Naxçıvan şəhərində Gənclər Mərkəzi istifadəyə verilmişdir

 

Fevralın 1-də Naxçıvan şəhərində Gənclər Mərkəzi istifadəyə verilmiş, “Gənclər günü” münasibətilə tədbir keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Gənclər Mərkəzinin açılışını bildirən lenti kəsmiş, binada yaradılan şəraitlə tanış olmuşdur.

Bildirilmişdir ki, 4 mərtəbədən ibarət olan Gənclər Mərkəzində elektron lövhəli 3 linqafon sinfi, kompyuter otağı, elektron kitabxana, intellektualstolüstü oyun zalları, interaktiv tirkafe vardır. Mərkəzdə informasiya texnologiyalarının ən son nailiyyətləri tətbiq edilmiş, 104 kompyuter dəsti quraşdırılmış, mərkəzi server sistemidaxili şəbəkə yaradılmış, kompyuterlərin hər birinin internetə çıxışı təmin edilmişdir.

Mərkəzdə xarici dil kurslarının tədrisi üçün 3 linqafon sinfi yaradılmışdır. Siniflərdə 58 kompyuter və 3 elektron lövhə quraşdırılmışdır. Gənclər burada istənilən xarici dil üzrə həm nəzəri, həm də praktik olaraq düzgün tələffüz vərdişlərinə yiyələnə biləcəklər.

Mərkəzin elektron kitabxanasının bazasında minə yaxın ədəbiyyat vardır. Kitabxanada 11 kompyuter qoyulmuş, kitabları elektron formata çevirən sürətköçürmə aparatı quraşdırılmışdır. Sürətli internetlə və xüsusi proqram təminatı ilə təchiz olunmuş kitabxanada gənclər eyni zamanda ölkəmizin digər elektron kitabxanalarının fondundakı ədəbiyyatlarla tanış ola biləcəklər. Binada gənclərin asudə vaxtlarının səmərəli təşkili və onların intellektual səviyyələrinin artırılması da nəzərə alınmış, mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün intellektual zal istifadəyə verilmişdir. Zalda proyektor, səsgücləndirici avadanlıqlar və işıqlandırma sistemi quraşdırılmış, televiziya çəkilişilərinin aparılması üçün lazımi şərait yaradılmışdır.

Bina ilə tanışlıqdan sonra 2 fevral “Gənclər Günü” münasibətilə tədbir keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov ümummilli liderimiz Heydər Əliyevin 1997-ci il 1 fevral tarixli sərəncamı ilə hər il fevralın 2-nin Azərbaycanda “Gənclər günükimi qeyd olunduğunu bildirmiş, belə bir əlamətdar gündə Naxçıvanda Gənclər Mərkəzinin istifadəyə verilməsi və “Gənclər günü” münasibətilə muxtar respublikanın bütün gənclərini, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasındakı ordu, birləşmə və bölmələrində xidmət edən əsgərlərimizi, gənc zabitləri, Heydər Əliyev adına Hərbi Liseyin kursantlarını təbrik etmişdir.

Ali Məclisin sədri gənclər siyasətinin həyata keçirilməsində müvafiq orqanlara tapşırıqlar vermişdir.

Ali Məclisin sədri daha sonra demişdir ki, Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasəti hər bir gəncə özünü təsdiq etməsi, yüksək bilik qazanması və dəyərli vətəndaşa çevrilməsi üçün geniş imkanlar açır. Bu imkanlardan səmərəli istifadə edilməlidir. Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Gələcəkdə gənclər ölkəmizi idarə edəcəklər. Bunun yeganə yolu ondan ibarətdir ki, gənclər vətənpərvərlik ruhunda tərbiyə alsınlar, öz Vətəninə bağlı olsunlar, öz Vətənini sevsinlər və dövlət müstəqilliyini hər şeydən üstün tutsunlar”.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov çıxış etmişdir.

Naxçıvan Dövlət Universitetinin təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin tələbə gənclər təşkilatınnın sədri Çilənay Qurbanlı demişdir ki, Naxçıvan Muxtar Respublikasında gənclərə göstərilən qayğı konkret fəaliyyətə hesablanıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri yanında Gənclər Fondunun icraçı direktoru Məmməd Babayev isə bildirmişdir ki, muxtar respublikamızda gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi və onların içtimai-mədəni həyatda fəal iştirakı təmin edilmişdir.

Sonra sosial-iqtisadi və ictimai-mədəni həyatda fəallığı ilə seçilən gənclər Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin təltif və hədiyyələri ilə mükafatlandırılmışdır. Ali Məclisin sədri 7 gəncə “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” və “Rəşadətli əməyə görə” nişanını və vəsiqələrini, 33 gəncə isə qiymətli hədiyyələr təqdim etmişdir.

Mükafatlandırılanlar gənclərə göstərilən qayğıya və fəaliyyətlərinə verilən yüksək qiymətə görə minnətdarlıqlarını bildirmişlər.

 

Xalq qəzeti.- 2014.- 2 fevral.- S. 4.