Naxçıvan: Culfanın Əlincə kəndində yeni sosial obyektlər istifadəyə verilmişdir

 

Fevralın 5-də Əlincə Kənd Mərkəzi istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov açılış mərasimində iştirak etmişdir.

Kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Novruz Talıbov göstərilən dövlət qayğısına görə sakinlər adından minnətdarlığını bildirmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov aparılan quruculuq işləri nəticəsində Əlincə kəndinin müasir yaşayış məntəqəsinə çevrildiyini bildirmiş, bu münasibətlə sakinləri təbrik edərək demişdir: “Əlincə kəndi dəniz səviyyəsindən min metr yüksəklikdə yerləşir. Kənddə əmək haqqına 10 faiz əlavə ödənilir. Eyni zamanda kənddə əhalinin məşğulluğunun təmin olunması məqsədilə dövlətimiz tərəfindən güzəştli şərtlərlə kreditlər verilir, fərdi təsərrüfatlar genişləndirilir, kənd təsərrüfatı məhsullarının istehsalı artırılır. Bu gün Əlincə kəndində yaradılan infrastruktur nəticəsində insanların rahat yaşayışı təmin olunmuş, şəhərlə kənd arasındakı fərq aradan qaldırılmışdır.”

Ali Məclisin sədri sakinləri təbrik etmişonlara firəvan həyat arzulamışdır.

Açılışı bildirən lent kəsildikdən sonra kənd mərkəzinə baxış olmuşdur. 3 mərtəbədən ibarət olan binada rabitə evi, polis sahə məntəqəsi, baytarlıq məntəqəsi, Yeni Azərbaycan partiyası ərazi ilk təşkilatı, kitabxana, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, feldşer-mama məntəqəsi, mədəniyyət evi və 51 yerlik iclas zalı vardır. Zalda mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün lazımi şərait yaradılmışdır.

Binada feldşer-mama məntəqəsi üçün 4 otağı ayrılmış, məntəqə lazımi dərman vasitələri, ilkin tibbi yardım və peyvənd çantaları ilə təmin olunmuşdur. Ali Məclisin sədri kənddə əhaliyə göstərilən tibbi xidmətin səviyyəsinin yüksəldilməsinin və insanların sağlamlığının qorunmasının əhəmiyyətini vurğulamış, gigiyenik qaydalara əməl edilməsi və səhiyyə maarifi işinin gücləndirilməsi barədə tapşırıqlar vermişdir.

Binada fərdi qazanxana qurulmuş, həyətdə abadlıq işləri aparılmış, ağacgül kolları əkilmişdir.

 

* * *

 

Həmin gün Əlincə kəndində yeni xidmət mərkəzi istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov mərkəzin açılışını etmişdir.

Binada bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, ərzaq və təsərrüfat malları mağazaları vardır. Ekolojisanitar qaydalara cavab verən mağazalarda ərzaq məhsullarının, gündəlik tələbat mallarının, eyni zamanda geyim dəstlərinin, məktəbli formalarının və təsərrüfat mallarının satışı təşkil olunub. Xidmət mərkəzində 5 nəfər işlə təmin olunmuşdur. Binanın həyətində abadlıq işləri aparılmış, ağacgül kolları əkilmişdir.

Ali Məclisin sədri mərkəzlə tanışlıqdan sonra kənd sakinləri ilə görüşmüşdür.

 

* * *

 

Əlincə kəndində aparılan quruculuq işləri çərçivəsində kənd məktəbinin binası da yenidən qurulmuş, məktəb müasir tədris avadanlıqları və informasiya texnologiyaları ilə təmin olunmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov yenidənqurma işlərindən sonra məktəb binasında yaradılan şəraitlə tanış olmuşdur.

Bildirilmişdir ki, 252 şagird yerlik məktəb binası 2 mərtəbədən ibarətdir. Məktəbdə 14 sinif otağı, kimya-biologiyafizika laboratoriyaları, hərbi kabinə, kompyuter otağı, müəllimlər otağı, kitabxana, bufet, idman zalı və açıq idman qurğuları vardır. Məktəb binasının tədris avadanlıqları ilə təminatı diqqət mərkəzində saxlanılmış, kitabxanaya 5 minə yaxın dərslik və bədii ədəbiyyat verilmişdir. Yenidənqurma işləri zamanı məktəb binasında informasiya texnologiyalarının ən son nailiyyətləri tətbiq edilmiş, müasir kompyuter otağı və 3 elektron lövhəli sinif yaradılmışdır. Kompyuterlərin hər birinin internetə çıxışı təmin olunmuş, məktəbə elektron dərsliklər verilmişdir. Məktəbdə şagirdlərin fiziki sağlamlığının inkişafı da nəzərə alınmış, müasir idman zalı istifadəyə verilmişdir.

Məktəbin müəllimləri ilə görüşən Ali Məclisin sədri demişdir ki, Əlincə kənd tam orta məktəbində yaradılan müasir tədris şəraiti kənddə təhsilin inkişafına hesablanmışdır. Müəllimlər yaradılan şəraitə görə minnətdarlıqlarını bildirmişlər.

 

* * *

 

Əlincə kəndində aparılan quruculuq işləri çərçivəsində kənddaxili 600 metr yola asfalt örtük salınmış, kənddə 160 metr fiberoptik kabel, 1415 metr elektrik və 250 metr qaz xətti çəkilmişdir.

 

* * *

 

Naxçıvan Muxtar Respublikasında həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində bu il Bənəniyar kənd tam orta məktəbinin binasında yenidənqurma işləri aparılacaq, kənd musiqi məktəbi üçün yeni bina inşa olunacaqdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Bənəniyar kəndinə gəlmiş, məktəb binasının və musiqi məktəbinin mövcud vəziyyəti ilə maraqlanmışdır. Muxtar respublikanın rəhbəri obyektlərin layihəsinə baxmış, tikinti işlərinə başlanılması barədə tapşırıqlar vermişdir.

 

Xalq qəzeti.- 2014.- 7 fevral.- S. 3.