Ramiz RZAYEV: Ali məqsədimiz
qanunun aliliyini,
insanların və vətəndaşlarımızın hüquq və azadlıqlarının məhkəmə
qaydasında daha səmərəli
müdafiə olunmasını təmin etməkdir
Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev bu il yanvarın 31-də İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin dəvətinə əsasən yüksək məhkəmə orqanları sədrlərinin və hakimlərinin iştirakı ilə Fransanın Strasburq şəhərində 2014-cü il üzrə məhkəmə ilinin açılışına həsr olunmuş təntənəli iclasda və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının icrası: bölüşdürülmüş məhkəmə məsuliyyəti” mövzusunda keçirilmiş seminarda iştirak etmişdir.
Ali Məhkəmənin sədri səfərlə bağlı AzərTAc-ın müxbirinə məxsusi müsahibə vermişdir.
- Ramiz müəllim, iştirakçısı olduğunuz tədbir və onun əhəmiyyəti barədə nə deyə bilərsiniz?
- Hər il olduğu kimi, bu il də İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmə ilinin rəsmi açılışı mərasimi Strasburq şəhərində keçirildi. Tədbirdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimləri ilə yanaşı, məhkəmənin yurisdiksiyasına daxil olan ölkələrin Konstitusiya və Ali məhkəmələrinin sədrləri, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin sabiq hakimləri, səfirlər, insan hüquqları sahəsində görkəmli alimlər də iştirak edirdilər. Rəsmi açılış mərasimində 2013-cü ilin yekunlarına dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin sədri Din Şpilman məruzə etdi. Həmçinin bəzi statistik məlumatlar təhlil olundu.
Elə həmin gün keçirilən seminarda İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 2013-cü il ərzindəki fəaliyyətinə nəzər salındı, məhkəmənin nöqteyi-nəzərindən: onun qərarlarının icrasında özünün rolu, imkanlar və məhdudiyyətlər; yerli məhkəmələrin nöqteyi-nəzərindən: Avropa Məhkəməsinin qərarlarının icra edilməsində yerli məhkəmələrin rolu mövzularında müzakirələr və qarşılıqlı məhkəmə əməkdaşlığının təcrübi məsələlərinə dair fikir mübadiləsi aparıldı.
Tədbirdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin sədri Din Şpilman, BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin hakimi Kançado Trindad, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimləri, ABŞ-ın Yeyl (Yale) Hüquq Məktəbinin professoru Alek Stoun Suit, Almaniya Federal Konstitusiya Məhkəməsinin sədri Andreas Vobkuhle və başqaları mövzu ətrafında çıxışlar etdilər və fikirlərini bölüşdülər. Tədbirin əhəmiyyətinə gəldikdə deyə bilərəm ki, biz bir yerə toplaşdıq, fikirlərimizi paylaşdıq.
- 2013-cü ildə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin fəaliyyəti barədə nə deyə bilərsiniz?
- 2000-ci illərdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin iş yükü kəskin dərəcədə artmışdır. Buna səbəb keçmiş sovet blokuna daxil olan ölkələrin Avropa Şurasına üzv qəbul olunması və nəticə etibarı ilə məhkəmənin yurisdiksiyasının genişlənməsidir. Əgər 1959-1998-ci illərdə, yəni 30 il ərzində məhkəmə mahiyyəti üzrə cəmi 837 qərar çıxarmışdırsa, təkcə 2009-cu ildə bu göstərici 1625-ə yüksəlmişdir.
Digər statistik göstəriciyə nəzər yetirsək, 2009-cu ildə məhkəmə 35 min 460 işdən 2393-nə mahiyyəti üzrə baxaraq 1625 qərar çıxarmışdırsa, 2013-cü ildə 93 min 396 işdən 3659-na mahiyyəti üzrə baxaraq 916 qərar çıxarmışdır. Bu da son illər məhkəmənin iş yükünün azalmasına və qərarların keyfiyyətinin yüksəlməsinə yönələn islahatlar nəticəsində mümkün olmuşdur. Bu islahatların əsasını şikayətlərin qəbul olunub-olunmamasına dair ilkin mərhələdə baxılma prosedurunun sadələşdirilməsi və eyni hüquqi məsələlərə toxunan bəzi şikayətlərin qruplaşdırılmış şəkildə baxılması təşkil edir.
- Bəs bizdə bu sahədə nə kimi irəliləyişlər vardır ?
