Arxeologiya və etnoqrafiya
elmimizin ağsaqqalı
Akademik Teymur Bünyadov
85
Alimin qələminin
mürəkkəbi şəhidin
qanından üstündür. Hər dəfə
həzrəti Peyğəmbərimizin
(s.) bu təsirli kəlamı yadıma düşəndə qeyri-ixtiyari
olaraq şəxsiyyətinə
və elminə böyük ehtiram bəslədiyim çox hörmətli akademik Teymur Bünyadovun o nurlu çöhrəsi gözlərim önünə
gəlir. Bəli, Teymur
müəllim, sözün
həqiqi mənasında,
ömrünü bütünlüklə
elmə, yaradıcılığa
həsr etmiş fədakar alimdir. 1928-ci ilin ayazlı-şaxtalı
yanvar günlərində
Qazax rayonunun II Şıxlı kəndində
dünyaya göz açan Teymur Bünyadov 1946-cı ildə
Ağstafa rayonunun Muğanlı kənd orta məktəbini qızıl medalla bitirərək, Azərbaycan
Dövlət Universitetinin
tarix fakültəsinə
qəbul olub. Universiteti bitirdikdən sonra o, təhsilini davam etdirmək məqsədilə
1951-ci ildə Moskvada
SSRİ Elmlər Akademiyası
Maddi-Mədəniyyət Tarixi
İnstitutunun aspiranturasına
daxil olub. Tanınmış Qafqazşünas alim Yevgeni Krupnovun
rəhbərliyi ilə
1955-ci ildə həmin
institutun elmi şurasında müvəffəqiyyətlə
namizədlik dissertasiyası
müdafiə edərək
tarix elmləri namizədi alimlik dərəcəsi alıb.
O zaman T.Bünyadovun öz dissertasiya işində zəngin arxeoloji material əsasında
Azərbaycanda əkinçilik
mədəniyyətinin tarixinə
dair irəli sürdüyü yeni, həm də cəsarətli elmi mülahizələr elmi ictimaiyyət tərəfindən
böyük maraqla qarşılandı. Onun problemə
yanaşma tərzi və gəldiyi elmi nəticələr keçən əsrin
50-ci illərində sovet
tarixşünaslığında çox ciddi yenilik kimi qəbul
olundu.
T.Bünyadov 1955-ci ildən Azərbaycan Elmlər Akademiyasının
Tarix İnstitutunda,
1993-cü ildən etibarən
isə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunda çalışır. Arxeologiya ixtisası
üzrə alimlik dərəcəsi alsa da, onun 1950-ci illərin ikinci yarısından sonrakı
elmi fəaliyyəti daha çox Azərbaycanda etnoqrafiya elminin inkişafı ilə bağlı olmuşdur. Bunun bariz göstəricisi
olaraq 1968-ci ildə Azərbaycanın qədim
və orta əsrlər dövrü təsərrüfat həyatı
mövzusunda doktorluq dissertasiyası müdafiə
edib. Beləliklə də, Azərbaycanda
etnoqrafiya ixtisası üzrə ilk elmlər doktoru adı alıb. Teymur müəllim bu
tədqiqat əsəri
ilə Azərbaycan şəraitində ilk dəfə
olaraq tarix, arxelogiya və etnoqrafiya elmlərinin mənbəşünaslıq və
faktoloji bazasını
bir məcraya toplamaqla sanballı bir elmi tədqiqat
əsəri ortaya qoydu. Əlbəttə, o zaman ömrünün
40-cı baharına yenicə
qədəm qoyan gənc tədqiqatçı
üçün bu, olduqca böyük uğur idi. Xoşbəxtlikdən sonrakı dönəmdə
də uğurların
ardı gəlməkdə
davam etdi. 1970-ci ildə professor adını aldı,
1989-cu ildə AMEA-nın
müxbir üzvü,
2001-ci ildə isə
AMEA-nın həqiqi üzvü seçildi.
I çağırış
Azərbaycan Respublikası
Milli Məclisinin deputatı oldu. Parlamentin Elm və təhsil məsələləri üzrə
daimi komissiyasının
sədri kimi səmərəli fəaliyyət
göstərdi. Görkəmli elm xadimi, tanınmış ziyalı və nüfuzlu el ağsaqqalı
olaraq prezident seçkilərində ulu
öndər Heydər
Əliyevin və möhtərəm cənab
Prezidentimiz İlham Əliyevin səlahiyyətli
vəkili kimi seçicilər qarşısında
səmimi və məntiqli çıxışları
ilə hər kəsin hörmət və ehtiramını qazandı.
