Şabran: Nailiyyətlər bizi arxayınlaşdırmır

 

Şabran Rayon İcra Hakimiyyətinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunları və 2014-cü ildə qarşıda duran vəzifələrlə bağlı hesabat yığıncağı ənənəvi olaraq toplantı iştirakçılarının ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsinin ziyarəti ilə başladı. Sonra qonaqlar və toplantı iştirakçıları iclas salonunun foyesində nümayiş etdirilən, Şabran rayonunun sənaye və kənd təsərrüfatı müəssisələrinin istehsal etdikləri məhsulların nümunələri ilə tanış oldular.

Yığıncaqda geniş hesabat məruzəsi ilə çıxış edən Şabran Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov qeyd etdi ki, Prezident İlham Əliyevin praqmatik düşüncəsinin və yaradıcı təfəkkürünün məhsulu olan bir çox regional sosial-iqtisadi inkişaf proqramlarının və layihələrinin reallaşması, iqtisadiyyatın idarə olunmasında tətbiq etdiyi çevik mexanizmlər və bu istiqamətdə qəbul etdiyi prinsipial və qəti qərarlar, Azərbaycanda milli mənafeyə və sosial rifaha xidmət edən milli iqtisadi inkişaf modelini formalaşdırmışdır. Ölkəmiz məhz bunun sayəsində 2009-cu ildən bu günə dünyanı gərginlikdə saxlayan qlobal maliyyə böhranından uğurla çıxmış, sosial-iqtisadi inkişaf dinamikasını qoruyub saxlaya bilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçən Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunları və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında qeyd olunduğu kimi, sürətli inkişaf dövrünü yaşayan, dünya iqtisadi sisteminə fəal inteqrasiya yolu seçmiş Azərbaycan iqtisadiyyatı tarixə qovuşan 2013-cü ildə də dinamik inkişafını davam etdirmiş və ötən ili yüksək sosial-iqtisadi göstəricilərlə başa vurmuşdur.

Novruz Novruzov əldə olunan uğurlardan danışaraq dedi: - 2013-cü ildə makroiqtisadi sabitlik təmin olunmuş, inflyasiya 2,4 faiz olmuş, strateji valyuta ehtiyatları 50 milyard ABŞ dollarına çatmışdır ki, bu da ümumi daxili məhsulun 70 faizini təşkil edir. Təkcə 2013-cü ildə 80 mini daimi olmaqla 110 min yeni yeri açılmışdır. Orta aylıq əmək haqqı 2013-cü ildə 2012-ci ilə nisbətən 6,2 faiz artaraq 540 dollar, pensiyaların orta məbləği 12 faizdən çox artaraq 217 dollar təşkil etmişdir.

Davos Dünya İqtisadi Forumunun rəqabət qabiliyyətliliyinə görə 39-cu yerə layiq gördüyü Azərbaycan iqtisadiyyatına 2013-cü ildə rekord həcmdə - 28 milyard ABŞ dolları investisiya qoyulmuşdur ki, bunun da 17,5 milyard dollarını daxili sərmayələr təşkil edir. Artan sərmayələr nəticəsində 2013-cü ildə gəmiqayırma, sement, alüminium, qızıl zavodları, karton qablar, seramik plitələr istehsal edən müəssisələr, Taxtakörpü Su Anbarı, Cənub Elektrik Stansiyası da daxil olmaqla 30-dan çox iri sənaye müəssisəsi istifadəyə verilmiş, 90-dan çox sənaye müəssisəsinin tikintisi isə davam edir.

Ölkənin xaricə investisiya yatıran dövlətə, regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrildiyi bir vaxtda Avropadakı tərəfdaşlarımız tərəfindən Trans-Adriatik boru xəttinin əsas marşrut kimi seçilməsi və Bakıda “Şahdəniz-2” yekun investisiya Sazişinın bağlanmasını isə 2013-cü ilin tarixi nailiyyətlərinin son akkordu hesab edən çıxışına davam edərək dedi:

- “İnformasiya-kommunikasiya texnologiyaları iliolan 2013-cü ildə birinci Azərbaycan peyki “Azərspace-1" orbitə çıxarılmış, ölkəmiz dünyanın çox az sayda dövlətlərinin daxil olduğu kosmik kluba üzv olmuş və ötən il müstəqil Azərbaycanda kosmik sənayenin yaranması ili kimi tarixə yazılmışdır.

Natiq xüsusi vurğuladı ki, Azərbaycan xalqı və bütövlükdə Azərbaycan üçün 2013-cü ilin ən möhtəşəm və tarixi hadisələrindən biri, əlbəttə, respublikada tam demokratik şəraitdə və uğurla keçirilmiş növbəti prezident seçkilərində, müstəqilliyimizin son 10 ilində dövlət başçısı kimi Azərbaycanı nəinki regionun lider ölkəsinə, beynəlxalq siyasətin söz sahibi olan dövlətinə çevirmiş  cənab İlham Əliyevin böyük səs çoxluğu ilə yenidən xalqın etimadını qazanması və respublika Prezidenti seçilməsi olmuşdur.