- Son illər ölkəmizdə aparılan genişmiqyaslı islahatlar ədalət mühakiməsinin səmərəliliyinin artırılmasından, məhkəmə sisteminin daha da təkmilləşdirilməsindən, əhalinin məhkəmələrə müraciət imkanlarının asanlaşdırılmasından, hakimlərin sayının artırılmasından, yeni və şəffaf prosedurlarla hakimlərin seçilməsindən, respublikamızda müasir məhkəmə infrastrukturunun yaradılmasından ibarətdir.
Bu istiqamətdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi və tətbiqi mühüm əhəmiyyət kəsb edir. Artıq bir neçə ildir ki, hakimlər, hakim köməkçiləri və məhkəmə katiblərinin iştirakı ilə Ali Məhkəmədə hər həftənin ikinci günü keçirilən seminar-məşğələlərdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin milli məhkəmə təcrübəsi üçün aktual olan qərarlarının təhlili aparılır. Daha sonra belə qərarlar müvafiq tövsiyələrlə aşağı instansiya məhkəmələrinə göndərilir. Eyni zamanda, bu ildən etibarən Ali Məhkəmənin hakimləri və bu sahədə ekspertlər tərəfindən mütəmadi olaraq apelyasiya və birinci instansiya məhkəmələri hakimlərinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsinə dair müvafiq mövzular üzrə məşğələlərin keçirilməsi nəzərdə tutulur. Bundan irəli gələn təşkilati məsələlərin həll edilməsi və konvensiyanın ayrı-ayrı normalarının şərhinə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyinin təhlil edilməsi, ölkəmizlə bağlı qərarlarında əks olunan hüquqi mövqelərin (presedentlərin) öyrənilməsi, sistemləşdirilməsi və qruplaşdırılması, insan hüquqları sahəsində qəbul olunmuş beynəlxalq standartların digər dövlətlərin məhkəmə təcrübəsində rolunun araşdırılması, birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən ədalət mühakiməsi həyata keçirilərkən onlara İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun tətbiqi ilə əlaqədar yardım göstərilməsi məqsədi ilə Ali Məhkəmədə ötən ildən etibarən insan hüquqları və ictimaiyyətlə əlaqələr şöbəsi fəaliyyət göstərir.
- Ramiz müəllim, sizcə, digər ölkələrlə müqayisədə Azərbaycan Respublikasına qarşı çıxarılan qərarlar çoxdur, yoxsa az?
- Hazırda Strasburq Məhkəməsində təqribən 100 minə yaxın iş icraatdadır. Bu şikayətlərin yarısından çoxu cəmi 4 ölkənin payına düşür: Rusiya, İtaliya, Ukrayna və Serbiya. Məhkəmənin 2013-cü ilə olan rəsmi statistik məlumatlarına nəzər yetirsək, görərik ki, Avropada dövlətlər var ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi onlar tərəfindən 119, 118, 83, 65 qərarda pozuntu aşkar etmişdir. Əhalisi ölkəmizin əhalisinin sayı ilə təqribən eyni olan Avropa dövlətləri ilə müqayisə etsək, belə dövlətlərə qarşı 2013-cü ildə 5061, 1209, 990, 726 şikayət daxil olduğu halda, Azərbaycan dövlətinə qarşı cəmi 325 şikayət daxil olub. Belə ki, bu işlərə baxılan zaman yuxarıda qeyd olunan müxtəlif dövlətlər tərəfindən keçən il 40, 32, 25, 22 qərarda Konvensiyanın ayrı-ayrı müddəalarının pozuntusu aşkar olunmuşdur.
Azərbaycan dövləti tərəfindən cəmi 8 qərarda pozuntu müəyyən edilmişdir. Ümumiyyətlə, çıxarılmış 8 qərardan 6-da Konvensiyanın 3-cü, 6-cı maddələri, 1 saylı Protokolunun 1-ci maddəsi və digər maddələri ilə pozuntu aşkar olunmuşdur. Qeyd etmək istərdim ki, bu qərarların ikisində pozuntu məhkəmə qərarlarının icra edilməməsindən ibarətdir.
2012-ci illə müqayisədə daha az pozuntu
qeydə alınıb. Təbii ki,
biz bununla
arxayınlaşmamalıyıq ki,
2013-cü ildə göstəricimiz nəzərə çarpacaq dərəcədə
yaxşılaşıb və mütəmadi olaraq
qanunlarımızı və məhkəmə təcrübəmizi
təkmilləşdirərək İnsan
Hüquqları üzrə Avropa Məhkəməsinin
presedent hüququna
uyğunlaşdırmalıyıq. Ali məqsədimiz
qanunun aliliyini, insanların
və vətəndaşlarımızın hüquq
və azadlıqlarının məhkəmə qaydasında daha da səmərəli
müdafiə olunmasını təmin etməkdir.
Xalq qəzeti.- 2014.- 7 fevral.- S. 2.