Teymur müəllimin
titulları, vəzifələri
və xidmətləri
o qədər çoxdur
ki, doğrusu, mən onları sadalamağa cəsarət
etmirəm. Təkcə onu deyə bilərəm
ki, o, gərgin və səmərəli elmi fəaliyyəti ilə yanaşı, Azərbaycan Respublikası
Ağsaqqallar Şurası
sədrinin müavini,
Qafqaz Müsəlmanları
İdarəsi nəzdində
Elmi-Dini Şuranın
və bir sıra digər yaradıcı təşkilatların
üzvü kimi də tanınan, sayılan, adı hər yanda hörmətlə yad edilən insanlardandır.
Təbiidir ki, akademik Teymur Bünyadov, hər şeydən öncə, tanınmış elm adamıdır. Onun Azərbaycan tarixinin, arxeologiyasının və etnoqrafiyasının müxtəlif problemlərinə dair yazdığı çoxsaylı əsərləri, redaktoru və ya rəyçisi olduğu külliyyat və monoqrafiyaları bir kitab şkafına yerləşdirmək qeyri-mümkündür. Onun hələ 1960-cı ildə çapdan çıxan Azərbaycan arxeologiyasının oçerkləri adlı ümumiləşdirici əsəri bu gün də arxeologiya fənnini tədris edənlər və öyrənənlər üçün ən qiymətli vəsait olaraq qalmaqdadır. Halbuki, ötən onilliklər ərzində Azərbaycanda arxeologiya elminin inkişafı sahəsində çox böyük nailiyyətlər əldə olunub. Ayrı-ayrı dövrlərin, problemlərin və çoxsaylı arxeoloji abidələrin tədqiqi ilə məşğul olan, beynəlxalq aləmdə kifayət qədər tanınan arxeoloq-alimlər nəsli yetişib. Amma nədənsə, həmin alimlərdən heç biri çox ciddi ehtiyac olmasına baxmayaraq, bu gün də Azərbaycan arxeologiyasına dair yeni ümumiləşdirici tədris vəsaiti yazmağa sanki cəsarət eləmir. Əslində, Teymur müəllimdən sonra belə bir yükün altına girmək və bu günün tələbləri səviyyəsində olan daha təkmil dərslik yaratmaq, həqiqətən, çox çətin və məsuliyyətli bir işdir.
Akademik T.Bünyadov nəinki Azərbaycanda, eləcə də cənubi Qafqazda və MDB məkanında əkinçiliyin və maldarlığın inkişaf tarixinin tədqiqi sahəsindəki fundamental tədqiqatları ilə məşhur olan görkəmli alimdir. Azərbaycanın qədim maldar və əkinçi tayfalarının geniş xronoloji çərçivəni əhatə edən tarixi zəngin arxeoloji və etnoqrafik material əsasında ilk dəfə məhz T.Bünyadov tərəfindən, sözün əsl mənasında, akademik səviyyədə tədqiq olunub. Beləliklə də, xalqımızın zəngin təsərrüfatçılıq ənənə və vərdişlərinin inkişaf dinamikası müəyyən edilməklə ayrı-ayrı tarixi dövrlər arasında bir növ elmi-nəzəri körpü salınıb.
Azərbaycan tarixi, arxeologiyası və etnoqrafiyasının ayrı-ayrı problemlərinə dair çoxsaylı tədqiqat əsərlərinin müəllifi olan T.Bünyadovun elmi ictimaiyyətə təqdim etdiyi son fundamental işlərdən biri üçcildlik Azərbaycan etnoqrafiyası kitabıdır. Uzun illərin və böyük zəhmətin məhsulu olan bu cildlərin yarısından çoxunun müəllifi və baş redaktoru məhz akademik Teymur Bünyadovdur. Bu əsərdə ilk dəfə olaraq milli etnoqrafiya elmimizin inkişaf tarixi və problemləri geniş və hərtərəfli şəkildə əhatə olunmuşdur. Xatırladım ki, Azərbaycanın elmi ictimaiyyəti yarım əsrdən çox bir müddət idi ki, belə bir əsərin yazılacağı günü səbirsizliklə gözləyirdi.
