Şərqin qapısında düşmənə göz dağı olan diyar

 

Azərbaycanın qədim bölgəsi olan Naxçıvan, tarixən, çətin sınaqlarla dolu mürəkkəb və eyni zamanda, şərəfli bir yol qət etmişdir. Çoxəsrlik dövlətçilik ənənələri olan bu diyar həmişə xalqımızın zəngin mədəni irsini layiqincə yaşatmış, yetirdiyi görkəmli elm xadimləri, məşhur sənətkarları, tarixi şəxsiyyətləri ilə ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi həyatında əvəzsiz rol oynamışdır.

Naxçıvan əhalisinin milli istiqlal ideyalara bağlılıq nümayiş etdirərək dövlət müstəqilliyimizin bərpası, qorunub saxlanılması və möhkləmləndirilməsində müstəsna xidmətləri vardır. Bu gün yüksək potensiala malik muxtar respublika bütün dövlət proqramlarını, infrastruktur layihələrini böyük uğurla həyata keçirməsi sayəsində ölkədə dinamik inkişaf xəttinə uyğun, fasiləsiz aparılan irimiqyaslı quruculuq, abadlıq işlərinin fəal iştirakçısıdır. Naxçıvan hazırda mötəbər beynəlxalq tədbirlərin, elmi simpoziumların, idman yarışlarının yüksək səviyyədə təşkil olunduğu məkana çevrilmişdir.

Azərbaycanın siyasi tarixində Naxçıvan Muxtar Respublikasının yaradılmasının çox mühüm əhəmiyyəti var. Keçən əsrin əvvəllərində buraxılan kobud səhvlər üzündən ərazicə Azərbaycandan ayrı düşməsinə baxmayaraq Naxçıvan Muxtar Respublikası 90 ildir ki, bütün çətinliklərə sinə gələrək, yaşayır və  inkişaf edir. Son 26 ildə Ermənistan Respublikasının ölkəmizə qarşı apardığı açıq-aşkar düşmənçilik siyasəti nəticəsində tam blokada şəraitinə düşməsi Naxçıvanı çətin sınaqlarla üz-üzə qoysa da, onun iradəsini, mətinliyini qıra bilməmişdir. Əksinə, bu illər ərzində doğma Azərbaycanın gündəlik qayğısını hiss edən muxtar respublikanın əhalisi daha fədakarlıqla, böyük əzmlə işləməklə, bölgəni hərtərəfli inkişaf etdirib müasirləşdirməklə Şərqin qapısında düşmənə göz dağı olan çiçəklənən bir məkana çevirmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizin həyatında Naxçıvan Muxtar Respublikasının müstəsna rolunu nəzərə alaraq, bu qədim diyarın 90 illik yubileyini dövlət səviyyəsində qeyd etmək barədə sərəncam imzalamışdır. Həmin sərəncamda Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə, Azərbaycan Respublikasının Təhsil Nazirliyinə, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə və Azərbaycan Milli Elmlər Akademiyasına tapşırılmışdır ki, birlikdə Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirsinlər. Həmçinin, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə tövsiyə edilmişdir ki, yubileylə əlaqədar öz tədbirlər planını hazırlayıb həyata keçirsin.

Ölkə başçısının bu tarixi sənədi bir daha təsdiqləyir ki, Naxçıvan Muxtar Respublikası həmişə Azərbaycanın ayrılmaz tərkib hissəsi olmuşdur. Yaxşı xatırlayıram, 1984-cü ildə Naxçıvan Muxtar Respublikasının 60 illik yubileyinə geniş hazırlıq işləri aparılırdı. Qəzetimizin xüsusi müxbiri kimi mən də həmin yubiley tədbirlərində fəal iştirak edib geniş materiallar hazırlayırdım. Yubileyin təntənəli şəraitdə keçirildiyi gün Naxçıvana yüksək səviyyəli çoxlu qonaq gəlmişdi. Yubiley münasibətilə yenicə istifadəyə verilmiş Uşaqların bədii tərbiyəsi evinin geniş və işıqlı salonuna toplaşan 1200 nəfərdən çox tədbir iştirakçısı  çıxış edənləri, bu tarixi hadisə ilə əlaqədar təbrik sözü söyləyənləri gurultulu alqışlarla, qarşılayırdı.

