Azərbaycan gəncliyi
sağlam həyat mövqeyi
və intellektual potensialı ilə qürur doğurur
“Azərbaycan gəncliyi 2011 - 2015 - ci illərdə” Dövlət Proqramı haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamında da qeyd edildiyi kimi, ölkəmizdə gənclər siyasəti gənclərin vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik prinsipləri əsasında xalqımızın tarixi- mədəni irsinə, milli - mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması, cəmiyyətimizin ictimai- siyasi, sosial- iqtisadi və mədəni həyatında gənclərin fəal iştirakının təmin edilməsi, gənclərin intellektual və yaradıcılıq potensialının ümummilli məsələlərin həllinə yönəldilməsi istiqamətində aparılır.
Göründüyü kimi, dövlət gənc vətəndaşlarının vətənpərvər, dövlətçi, savadlı, sağlam, fəal olmasını, gənclərin cəmiyyətimizin ictimai-siyasi, mədəni, sosial - iqtisadi həyatına biganə qalmamasını istəyir. Bu istəklərin reallaşması istiqamətində gənclər siyasəti sahəsində müxtəlif qanunvericilik aktları, dövlət proqramları hazırlanır, həyata keçirilir. Bir sözlə, bu gün Azərbaycan dövlətinin apardığı gənclər siyasəti müasir dünyanın müxtəlif çağırışlarına cavab verə biləcək müasir, intellektual, vətənpərvər, sağlam gəncliyin formalaşmasına, onların hərtərəfli inkişafına yönəlmişdir. Bu siyasət dünyanın müxtəlif ölkələrinə örnək ola biləcək siyasətdir.
Dövlətin həyata keçirdiyi gənclər siyasəti özü - özlüyündə məhz bu potensialın üzə çıxmasına istiqamətlənmişdir. 2012-ci il ərzində Azərbaycan əhalisi 9 356 000 nəfər olmuşdur ki, onun da 30,3 faizini 14-29 yaşında olan gənclər təşkil etmişdir. Bu rəqəm özü bir daha sübut edir ki, Azərbaycan gəncliyi nə qədər böyük qüvvədir. Bu qüvvənin potensialının üzə çıxarılması, ondan Azərbaycanın gələcək inkişafı üçün istifadə edilməsi dövlət qarşısında duran ən vacib prioritetlərdəndir. Bu gün Azərbaycan gəncinin inkişafı üçün bütün şərait mövcuddur. Ən əsası odur ki, Azərbaycanın sabitliyi və davamlı inkişafı təmin olunmuşdur. Bu çox vacibdir. Sabitlik və davamlı inkişaf gənclərin də həyatına pozitiv təsirini göstərir.
Azərbaycan gənci nəinki ölkəmizdə, həm də onun hüdudlarından kənarda ən müasir təhsil müəssisələrində oxumaq imkanı əldə etmişdir. Belə gənclərin əksəriyyəti məhz dövlətin maliyyə imkanları hesabına təhsil alır, yüksək ixtisaslara yiyələnirlər. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” bu gün dövlətin gənclərin inkişafı və potensialının düzgün sahələrdə istifadə olunmasına verdiyi əhəmiyyətin göstəricisidir. “The Business Year” jurnalının Azərbaycana aid xüsusi buraxılışına müsahibə verən Azərbaycan Prezidenti İlham Əliyev qeyd etmişdir: “ Biz bilirik ki, təbii sərvətlər əbədi deyil və zaman keçdikcə tükənəcək. Bu səbəbdən də qara qızılı insan kapitalına çevirmək sadəcə şüar deyil. Bu, reallıqdır. Təhsilin yüksək intellektual bacarığa malik insan kapitalı formalaşdırmaqda və güclü iqtisadiyyat qurmaqda oynadığı rol bu gün daha aktualdır. İnformasiya və biliyə əsaslanan cəmiyyətin və inkişaf edən ölkənin iqtisadiyyatının tələblərinə cavab verən insan kapitalını inkişaf etdirmək məqsədilə müasir və səmərəli təhsil sistemi yaradılır”.
Bu gün Azərbaycan gəncləri dünyanın inkişaf etmiş ölkələrinin ən yaxşı universitetlərində dövlət hesabına təhsil almaqdadırlar. Hər il yüzlərlə gənc bu imkanı əldə edir. Gənclərimiz dünyanın inkişaf etmiş, qabaqcıl texnologiyalarına yiyələnərək, tanınmış elm adamlarından və nüfuzlu universitetlərdən dərs alaraq ölkəmizin gələcəyini inşa etmək üçün hazırlanırlar. Təsadüfi deyil ki, görülən işlərin nəticəsində BMT-nin 2010-cu il “İnsan İnkişaf Hesabatı”nda Azərbaycan 2005-2010-cu illərdə insan inkişafı sahəsində ən sürətlə inkişaf edən ölkə kimi qiymətləndirilib.