Yeri gəlmişkən, Teymur müəllim və onun komandası bu günlərdə daha bir sanballı işi Azərbaycanın qədim paytaxt şəhəri olan Qəbələnin tarixi, etnoqrafiyası və folkloru toplusundan ibarət üçcilldlik nəşri tamamlamışdır. Xatırladaq ki, Azərbaycanın, ingilis və rus dillərində nəşr olunacaq bu əsər Qəbələ haqqında indiyədək yazılmış ən fundanental tədqiqatdır.
Teymur müəllim, həmçinin çoxcildlik Azərbaycan tarixinin II cildinin müəlliflərindəndir. Onun Ana Kür, Qızıl qaya, Zirvəqala, Mərd qalalar, Qız var oğuldan qeyrətli, Atropat, Cavanşir, Babək, Şəmsəddin Eldəniz kitabları, Göz yaşları romanı, çoxcildlik bayatılar kitabı və digər elmi-populyar əsərləri də geniş oxucu kütləsinə yaxşı tanışdır. Uzun illərdir ki, AMEA-nın Xəbərlər məcmuəsinin, Arxeologiya və etrnoqrafiya, Tarix və onun problemləri, İpək yolu, Təkamül jurnallarının, habelə bir sıra başqa dərgilərin redaksiya heyətinin üzvü olan T.Bünyadov elmi və pedaqoji kadrların hazırlanması istiqamətində də səmərəli fəaliyyət göstərib. Onun elmi rəhbərliyi ilə 7 elmlər doktoru, 40-a yaxın elmlər namizədi yetişib. Akademik Teymur Bünyadov hər zaman tələbələrin və aspirantların sevimlisi olub. O, uzun illər ərzində Azərbaycan Pedaqoji Universitetində, Bakı Slavyan Universitetində və Bakı Dövlət Universitetində mühazirələr oxumuşdur. T.Bünyadov dəfələrlə ali məktəblərdə dövlət imtahan komissiyasının sədri olmuş, hazırda isə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu nəzdindəki dissertasiya şurasının sədridir.
T.Bünyadov Azərbaycanda tarix, arxeologiya və etnoqrafiya elmlərinin inkişafı, elmi kadrların yetişdirilməsi sahəsindəki xidmətlərinə, habelə səmərəli ictimai-siyasi fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Şöhrət ordeni ilə təltif olunub. Anadan olmasının 80 illiyi münasibətilə isə ölkə Prezidenti tərəfindən Əməkdar elm xadimi fəxri adına layiq görülüb.
Bünyadov Azərbaycanda o qədər də geniş yayılmış soyadlarından deyil. Hər halda, elm aləmində mən onlardan yalnız ikisini tanıyıram. Respublikamızın bütün guşələrində, az qala, uşaqdan böyüyədək hər kəsin çox yaxşı tanıdığı mərhum Ziya Musa oğlu Bünyadovu və Teymur Əmiraslan oğlu Bünyadovu deyirəm. Onların ikisi də uzun illər ərzində Elmlər Akademiyası sistemində işləyərək ömrünü bütünlüklə Azərbaycanda tarix elminin inkişafına həsr edib. Həm Ziya müəllim, həm də Teymur müəllim xeyli vaxt Azərbaycan parlamentində təmsil olunublar. Onlar, əslində, parlamentdə olmayanda da, sözün əsl mənasında, millətimizin vəkili olublar.
