Lerik: qışın soyuğu
ürəklərin hərarətini azaltmır
İndilər bəxtinin bəyazlığına bürünən bu diyar ölkəmizin cənub dağlarının tacına bənzəyir. Lerik hər fəsildə gözəl olur. Amma illər öncə yolun-yönün olmaması üzündən qonaqlar Lerikə yalnız yaz-yay aylarında gələ biliblər. Gözdən-könüldən uzaq bölgənin problemi təkcə yolla bitməyib: işığı, qazı da olmayıb. Yalnız 70-ci illərdən, ulu öndər Heydər Əliyevin hakimiyyətə gəldiyi vaxtdan Lerikin də üzü gülməyə başlayıb. Müstəqillik illərində isə dağlar diyarı daha da gözəlləşib, əhalinin həyat şəraiti xeyli yaxşılaşıb. İndi böyük çətinliklər belə aradan qalxıb. Bəzi ucqar kəndlərə qədər rahat asfalt yollar çəkilib. İlboyu Lerikə asanca gedib-gəlmək olur.
Lerikdə Yer kürəsindəki 11 iqlim qurşağından 8-i duyulur. Süleyman Rüstəm demişkən, Lerikin saçlarını Savalanın yelləri darayır. Belə yerdə şair olmağa nə var... Fikrət Qoca yazır: “Allah da, bəlkə, elə cənnət deyəndə Lerikdən danışırmış...”
Yollar, cığırlar
qar altda gizlənib. Hünərli sürücülər maşınlarını əlçatmaz
yerlərə də çıxara bilirlər.
Qarda təkər izləri qış şeirinin misraları kimi yoxuşlara, gədiklərə
yazılır. Damların buz
sırsıraları sanki
tül pərdə saçaqlarıdır. Ormanlar qış
yuxusuna gedib. Bulaqların nəğməsi dodağında
donub. Ən uca zirvələr – Qızyurdu və Kömürgöy qar libasında bir az da müdrik görünür,
ağsaqqalcasına qımışır.
Kələxan tərəfdəki Mərmər qalaça Savalanla üzbəüz məğrur dayanıb.
Buraların ünlü tədqiqatçısı,
unudulmaz geoloq alimimiz Mirəli Qaşqay dünyasını
dəyişərkən vəsiyyət
etmişdi ki, məzarının üstünə
Mərmər qalaçadan
bir parça daş qoysunlar. Mərhum akademikin vəsiyyəti yerinə yetirilib.
Altı
il öncə
Lerik rayonunun mərkəzi şəhər
statusu alıb. Bundan sonra quruculuq işləri yeni səpkidə aparılmağa
başlayıb. Şəhər elementlərinin artmasına
üstünlük verilib.
İnfrastruktur yenilənib. Su və kanalizasiya
xətləri çəkilib.
Küçələr müasir zövqə
uyğun abadlaşdırılıb.
Xiyabanlar,
parklar salınıb.
Yollar, səkilər, işıq
dirəkləri və
qəndillər belə
təzələnib. Artıq Lerikin
hər bir guşəsi rəssam tablosuna bənzəyir.
Turistlər qışın oğlan
çağında da
Lerikdə dincələ
bilirlər. Elə
yeni ili
dağlar qoynundakı
“Relaks”da və digər istirahət mərkəzlərində keçirənlər
az olmayıb. Dekabrda qışın, ötən həftə isə yeni ilin
ilk qarı Lerikin fəsil mənzərələrinə
gözoxşayan çalarlar
qatıb...
Yox, düşünməyin
ki, mən qarın zahiri gözəlliyini qabardıram
və rayon rəhbərliyinin,
yerli əhalinin qış qayğılarından
xəbərsizəm. Əlbəttə, həmin qayğıların
hər bir dağ rayonunda olduğu kimi, Lerikdə də mövcudluğunu yaxşı
bilirəm. Camaatın sınaqlara
fədakarcasına sinə
gərdiyini də vurğulayıram. Amma bütün
bunlarla bərabər,
sosial inkişaf zəminində təbiətin
gözəllik, saflıq
töhfələrini də
görməmək mümkünsüzdür.
