Bakı Ali Neft Məktəbində Azərbaycan Gəncləri Günü münasibətilə tədbir

 

Bakı Ali Neft Məktəbində (BANM) 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilmişdir. Tədbirdə çıxış edən ali məktəbin rektoru Elmar Qasımov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən uğurlu gənclər siyasətinin əhəmiyyətindən danışmışdır.

E.Qasımov qeyd etmişdir ki, bu gün Azərbaycanda gənclərin inkişafı və gələcəkdə lider kimi yetişmələri üçün dövlət tərəfindən bütün lazımi şərait yaradılmışdır və bu istiqamətdə yeni islahatlar həyata keçirilməkdədir.

BANM-in kollektivini qısa müddətdə əldə etdiyi uğurlar münasibətilə təbrik edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Tahir Süleymanov bildirmişdir ki, tələbə gənclər dövlət quruculuğunda, iqtisadiyyatın, elmin, təhsilin, mədəniyyətin, incəsənətin və idmanın inkişafında əhəmiyyətli rol oynayırlar.

Azərbaycanın insan potensialının özəyi olan gənclərin inkişafı və həyatda özlərini təsdiq etmələri üçün dövlət tərəfindən bütün şəraitin yaradıldığını qeyd edən T.Süleymanov bildirmişdir ki, hər bir gənc bu imkanlardan maksimum bəhrələnməlidir.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin kadr, rejiminformasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov qeyd etmişdir ki, qısa müddətdə ali məktəbin infrastrukturunun yaradılması, kadr potensialının formalaşdırılması istiqamətində böyük işlər görülmüşdür. Bunun nəticəsində artıq iki ildir ki, BANM Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının tərtib etdiyi təhsil müəssisələrinin reytinq cədvəlində birinci yerdə qərarlaşmışdır.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev ölkədə həyata keçirilən uğurlu gənclər siyasətindən danışaraq bu gün Azərbaycanda gənclərlə işin dövlət siyasətinin tərkib hissəsi olduğunu diqqətə çatdırmışdır.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun sədri Fərhad Hacıyev və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədri Şahin İsmayılov çıxış edərək ölkəmizdə aparılan gənclər siyasəti və bu istiqamətdə görülən işlərdən danışmışlar.

Sonda ATGTİ və BANM-in tələbə gənclər təşkilatının birgə təşkilatçılığı ilə keçirilən “Gənc neftçilər” olimpiadasının və müxtəlif yarışların qalibi olan tələbələrə diplomsertifikatlar verilmişdir.

 

Xalq qəzeti.- 2014.- 1 fevral.- S. 7.