Gördüklərimə, eşitdiklərimə və bildiklərimə istinadən onu da deyə bilərəm ki, Ziya Bünyadov kimi Teymur Bünyadovu da Azərbaycandan kənarda, o cümlədən Qafqazda, Şərq ölkələrində, xüsusən də əski Sovetlər Birliyinin ayrı-ayrı bölgələrində, dünyanın məşhur elm və təhsil mərkəzlərində görkəmli tarixçi alim kimi çox yaxşı tanıyırlar və həmkarları arasında onun həqiqətən böyük nüfuzu var. Azərbaycan tarix elminin patriarxlarından olan bu görkəmli elm fədailəri üçün ümumi və ya oxşar ola biləcək daha bəzi keyfiyyətlər üzərində də dayanmaq olar. Bununla belə, onları fərqləndirən xüsusiyyətlər də az deyil. Məsələn, Ziya müəllim xarakter etibarı ilə kifayət qədər sərt, emosianal və zəhmli adam idi. Teymur müəllim isə əksinə, olduqca sadə, səmimi, mehriban, istiqanlı bir insandır. Özündən yaş, vəzifə, elmi dərəcə və təcrübə baxımdan aşağı olan insanlara qarşı xüsusilə həssas və qayğıkeş olması ilə fərqlənir. Onun xasiyyəti də, dili də, qələmi və yazıları da olduqca şirindir. Bilmirəm təsadüfdənmi, yoxsa məntiqi və ya genetik uyarlıqdanmı atasının yolunu davam etdirən qızı Şirinin də adı kimi qələmində, nitqində və həmkarları ilə rəftarında da xüsusi bir şirinlik duyulur. Fikrimizcə, bu da Teymur müəllimin nümunəvi ailə başçısı olaraq qurduğu tərbiyə sistemindəki tamlığın, mükəmməliyin göstəricisidir. Nə yaxşı ki, bu məhz belədir. Axı, o, bütün digər titulları ilə yanaşı, bəlkə də onların hamısından daha öncə ömrünün müdrik çağlarını yaşamaqda olan görkəmli xalqşunas alimdir. Onun öz tədqiqatlarında, yaxud da rəhbərliyi ilə aparılan tədqiqatlarda Azərbaycan ailəsinin ənənələri, mənəvi-psixoloji və mədəni-məşiət problemləri elmi-nəzəri cəhətdən araşdırılaraq, öyrənilərək geniş ictimaiyyətə təqdim olunub.
Teymur müəllimi həmkarlarından fərqləndirən başlıca xüsusiyyətlərdən biri odur ki, onun elmi-əməli fəaliyyəti akademiya divarları arasında məhdudlaşıb qalmır. O, vaxtaşarı mətbuatda, radio və televiziyada çıxışlar edir, rayon və şəhərlərə gedərək ictimaiyyətlə bilavasitə təmasda olur. Məhz bu səbəbdən onun özü də, imzası da geniş ictimaiyyətə çox yaxşı tanışdır.
Aspiranturaya daxil olmaq arzusu ilə Elmlər Akademiyası binasının dəhlizinə qədəm qoyduğum ilk gündən keçən 35 il ərzində digər gənclər kimi, mən də Teymur müəllimdən daim diqqət və qayğı görmüşəm . Aspiranturaya qəbul imtahanları zamanı, daha sonra minimum imtahanları verərkən ən yaxın adamı kimi məni daim ruhlandırıb. Hər dəfə rastlaşanda, ay oğul, işin nə yerdədir, məqalələrini bitirdinmi, dissertasiyanı nə vaxt verirsən... və bu kimi suallarla o, sanki öz aspirantları kimi mənim də qayğılarıma ən azı biganə olmadığını büruzə verib. Aramızdakı bu səmimi müəllim-tələbə münasibətləri indinin özündə də davam etməkdədir.
Alim var, onun xasiyyəti və davranışı yaxşıdır. Alim var, onun elminə, məntiqinə və tədqiqatlarına söz ola bilməz. Alim var ki, xasiyyəti də, elmi də yerli-yerindədir, amma nitqi və yazısı yoxdur. Teymur müəllimdəsə bu göstəricilərin hamısı yüksək səviyyədədir. Onun olduğu məclisdə adam hey dinləmək istəyir. Elmdən, insanlıqdan, insanlığa xas olan fəzilət və qəbahətlərdən, şeir və sənətdən, xalq yaradıcılığı və qədim adət-ənənələrimizdən elə şirin və elə peşəkarcasına bəhs edir ki, əhatəsindəkilər, sadəcə, bu söhbətləri heyranlıqla dinləməkdən zövq alırlar. Bir sözlə, onun söhbətləri, məsləhət və nəsihətləri, yazmış olduğu cild-cild kitablardan ibarət bayatı külliyyatı anlayanlar üçün, söz, əxlaq və mərifət xiridarları üçün, həqiqətən, son dərəcə dəyərli bir mənəvi xəzinədir. Yetər ki, kimlərsə bu xəzinədən faydalanmaq arzusunda olsun. Necə ki, elmə, ədəbə, xalqımızın zəngin milli-mənəvi dəyərlərinə sahib durmaq arzusu ilə akademiyanı özünə iş yeri seçən çoxsaylı gənclər bunu edirlər.
Qafar CƏBİYEV,
Azərbaycan Respublikasının əməkdar
jurnalisti,
tarix elmləri doktoru
Xalq qəzeti.- 2014.- 7 fevral.- S. 5.