“Kitabi-Dədə
Qorqud” abidəsi Azərbaycanın milli kimliyidir
Həyatımda baş verən xoşbəxt günlərdən biri idi. Dədə Qorqud parkının açılışına dəvət olunmuşdum. Parkın ərazisinə gəldiyim zaman abidədən bir qədər kənarda ağ bir çadırın qurulduğunu gördüm. İçəri dəvət olundum. Burada yaxından tanıdığım görkəmli elm, sənət, mədəniyyət və ədəbiyyat adamları oturmuşdu.
Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, AMEA-nın vitse - prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direkoru, akademik İsa Həbibbəyli, AMEA-nın elmi katibi, müxbir üzvü Kamal Abdulla, AMEA-nın müxbir üzvü, Atatürk Mərkəzinin direktoru Nizami Cəfərov, AMEA-nın müxbir üzvü Teymur Kərimli, xalq artisti Arif Babayev, heykəltəraş Görüş Babayev onların arasında idi. Bir anlığa xəyalımda “Kitabi - Dədə Qorqud” dastanının “Dirsə xan oğlu Buğac xan boyını bəyan edər, xanım, hey!”... boyundakı səhnə canlandı: “Bir gün Qam Ğan oğlı xan Bayındır yerindən turmışdı. Şami günligi yer üzünə dikdirmişdi. Ala sayvanı gög yüzinə aşanmışdı. Bin yerdə ipəg xalicəsi döşənmişdi... Bir yerə ağ otağ, bir yerə qızıl otağ, bir yerə qara otağ qurdurmuşdu”...
Dastandan məlumdur ki, Bayındır xan ağ çadıra oğlu olan, qızıl çadıra qızı olan, qara çadıra övladı olmayan say-seçmə Oğuz bəylərini dəvət etmişdi. Bayındır xandan fərqli olaraq, burada bir çadır qurulmuşdu, rəngi də ağ idi. Deməli, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev burada fərqliliyi aradan qaldırmaq, ayrı-seçkilik salmadan oğuz elinin dərdini-odunu, sevincini- kədərini oğuz övladlarının hamısı ilə bölüşmək istəyirdi. Lakin hamını buraya yığmaq mümkün olmadığından, çadırın tuta biləcəyi qədər və Dədə Qorqudun söyləmələrini həyatlarında iş prinsipinə çevirən adamlar dəvət olunmuşdu. Bu mədəni çadır-Dədə Qorqud çadırı rəmzi olaraq oğuz yurdlarının birləşdiyi məkanda – Azərbaycanda qurulmuşdu. Bu məkanda dövlətimizin başçısı yüksək əxlaqı, mənəviyyatı və sadə təbiəti ilə oğuz övladlarının arasında idi. Bu çadırda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ruhu başımızın üzərində dayanmışdı. Bu gün ulu öndərin arzularından biri də reallığa çevrilirdi. Bu gün tarixi bir gün idi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çadıra daxil oldu. Əyləşənlər ayağa qalxıb dövlət başçısına ehtiramlarını bildirdilər. Prezident tədbir iştirakçılarını salamladı və bu günün tarixi əhəmiyyətindən danışdı. Xəyallar məni yenidən öz ağuşuna alıb min illər öncə baş verən hadisələrin iştirakçısına çevirirdi. Yenə də Bayındır xan, yenə də Oğuz bəyləri. Yenə də qarşılaşdırma. Bayındır xan üç çadır qurmaq ilə bir parçalanma yaratmışdı, o parçalanmanın ağrı-acısını hələ də hiss edirik. Cənab Prezident bir çadır qurduraraq bizi milli birliyə çağırır, milli dəyərlərimizin önə çəkilməsini, milli birliyimizin daha da yüksək mərhələsinə qədəm qoymağımızı istəyir.
