Məhəmməd Əmin Rəsulzadə Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri və məfkurəçisi

 

Azərbaycanın dövlətçilik tarixində şanlı və qürurverici mərhələni təşkil edən Azərbaycan Xalq Cümhuriyyəti - Azərbaycan xalqının çar Rusiyasına qarşı milli azadlıq mübarizəsi nəticəsində Şimali Azərbaycanda (Rusiya Azərbaycanında) yaranmış, 1918-ci ilin mayından 1920-ci ilin aprelinədək mövcud olmuş, Türk-müsəlman Şərqində ilk parlamentli respublika kimi tanınmışdır.

Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti 1918-ci il mayın 28-dən iyunun 16-dək Tiflisdə, iyunun 16-dan sentyabrın 17-dək Gəncədə, sentyabrın 17-dən 1920-ci il aprelin 28-dək Bakıda fəaliyyət göstərmişdir. Azərbaycan Xalq Cümhuriyyəti Paris sülh konfransının 1920-ci il 11 yanvar tarixli qərarına əsasən müstəqil dövlət kimi tanınmış, dünyanın bir çox ölkələri ilə (Türkiyə, İran, Ukrayna, Böyük Britaniya, ABŞ, Fransa, İtaliya, Polşa, İsveç, İsveçrə, Latviya, Litva, Estoniya, Finlandiya, Rumıniya, Almaniya, Gürcüstand.) səfirlik və nümayəndəliklər səviyyəsində diplomatik münasibətlər yaratmış, ikitərəfli və çoxtərəfli müqavilələr, sazişlər bağlamışdır.

Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci il aprelin 28-də beynəlxalq hüquq normalarını kobudcasına pozan Sovet Rusiyasının hərbi müdaxiləsi nəticəsində aradan qaldırılmış, Şimali Azərbaycan rus-bolşevik qoşunları tərəfindən işğal edilərək yenidən Rusiyaya ilhaq olunmuşdur.

Ulu öndər Heydər Əliyevin dediyi kimi, “Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərsə də, sonrakı nəsillərin yaddaşında xalqımızın tarixinin ən parlaq səhifələrindən biri kimi həmişə qalacaqdır. O, demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə, hərbi quruculuq sahələrində atdığı mühüm addımları başa çatdıra bilməsə də, onun qısa müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində silinməz iz buraxmış, milli dövlətçilik ənənələrimizin bərpası işində böyük rol oynamışdır. Ən əsası odur ki, Azərbaycan Xalq Cümhuriyyəti az yaşasa da, xalqımızda azadlıq, müstəqillik fikirlərini daha da gücləndirmiş oldu”.

1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikası bu gün dünyada öz sözünü deyən, dünya birliyinin bərabərhüquqlu üzvü olan bir dövlətdir: dünyanın iri, aparıcı dövlətləri Azərbaycanla hesablaşırlar, Azərbaycan ən iri beynəlxalq və regional layihələrdə fəal iştirak edir. Azərbaycan regionun lider dövlətidir, son iki onillikdə aparılan uğurlu xarici siyasət Azərbaycanı həm Avropa, həm Asiya ölkələri üçün strateji əhəmiyyətli əməkdaşa çevirmişdir. Bu gün artıq Azərbaycan özü müttəfiqlərini və əməkdaşlarını seçir, beynəlxalq və regional layihələrdə aparıcı qüvvə kimi çıxış edir.

