Prezident İlham
Əliyev: İki proqramın icrası nəticəsində
bölgələrdə yaşanan bu inkişaf və tərəqqi
bizi daha da gücləndirir
Azərbaycan Respublikası dünyanın ən sabit və dinamik inkişaf edən dövləti kimi beynəlxalq təşkilatların diqqətini getdikcə daha çox cəlb edir. Hazırda Cənubi Qafqazın ümumi iqtisadiyyatının dörddə üçü ölkəmizin payına düşür. Bu inkişaf və tərəqqi meyilləri əksər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən rəğbətlə qarşılanır. Təsadüfi deyil ki, ölkəmizdə gedən sürətli inkişafı diqqətlə izləyən həmin təşkilatlar illik hesabatlarında Azərbaycanın adını öncül yerlərdə göstərir, ölkəmizin kredit reytinqlərini getdikcə artırırlar. Dünyanın bir nömrəli iqtisadi qurumu olan Dünya Davos İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyi üzrə dünya miqyasında 39-cu yerdədir. Bu da, heç şübhəsiz, ölkəmizdə aparılan islahatların nəticəsidir.
Ölkə iqtisadiyyatının dinamik inkişafında və yüksək nailiyyətlərin qazanılmasında regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı dövlət proqramları mühüm rol oynamışdır. Azərbaycanın tarazlı və regional inkişafı üçün möhkəm baza yaradan həmin proqramların reallaşdırılması ilə ölkənin iqtisadi potensialı xeyli güclənmişdir. Elə son on ildə ölkə iqtisadiyyatının 3,4 dəfə, sənaye istehsalının isə 2,7 dəfə artması da bunun bariz nümunəsidir. Regional inkişaf proqramlarında nəzərdə tutulan tədbirlərin dövlətin dəstəyi ilə ardıcıl şəkildə həyata keçirilməsi nəticəsində qeyri-neft sektorunun ümumi daxili məhsulda çəkisi xeyli artaraq 2013-cü ildə 10 faizə çatmışdır. Bu da dünya miqyasında ən böyük göstəricilərdən biridir. Fevralın 5-də Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr olunmuş konfransda ölkə Prezidenti İlham Əliyev bu barədə demişdir: “2004-cü ildə əgər birinci proqram qəbul edilməsəydi, bugünkü Azərbaycan reallıqları tam fərqli ola bilərdi. Regionların inkişafı, sahibkarlara verilən dəstək, qeyri-neft sektorunun inkişafı, idxaldan asılılığımızın azaldılması, ixrac potensialının yaradılması son illərin əlamətidir. Bu, onu göstərir ki, biz iqtisadi siyasətimizi çox böyük dəqiqliklə, həssaslıqla aparırıq”. Regionların inkişafını daim diqqət mərkəzində saxlayan dövlət başçısı ötən on il ərzində bölgələrə etdiyi çoxsaylı səfərlər çərçivəsində 1300-dək müxtəlif təyinatlı infrastruktur obyektinin və yeni müəssisənin açılış və təməlqoyma mərasimlərində iştirak etmiş, müəssisələrin fəaliyyəti ilə yaxından tanışlıq zamanı, eləcə də ictimaiyyətlə keçirilən görüşlərdə qaldırılan məsələlərin həlli məqsədilə əlavə olaraq 737,4 milyon manat vəsaitin ayrılması barədə 240 sərəncam imzalamışdır. Bütövlükdə isə bütün mənbələr hesabına birinci proqramın icrasına 16 milyard manat, ikinci proqramın icrasına isə 34,7 milyard manat vəsait yönəldilmişdir.
Azərbaycanda yaradılmış siyasi sabitlik
və əlverişli biznes mühiti ölkəmizin xarici sərmayələr
üçün cəlbediciliyini xeyli
artırmışdır. Təkcə onu qeyd etmək kifayətdir
ki, son on ildə ölkəmizə 160 milyard dollar investisiya cəlb
edilmişdir.
Ötən il isə Azərbaycan
iqtisadiyyatına 28 milyard dollar sərmayə qoyulmuşdur ki,
bu da rekord göstərici hesab olunur. Bununla
yanaşı, Azərbaycanın maliyyə gücünün
ilbəil artması dövlət və qeyi-dövlət təşkilatlarının
ölkə iqtisadiyyatına sərmayə yaratmaq
imkanlarını genişləndirir. Artıq
yerli sərmayələr xarici sərmayələri üstələyir.
