Blokada şəraitində
möhtəşəm quruculuq işləri...
Naxçıvan Muxtar Respublikası -
90
Azərbaycanın müstəqillik tarixində onun
ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar
Respublikasının və naxçıvanlıların
mübarizəsi istiqlal mücadiləmizin zəngin və
şərəfli səhifələrindəndir. Əslində,
Bakıya tuşlanan hər bir separatçılığa
birinci həmlə və cavab da Naxçıvandan gəlmış,
bu diyar bütün kəşməkəşli və
ağır dövrlərdə istiqlaliyyət tariximizə
öyünclü səhifələr yazmışdır.
SSRİ-nin dağılma prosesi 1980-ci illərin sonunda
Qarabağ hadisələrinin alovlandırılmasına və
azərbaycanlılarla ermənilərin qarşıdurmasına
gətirib çıxardı. Azadlıq hərəkatını
boğmaq üçün 19 yanvar 1990-cı ildə sovet ordu
hissələri Bakıya girərək həmin gecə
qanlı qırğın törətdi. Bundan
8 saat əvvəl rus-erməni birləşmələri
Naxçıvan MR-in Kərki kəndini işğal etdi, sərhəd
boyu intensiv hücuma keçdi, soydaşlarımız şəhid
oldular. Sərhədlərinin qorunmasına
təminat ala bilməyən Naxçıvan Muxtar Sovet Sosialist
Respublikasının Ali Soveti Moskva və Qars müqavilələrini
əsas götürərək SSRİ-nin tərkibindən
çıxmaq barədə qərar qəbul etdi. Bu, faktiki olaraq SSRİ-nin süqutunun
başlanğıcı idi.
Bir neçə aydan sonra Moskvadan Vətənə
dönən ümummilli lider Heydər Əliyevin rəhbərliyi
ilə Naxçıvan parlamenti milli dövlətçilik
atributlarının bərpası istiqamətində
addımlar atdı. Üçrəngli dövlət
bayrağı qəbul olundu. Müstəqillik
atributları barədə qanunvericilik təşəbbüsü
qaydasında Azərbaycan Ali Soveti qarşısında məsələ
qaldırıldı. Ermənistan tərəfindən
blokadaya alınan Naxçıvan MR-in yaşaması
üçün İran və Türkiyə ilə əlaqələrin
yaxşılaşmasına xüsusi diqqət yetirildi. Naxçıvan MR-in təhlükəsizliyi ilə əlaqədar
konkret tədbirlər görüldü, Ermənistanla atəşkəsə
nail olundu.
Muxtar respublikada müstəqillik illərində həyata
keçirilən quruculuq, abadlıq və yenidənqurma
işləri Azərbaycan xalqının ümummilli lideri Heydər
Əliyevin və onun siyasi kursunu uğurla davam etdirən Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin adı ilə
sıx bağlıdır. Ulu öndərin arzu və
ideyalarının həyata keçirilməsində Muxtar
Respublika rəhbərliyinin, xüsusən də
Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun
xidmətləri mühüm bir amil kimi diqqətdən
yayınmır. Prezident İlham Əliyev Naxçıvan
Muxtar Respublikasına səfərlərinin birində bu tarixi
reallığı belə dəyərləndirmişdir: “Hər
bir Naxçıvan sakini əldə edilmiş bu uğurlarla
haqlı olaraq fəxr edə bilər. Mən
bütün naxçıvanlıları bu böyük
uğurlar münasibətilə təbrik etmək istəyirəm.
Naxçıvan rəhbəri Vasif Talıbova
öz minnətdarlığımı bildirmək istəyirəm”.
Naxçıvan Muxtar Respublikasının 1995-ci ildən
sonrakı sürətli və hərtərəfli inkişaf
illəri tariximizin yeni mərhələsində intibah
dövrü kimi qiymətləndirilir. Son 20 ilə yaxın
bir dövrdəki inkişaf və quruculuq marafonuna ötəri
bir nəzər salanda belə sürətli inkişafın, həyatın
bütün sahələrində, hətta respublikamız
üçün nümunə olacaq nailiyyətlər
qazanılmasının, diyarın haradan-haraya irəlilədiyinin
aydın mənzərəsini görmək o qədər də
çətin deyil. Naxçıvan şəhərini
və rayon-şəhər mərkəzlərini deyil, ən
ucqar kəndləri, buraya çəkilmiş rahat yolları
görmək kifayətdir ki, son illərdə oxuyub-eşitdiklərinin
həqiqiliyinə əmin olasan.