Təkcə uşaqlar qayğısızdır. Onların şən
hay-küyünün ətrafa
yayılması hər
kəsdə nikbin ovqat yaradır. Uşaqların şaxtadan qızarmış
yanaqlarına sanki fərəh kəpənəkləri
qonub. Qarın gözəlliyi qışın
soyuqluğunu unutdurur.
Prezident İlham Əliyevin Lerikə xüsusi münasibəti rayonun sosial-iqtisadi tərəqqisini
təmin edib. Dövlət büdcəsindən vaxtaşırı
ayrılan vəsaitlər
yönümü üzrə
tam səmərəli sərf
olunur. Sakinlər dövlətin diqqətindən
yetərli qədər
razıdırlar. Elə şəhər
nümayəndəliyinin illik
hesabatında bu qayğının nəticələrindən
konkret faktlar əsasında ətraflı
bəhs edilib.
Tələbə dostum, əməkdar
jurnalist İdris Şükürlü:
-Lerik bizim duyğularımızın
isti beşiyi, ilhamımızın çağlar
bulağıdır. Son on ildə
rayonda 40-a yaxın məktəb, 9 səhiyyə
müəssisəsi, 3 uşaq
bağçası, inzibati
idarə binaları, turizm-istirahət mərkəzləri,
iaşə obyektləri,
şadlıq sarayları,
ticarət mərkəzləri,
kərpic zavodu, broyler fabriki, çörək zavodu,
min bir dərdin dərmanı olan mineral su sexləri inşa edilib, 40-a qədər yaşayış
məntəqəsi qazlaşdırılıb,
işıq xətləri
təzələnib, artezian
quyuları qazılıb,
su xətləri çəkilib, yollar asfatlaşdırılıb. Ötən
il uzunluğu 26 kilometr olan Lerik-Qosmalian-Kəlvəz
yolu tamamilə yenidən qurulub, 32 kilometrlik Noda- Şingədulan-Xanagah
yolunun tikintisi ilə bağlı ilkin olaraq 2 milyon vəsait ayrılıb, payızda tikinti işlərinə
start verilib.
Ziyalı bir insan olan
Rövşən Bağırov
leriklilərin doğma
saydığı şəxsdir. İcra hakimiyyətinə
başçılıq etdiyi
illərdə rayonun tərəqqisi üçün
əlindən gələni
əsirgəməyib. Sözübütöv rəhbər kimi
hörmət-izzət qazanıb.
Onun dövründə Lerikin gözəllikləri daha da artıb, pardaqlanıb. Əvvəlki illərdə bu nailiyyətdə ARDNŞ-nin
də zəhmətləri
danılmaz olub.
Lerikdə keçən il quruculuq işləri səngiməyib
ki, sürətlənib.
Şəhərin küçə və meydanlarında inşaat işləri davam etdirilib. Yollar, səkilər yenidən qurulub, tamet piltələr döşənib.
Şəhərin hər iki giriş hissəsində minlərlə kvadratmetr yeni istinad divarı
hörülüb və
milli ornamentlərlə
zəngin olan dekorativ daşlarla üzlənib. Küçə və meydanlarda 35 min kvadratmetrdən çox asfalt işi görülüb, 110 ədəd
yeni işıq dirəyi quraşdırılıb.
Rayon icra hakimiyyətinin
təşəbbüsü ilə şəhərdə
“Xeyir-şər evi” tikilib, uşaq bağçası əsaslı
təmir edilərək
yeni görkəmdə
istifadəyə verilib.
Sözügedən tədbirdə icra hakimiyyətinin başçısı
görülən bütün
işlərin məhz
insan amili üçün, vətəndaşlara
xidmət məqsədilə
edildiyini bildirib. İradlarını da söyləyib. Məsələn, şəhərdə təmizlik işlərinin
vaxtı-vaxtında aparılmadığını
deyib, əlaqədar idarələrin imkanları
tam səfərbər etməsi
zərurətini önə
çəkib.
İnam var ki, belə
də olacaq və soyuq qış
fəslini yaşayan Lerikin gözəlliklərinə
kimsə soyuq yanaşmayacaq. Qış bitincə yenə
də dağlara gözlənilən yaz gələcək və çöhrələrdə güllər
açacaq.
Əli
NƏCƏFXANLI
Xalq qəzeti.- 2014.- 7 fevral.- S. 6.