N.Novruzov məruzəsində  rayonunun ötən ilin sosial - iqtisadi inkişafının yekunları barədə müfəssəl məlumat verərək bildirdi ki,  Şabran zəhmətkeşləri də respublika hökümətinin həyata keçirdiyi quruculuq işlərindən kənarda qalmamış və 2013-cü ildə də qarşıya qoyulan vəzifə və tapşırıqlara əməl etməklə  bir çox uğurlara imza atmışlar.

Yola saldığımız il rayonumuz üçün, ilk növbədə onunla əlamətdar olmuşdur ki, möhtərəm Prezidentimiz iki dəfə - 2013-cü il iyulun 19-da və sentyabrın 28-də Şabrana səfər etmiş, sakinlərimizi sevindirmiş və zəhmətkeşlərimizi gələcək fəaliyyətlərində uğurlar qazanmağa ruhlandırmışdır. Azərbaycan Prezidenti regiona səfərləri zamanı rayonumuzda son illərdə aparılan abadlıq-quruculuq işləri ilə yaxından tanış olmuş, Bayraq Meydanının və Bayraq muzeyinin, Şabran-Pirəbədil-Zeyvə yolunun, YAP-ın inzibati binasının, 2010-cu ildən inşasına başlanmış şəhərin su-kanalizasiya sisteminin, Qurtuluş parkının, dövlət əhəmiyyətli Taxtakörpü Su Anbarı layihəsi çərçivəsində Vəlvələçay-Taxtakörpü kanalının açılışında iştirak etmişdir.

2013-cü il sentyabrın 28-də ölkə başçısı yenidən Şabran rayonuna səfər etmiş və dövlət əhəmiyyətli layihə olan Taxtakörpü Su Anbarının, həmin layihə çərçivəsində 25 meqavat gücü olan Su Elektrik Stansiyasının və Taxtakörpü-Ceyranbatan kanalının açılışını etmiş və ictimaiyyətlə görüşmüşdür.

N.Novruzov rayonda sosial-iqtisadi, abadlıq və quruculuq işlərinin yerinə yetirilməsində əldə edilmiş uğurlardan danışaraq bildirdi ki, 2013-cü ildə Şabran şəhərində 17,1 kilometrlik 20 küçəyə 99,76 min  kvadratmetr asfalt döşənmiş, 6,5  kilometr piyada yolu tikilmişdir.  Şəhərin küçələrində, park və meydanlarında 9  kilometr uzunluğunda müasir işıqlandırma sistemi, mərkəzi küçələrdə 10 müasir avtodayanacaq quraşdırılaraq ətrafı abadlaşdırılmışdır. 12 mənzilli 2 mərtəbəli 4 yaşayış binası əsaslı təmir olunmuş, fasadları alkopanla üzlənmiş, iki 12 mənzilli 2 mərtəbəli binanın dam örtüyü dəyişdirilmişdir. Daxili imkanlar hesabına Ağsaqqallar evi, Ailə İstirahət Mərkəzinin tikintisi başa çatdırılaraq istifadəyə verilmişdir. Aqrolizinq Açıq Səhmdar Cəmiyyətinin Şabran Aqroservis Xidməti üçün inzibati bina, gübrə anbarı və talvar inşa edilmiş, Gəndov kəndində 12 min tonluq soyuducu anbarın tikintisi başa çatdırılmış və anbara ötən mövsümdə ilk məhsul qəbul edilmişdir.

2013-cü ildə rayonda bütövlükdə 34,4 milyon manatlıq tikinti-abadlıq-quruculuq işləri aparılmışdır ki, bu da 5 il bundan əvvəlkindən 3 dəfə çoxdur. Son 5 ildə isə rayonda 148,5 milyon manatlıq tikinti-abadlıq, quruculuq işləri həyata keçirilmişdir.

Hesabat ilində məhsul buraxılışının həcmi 1,7 milyon manat artaraq 284,9 milyon manata çatmışdır. Sənaye məhsulu istehsalı isə 1 milyon 290 min manat artaraq  13,3 milyon manat olmuş, kənd təsərrüfatı məhsulları istehsalı 872,5 min manat artaraq 77,6 milyon manata çatmışdır.

Əvvəlki 5 illə müqayisədə rayon üzrə məhsul buraxılışı 30 faiz, ötən 10 illə müqayisədə 9,9 dəfə, sənaye məhsulu istehsalı 5 illə müqayisədə 78 faiz, əvvəlki 10 illə müqayisədə 1,6 dəfə, kənd təsərrüfatı məhsulu istehsalı əvvəlki 5 illə müqayisədə 59,5 faiz, ötən 10 illə müqayisədə isə 4,5 dəfə artmışdır.

