Sənətdə
yeri görünən adam
Tofiq Tağızadə-95
Qəribə görkəmi var idi. Bəziləri onu amerikalılara oxşadırdı. Geydiyi kovboy şlyapası ona çox yaraşırdı. Bəlkə də, o, ətrafdakıların diqqətini çəkmək istəyirdi.Amma bu versiya o qədər inanılası deyildi. Tofiq müəllimin çox sadə xasiyyəti var idi. İnsanlarla rahat dil tapa bilirdi. Onunla işləyənlər deyirdilər ki, Tofiq müəllimin ipək kimi xarakteri var, çəkiliş meydançasında isə tamam başqa adam olurdu. Əsl professional kino xadimi idi. Çəkdiyi filmlərin kino salnaməmizdə öz yeri var. Bu filmləri fərqləndirən əsas cəhətlər orada milli xüsusiyyətlərin üstünlük təşkil etməsi idi. Xalqın milli ruhu, adət-ənənələri onun filmlərində məharətlə əks olunurdu.
Tofiq müəllimi xatırlayarkən onun şərəfli bioqrafiyasına ekskurs etmək, yaradıcılıq yoluna nəzər salmaq yerinə düşərdi.
Tofiq Tağızadə 7 fevral 1919-cu ildə Bakı şəhərində anadan olub. Şəhər mühitində böyümüş gəncin uşaqlıqdan teatra, kinoya böyük həvəsi olub. Tağızadədə kinoya marağı uşaqlıq illərində tamaşa etdiyi məşhur Çarli Çaplinin filmləri doğurub. Orta məktəbi bitirən kimi əvvəlcə energetika texnikumuna daxil olub, paralel musiqi məktəbində də oxuyub. Kinoya gələn yolları dolanbac döngələrdən keçib. 1938-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun energetika fakültəsində oxuyub. Üçüncü kursda oxuyarkən müharibə başlayıb. Tofiq cəbhəyə göndərilib. Rostov yanxınlığında gedən döyüşlərin birində ağır yaralanaraq geri qaytarılıb.
Nəhayət, müharibə başa çatıb. Bununla da, Tofiq Tağızadə arzusuna qovuşub. O, Moskvada Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakültəsinə qəbul olunub. O, burada məşhur kino xadimi və bilicilərindən dərs alıb. Tələbəlik illərində istedadlı gənclərlə bir yerdə çalışıb. Sonralar onların hər biri məşhur kinorejissor kimi nəinki öz ölkələrində, həm də dünyada tanınıblar. Bu gənclərin arasında Tağızadənin tələbə yoldaşı, sonralar məşhurlaşacaq rejissor Əjdər İbrahimov da var idi. Bu gənclərin hər biri müharibənin ağrı-acılarını çəkmiş, onun dəhşətini yaxından hiss etmişdilər. Ona görə də, bir yerdə söhbət edərək fikirləşirdilər ki, hər kəs öz ölkəsinə qayıtdıqdan sonra mütləq müharibələri pisləyən filmlər çəksinlər.
Təhsil illəri başa çatdıqdan sonra Tofiq Tağızadəni “Mosfilm” kinostudiyasına göndərdilər. Bir müddət Moskvada çalışdıqdan sonra öz arzusu ilə doğma vətənə qayıdan və ömrünün sonuna kimi çalışdığı C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında fəaliyyətə başlayan Tofiq Tağızadə milli kino tariximizin yeni səhifələrini yazdı. Tofiq müəllim “Görüş”lə (1953) gəldi sənətə. “Görüş” onu əbədi olaraq bu sənətə bağladı. Keçən əsrin 50-ci illərində çəkdiyi üç filmlə milli kinomuza yeni üslub gətirdi. “Görüş”, “Uzaq sahillərdə” (1958), “Əsl dost” (1959) filmləri milli kinomuza yeni nəfəs verdi.
O, ömrünün 40 ilə yaxın bir dövrünü kinoda keçirdi. Kino tariximizdə Tofiq Tağızadənin məxsusi yeri var. Çəkdiyi filmlərdə özünü professional sənətkar kimi təsdiq etdi. Bu filmlərdə Azərbaycanın tarixi də, mədəniyyəti də, məişəti də çox sənətkarcasına öz həllini tapıb. Və bu gün bu filmlər əsl məktəbdir, onlardan çox şey öyrənmək, əxz etmək mümkündür.