Bu gün uzaq-uzaq əsrlərin arxasından Dədə Qorqud oğuz yurdlarının birləşdiyi məkan olan Azərbaycana gəlmişdi.Bu məkan ulu öndər Heydər Əliyevin vətəni idi. Bu məkanda ulu öndər çox böyük işlər görmüşdü, yüz illər də bundan sonra anılacaq, yada salınacaq və ulu öndəri xatırladacaq.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Kitabi-Dədə Qorqud” dastanının öyrənilməsi, təbliği və dünyada tanıdılması sahəsində ulu öndərin danılmaz böyük rolu vardır. 1975-ci ildə ulu öndər Heydər Əliyevin sərəncamı ilə Azərbaycanın tanınmış sənət adamlarının iştirak etdiyi “Dədə Qorqud” bədii filmi çəkilmişdi. 2000-ci ildə yenə də ulu öndərin fərmanı ilə “Kitabi - Dədə Qorqud” dastanının 1300 illiyi dünya türkoloqlarının və türkdilli ölkə başçılarının iştirakı ilə yüksək səviyyədə qeyd edilmişdi. Həmin ildə də ümummilli lider Heydər Əliyevin imzaladığı fərmana əsasən Bakıda Dədə Qorqud heykəlinin ucaldılması və “Dədə Qorqud dünyası” tarixi-etnoqrafik kompleksinin yaradılması qərara alınmışdı. Bu gün o qərarın reallığa çevrildiyi bayram günü idi.
O gün Dədə Qorqudun qopuzunun səsinin min illəri aşaraq bizə ulaşdığı gün idi. Xalq şairi Məmməd Arazın ömrünün son günlərində yazdığı, lakin çatdırıb çap etdirə bilmədiyi, tərəfimizdən redaktə edilərək “Sözün Məmməd Araz zirvəsi” adlı kitabda oxuculara təqdim etdiyim “Dədəm Qorqud səsləməsi” poemasından bəzi beytlər qulağımda əks-səda verirdi:
Özün köçdün, hayın qaldı dünyada,
Səsləmələr payın qaldı dünyada.
Dədəm Qorqud, harayını eşitdim,
Dədəm Qorqud çağrışına hay dedim.
Daş dilində, dağ dilində səsləmən,
Od dilində, qar dilində səsləmən...
Prezident İlham Əliyev nitqini bitirdikdən sonra Azərbaycan Yazıçılar Birliyinin
sədri Anar, AMEA-nın elmi katibi
Kamal Abdulla və heykəltəraş Görüş
Babayev təbriklərə
qoşuldular. Abidənin müəllifini qəhər
boğdu, danışa
bilmədi, sevincindən
göz yaşları yanağını islatdı.
Bəli, insan çox sevinəndə, nədənsə həmişə gözləri yaşarır. Bəlkə bu xəbəri həmin gün izləyən milyonlarla azərbaycanlının gözləri
yaşarmışdı. Bundan böyük iş ola
bilməzdi, bundan sevincli xəbər ola bilməzdi...
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev tədbir iştirakçılarını
abidənin açılışına
dəvət etdi. Bakı Şəhər
İcra Hakimiyyətinin
başçısı Hacıbala
Abutalıbov parkda görülən abadlıq
işləri haqqında
cənab İlham Əliyevə məlumat verirdi. “Kitabi
- Dədə Qorqud” abidəsinə yaxınlaşdıq.
Ölkə başçısı abidənin üzərindəki
örtüyün qırmızı
lentini kəsdi, qarşımızda möhtəşəm
bir abidə ucaldı. Bir tərəfdə Dədə
Qorqud öz qopuzu ilə söz söyləyir, boy boylayır, bir tərəfdə Bayındır
xan Oğuz ellərini seyr edir, bir tərəfdə
Oğuz igidləri Salur Qazan, Bamsı Beyrək, Qaraca çoban dayanmışdı...
Abidə kompleks şəkildə dastanda baş verən hadisələri günümüzə daşıyaraq
seyrçiləri bilgiləndirir.
Abidənin ən böyük
dəyəri də dastanda baş verən hadisələr haqqında müfəssəl
məlumat verməyindədir.
Abidə
sanki kitab kimi səhifə-səhifə
açılaraq Oğuz
yurdlarından, bu yerlərdə məskən
salmış, ad çıxarmış
igidlərdən xəbər
verir, gəlimli-gedimli
dünyada qalan yaxşılıqlar, unudulmaz
gerçəkliklər haqqında
kodlaşmış bilikləri
nəsillərə ötürür,
bütün bəşəriyyətə
öz kimliyi haqqında danışırdı.
