Təhsil Nazirliyinin Telefon Məlumat və Vətəndaşların Qəbulu mərkəzlərinin əsaslı yenidənqurmadan sonra açılış mərasimi keçirilmişdir

 

Mərkəzlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Dövlət orqanlarında elektron xidmətlərin göstərilməsi haqqında” fərmanından və “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn vəzifələrin icrası işinin səmərəliliyinin artırılması məqsədlərinə xidmət edir.

Müasir avadanlıqlarla və sürətli kommunikasiya sistemləri ilə təchiz edilmiş hər iki mərkəz Təhsil Nazirliyinin struktur bölmələri və müvafiq təhsil qurumları ilə elektron qaydada əlaqələndirilmiş, təhlil imkanına malik informasiya sistemləri ilə təmin olunmuşlar.

Nazirlikdən verilən məlumatda bildirilir ki, mərkəzdə müraciət edən vətəndaşlara metodiki və maarifləndirici məlumatlar verilir, müxtəlif hüquqi yardımlar göstərilir. Azərbaycan, rusingilis dillərində fəaliyyət göstərən mərkəzlər həftənin 5 günü saat 09:00-dan 18:00-dək fasiləsiz olaraq vətəndaşlara xidmət edir.

Mərkəzlərə daxil olan müraciət, şikayət və təkliflər xüsusi məlumat bazasına daxil edilir, elektron formada Təhsil Nazirliyinin müvafiq struktur bölmələrinə yönəldilir, araşdırıldıqdan sonra vətəndaşlara rəsmi cavab verilir.

Məlumat bazasında axtarış sistemi yaradılmışdır. Burada hər bir vətəndaşın müraciətini və onun Təhsil Nazirliyinə müraciətlərinin sayını axtarış əsasında tapmaq mümkündür.

Mərkəzlərə xüsusi təlim keçmiş əməkdaşlar cəlb olunmuşlar. Xidmət səviyyəsinin və keyfiyyətin yüksəldilməsi üçün müasir avadanlıqlar vasitəsilə video-audio nəzarət aparılır və hər bir əməkdaşın fəaliyyəti xüsusi meyarlar əsasında qiymətləndirilir.

 

Samirə ƏLİYEVA

 

Xalq qəzeti.- 2014.- 7 fevral.- S. 2.