Keçən əsrin 90-cı illərində çox
mürəkkəb tarixi-siyasi şəraitdə Moskvada nəzarət
və təqiblərdən yaxa qurtararaq öz xalqının
köməyinə gələn ümummilli lider Heydər
Əliyev Bakıda da dönük rəhbərlərdən
soyuq münasibət görəndə doğulduğu
torpağa üz tutmuşdu. Burada həmyerliləri
ulu öndəri misilsiz bir səmimiyyət və ehtiramla
qarşılamışdılar. Başı
üstünü qara buludlar almış muxtar respublika əhalisi
Heydər Əliyevin zəka və qüdrətinə
sığındı. Naxçıvanlılar
ulu Tanrının xalqımızın xilası və
nicatı üçün qoruyub saxladığı
böyük rəhbərin ətrafında sıx birləşmiş,
onu Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri
seçmişdilər. Ümummilli liderin həyata
keçirdiyi müdrik və qətiyyətli tədbirlər
qısa müddətdə muxtar respublikanın etibarlı
müdafiəsini təmin etmiş, yaxınlaşan dövlət
müstəqilliyi ilə bağlı qabaqlayıcı
addımlar atılmışdı.
O günlərdə
üçrəngli bayrağımızın ilk dəfə
Naxçıvan Ali Məclisində qaldırılması,
muxtar respublikanın adından “sovet, sosialist” sözlərinin
çıxarılması, qonşu Türkiyə və
İranla zəruri əlaqələr yaradılması, əhalinin
ehtiyac və fəlakətdən xilas edilməsi ümummilli
liderin təkcə Naxçıvan deyil, bütövlükdə,
xalqımız qarşısında misilsiz tarixi xidmətləri
olmuşdu.
1992-1993-cü illərdə AXC-Müsavat hakimiyyətinin
xalqa zidd siyasətinin bais olduğu başıpozuqluq
dövründə də ulu öndər Naxçıvanı
qorumuş, onu işğaldan, məhv olmaqdan xilas etmişdi. Xeyli sonra bu tarixi
reallıqları dəyərləndirən Azərbaycan
Prezidenti İlham Əliyev demişdi: “O illərdə ancaq ulu
öndər Heydər Əliyevin əzmkarlığı, qətiyyəti
və siyasi bacarığı Naxçıvanı
böyük bəlalardan qorudu... Naxçıvanlılar
Heydər Əliyevi qorudular, Heydər Əliyev isə
Naxçıvanı qorudu”.
Naxçıvanı
blokada şəraitində əmin-amanlığa, geniş
quruculuğa yönəltmək üçün Azərbaycan
Prezidenti Heydər Əliyevin tövsiyəsi ilə Naxçıvan
Muxtar Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan
Partiyası Naxçıvan MR təşkilatının sədri,
Naxçıvan MR Ali Məclisinin və Azərbaycan
Respublikası Milli Məclisinin deputatı Vasif Yusif oğlu
Talıbov 1995-ci ilin dekabrında Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin sədri seçilmişdi. O, hələ
1991-ci ilin sentyabrından Naxçıvan MR Ali Məclisinin sədri
Heydər Əliyevin baş köməkçisi olmuş,Yeni Azərbaycan Partiyasının
yaradılmasında və təşkilatlanmasında fəal
iştirak etmişdi. Dünya şöhrətli siyasətçi,
böyük dövlət xadimi Heydər Əliyevin idarəetmə
məktəbini keçən, onun dövlətçilik xəttinin
incəliklərini mənimsəyən, muxtar respublikanı dərindən
tanıyan, onun potensialını və problemlərini
yaxşı bilən, təşəbbüskar, coşğun
enerjili, aydın proqramlı 35 yaşlı Vasif Talıbov
muxtar respublika rəhbərliyini qəbul edərkən öz məramnaməsini
bircə cümlə ilə ifadə etmişdi: “Prezident Heydər
Əliyevin dövlətçilik xəttinə sadiq qalmaq, onun
bu böyük etimadını layiqincə doğrultmaq”.