İnsanın kimliyi olan kimi, kimliyi olan
millətlər də
var. “Kitabi-Dədə Qorqud”
Azərbaycan xalqının
kimliyidir. Bu kimliyi dünyaya tanıtmaq isə, heç şübhəsiz
ki, ölkə rəhbərinin üzərinə
düşən ən
böyük vəzifələrdən
biridir.
Məhz
bu məsuliyyətli işə çox diqqət və ciddiyyətlə yanaşan
Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin varisi və ləyaqətli davamçısı
olaraq cənab İlham Əliyev 13 dekabr 2013-cü il
tarixli gündə Azərbaycanın milli kimliyini dünyaya bəyan etdi: - Bu, mənim millətimdir, bu, mənim xalqımdır, mən Dədə Qorqudun nəvəsiyəm, - dedi.
Qəlbimizdə bir sevinc coşurdu. Bakı şəhəri
günü-gündən gözəlləşir,
abadlaşır. Şəhərimizə
dünyanın müxtəlif
ölkələrindən gələn
çoxsaylı qonaqların
istirahət etmələri,
dincəlmələri və
Azərbaycanın qədim
tarixi, mədəniyyəti
ilə tanış
ola bilmələri üçün üz tutacaqları ünvanlardan
biri də artıq Dədə Qorqud parkıdır. Park həm tarixi,
həm də müasir memarlıq elementlərinin birgə təmasından yaranan, göz oxşayan, könülləri ovunduran
böyük bir ərazini əhatə edir. Akademik İsa Həbibbəyli
ziyalılar adından
abidənin önündə
bu böyük nailiyyət münasibəti
ilə Prezident İlham Əliyevi təbrik etdi, təşəkkürlərini bildirdi.
Natiq qeyd etdi ki, mənəvi
dünyamızın əvəzsiz
sərvəti olan, “Kitabi-Dədə Qorqud” dastanının maddiləşərək
respublikamızın paytaxtında
möhtəşəm bir
abidəyə çevrilməsi
respublika rəhbərliyinin,
şəxsən Prezident
İlham Əliyevin tarixi keçmişimizə,
zəngin mənəvi
irsimizə, adət-ənənələrimizə,
xalqımızın milli
mənafeyinə böyük
qayğısının bariz
ifadəsidir. Eyni zamanda,
bu möhtəşəm
abidə Oğuz yurdlarının dünyanın
müxtəlif yerlərində
yaşayan və işləyən bütün
övladlarının mənəvi
birliyinin təcəssümüdür.
Oğuz
yurdlarının mənəvi birliyinin təminatçısı, oğuz
övladlarını öz
rəhbərliyi ilə
qardaşlıq çərçivəsində birləşdirməyə
nail olan, dünya azərbaycanlılarının hamısının
Prezidenti İlham Əliyev abidənin önündə şəkil
çəkdirmək təşəbbüsü
ilə tədbirin bütün iştirakçılarını
ətrafına topladı.
Şəkillər çəkildi, bu
anlar foto-kameraların
yaddaşına qonaraq
əbədiləşdi.
Ayrılarkən mən Prezidentin gözlərinə baxırdım. O gözlərdə
gələcəyə bir
inam görürdüm,
o gözlərdə Xalqına,
Vətəninə bir
sevgi görürdüm.
O gözlərdə “Kitabi-Dədə
Qorqud” abidəsi ilə pak və uca mənəviyyatını
dünyaya nümayiş
etdirən rəhbərin
Vətənimizə namərd
qonşular tərəfindən
vurulan yaraların sağaldılması üçün
inamlı addımlarla
irəliləyən, qətiyyətli
və sarsılmaz bir ümidə sahib olduğunu görürdüm.
Sanki Dədə Qorqud
da min illərin arxasından yenə də qopuzunu dinləndirib igidini alqışlayırdı:
Qarlı
qara dağların yıxılmasın!
Kölgəlicə
qaba ağacın kəsilməsin!
Qamın
axan görklü suyun qurumasın!
Qadir Tanrı səni namərdə möhtac etməsin!
Çaparkən ağ-boz atın
büdrəməsin!
Çalışanda
qara polad üz qılıncın gödəlməsin!..
Nizami MURADOĞLU,
AMEA Folklor İnstitutunun elmi işçisi
Xalq qəzeti.- 2014.-
2 fevral.- S. 7.