Bakıdan gələn Azərbaycan Respublikasının rəhbərləri ilə yanaşı, rəyasət heyətində əyləşmiş Dağlıq Qarabağ Vilayət Partiya Komitəsinin birinci katibi Boris Gevorkov və Ermənistanın Ararat Rayon Partiya Komitəsinin birinci katibi H.Minasyan çıxış edərkən dostluq və qardaşlıqdan dəm vurdular. Bədnam qonşularımızın riyakarlığına, ikiüzlülüyünə, xəyanətkarlığına yaxşı bələd olan naxçıvanlılar erməni nümayənədələrinin boğazdan yuxarı dedikləri sözlərə bir o qədər də inanmırdılar. Ona görə ki, elə həmin yubiley ərəfəsində başabəla Zori Balayanın bir qrup rus telejurnalistini aldadaraq Naxçıvana gətirməsini, muxtar respublikanın ərazisinin ermənilərə mənsubluğunu iddia edən kadrlar çəkdirdiyini və bundan duyuq düşən təhlükəsizlik orqanları tərəfindən həbs olunmalarını yaxşı xatırlayırdılar. O vaxt Moskva işə qarışdı, ermənilərin müdafiəsinə qalxan yüksək eşalondakı havadarlarının köməyi ilə onlar məhbəsdən azad edildilər.

Azərbaycan artıq 26 ildir ki, Dağlıq Qarabağ düyünü deyilən ağrılı bir problem yaşamaqdadır. Dağlıq Qarabağ probleminin həlli ilə bağlı proseslərin Azərbaycanın ədalətli mövqeyinə doğru istiqamət alması erməniləri vəlvələyə salıb. Buna görə də onlar Azərbaycanın başını daha bir problemlə – Naxçıvan problemi ilə qatmaq istəyirlər. Əslində, bu, onların çoxdankı arzusu olub.

Hələ 1987-ci ilin martında Amerikada “Naxçıvanı Ermənistana birləşdirmək təşkilatı” yaradılmışdı. Bu mənfur niyyəti həyata keçirmək məqsədilə təşkilat Amerikada və digər xarici ölkələrdə yaşayan ermənilərə müraciət edərək imza toplamış və o vaxtkı SSRİ rəhbərliyinə təqdim etmişdi. Erməni tarixçiləri və millətçiləri isə Naxçıvanla bağlı ərazi iddialarını daha da gücləndirmiş, tarixi həqiqətlərə kölgə salan ideyaların təbliğinə geniş yer vermişdilər.

Moskvada fəaliyyət göstərən Erməni İcmaları Konfederasiyasının icraçı katibi Karen MikaelyanNezavisimaya qazeta”nın 29 fevral 1996-cı il tarixli nömrəsində “Üzülmüş missiya” sərlövhəli məqalə çap etdirmişburada Naxçıvanla bağlı ərazi iddialarına bir daha toxunaraq RSFSR-lə Türkiyə arasında imzalanan 16 mart 1921-ci il tarixli Moskva müqaviləsini qəsdən saxtalaşdırmağa cəhd göstərmişdi. Həmin məqalədə iddia edilirdi ki, guya, 1921-ci ildə Naxçıvan türk millətçilərinin yaratdıqları türk və bolşeviklərin möhkəmlətdiyi ikinci türk dövlətinə - Azərbaycana verilmşidir, rus diplomatiyasının təmsilçiləri Çiçerinin və başqalarının müqavimətinə baxmayaraq, Stalin, Nərimanov, pantürkistlər və ifrat inqilabçıların kobud təzyiqi ilə təsdiqlənən “16 mart 1921-ci il RSFSR - Türkiyə müqaviləsi” rus silahının və diplomatiyasının çoxəsrlik nailiyyətlərini heçə endirmişdir.