Azərbaycanın dövlətçilik tarixinin əhəmiyyətli mərhələsini təşkil edən Azərbaycan Xalq Cümhuriyyətinin tarixi, Cümhuriyyət liderlərinin Azərbaycan xalqı qarşısında xidmətləri müasir Azərbaycan Respublikası üçün qürur mənbəyidir. Ümummilli liderimiz Heydər Əliyev tariximizin bu şanlı səhifəsinə böyük önəm verirdi, məhz ulu öndərin xüsusi tapşırığına əsasən 2 cildlik “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası” hazırlanaraq, 2004-2005-ci illərdə Prezident Aparatının ictimai-siyasi şöbəsinin də böyük dəstəyi ilə işıq üzü gördü. “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”nın səhifələrində Azərbaycan xalqının istiqlal mübarizəsi və ictimai fıkir tarixinin ən mühüm məqamları, azadlıq hərəkatının görkəmli nümayəndələrinin həyat və fəaliyyəti, Azərbaycan Xalq Cümhuriyyətini doğuran tarixi şərait, Cümhuriyyət xadimlərinin həyat və mübarizəsi, Azərbaycan xalqına qarşı həyata keçirilən kütləvi soyqırımları, Qafqaz İslam Ordusunun xilaskarlıq əməliyyatları, böyük dövlətlərin və qonşu ölkələrin Azərbaycanla bağlı qəsbkarlıq planları, Cümhuriyyət Parlamenti və Hökumətinin fəaliyyəti, dövlət quruculuğu, xarici siyasət, ordu quruculuğu və ölkənin ərazi bütövlüyü uğrunda mübarizə, ictimai-siyasi, sosial-iqtisadi, mədəni-maarif həyatı, xarici dövlətlərdəki Azərbaycan diplomatik nümayəndəliklərinin fəaliyyəti, habelə Cümhuriyyətin süqutundan sonra istiqlal ideallarını yaşadan milli hərəkat, siyasi mühacirət və s. məsələlər öz əksini tapmışdır.

Azərbaycan dövlətçiliyinə olan bu böyük Vətən sevgisi, ehtiram hissi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncam və qərarlarında, o cümlədən 22 noyabr 2013-cü il tarixli sərəncamında da öz əksini tapmışdır. Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında verilən bu sərəncam Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə, Cümhuriyyət liderlərinin xidmətlərinə verilən böyük qiymətdir, dövlət başçımızın tariximizin öyrənilməsinə ayırdığı diqqət və qayğının bariz nümunəsidir.

AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutu Azərbaycan Xalq Cümhuriyyəti tarixinin araşdırılması üzrə dövlət başçısının göstərişlərini əsas tutaraq bu istiqamətdə işləri davam etdirir. Azərbaycan Xalq Cümhuriyyəti tarixinin daha dərindən öyrənilməsi üçün Tarix İnstitutunda xüsusi “Cümhuriyyət tarixi” şöbəsi yaradılmışdır. 1918-1920-ci illər tariximiz üzrə fundamental tədqiqatlar aparmaq üçün Dehli, Paris, London, Berlin, Moskva, Sankt-Peterburq, İstanbulAnkaradan böyük sayda arxiv materialı gətirilmiş, onların bir hissəsi artıq nəşr olunmuşdur. “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyas”ının təkmilləşdirilməsi üzrə əsaslı işlər görülmüşdür. Yaxın vaxtlarda ensiklopediya yeni kütləvi tirajla çap olunacaqdır. Bu günlərdə isə Tarix İnstitutunun təşkilatçılığı ilə M.Ə.Rəsulzadənin 130 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilmişdir.

Məhəmməd Əmin Rəsulzadə Azərbaycanın görkəmli dövlət və ictimai xadimi, böyük mütəfəkkiri, siyasətçisi və publisisti, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri və məfkurəçisi olmuşdur.

İlk təhsilini Sultan Məcid Qənizadənin 2 saylı rus-tatar (rus-Azərbaycan) məktəbində almış, Bakı texniki məktəbini bitirmişdir. Gənc yaşlarından inqilabi hərəkata qoşulmuş, 1902-1903-cü illərdə “Müsəlman Gənclik Təşkilatı” adlı gənc azərbaycanlı inqilabçılar dərnəyi yaratmış və ona başçılıq etmişdir. Təşkilat mətbəə üsulu ilə intibahnamələr çap edib əhali arasında yaymışdır. 1904-cü ildə M.Ə.Rəsulzadə Rusiya Sosial Demokrat Fəhlə Partiyası Bakı Komitəsi nəzdində Müsəlman sosial-demokrat “Hümmət” qrupunun yaradılmasında iştirak etmişdir. Bu dövrdə mətbuatda dərc olunmuş yazılarında o, xalqa söz, mətbuat, vicdan, cəmiyyət və ittifaqlar yaratmaq azadlıqları verilməsi, vətəndaşların əmlakının və canlarının toxunulmazlığının təmin olunması tələbləri ilə çıxış edir, xalqı maariflənməyə çağırır, Rusiyanın Azərbaycanda yeritdiyi milli qırğın siyasətini kəskin tənqid edirdi.

