İnsan inkişafı və
ekoloji sivilizasiya
Bügünkü
dünyanın ictimai-siyasi, iqtisadi və ekoloji mənzərəsinə
baxdıqda bütün inkişafların, tərəqqinin
özülündə insan amilinin, insan kapitalının, bir qədər
də dəqiq desək, insan zəkası dayandığı
görünür. Bu mənada XXI əsri elm-təhsil əsri
adlandıranlara haqq qazandırılmalıdır.
Hazırkı
dünya durumu nəinki yüz il, heç 50 il qabaqkı
dünya deyildir. Əvvəllər ən çox hər bir
ölkə öz gələcəyi haqqında
düşünür, ölçüb-biçirdi. Bu gün
isə bütün dünya ölkələrinin, millət və
xalqların gələcəyi, inkişafı bir çox
dünya alimlərini düşündürür. Yeni nəzəriyyələr,
yeni inkişaf yolları irəli sürülür.
Dünyanın bir çox mötəbər alimləri bu
gün səylərini bu sahəyə yönəldərək
fikir mübadiləsi aparırlar.
Milli
qürur hissi ilə söyləyə bilərik ki, bu sahədə
çalışan dünya alimlərinin ön cərgələrində
Azərbaycan alimi də vardır. Bu, uzun illər ekoloji
sivilizasiya konsepsiyası sahəsində nəhəng işlər
görmüş akademik Urxan Ələkbərovdur. Yeri gəlmişkən
qeyd edək ki, Urxan müəllim hələ 1989-cu ildə
“Yaşıl” təfəkkür (demokratiya və istehlak mədəniyyəti)
və “yaşıl” iqtisadiyyata əsaslanan və irəli
sürüldüyü andan da dünyada geniş əks səda
doğurmuş ekoloji sivilizasiya konsepsiyasının müəllifidir.
Məhz elmdə yüksək nailiyyətlər əldə
etdiyindəndir ki, ətraf mühitin təbii, iqtisadi, sosial və
siyasi idarə edilməsi sahəsində beynəlxalq ekspertdir.
Akademik
U.Ələkbərovun elmi işlərində bütün
dünyanın ekoloji tarazlığı və təbiətin
bir hissəsi olan insan durur. İnsan hər şeyə qadirdir.
Bu mənada U.Ələkbərov bütün dünyada
tanınan və Azərbaycanı dünyaya tanıtdıran
alimlərimizdəndir.
Azərbaycan
aliminin bəşər gələcəyinin bütün
parametrlərdə irəlicədən görməsi, istehlak və
istehsal arasında tarazlıq məsələlərinin elmi cəhətdən
dəqiq proqnozlaşdırılması bütün dünya
üçün həyəcan təbilidir. Alimin
araşdırmaları göstərir ki, son 30-40 ildə
dünya üzrə istehlak 32 dəfə (!)
artmışdır və bu durmadan da artır. Bu isə bəşəri
fəlakətə aparır. Ona görə də
dünyanın təbiətşünas, cəmiyyətşünas
alimləri bununçün səylərini birləşdirməyə
çalışırlar. Bax, dünyanın və eləcə
də bəşər övladının gələcək
taleyini düşünən, yollar arıyan nəhəng elm
fatehləri arasında azərbaycanlı alimi U.Ələkbərovun
olması sözün həqiqi mənasında, milli fəxarətdir.
Akademik U.Ələkbərovun elmi proqnozları, yüksək təfəkkürə
söykənən fikirləri dünya elmi tərəfindən
həmişə elmə bir yenilik kimi qəbul edilir və dəyərləndirilir. Məhz
buna görədir ki, akademik U.Ələkbərov ABŞ,
Böyük Britaniya, Fransa, Türkiyə, Niderland və digər
ölkələrdə beynəlxalq komitə, rəhbər
komitə və şuraların, elmi jurnallarda redaksiya heyətinin
rəhbəri və üzvüdür. Dünyanın ən
qabaqcıl təhsil ocaqlarında, universitet və
akademiyalarında davamlı inkişaf və ekoloji sivilizasiyaya
dair mühazirələr oxuyur, seminarlar aparır. Akademik
U.Ələkbərovun bir üstün cəhəti də
vardır: o, bir çox dünya dillərini, xüsusən də
rus, ingilis, türk və s. dilləri mükəmməl bilir.