Tofiq müəllim zamanın problemlərini ekrana gətirir və insanları bu problemlər ətrafında düşünməyə sövq edirdi. O, tamaşaçı ilə açıq mükaliməyə girir, onun daxili “mən”ini özü ilə üzbəüz qoyur. Tofiq müəllim Vətənini, xalqını sevən sənətkar idi. Filmlərindəki ən kiçik detallarda belə milli-mənəvi dəyərlərimizin görüntüləri var. Hətta, sovetin asıb-kəsən vaxtında belə cəsarətlə danışır, simvollar vasitəsilə bu xalqın taleyinə zərbə vuranları qamçılamaqdan çəkinmirdi.
Tofiq Tağızadə o sənətkarlardandır ki, onun yaradıcılığı xalqımızın taleyi ilə sıx surətdə bağlıdır. O, “Dədə Qorqud ” dastanının motivlərini kinoya gətirən ilk kinorejissordur. Bu filmin yarandığı vaxtdan 40 ilə yaxın bir dövr keçməsinə baxmayaraq, yenə də ona tamaşaçı marağı səngiməmişdir. “Dədə Qorqud ” (1975) Vətən, millət, bəşəri dəyərlər haqqında filmdir. Tofiq müəllimin xidmətləri ondan ibarətdir ki, o, bu hissləri, bu bəşəri duyğuları bizə olduqca real şəkildə çatdıra bilib.
Tofiq Tağızadə müharibədə həm ön, həm də arxa cəbhəni gördüyündən bu mövzuda filmləri çox canlı alınırdı. “Uzaq sahillərdə” filmi dünyanı dolaşdı. “Mən ki gözəl deyildim ” filmi də müharibə haqqında düşüncələrdir. Gənclikləri müharibənin amansız qanunları məngənəsində boğulan Səidələrin, Məzahirlərin canlı surətləri var burada. Əslində film insan taleləri haqqındadır. Hansı məqamda olursa-olsun insan yaşamağa can atır. Tofiq müəllim bu filmində zamanın obrazını yaradıb. Bu motivlər filmdə elə vəhdətdə birləşib ki, canlı bir harmoniya yaradıb.
Tofiq müəllim “Arşın
mal alan” filminin II variantını (rəngli,
genişekranlı) da yaratdı. Bu film 60 ilə yaxındır ki, ekranlarımızda nümayiş
etdirilir.
Bir zamanlar ekranlarımızı fəth edən “Yeddi oğul istərəm ” filmində
ziddiyyətli məqamlar
olsa da, rejissor filmi siyasiləşməkdən uzaqlaşdırıb,
hadisələrə başqa
yön verib. Gəray bəyin, Bəxtiyarın obrazlarını qarşılaşdıran
münaqişələr fonunda
rejissor ictimai münasibətləri açıqlayır.
İnsanları üz-üzə qoyan ictimai bəlaların
köklərini axtarır.
T.Tağızadə adi məişət mövzularına
müraciət edəndə
də onlarda ciddi ictimai motivləri daha da qabarıq verməklə tamaşaçını vacib problemlər barədə ciddi düşünməyə
sövq edirdi. “Bağ mövsümü ” (1985) isə kinodramdır. Bu
film adi, gündəlik
həyatımızın problemləri
haqqındadır və
film bizi ətrafımızda
baş verən və biganə qaldığımız hadisələr
haqqında düşünməyə
vadar edir.
Cəlil
Məmmədquluzadənin yaradıcılığına
müracət etmək onun ən başlıca arzusu olub. “Ölülər” tragikomediyası
üçün ssenari
də yazmışdı.
Amma uzun illər bu arzusunu reallaşdıra
bilməmişdi. Nəhayət,
Azərbaycanda kino
sənətinin böhran
vəziyyətinə düşdüyü
90-cı illərin əvvəllərində o, bu layihəni böyük çətinliklə
reallaşdıra bildi.
“O dünyadan salam” filmi də onun
yaratdığı sonuncu
film oldu. Rejissor pyesdən bizə tanış motivləri müasirləşdirdi
və onu bu günümüzün hadisələri ilə bağlaya bildi.
Vaxtının az olmasına baxmayaraq, daim axtarır, yeni bir nəfəslə
kino aləmini işıqlandırmağa çalışırdı.
Olduqca həssas, işgüzar olan Tofiq Tağızadənin
daxili dünyası onun filmlərində əksini tapır. Hər bir filmində böyük bir insan kimi dəyərləri
görünür. Onların sayı
o qədər çox
deyil. Cəmi 13 filmdir. 14-cü
filmi isə yarımçıq qalmışdı.
Tofiq müəllim
xalq artisti idi. Ömrünün son illərində xüsusi studiya yaratmışdı. İşləmək istəyirdi, lakin amansız ölüm onu aramızdan tez apardı. Bu böyük sənətkarın
xatirəsi kinonu sevənlərin qəlbində
əbədi yaşayacaqdır.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2014.- 6 fevral.- S. 7.