1905-1907-ci illər rus inqilabının gedişində və bundan sonra Azərbaycanda yaranan milli oyanış, Əlimərdan bəy Topçubaşov, Əhməd Ağaoğlu, Əli bəy Hüseynzadə, Həsən bəy Zərdabi və başqalarının çar Rusiyasının milli ayrı-seçkilik siyasətinə qarşı mübarizəsi, getdikcə genişlənməkdə olan “türkləşmək, islamlaşmaq və müasirləşmək” (“türk qanlı, İslam imanlı, Avropa qiyafətli”) məfkurəsi M.Ə.Rəsulzadənin milli-siyasi görüşlərinin formalaşmasına güclü təsir göstərmişdir. 1906-1907-ci illərdə M.Ə.Rəsulzadə “Təkamül”də, həmçinin başqa qəzetlərdə millətlərə, tayfalara, siniflərə, insanlara hüquq bərabərliyi və azadlıq tələb edən yazılarla çıxış etmişzaman keçdikcə bu siyasi tələbləri “insanlara hürriyyət, millətlərə istiqlal!” çağırışı kimi formalaşdırmışdır.

1905-07-ci illər inqilabının məğlub olmasından sonra Rusiyada təqiblərin artdığı şəraitdə M.Ə.Rəsulzadə İrana mühacirət edir. M.Ə.Rəsulzadə 1908-11-ci illər İran inqilabında, Cənubi Azərbaycanda milli-demokratik oyanışda fəal iştirak edir, Səttarxan və Bağırxanla görüşür. Bu müddətdə o, Tehranda Avropa tipli ilk gündəlik “İrane-nou” (“Yeni İran”) qəzetini dərc etdirir. Həmin dövrdə o, Seyid Həsən Tağızadə ilə birlikdə İran Demokrat Partiyasını yaratmış və onun Mərkəzi Komitəsinə üzv seçilir.

1911-ci ildə İran inqilabı yatırıldıqdan sonra M.Ə.Rəsulzadə S.H.Tağızadə ilə birlikdə Türkiyəyə mühacirət edir. Burada çar Rusiyasının təqiblərindən qurtularaq Türkiyəyə sığınmış Əli bəy Hüseynzadə və Əhməd Ağaoğlu ilə sıx əməkdaşlıq edərək, “Türk ocağı” təşkilatına daxil olur, “Türk yurdu” jurnalında Cənubi Azərbaycan türklərinə həsr olunmuş məqalələrində onların milli-siyasi hüquqlarını müdafiə edir. M.Ə.Rəsulzadə, eyni zamanda, bu dövrdə türkçülük ideyaları ilə daha dərindən tanış olur, böyük Azərbaycan mütəfəkkiri şeyx Cəmaləddin Əfqaninin “Vəhdəti cinsiyyə fəlsəfəsi”nə (“Milli Birlik fəlsəfəsi”nə) yiyələnir, onu farscadan türkcəyə çeviribTürk yurdunda çap etdirir.

M.Ə.Rəsulzadə 1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi münasibətilə verilmiş əfv-ümumidən sonra Bakıya dönür, “Müsavat” partiyasının rəhbərliyinə keçir (“Müsəlman Demokratik Partiyası” - “Müsavat” 1911-ci ilin oktyabrında, Rəsulzadə hələ Türkiyədə mühacirətdə olduğu zaman, Məmmədəli Rəsulzadə, Abbasqulu Kazımzadə və Tağı Nağıoğlu tərəfindən yaradılmışdı) və milli azadlıq mübarizəsində daha fəal iştirak edir. 1915-ci ildə M.Ə.Rəsulzadə “Açıq söz” qəzetini nəşr edir, Azərbaycan dilinin saflığı uğrunda mübarizə aparır, “Dirilik” jurnalında “Milli dirilik” başlığı ilə silsilə məqalələr dərc etdirir, millətin tərifındə dini birliyi deyil, dil və mədəniyyət birliyini önə çəkir, milli istiqlal ideyalarını geniş təbliğ edir.