Qayda-qanunun möhkəmləndirilməsində dövlətçilik
maraqlarının uca tutulması, milli-mənəvi dəyərlərə
ehtiram, şəxsi nümunə, yaxşı işin dəyərləndirilməsi,
ziyanlı fəaliyyətin qarşısının kəsilməsi
başlanğıc addımlar oldu. Problemlər,
nöqsanlar, ehtiyaclar da dəqiq öyrənildi. Ehtiyatlar, imkan və qüvvələr aşkara
çıxarılıb inkişafa yönəldildi. Ali
Məclis sədrinin təşəbbüsü və rəhbərliyi
ilə Naxçıvanda keçirilən “Uluslararası
qaynaqlarda Naxçıvan” (1996) və “Naxçıvan Muxtar
Respublikasının təbii ehtiyatları və onlardan daha səmərəli
istifadə yolları” (2000) beynəlxalq simpoziumları və
digər məclislər Naxçıvanın yeniləşməsi,
layiqli mövqeyə çıxması üçün
siyasi-mənəvi və sosial-iqtisadi yönlərdə
aydın, məqsədyönlü, ardıcıl fəaliyyətə
əlavə impuls verdi.
Ulu öndərin daimi diqqəti, himayəsi, yerli potensialın
hərəkətə gətirilməsi ilə ölkədə
ilk dəfə Naxçıvanda Heydər Əliyevin
başladığı aqrar islahat uğurla həyata
keçirildi.
Mövcud sənaye müəssisələri
özəlləşdirildi və yenidən quruldu. Yerli ehtiyatlara əsaslanan müasir istehsalat sahələri
yaradıldı. Naxçıvan şəhərində,
rayon mərkəzlərində, yaşayış məntəqələrində
əsaslı quruculuq işlərinə başlandı. Sosial-mədəni obyektlər, tarixi binalar təmir və
bərpa edildi. Çoxsaylı yeni, zəruri
obyektlər tikildi. Təhsil, səhiyyə,
xidmət ocaqlarında nümunəvi şərait yaradıldı.
Əhalinin elektrik enerjisi, qaz, içməli su
problemi aradan qaldırıldı. Kommunikasiyalar
təzələndi, genişləndi. Rabitə-nəqliyyat
şəbəkəsi müasirləşdirildi, tələbata
uyğun quruldu. İdarəçilikdə
aşkarlıq, demokratik tələblər bərqərar oldu.
Muxtar Respublikanın etibarlı müdafiəsi təmin
olundu, hərbi quruculuğa önəm verildi.
Gecəli-gündüzlü zəhmətin, gərgin fəaliyyətin
bəhrəsi çoxaldıqca Naxçıvan respublikası
da sosial-iqtisadi quruculuq, siyasi-mədəni fəallıq
poliqonu kimi tanındı. Ulu öndər dəfələrlə
muxtar respublikada oldu, uğurları yüksək dəyərləndirdi,
qayğı və köməyini artırdı. Bu gün də ümummilli liderin layiqli
davamçısı, regionların inkişafını
prioritetə çevirmiş, bu yöndə quruculuğu şəxsi
nəzarətə götürmüş Prezident İlham
Əliyev muxtar diyarın daha yüksək inkişafı
üçün mümkün olan hər şeyi edir.
Ölkə rəhbəri hər il
Naxçıvana gəlir, uğurları təqdir edir, yeni hədəflərə
diqqət yetirir.
Ulu öndər Heydər Əliyevin Azərbaycanda ilk dəfə
Naxçıvanda eksperimental qaydada həyata keçirdiyi aqrar
islahat sonrakı illərdə uğurla başa
çatdırılmışdır. Əkinə yararlı
torpaqların, ictimai əmlakın sahibi olmuş kəndli təsərrüfatları
ümumi məhsulu dəfələrlə artırmağa nail
olmuşlar. 1995-ci ildə diyarda 39 milyon
manatlıq kənd təsərrüfatı məhsulları
istehsal edilmişdisə, 2013-cü ilin yekununda bu rəqəm
337 milyon manatı keçmişdir.