Ölkəmizdə dövlət qulluğuna qəbul olunan gənclərin sayı artmaqdadır. Məqsəd dövlət orqanlarında çalışanların sıralarını yüksək təhsilli, günün tələblərinə cavab verən mütəxəssislərlə zənginləşdirməkdir. Bu, eyni zamanda gənclərə olan etimad və inamdır. Son 4 ildə dövlət orqanlarına işə qəbul edilənlərin 60 faizə qədərini gənclər təşkil etmişdir.
Bu gün Azərbaycanda çox sayda bədən tərbiyəsi və idman obyektlərinin tikilib gənclərin istifadəsinə verilməsi də gənclərin fiziki inkişafına istiqamətləndirilmiş siyasətdir. Hər il dünyanın müxtəlif yerlərində keçirilən mötəbər idman turnirlərində Azərbaycan bayrağını ən yüksəyə qaldıran gənclərimizin sayı artmaqdadır. Bütün bunlar dövlətin idmanın inkişafı üçün həyata keçirdiyi məqsədyönlü siyasətinin nəticəsidir.
“Gənclər evi” - sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması da gənclərin asudə vaxtının səmərəli təşkili istiqamətində, onların potensialının üzə çıxarılması istiqamətində həyata keçirilən işlərdəndir. Azərbaycanın regionlarının əksəriyyətində belə müəssisələrin sayı gündən - günə artmaqdadır.
Azərbaycanda biznesin inkişafı sahəsində qəbul edilən müxtəlif hüquqi- normativ sənədlər gənclərin sahibkarlıq fəaliyyəti üçün əlverişli şərait yaradır. Gənc sahibkarlar qeyri - neft sektorunun inkişafında önəmli paya malikdir. Təsadüfi deyil ki, “Azərbaycan gəncliyi 2011 - 2015 - ci illərdə” Dövlət Proqramında gənclərin sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və məşğulluğunun təmin edilməsi üçün ayrıca bənd nəzərdə tutulmuşdur. Bu işlər uğurla icra olunmaqdadır.
Deyilənləri gənclərin intellektual və yaradıcılıq potensialının inkişaf etdirilməsinə də aid etmək olar. Hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Elm Fondu tərəfindən gənc alimlərin layihələrinə qrantlar verilir, mədəniyyət və incəsənət sahəsində gənclərin yaradıcılıq nailiyyətlərinin artması istiqamətində müxtəlif layihələr, beynəlxalq müsabiqələr, festivallar həyata keçirilir.
Qeyd etmək istəyirəm ki, Azərbaycan nadir ölkələrdəndir ki, burada fəal gənclər siyasəti həyata keçirilir. Bu fəallığın əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Bu gün də bu siyasət uğurla davam etdirilir. Çox ölkələrdə bu, belə deyil. Məsələn, Azərbaycan çox az ölkələrdəndir ki, burada hər 3 ildən bir ümumrespublika gənclər forumu keçirilir. Gənclər forumları dövlət - gənclik iş birliyinin nümunəsidir. Forumlarda ötən dövrdə görülmüş işlərə nəzər salınır, nəticələr çıxarılır, gələcək dövrlər üçün fəliyyət planları müəyyən edilir. Forumlarda yeni gənclərə meydan verilir, onlar dövlət qarşısında müxtəlif təkliflərlə çıxış edirlər. Bu, əslində yetişən gənc nəslin gənclər siyasətinin həyata keçirilməsində aktiv iştirakı deməkdir.
Azərbaycanda gənclərə aktiv və passiv seçki hüququ verilmişdir. Onlar seçmək və seçilmək hüququna malikdirlər. Yaşı 25-dən aşağı olmayan gənclər ali qanunvericilik orqanına, 21 yaşına çatmış gənclər isə yerli özünüidarə orqanları olan bələdiyyələrə seçilmək hüququna malikdirlər. Hazırda təxminən bələdiyyə üzvlərinin 28 faizi gənclərdir. İctimai fəal gənclər gəncliyin inkişafını əks etdirən dövlət proqramlarının, qanun layihələrinin hazırlanmasına cəlb edilirlər. Ölkə parlamentində fəaliyyət göstərən deputatlarımız arasında da gənclər sektorunda fəal təmsil olunan şəxslər vardır. Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının 9 üzvündən 4-ü gənclər təşkilatlarının rəhbərləridir.
Hazırda gənclərin təşkilatlanması prosesi ugurla gedir. Gənclər müxtəlif gənclər təşkilatlarında təmsil olunurlar. Bu gün Azərbaycanda 250-yə qədər belə təşkilat mövcuddur. Bu təşkilatlar vasitəsilə gənclərin ən müxtəlif problemləri üzə çıxarılır, həyata keçirilən layihələr vasitəsilə həllini tapır. Bu layihələr vasitəsilə minlərlə gənc müxtəlif yerli və beynəlxalq təcrübələrə nail olur, fərqli, kreativ ideyalarla çıxış edirlər. Gənclər təşkilatlarının nümayəndələri Azərbaycanın milli maraqlarının müdafiəsi istiqamətində də fəallıq göstərirlər. Dağlıq Qarabağ problemi ilə əlaqədar Azərbaycanın haqlı mövqeyinin müdafiə olunmasında, Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində gənclər təşkilatları tərəfindən həyata keçirilən fəaliyyət də artmaqdadır. Yeri gəlmişkən qeyd edim ki, gənclərin təşəbbüslərinin dəstəklənməsində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin mühüm rolu vardır. Nazirlik ən müxtəlif gənclər qruplarının , təşkilatlarının maraqlı təkliflərini, layihələrini dəstəkləyir.