1917-ci ildə Rusiyada Fevral inqilabının qələbəsindən sonra M.Ə.Rəsulzadə milli əsarət altında olan xalqlara, o cümlədən Azərbaycan xalqına yeni yaradılacaq demokratik Rusiyada “Milli-məhəlli (ərazi) muxtariyyət” verilməsi uğrunda mübarizə aparır, Qafqaz müsəlmanlarının Bakı (1917, aprel) və Rusiya müsəlmanlarının Moskva (1917, may) qurultaylarında öz mövqeyini uğurla müdafıə edir. Moskva qurultayında onun Azərbaycan dilində etdiyi çıxışda irəli sürülən “Milli-məhəlli (ərazi) muxtariyyət” proqramı Əhməd Salikovun “milli-mədəni muxtariyyət” proqramından fərqli olaraq böyük səs üstünlüyü ilə (446:291) qəbul olunur. Bu, Rusiyanın türk xalqları arasında M.Ə.Rəsulzadənin nüfuzunu daha da artırır. Nəticədə o, Rusiyanın gələcək dövlət idarəçiliyi formasını müəyyən edəcək Müəssislər Məclisinə Azərbaycanla yanaşı Türküstandan da deputat seçilir.

Lakin 1917-ci il Oktyabr çevrilişindən sonra Rusiyada bolşevik irticası və yeni milli əsarət dövrü başlandı. Silah gücünə keçmiş Rusiya imperiyasının sərhədlərini bərpa etmək siyasəti yeridildi. Bakıda və onun ətraflarında hakimiyyəti ələ keçirən Şaumyanın bolşevik-daşnak güruhu Azərbaycana “muxtariyyət” əvəzinə “məzarıstan” vəd etdi və 1918-ci ilin martında Bakıda və bunun ardınca ölkənin digər bölgələrində Azərbaycan xalqına qarşı kütləvi soyqırımları törədildi.

Mart soyqırımı zamanı milli-istiqlalçı qüvvələrə başçılıq edən M.Ə.Rəsulzadə milli azadlıq hərəkatının digər görkəmli nümayəndələri ilə birlikdə Qafqazın Rusiyadan ayrılaraq müstəqil konfederasiya dövləti yaratması və Türkiyə ilə sülh danışıqlarına girməsi uğrunda mübarizəyə başlayır və Tiflisdə - Zaqafqaziya fraksiyası rəyasət heyətinin sədri kimi çıxışlar edir.

Zaqafqaziya Seymi dağıldıqda, 1918-ci il mayın 27-də M.Ə.Rəsulzadə Batum konfransında iştirak etdiyinə görə gizli səsvermə nəticəsində qiyabi olaraq Azərbaycan Milli Şurasının (parlamentinin) sədri seçilir. Milli Şura Azərbaycanı müstəqil dövlət elan edir və M.Ə.Rəsulzadə Azərbaycan Milli Şurasının sədri kimi Xarici işlər naziri Məmməd Həsən Hacınski ilə birlikdə Osmanlı dövləti ilə Batum müqaviləsini imzalayır (1918, 4 iyun). Müqavilənin 4-cü maddəsinə əsasən Osmanlı dövləti Bakı sovetinin daşnak-bolşevik hərbi birləşmələri və erməni-daşnak quldur dəstələri tərəfindən soyqırıma məruz qalmaqda olan Azərbaycan xalqına qardaşlıq yardımı göstərir. Azərbaycanın və bütün Cənubi Qafqazın türk-müsəlman əhalisi qırılıb məhv olmaqdan qurtulur.