2012-ci illə
müqayisədə bu ilin əvvəlindən kənd təsərrüfatı
məhsulları istehsalı 6,9 faiz
artmışdır. Eyni ilə iqtisadiyyatın
bütün sahələrində bu uğurlu tendensiya
özünü təsdiq etmışdir. 2013-cü ildə
muxtar respublikada 2 milyard 338 milyon 928 min manatlıq ümumi
daxili məhsul istehsal olunmuşdur ki, bu da bir il öncəki
müvafiq göstəricini 10,3 faiz üstələyir.
Ümumi daxili məhsulun tərkibində ilk yeri 28,5 faizlik payla sənaye, ikinci yeri isə 25,5
faizlik payla tikinti sahəsi tutmuş və ümumi daxili məhsulun
64,8 faizi maddi istehsal sektorunun payına düşmuşdur.
2013-cü ildə hər bir nəfərə düşən
ümumi daxili məhsulun həcmi 2012-ci ilə nisbətən
9 faiz artaraq 5423 manat (6911,8 ABŞ
dolları) həcmində olmuşdur. 2013-cü ildə 2012-ci
ilə nisbətən sənaye məhsulunun həcmi 6,3 faiz, əsas kapitala yönəldilən
investisiyalar 5,6 faiz, kənd təsərrüfatının
ümumi məhsulu 6,9 faiz yüksəlmişdir. Nəqliyyat
sektorunda yük daşınması 9,5 faiz, informasiya və rabitə
xidmətləri 6,1 faiz, o cümlədən mobil rabitə xidməti
5,9 faiz, pərakəndə əmtəə dövriyyəsi
11,8 faiz, əhaliyə göstərilən pullu xidmətlər
16,7 faiz, xarici ticarət dövriyyəsi 13,5 faiz
çoxalmışdır. Əhalinin gəlirləri 7 faiz, hər
bir nəfərə düşən gəlirlər 4,9 faiz, bir işçiyə hesablanmış
orta aylıq əmək haqqı isə 3,1 faiz
artmışdır. Onu da qeyd etmək yerinə
düşər ki, bu rəqəmlər ümumölkə
göstəricilərindən, eləcə də digər
bölgələrdəki yüksək nəticələrdən
də üstündür.
Bu zirvələr
“Naxçıvan möcüzəsi”nin
hüdudlarını göstərməklə heyranlıq
yaradır, hər birimizə sevinc və qürur gətirir. Qəddar düşmən ermənilər və
onların havadarları Naxçıvanı blokadaya salmaqla onu
boğmaq, batırmaq istəyirdilər. Naxçıvanlılar
öz dözüm, qeyrət və hünərləri ilə
bütün daxili ehtiyatları hərəkətə gətirdilər.
Mövcud olan dəyərli hər şey qorundu,
yeniləşdirildi. Hər qarış torpaqdan, hər
damla sudan, yerli xammaldan və materiallardan səmərəli
istifadə olundu. Muxtar Respublikaya ən
qabaqcıl dünya texnologiyaları gətirildi, müasir istehsalat
quruldu.
Bu gün Muxtar Respublikada 346 növdə yerli məhsul
istehsal olunmaqdadır. Bunun 115 növu ərzaq, 231 növü
qeyri-ərzaq məhsullarıdır. 106
növdə ərzaq, 226 növdə qeyri-ərzaq məhsulları
olmaqla, ümumilikdə 332 növdə məhsula olan tələbat
yerli istehsal hesabına ödənilir. Ölkənin
ticarət şəbəkəsinə və xarici bazara
dünya standartları səviyyəsində mallar
çıxarılır. “Blokada” məfhumu
məzmunca heçə endirilib. Naxçıvan
şəhərində yaradılmış yeni beynəlxalq
aeroport Bakı və Gəncə ilə daimi, etibarlı əlaqə
yaratmağa imkan verir. Buradan xarici ölklərə
də uçuşlar həyata keçirilir. Culfa-Biləsuvar arasındakı məsafə
Güney Azərbaycandan keçməklə, ölkənin əsas
ərazisi ilə gündəlik avtomobil əlaqəsi
yaradılır. Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu
layihəsinin həyata keçməsi də şübhəsiz
ki, Naxçıvanın siyasi-iqtisadi həyatında önəmli
hadisə olacaqdır.