Azərbaycan demokratik inkişaf yolu tutmuşdur. Dünyanın heç bir ölkəsində demokratiya
yolu asan və sürətli olmamışdır. Gün gələcək Azərbaycanda
demokratik təsisatlar daha
da inkişaf edəcək. Təbii ki, gənclər də bu proseslərdən kənarda
qalmır, qala da bilməz. Dövlət
gənclərin qərarların
qəbul edilməsində
daha fəal iştirakında maraqlıdır.
Bu istiqamətdə müxtəlif layihələr
həyata keçirilir.
Çünki əhalisinin
30 faizdən çox hissəsi
gənc olan ölkə üçün bu, çox vacib amildir. Bu
rəqəmin özü
bir daha göstərir ki, Azərbaycan gəncliyi dövlət və ictimai həyatda nə qədər böyük qüvvədir.
Dövlətin gənclər
siyasətinin qarşısında
duran əsas vəzifələrdən biri
də bu qüvvəni fiziki, mənəvi, intellektual baxımdan daha da yetkin etməkdən,
ictimai proseslərə,
dövlət idarəetməsinə yaxından
inteqrasiya etdirməkdən
ibarətdir.
Lakin bir qrup gənclər öz fəaliyyətlərinin
məsuliyyətini dərk
etmirlər. İnkarolunmaz həqiqətdir ki,
Azərbaycanın regionda
gücünün artmasından,
inkişafından narahat
olan qüvvələr
ölkəmizdə vənziyyəti
qarışdırmağa, öz
istəkləri istiqamətinə
yönləndirməyə çalışır
və bu fəaliyyətlərində müxtəlif
qrupların maraqlarından,
o cümlədən ağı
- qaradan seçə bilməyən, “siyasət
həvəskarı gənclər”dən
istifadə edirlər.
Mən səmimiyyətlə deyə
bilərəm ki, belə gənclərin əksəriyyəti müxtəlif
siyasətbazların, antimilli
qrupların təsirinə
düşdüklərindən belə xəbərsiz və qeyri - yetkindirlər. Onların
zəif dünyagörüşü,
həyat təcrübəsizliyi də
bunu təsdiqləyir.
Belə gənclər
dərk etmirlər ki, müxtəlif daxili və xarici dairələrin apardığı qarayaxma
kampaniyasının əksinə
olaraq, Azərbaycanda hər şey onların düşündüyü
kimi heç də pis deyil,
hətta örnək götürdükləri bir
sıra Avropa ölkələrinin iqtisadi
durumu ilə müqayisədə Azərbaycanın
iqtisadi vəziyyəti
daha normaldır. Ölkəmizin iqtisadi inkişaf göstəriciləri
hər il
müsbətə doğru
irəliləməkdədir. Azərbaycan artıq investisiya cəlb edən ölkədən sərmaya
qoyan ölkəyə
çevrilmişdir. Belə gənclər
demokratiyanı hərc
- mərcliklə səhv
salırlar.
Neçə illər gənclər sahəsində fəaliyyət
göstərən bir
şəxs kimi gənclərin də əhval- ruhiyyəsindən
xəbərdaram. Azərbaycan gənclərinin böyük
hissəsi bu gün əksəriyyəti həyata keçirilən daxili və xarici siyasətdən məmnundurlar.
Bu məmnunluğun da
əsas səbəbi həyata keçirilən
siyasi xəttin əsasının ümummilli
liderimiz Heydər Əliyev tərəfindən
qoyulmasıdır. Bu siyasət Azərbaycana sabitlik və davamlı inkişaf bəxş etmişdir.
Həmçinin, Azərbaycanın
regionda və dünyada söz sahibinə çevrilməsinə
gətirib çıxaran,
ölkəmizin gələcək
inkişafını təmin
edən siyasətdir. Ona görə də Azərbaycan gənclərinin tam əksəriyyəti
sona qədər
bu siyasətin arxasındadır və onu müdafiə edəcəkdir.
Azərbaycan gəncliyi müstəqillik
tariximizin bütün
dövrlərində müxtəlif
sınaqlardan alnıaçıq - üzüağ
çıxmağı bacarıb
və doğru qərar qəbul edib. Bundan sonra
da belə olacaq.
Nurəddin Mehdiyev,
“Bizim Nəsil” Gənclərin
Regional İnkişaf Assosiasiyasının
sədri
Xalq qəzeti.- 2014.- 1 fevral.- S. 6.