Erməni millətçilərinin ən qatı nümayəndəsi Zori Balayan yenə həmin qəzetin 29 mart 1997-ci il tarixli nömrəsində dərc olunmuşYalan üzərində sülh olmaz” sərlövhəli məqaləsində bu sərsəm fikirlərin davamı olaraq yazmışdır ki, “16 mart 1921-ci il tarixli RSFSR - Türkiyə müqaviləsi” tarixi erməni vilayətini - Naxçıvan vilayətini Ermənistandan qoparıb Azərbaycan SSR-ə vermişdir və həmin müqavilə ilə guya, nəinki Türkiyə, həm də Rusiya Naxçıvana protektorat almışdır.

Elə bu yaxınlarda Zori Balayan Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə açıq məktub yazaraq İranla Rusiya arasında iki əsr bundan əvvəl imzalanmış Gülüstan müqaviləsinin şərtlərinə yenidən baxılmasını tələb edir, Dağlıq Qarabağla yanaşı, Naxçıvanın da Ermənistana verilməsini istəyir.

Ermənilər belə sərsəm fikirləri təkcə Azərbaycanın ünvanına deyil, vaxtaşırı Türkiyənin,  Gürcüstanın və Rusiyanın Krasnodar vilayətinin və ermənilərin kompakt yaşadıqları başqa yerlərin özdoğma torpaq”ları olduğunu iddia etməklə dünyaya meydan oxumağa başlayıblar. Bunu Amerikada, Fransada da yaxşı bilirlər. Lakin nədənsə, Dağlıq Qarabağ probleminin həll olunmasında ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri ikili standartlardan yaxa qurtara bilmirlər.

Ermənistandakı “Qarabağ Komitəsi”nin üzvü, Milli Müqəddərat Birliyinin sədri Paruyr Hayrikyan təəssüf hissi ilə bildirir ki, “90-cı illərin əvvəllərində Heydər Əliyevin Naxçıvanda olması bizə bu bölgəni silah gücünə ələ keçirməyə imkan vermədi. Əgər biz heç nəyə baxmayıb, Dağlıq Qarabağla yanaşı, Naxçıvanı da ələ keçirmiş olsaydıq, indi beynəlxalq təzyiq qarşısında Dağlıq Qarabağı qaytarsaydıq belə, Naxçıvan bizə qalardı. Heydər Əliyev bizim planlarımızı alt-üst etdi”.

Bəli, müstəqil Azərbaycanımızın xilaskarı Heydər Əliyev əgər ötən əsrin 90-cı illərinin əvvəllərində Naxçıvanda fədakarlıqla fəaliyyət göstərməsəydi, bəlkə də, biz indi həmin torpaqları da itirmişdik. Ümummilli liderimiz o çətin günləri xatırlayaraq Naxçıvan Muxtar Respublikasının 75 illik yubileyində demişdir: “Naxçıvan Muxtar Respublikası müstəqil Azərbaycan dövlətinin ayrılmaz hissəsidir, gözəl guşələrindən, diyarlarından biridir. Naxçıvan Muxtar Respublikasının 75-ci ildönümü bayramı bütün Azərbaycan xalqının, vətəndaşlarının, müstəqil Azərbaycan dövlətinin bayramıdır”.

Dahi öndərimizin bu unudulmaz sözləri Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi günlərində daha əzəmətlə səslənir. Bu, tarix boyu belə olmuşdur və belə də olacaqdır. Çünki Naxçıvan qədim və şərəfli tarixə malik olan əzəli Azərbaycan torpağıdır.

 

 

Telman ƏLİYEV

 

Xalq qəzeti.- 2014.- 2 fevral.- S. 5.