ötən ilin yekunları
Nizami Kino Mərkəzində “Azərbaycanfilm” kinostudiyasının ötən ilin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirildi. Mətbuat konfransını açan kinostudiyanın direktoru Müşfiq Hətəmov bildirdi ki, Azərbaycanın 2013-cü ildə qazandığı nailiyyətlərdə kinostudiyanın da öz payı vardır. Həm yeni filmlərin istehsalında, həm xarici ölkələrlə əməkdaşlığın qurulmasında, həm də kadr hazırlığı sahəsində kinostudiya böyük nailiyyətlər qazana bilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 avqust 2008-ci il tarixdə imzaladığı sərəncamla təsdiq edilmiş “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”na əsasən görülmüş işlər nəticəsində ölkənin kino sənayesində dinamik inkişaf müşahidə olunmuş və ictimaiyyətin bu sahəyə marağı ilbəil artmışdır. Direktor bildirdi ki, bizim hazırda başlıca vəzifəmiz “Azərbaycanfilm”in əvvəlki nüfuzunu özünə qaytarmaqdır.
Ötən il bu istiqamətdə ciddi addımlar atılmışdır. Ən əsası budur ki, biz kino haqqında qanuna baxılması üçün onu yenidən işləyib Milli Məclisə təqdim etdik. Yəqin ki, yaxın gələcəkdə bu qanun qəbul olunacaq.
Ötən il yaradıcı atmosferin bərpa edilməsi üçün xaricdə və Azərbaycanda yaşayan gənc rejissor, ssenarist və operatorlarımız “Azərbaycanfilm”də film çəkmək üçün dəvət edilib. 2013-cü ildə onlardan səkkiz nəfəri qısametrajlı, ikisi isə tammetrajlı film çəkib. Bunların beşi xaricdə yaşayan həmvətənlərimizdir. Natiq qeyd etdi ki, müştərək filmlərin çəkilməsinin əhəmiyyəti ondadır ki, bu zaman yerli kadrların da təcrübə mübadiləsi etmək imkanı yaranır. Bizdə Türkiyə, Rusiya və Almaniya ilə müştərək filmlər çəkilib ki, bu da “Azərbaycanfilm”ə xarici tərəfdaşların marağının artmasına səbəb olub. Sözsüz ki, bu işlər dövlət proqramına uyğun olaraq aparılır.
Direktor ötən il “Azərbaycanfilm” kinostudiyasının 90 illik yubileyinin keçirilməsini də dövlətin kinoya qayğısı kimi qiymətləndirdi. O bildirdi ki, cənab Prezidentin sərəncamı ilə keçirilən yubiley tədbirləri milli kino sənətimizə verilən yüksək qiymətin nəticəsidir.
Keçən il Azərbaycanda film istehsalı xeyli artmışdır. “Sirr”, “Nabat”, “Tarın səsi: Mansurovlar”, “Axınla üzü aşağı”, “Dərvişin qeydləri”, “Qisas almadan ölmə.”, “Axırıncı dayanacaq”, “Mahmud və Məryəm”, “Qorxma, mən səninləyəm! 1919" kimi filmlər kino salnaməmizi zənginləşdirmişdir. ”Qarabağnamə" çoxseriyalı bədii televiziya filminin çəkilişləri tamamlanmışdır.
“Azərbaycanfilm” kinostudiyası son illər Azərbaycan televiziya kanalları ilə yaxından əlaqələr qurur. ATV kanalı öz kino çəkilişlərini bizim pavilyonlarda aparır. İTV və Space telekanalları isə Azərbaycan filmlərini mütəmadi olaraq nümayiş etdirirlər.
Sonra M.Hətəmov kinonun problemlərindən də söz açdı. O bildirdi ki, Azərbaycanda kino yayımı problemi həll olunmasa, kinonun inkişafından danışmağa dəyməz. Artıq regionlarda kinoteatrların qapılarının açılması zamanıdır. Filmlərin prokatı sovet dövründə olduğu kimi, yenidən qurulmalıdır. Biz kadr hazırlığına diqqəti artırmalıyıq. Xarici ölkələrdə təhsil almış gənclərdən bir neçəsi artıq “Azərbaycanfilm”də işləməyə başlamışlar. Bəziləri isə öz diplom işlərini bizim studiyada çəkmişlər. Bizim ən başlıca problemlərimizdən biri ssenari problemidir. Fikrimiz belədir ki, ssenaristlər kursu yaradaq.
M.Hətəmov həm də jurnalistlərə çatdırdı ki, kinostudiyanın yaxın gələcəkdə təmiri gözlənilir. Artıq layihə hazırlanmaq üzrədir.
Sonda direktor jurnalistlərin kino sənəti ilə bağlı çoxsaylı suallarını cavablandırdı.
Mehdi MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2014.- 14 fevral.- S. 6.