Muxtar Respublikanın rəhbəri, Heydər Əliyev
idarəetmə məktəbinin istedadlı və təcrübəli
yetirməsi Vasif Talıbov bu diyarı irəli aparmaq, modernləşdirmək
üçün məqsədyönlü, irimiqyaslı,
ardıcıl işləri uğurla davam etdirir. Muxtar
respublikada aqrar islahatlar başa çatdırılmış,
heyvandarlıq və bitkiçilik sahəsində böyük
uğurlar qazanılmışdır. Naxçıvana
xarici sərmayə axını davam edir. Son illərdə
muxtar respublikada onlarla müəssisə istifadəyə
verilmiş, yeni iş yerləri açılmışdır.
Nəticədə, güclü iqtisadiyyatın
yaradılması muxtar respublikanı yaxın illərdə məhsul
ixrac edən bölgəyə çevirmişdir. Muxtar respublikada əhalinin sosial problemlərinin həlli
üçün konkret işlər görülür, təhsilin,
səhiyyənin, elm və mədəniyyətin
inkişafına, tikinti-abadlaşdırma və bərpa
işlərinə daim böyük qayğı və diqqət
göstərilir. Muxtar respublikada elm və
təhsil ocaqlarının tikintisinə, onların maddi-texniki
bazasının müasir tələblərə uyğun qurulmasına
xüsusi diqqət yetirilməkdədir. Bu istiqamətdə
2013-cü ildə Naxçıvana həsr olunmus coxlu sayda
kitab, albom, elmi-kutləvi məqalə, qəzet və jurnal
materiallarının, sənədli filmlərin, elektron
daşıyıcıların qorunub saxlanması, tədqiq və
təbliğ olunması məqsədilə Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin
Naxçıvanşünaslıq Mərkəzi fəaliyyətə
başlamısşdır. Naxçıvan Dövlət
Universitetinin, Naxçıvan Müəllimlər
İnstitutunun, Naxçıvan Özəl Universitetinin yeni tədris
korpusları, AMEA Naxçıvan Bölməsinin Rəyasət
Heyəti və 6 elmi-tədqiqat institutu üçün
binalar istifadəyə verilmişdir. Eyni zamanda,
muxtar respublikanın şəhər və kəndlərində,
xüsusilə, Naxçıvan şəhərində mədəni-maarif
ocaqları, idman kompleksləri, inzibati binalar inşa
edilmişdir.
Naxçıvanın
tarixi-memarlıq abidələrindən Möminə Xatun məqbərəsi,
Qarabağlar kompleksi, Yusif Küseyroğlu türbəsi, Xan
sarayı, Buzxana, İmamzadə və Əlincəçay Xanəgah
kompleksləri, “İsmayılxan hamamı” kimi abidələr
yüksək səviyyədə əsaslı təmir və bərpa
edilmişdir. C.Naxçıvanskinin, H.Cavidin, M.S.Ordubadinin, C.Məmmədquluzadənin,
Y.Məmmədəliyevin ev muzeyləri
yenidən qurulmuşdur. Bəhruz Kəngərlinin adı əbədiləşdirilmiş
və ev muzeyi təşkil edilmişdir. Görkəmli pedaqoq, maarifçi və şair
M.T.Sidqinin 150 illik yubileyi keçirilmiş, əsərləri
nəşr edilmiş və xatirəsi əbədiləşdirilmişdir.
H.Cavidin xatirəsinə monumental məqbərə
ucaldılmışdır.