Xüsusi vurğulamaq istərdik ki, M.Ə.Rəsulzadə dövlət xadimi və məfkurəçisi kimi Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci ilin iyununda baş vermiş ilk hökumət böhranının aradan qaldırılmasında böyük rol oynamış, istiqlalın qorunub saxlanması naminə sədri olduğu Milli Şuranın müvəqqəti olaraq istefasına razılıq vermişdir. O, 1918-ci ilin iyununda Azərbaycan Xalq Cümhuriyyətinin İstanbul beynəlxalq konfransına göndərilən səlahiyyətli nümayəndə heyətinə (M.Ə.Rəsulzadədən başqa Xəlil bəy Xasməmmədov və Aslan bəy Səfikürdski daxil idi) sədrlik etmiş, çox mürəkkəb beynəlxalq şəraitdə Azərbaycanın mənafeyini uğurla müdafiə etmiş, Azərbaycanda hərbi işin təşkili, maliyyə problemi, ərazi məsələsi haqqında Türkiyə rəsmiləri ilə danışıqlar aparmış, xüsusən Bakı məsələsində çevikprinsipial mövqe tutmuşdur.

M.Ə.Rəsulzadə 1918-ci il noyabrın 16-da Azərbaycan Milli Şurasının fəaliyyəti bərpa olunduqdan sonra onun sədri kimi Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin formalaşdırılmasında mühüm rol oynamışdır. Parlamentin təntənəli açılışında (1918, 7 dekabr) M.Ə.Rəsulzadə parlaq nitq söyləmiş və sonra gənc Cümhuriyyətin dövlət quruluşu, daxilixarici siyasətinin əsas prinsipləri barədə bəyannamə ilə çıxış etmişdir. Onun “...müstəqil Azərbaycanı təmsil edən o üç boyalı bayrağı Şurayi-Milli qaldırmış, türk hürriyyəti, İslam mədəniyyəti və müasir Avropa iqtidarı-əhrarnəsini təmsil edən bu üç boyalı bayraq daima başlarımızın üstündə ehtizaz edəcəkdir. Bir dəfə qaldırılmış bayraq bir daha enməyəcəkdir” sözləri Parlament üzvlərinin ayaq üstə sürəkli alqışları ilə qarşılanmışdı.

M.Ə.Rəsulzadə Parlamentdə Bakı Dövlət Universitetinin açılması ətrafında gedən müzakirələrdə də qətiyyətli çıxışlar etmişdir. O, milli kadrların azlığına görə Universitetin açılmasını vaxtsız hesab edənlərə və başqa dildə açılmasına qarşı çıxanlara cavabında demişdir: “...Universitetin təsis edilməsi dövlətin əsas vəzifələrindən biri olmalıdır, buna görə də bütün maneələr aradan qaldırılmalıdır. Əlbəttə, yaxşı olardı ki, açılacaq elm ocağı türk dilində olaydı, lakin bu hələlik mümkün deyildir. Lakin, bu, başqa dildə də olsa, Universitetin fəaliyyət göstərməsinə mane olmamalıdır. ... Universitetdə türk dili keçiləcək, tələbələrin özləri də Bakıda, öz doğma xalqı içərisində özlərini rahat hiss edəcəklər”. M.Ə.Rəsulzadə Universitet fəaliyyətə başladıqdan sonra tarix-filologiya fakültəsində Osmanlı ədəbiyyatı tarixindən dərs demişdir.

1920-ci il aprelin 27-də 11-ci Qırmızı Ordunun artıq Bakını ələ keçirmiş olduğu şəraitdə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində hakimiyyəti bolşeviklərə təhvil vermək məsələsi müzakirə olunarkən M.Ə.Rəsulzadə qətiyyətlə bunun əleyhinə çıxmışdır. M.Ə.Rəsulzadə 1920-ci il avqustun 17-də həbs olunmuş, lakin Stalinin göstərişi ilə həbsdən azad olunub Moskvaya aparılmış, Rusiya Sovet Federativ Sosialist Respublikasının Milli İşlər Komissarlığında işlə təmin olunmuşdu. Lakin bir müddət sonra M.Ə.Rəsulzadə Sankt-Peterburqa, oradan isə gizli yolla Finlandiyaya keçərək Türkiyəyə mühacirət etmişdir.

Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra gizli fəaliyyətə keçən M.Ə.Rəsulzadə Azərbaycan Xalq Cümhuriyyətinin dövlət strukturlarının dağıdılması, repressiyalar, qanlı qırğınlar dovründə xalqın sovet-bolşevik rejiminə qarşı göstərdiyi şiddətli müqaviməti və verdiyi saysız qurbanları görərək, milli bayrağın torpaqlara deyil, millətin vicdanına enmiş olduğunu, hər kəsin bu bayrağı ruhunda, qəlbində və bağrında mühafızə etməkdə olduğuna inandığını bildirirdi.

1922-ci ilin sonlarında M.Ə.Rəsulzadənin İstanbulda siyasi mühacir həyatı başlanır. O, Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra müxtəlif xarici ölkələrə getməyə məcbur olan azərbaycanlıların istiqlal mübarizəsini vahid mərkəzdən idarə etmək məqsədilə Azərbaycan Milli Mərkəzini (İstanbulda) yaradır. M.Ə.Rəsulzadə, eyni zamanda siyasi mühacirətin parçalanmasının qarşısını almağa, onun vahid mərkəzdən idarə olunmasına çalışırdı. 1926-cı ildə onun fəal iştirakı ilə Parisdə “Prometey” təşkilatı yaradılır. “Prometeysovet rejiminə qarşı müxtəlif xalqların nümayəndələrinin vahid mübarizə blokunu yaratmalı idi.

M.Ə.Rəsulzadə 1931-ci ildə sovet hökumətinin tələbinə əsasən, Türkiyəni tərk etməyə məcbur olur. 1932-ci ildə M.Ə.Rəsulzadənin siyasi mühacirətinin Polşa dövrü başlanır. Azərbaycanın mühacirətdə olan milli qüvvələrinin birliyinə nail olmaq üçün o, 1934-cü ildə Ə.Topçubaşovla birlikdə Brüsseldə Qafqaz Konfederasiyası sazişini imzalayır. Sazişə əsasən Qafqazda Azərbaycan, GürcüstanŞimali Qafqaz respublikalarından ibarət konfederasiya dövləti - respublikası yaratmaq nəzərdə tutulurdu.

Qeyd edək ki, M.Ə.Rəsulzadə Ə.Topçubaşovun ölümündən (1934) sonra siyasi mühacirətin istiqlal mübarizəsində aparıcı rol oynamışdır. 1936-cı ildə Varşavada “Müsavat”ın qurultay səlahiyyətli konfransında M.Ə.Rəsulzadə “Milli hərəkatda Firqə” mövzusunda hesabat məruzəsi ilə çıxış edərək, partiyanın həm Azərbaycan daxilində, həm də mühacirətdə öz taktiki xəttini düzgün müəyyənləşdirdiyini bildirir. O, “şəxslər müvəqqəti, ideologiya əbədidir” tezisini əsas tutaraq, siyasi mühacirləri istiqlal ideologiyasına sadiq olmağa çağırır.

1939-cu ildə İkinci Dünya müharibəsinin başlanması ilə M.Ə.Rəsulzadə Polşadan Fransaya, oradan İsveçrəyə, İsveçrədən İngiltərəyə, nəhayət Rumıniyaya keçir. Müharibənin sonuna yaxın Münhendə gizli şəraitdə yaşayan M.Ə.Rəsulzadənin yaratdığı “Azərbaycan Demokrat Birliyi” cəmiyyəti azərbaycanlıların faşist əsirliyindən azad olunmasına, bir müddət sonra yaratdığı “Türkiyə-Azərbaycan” cəmiyyəti isə onların Türkiyəyə aparılmasına kömək gostərir.