Akademik
U.Ələkbərovu hazırda düşündürən əsas
məsələlərdən biri - gənc nəslin zaman və
dövrə görə düzgün istiqamətləndirməkdir.
Gənclərimiz dünua elminə, dünya təhsilinə
inteqrasiya olmaqları ilə bərabər onlar vətənə
bağlı olmalı, xaricdə yiyələndikləri elm və
təcrübəni öz vətənlərində tətbiq
etməlidirlər. Böyük alim bunu istəyir, buna
çalışır. Bu günlərdə alimin Azərbaycan
dilində yazdığı “Davamlı insan inkişafı və
ekoloji sivilizasiyanın əsasları” adlı kitabı nəşr
edilmişdir. Müəllif Azərbaycanın dünyanın
inkişaf edən ölkələr sırasına
çıxmasının səbəbini ölkəmizdə
uğurla həyata keçirilən inkişaf
strategiyasının nəticəsi olduğunu elmi dəlillərlə
göstərir. Alim bu inkişafın təkcə kəmiyyət
artımı yox, həm də keyfiyyət artımı ilə
müşayət olduğunu göstərir. Böyük bir həqiqətdir
ki, təkcə kəmiyyət artımı ilə inkişafa
nail olmaq qeyri mümkündür. Burda keyfiyyət də olduqca
zəruri bir faktordur. Həm də keyfiyyət cəmiyyətin,
onun üzvlərinin, mütəxəssislərin bacarıq və
qabiliyyətləri, biliklərinin innovativ göstəricilərini
göstərir. Müəllif bunun nəticəsi kimi son on ildə
Azərbaycanda ümumdaxili məhsulun (ÜDM) üç dəfədən
çox artdığını göstərir. Bu, ölkəmizdə
insan inkişafının nəticəsidir. Bunu biz yox, BMT tərəfindən
hazırlanmış hesabatlar göstərir. Beynəlxalq təşkilatların
dəqiq hesablamaları nəticəsində 2010-cu ildən Azərbaycan
inkişaf etmiş dövlətlər qrupuna daxil edilmişdir.
Alim
vurğulayır ki, Azərbaycanın belə sürətlə
inkişafı göydən düşmə və yaxud kiminsə
pay verməsi kimi başa düşünülməməlidir.
Bu, hər şeydən əvvəl dövlət
başçısının gələcəyi elmi şəkildə
proqnozlaşdırmağın, ölkənin
potensialının hərtərəfli qiymətləndirmək
bacarığının nəticəsidir.
Hazırda
ölkəmiz Prezident İlham Əliyevin sərəncamı
ilə “Azərbaycan 2020: gələcəyə baxış”
inkişaf konsepsiyasının həyata keçməsi ilə
daha da pərvəriş tapır. İnkişafın yeni mərhələsi
elm, təhsil və mədəniyyətin tərəqqisi ilə
həmahəngdir.
Müəllif
inkişafdan danışarkən inkişaf
anlayışının anatomiyasını elmi, nəzəri
və praktik cəhətdən açıqlayır.
İnkişafın həmişə dinamik olduğunu, yəni
bu gün dünənə nisbətən öndədir, sabah
isə bu gündən irəlidə olacaqdır. İnkişafdan
danışarkən alim bir çox ölkələri, məsələn,
Avropa ölkələri ilə bəzi Afrika ölkələrini
müqayisə edir və göstərir ki, inkişafın
inkişafına görə fərq 50 dəfədən
çoxdur. Kiçik Avropa ölkəsi Lüksemburq iqtsadi və
sosial inkişafı ilə Afrikanın Efiopiya arasındakı
fərq nə az, nə çox 80 dəfədən
artıqdır. Bəs belə inkişaf, yüksək tərəqqi
nəyin hesabına baş vermişdi?! Əlbəttə ki, əqli
tərəqqinin, təhsilin, yeni texnologiyanın, infrastrukturun
daima yüksələn xətlə getməsinin nəticəsində.