Naxçıvan şəhərində və bölgələrdə
tarixi abidələrin bərpası və qorunması ilə
bağlı həyata keçirilən zəruri tədbirlər
hər səfərimizdə təəssüratımızı
xeyli zənginləşdirib. Təbiət möcüzəsi,
müqəddəs ziyarətgah Əshabi-Kəhfə asfalt yol
çəkilməsi, ziyarətçilər üçün
rahatlıq yaradılması və ərazinin
abadlaşdırılmasının sorağı təkcə
respublikamızda deyil , qonşu ölkələrdə
də dolaşır. Biz də bu həqiqəti dəfələrlə
öz gözlərimizlə görüb, buradakı çox
böyük quruculuq işlərini həyata keçirənlərin
təkcə əməllərinə yox, həm də
yaradıcı zövqə heyrətimizi gizlədə bilməmişik!...
Naxçıvan şəhərindəki qədim qala ərazisində
Nuh peyğəmbərin qəbri üstündə məqbərə
ucaldılması da tarixi bir hadisədir. Ordubadda Məmməd Səid
Ordubadinin,Yusif Məmmədəliyevin, Nehrəmdə Cəlil
Məmmədquluzadənin ev muzeylərində və orta əsr
hamamında aparılan təmir, Kəngərli rayonunda
Qarabağlar türbəsində və mədrəsə
kompleksində aparılmış konservasiya işləri,
Naxçvanın bu gününü gözəlləşdirməklə
yanaşı, həm də böyük tarixi keçmişinə
də xüsusi bir hörmətin təntənəsidir.
Naxçıvanlıların bu boyda xarüqələr
yaradıb, quruculuq işləri ortaya qoyması nə qədər
ağlasığmaz və əfsanəvi görünsə də,
bunlar hər kəsin görüb dərk etdiyi
reallıqlardır. Bu, həm də o deməkdir ki,
Naxçıvan rəhbərliyinin bütün fəaliyyəti
Azərbaycanda, onun ayrılmaz hissəsi olan Naxçıvan
MR-də cərəyan edən mühüm siyasi, ictimai və
mədəni proseslərlə sıx bağlıdır.
Məhz buna görədir ki, aparılan məqsədyönlü
iş sayəsində qonşu xarici dövlətlərlə–Türkiyə
Cümhuriyyəti və İran İslam Respublikası ilə
normal münasibətlər yaradılmış,
çoxsaylı müqavilələr imzalanmışdır. Bu münasibətlər Naxçıvanda sərbəst
ticarətin, iqtisadi əlaqələrin, elm, təhsil və mədəniyyətin
daha da inkişaf etməsinə kömək etmişdir.
Naxçıvanın uğurları ilbəil
artmaqdadır.
Naxçıvan Muxtar Respublikasında həyatın
bütün sahələrində müvəffəqiyyətlər
qazanılır, diyarın hərtərəfli inkişafı
təmin edilir. Heç də təsadüfi deyildir ki,
Heydər Əliyevin siyasi kursunu böyuk inamla davam etdirən
ölkə Prezidenti İlham Əliyev regionların
sosial-iqtisadi inkişafında Naxçıvanın xüsusi
yeri olduğunu dönə-dönə qeyd edərək
demişdir: “Naxçıvanın uğurlu inkişafı Azərbaycanın
uğurlu inkişafı deməkdir. Bizim müstəqilliyimizin
möhkəmləndirilməsi deməkdir. Burada
gedən işlər məni çox sevindirir. Mən əminəm
ki, bu gözəl ənənələr gələcək illərdə
də davam etdiriləcək və Naxçıvan Muxtar
Respublikası həm iqtisadi inkişaf sürətinə
görə, həm də infrastruktur layihələrinin səviyyəsinə
görə nəinki bu regionda, hətta dünya miqyasında
qabaqcıl yerlərdə olacaqdır. Mən
çox məmnunam ki, Naxçıvan Muxtar
Respublikasının rəhbərliyi, Vasif Talıbov Heydər
Əliyev siyasətini burada uğurla icra edir, onu davam etdirir və
Naxçıvanın möhkəmlənməsinə öz
töhfəsini verir”.
Heç şübhəsiz, ölkə Prezidentinin
Naxçıvanın inkişafına verdiyi bu böyuk qiymət,
buradakı intibah əhval-ruhiyyəsi daha böyük
uğurlar əldə olunmasına təkan verəcəkdir.
Namiq
ƏHMƏDOV
Xalq qəzeti.- 2014.- 5 fevral.- S. 3.