Müharibədən sonra, 1947-ci ildə Türkiyəyə qayıdan M.Ə.Rəsulzadə burada Azərbaycan Milli Mərkəzinin başçısı kimi fəaliyyətini davam etdirir. O, eyni zamanda bütün Azərbaycan mühacirlərini vahid mərkəz ətrafında birləşdirmək məqsədilə Ankarada Azərbaycan Kültür Dərnəyini yaradır (1949, 1 fevral). M.Ə.Rəsulzadə 1952-ci ilin dekabrında Münhendə keçirilən Ümumi Qafqaz Konfransında iştirak edir. Konfransın qərarına əsasən, Azərbaycanın, GürcüstanŞimali Qafqazın təmsil olunduğu Qafqaz İstiqlal Komitəsi yaradılır. M.Ə.Rəsulzadə Amerika Birləşmiş ştatlarına gedərək Azərbaycanın Xalq Cümhuriyyətinin yaradılmasının 35-ci ildönümü münasibətilə 1953-cü il mayın 28-də “Amerikanın səsi” radiosu ilə Azərbaycan xalqına məşhur müraciətini edir.

M.Ə.Rəsulzadə Azərbaycanın mətbuatı tarixində siyasi publisistikanın ən görkəmli nümayəndələrindən biridir. Tədqiqatlar göstərir ki, onun 1903-20-ci illərdə təkcə Azərbaycanın dövrü mətbuatında 1200-dən artıq müxtəlif janrda yazıları dərc olunmuşdur. O, ədəbi-publisistik fəaliyyətini siyasi mühacirət illərində də davam etdirmiş, Azərbaycan xalqının tarixi və ədəbiyyatı ilə bağlı çoxsaylı məqalələr dərc etdirmişdir. Bu dovrdə “Yeni Qafqasya” (1923), “Azəri Türk” (1928), “Odlu yurd” (1929), “Qurtuluş” (1934), “Azərbaycan” (1952) jurnallarını, “İstiqlal” (1932) qəzetini nəşr etdirmişdir.

M.Ə.Rəsulzadə ömrünün sonunadək öz məsləkinə, ali məqsədinə, məfkurəsinə sadiq qalmış, Azərbaycanın müstəqilliyinin bərpa olunması uğrunda istiqlal mübarizəsini davam etdirmişdir. XX yüzilliyin sonlarında dövlət müstəqilliyini bərpa edən Azərbaycan xalqı, M.Ə.Rəsulzadənin də inandığı kimi, milli bayrağın torpaqlara deyil, millətin vicdanına enmiş olduğunu, hər kəsin bu bayrağı ruhunda, qəlbində və bağrında mühafızə etməkdə olduğunu sübut etdi. Azərbaycanın bolşevik işğalı nəticəsində endirilmişbir də 1990-cı ildə istiqlal meydanlarında görünən üçrəngli bayrağı ulu öndər Heydər Əliyevin Vətən təəssübkeşliyi və sevgisi sayəsində yenidən dövlət bayrağı kimi dalğalanmağa başladı. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı ilk dəfə Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edildi, daha sonra müstəqil Azərbaycan Respublikasının bayrağı oldu.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında verdiyi məlum sərəncamı ilə bərabər, Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdə tutduğu yerə, Cümhuriyyət liderlərinə verdiyi böyük qiymətin bariz nümunələrindən biri də - Bakıda Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin geniş iclaslarının keçirildiyi binanın yanında İstiqlal Bəyannaməsinə həsr olunmuş möhtəşəm abidənin ucaldılması, Azərbaycanın üçrəngli bayrağının şərəfinə Bayraq Meydanının inşası və bu meydanda dalğalanan bayrağımızın dünyanın ən uca bayrağı olmasıdır!  Prezident İlham Əliyev bütün beynəlxalq əhəmiyyətli görüşlərdə, dünya ictimaiyyəti qarşısındakı çıxışlarında bu bayrağın Azərbaycanın işğal olunmuş torpaqlarında da tezliklə dalğalanacağını xüsusi vurğulamışdır.

Ulu öndər Heydər Əliyevin qurmuş olduğu müasir Azərbaycan dövlətinin böyük nailiyyətləri, onun siyasi irsinin varisi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu daxilixarici siyasəti dünyaya bəyan etmişdir ki, Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir! Azərbaycanın Yeni, Böyük İntibahı başlamışdır!!!

 

 

Yaqub MAHMUDOV,

 

əməkdar elm xadimi, AMEA – nın müxbir üzvü,

 

Dövlət mükafatı laureatı, Milli Məclisin deputatı

 

Xalq qəzeti.- 2014.- 1 fevral.- S. 5.