Adambaşına düşən məhsul istehsalı da 110 manat artaraq 5300 manat, bir nəfərə düşən gəlirlər 10 faiz artaraq 1900 manat olmuş, orta aylıq əmək haqqı 5 faiz artaraq, 288,8 manatdan 297,5 manata çatmışdır. 5 il əvvəl bu rəqəm indikindən 29 faiz az, yəni 230 manat, 10 il əvvəl isə 6 dəfə az, cəmi 59,2 manat olmuşdur.

Görülən işlərdə özəl bölmənin xüsusi payının olduğunu vurğulayan natiq qeyd etdi ki, 2013-cü ildə rayonumuzda yeni özəl müəssisələrin yaradılması davam etmişbu müddətdə fərdi sahibkarlıq subyektlərinin sayı 2660-a, özəl müəssisələrin sayı 233-dən 239-a, nisbətən iri müəssəsilərin sayı isə 28-dən 31-ə çatmışdır. Sahibkarlığın inkişafı ümumi daxili məhsul istehsalının artım dinamikasında da özünü göstərmişdir. Belə ki, istehsal olunan sənaye məhsulunun 84,6 faizi, kənd təsərrüfatı məhsullarının 99,8 faizi özəl bölmənin payına düşür.

N.Novruzov xüsusi vurğuladı ki, Şabranda sosial-iqtisadi inkişafın səviyyəsinin əsas göstəricisi rayon büdcəsinin 40,4 faizinin yerli daxilolmalar hesabına tənzimlənməsir. Rayonumuzun sosial-iqtisadi inkişafı ilə bağlı bu reallıq, onu ən inkişaf etmiş bölgələrlə bir sıraya çıxarır.

 

2013-cü ildə rayonumuzun kənd təsərrüfatında əvvəlki illərin inkişaf dinamikası davam etmiş,  27,8 min ton taxıl, 537 ton kartof, 7539 ton tərəvəz və bostan bitkiləri istehsal edilmişdir. Bununla yanaşı 63 milyon 487 min manatlıq heyvandarlıq, 14 milyon 134 min manatlıq bitkiçilik, o cümlədən 2 milyon 800 min manatlıq meyvəçilik və üzümçülük məhsulları istehsal olunmuşdur.

Başçı qeyd etdi ki, bu gün rayonda 18,5 min hektar suvarılan torpaq sahəsi vardır. Taxtakörpü Su Anbarının istifadəyə verilməsi nəticəsində daha 12,7 min hektar yeni torpaq sahəsi suvarılan torpaqlara əlavə olunacaq. Hazırda həmin ərazidə irriqasiya işlərinin aparılması layihə mərhələsindədir.

Məruzədə həmçinin əhalinin qış dövrü üçün istilik, qaz, su, elektrik enerjisi təchizatı, səhiyyə, rabitə, nəqliyyat xidmətlərinin mövcud vəziyyəti, ekoloji mühitin yaxşılaşdırılması, xalqımızın mədəni tarixi irsinin qorunması, turizmin inkişafı üçün infrastrukturun yaradılması, təhsilə prioritet sahə kimi diqqətin artırılması və sair məsələlər də geniş əksini tapdı.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müşavirədəki nitqində yol-nəqliyyat infrastrukturunun, xüsusilə kənd yollarının əsaslı təmiri və tikintisinin prioritet vəzifə kimi qarşıya qoyulduğunu söyləyən natiq qeyd etdi ki, yolların təmiri və bərpası ilə əlaqədar 2013-cü ildə bizim rayonumuzda da xeyli görülmüşdür. Taxtakörpü Su Anbarı layihəsi çərçivəsində Şabran-Əmirxanlı yolu bərpa olunur. Hazırda Şabran-Çayqaraqaşlı-Hacıqaraqaşlı yolunun tikintisi üçün layihə smeta sənədləri hazırlanmışdır. Şabran-Qalaaltı yolunun da yenidən bərpası ilə bağlı rayon icra hakimiyyəti tərəfindən təşəbbüs irəli sürülmüşdür.

İcra başçısı hesabatını yekulaşdıraraq vurğuladı ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin sosial-iqtisadi inkişafın yekunları ilə bağlı müşavirəsindəki nitqində qeyd etdiyi kimi, sənaye ili elan olunan 2014-cü ildə qarşımızda böyük vəzifələr durur. Qazanılmış nailiyyətləri möhkəmləndirmək üçün tədbirləri davam etdirməliyik.

Məruzə ətrafında çıxışlarda Şabran Rayon İcra Hakimiyyətinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunları ilə bağlı hesabatı qənaət bəxş hesab edildi. Yığıncaqda Milli Məclisin üzvü Tahir SüleymanovPrezident Administrasiyasının Regional İdarəetmə və Yerli Özünüidarəetmə Orqanları ilə şöbəsinin məsul işçisi Arif Novruzov da çıxış edərək görülən işlər və qarşıda duran vəzifələrlə bağlı fikirlərini bildirdlər.

Sonda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə yığıncaq iştirakçılarının ünvanladığı müraciətin mətni oxundu.

 

İlqar RÜSTƏMOV

 

Xalq qəzeti.- 2014.- 6 fevral.- S. 6.