Hər
bir ölkədə ümumdaxili məhsulun (ÜDM) həcmi
çox vacib göstəricidir. ÜDM nə qədər
çox olarsa, ölkədə adambaşına düşən
pay da çox olur. Əlbəttə, bu əhəmiyyətli
göstəricidir. Lakin bu artım müasir anlamda
inkişafın vəziyyətini tam səciyyələndirə
bilmir. Baxmayaraq ki, bu inkişafda insan amili, insan faktoru
aparıcı qüvvədir. Müəllif qeyd edir ki,
İnsan İnkişafı Əmsalı (İİƏ)
üç qrup göstəricidən istifadə olunur:
sağlamlıq, təhsil və gəlir. Bax bu yenilikdir.
Müəllifə
görə insan inkişafı o vaxt tam olar ki, üç əsas
faktor birlikdə görünsün. Bunlar: 1) səmərəli
iqtisadiyyat, sağlam təbii və əlverişli sosial
mühüt; 2) sağlam, uzun və yaradıcı
ömür; 3) bilik və bacarıq. Buna görə də
dünyada bu gün insan potensialını inkişafın mərkəzinə
qoymaq, bu prosesi insana doğru yönəltmək, mövcud problemləri
açmaq, həm də mənəvi dirçəlişə
yol açmaq əsas məqsəddir.
Cəmiyyətdə
bütün inkişafı insan faktorunda görən müəllif
dünyanın davamlı inkişaf ideoloqlarının fikirlərini
özünün müasir təfəkküründən
keçirərək bu gerçəkliyi təsdiq edir. Burada
o, Azərbaycan Respublikasının memarı və qurucusu,
böyük dövlət xadimi Heydər Əliyevin ölkədə
insan amilinin rolunu qiymətləndirdiyini göstərərək
yazır: “Vaxtilə ümummilli lider Heydər Əliyev də
insan potensialını bütün sahələrdə və hər
zaman inkişafın aparıcı lokomotivi, mərkəzi və
həlledici amil kimi müəyyənləşdirib. Onun təşəbbüsü
ilə hələ keçən əsrin 70-ci illərindən
başlayaraq hər il minlərlə azərbaycanlı gəncin
respublikadan kənarda yerləşən aparıcı ali mülki və hərbi
məktəblərə göndərilməsi bu siyasətin təzahürüdür...”
Yeri
gəlmişkən qeyd edək ki, Böyük azərbaycanlı
Heydər Əliyevin bu sahəyə
göstərdiyi qayğı və diqqəti bu əsərdə
qızıl xətlə keçir.
Son
vaxtlar Azərbaycan təhsilində bir çox yeniliklər
baş verir və verməkdədir. Bu yeniliklərdən biri də
2001-ci ildən respublikamızın orta və ali məktəblərində
davamlı və insan potensialı fənninin tədris edilməsidir.
2003-cü ildə Azərbaycan ümumtəhsil orta məktəbləri
üçün bu fənnə aid dünyada ilk dəfə
proqramm və dərslik hazırlanmışdır. Bu da bir həqiqətdir
ki, bütün bunlar akademik Urxan Ələkbərovun səyi
və əməyi nəticəsində baş
vermişdir. Azərbaycandakı
bu mütərəqqi hadisə dünyanın marağına səsbəb
olmuş, 2005-ci ildə BMT tərəfindən dünyaya yayılmışdır.
Görkəmli
alim nədən söhbət açırsa, onun necə deyərlər,
əlifbasından, anlayışından, inkişafından və
bu amilin insan inkişafına nə dərəcədə
müsbət və mənfi təsirindən
danışır. Bunlar isə onu göstərir ki, müəllif
bu sahənin mütəxəssisi, bilicisidir.
Bu
kitab çox qiymətli dərs vəsaiti olmaqla yanaşı
həm də təfəkkür vəsait “ müasir Azərbayan
elminin inkişafına böyük töhfədir.
Musa
QULUZADƏ,
tarix elmləri doktoru, Azərbaycan
Respublikasının Prezidenti
yanında Dövlət İdarəçilik
Akademiyasının professoru, Azərbaycan Yazıçılar
Birliyinin üzvü
Xalq qəzeti.- 2014.- 2 fevral.- S. 4.