Azərbaycana investisiya qoyuluşunun artması isə
infrastruktur layihələri və ölkə iqtisadiyyatı
üçün lazım olan digər proqramların icra edilməsini
sürətləndirir. Bazar
iqtisaiyyatına keçid dövrünü uğurlu başa
çatdıran Azərbaycan Respublikasında iqtisadiyyatın
şaxələndirilməsi istiqamətində
genişmiqyaslı tədbirlər həyata keçirilir.
Bu da öz növbəsində qeyri-neft sektorunun
ümumi iqtisadi artımda neft sektorunu üstələməyə
səbəb olmuşdur. Ölkənin qeyri-neft sektorunun inkişafında
özəl bölmənin rolu danılmazdır. Məhz buna görədir ki, ölkəmizdə
sahibkarlara göstərilən dövlət dəstəyi ilbəil
gücləndirilir. Təkcə onu qeyd etmək kifayətdir
ki, son on ildə Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri
hesabına ölkə üzrə 19 mindən çox sahibkara
bir milyard 200 milyon manat güzəştli kreditlər
verilmişdir. Həmin vəsaitlər hesabına maliyyələşdirilən
layihələr hesabına 110 minədək yeni iş yeri
yaradılmışdır. Kreditlərin 78 faizi,
açılan iş yerlərinin isə 81 faizi regionların
payına düşür. Yeri gəlmişkən, güzəştli
kreditlər hesabına ölkədə ümumi dəyəri
730 milyon manat olan 104 sənaye layihəsi maliyyələşdirilmiş,
bu layihələr üzrə 80 müəssisə istifadəyə
verilmiş, 24-ü üzrə işlər isə davam
etdirilir. Son on ildə
regionlarda ümumi məhsul buraxılışı
3,2, sənaye məhsulu 3,1, rabitə xidmətləri 6,1, əhalinin
gəlirləri 6,3, orta aylıq əmək haqqı 7,3, əhaliyə
göstərilən pullu xidmətlər isə 6 dəfə
artmışdır.
Azərbaycanın aqrar sahədə mövcud
potensialının hərəkətə gətirilməsi də
regional inkişaf proqramlarının strateji hədəflərindəndir. Sevindirici haldır ki,
adıçəkilən mühüm dövlət sənədlərinin
icra olunduğu ötən on il ərzində
aqrar sektorun çoxsahəli sabit inkişafının təmin
edilməsi istiqamətində əhəmiyyətli nəticələr
əldə olunmuşdur. Belə ki, 2004-2013-cü illərdə
ölkə üzrə kənd təsərrüfatı məhsulları
istehsalının həcmi 3,3 dəfə
artmışdır. Kənd təsərrüfatının
mühüm bölməsi olan bitkiçilikdə
2004-2013-cü illərdə əkin sahələrinin 64,2 min hektar artması ilə yanaşı, əksər
bitki növləri üzrə məhsuldarlıq səviyyəsində
də əhəmiyyətli artımlara nail olunmuşdur. Bu amillər hesabına həmin dövrdə
bitkiçilik məhsulları istehsalı 3 dəfə artaraq
2 milyard 627 milyon manat təşkil etmişdir. Heyvandarlıq
məhsulları istehsalı isə 2004-cü ildəki 697
milyon manatdan 2013-cü ildə 2 milyard 617 milyon manata
çataraq 3,8 dəfə
artmışdır.
2004-cü
ildə 1 milyon 635 min hektar sahənin 79,2 faizində əkin
aparıldığı halda, 2013-cü ildə 1 milyon 695 min
hektar əkin sahəsinin 99,4 faizində əkin
aparılmışdır. Ölkə
Prezidentinin müvafiq sərəncamı ilə 2004-cü ildə
yaradılmış “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə
2005-2013-cü illər ərzində dövlət büdcəsindən
və ehtiyat fondlar hesabına 458 milyon manat vəsait ayrılmışdır.
Ötən müddətdə təkrar
istifadədən qaytarılan 179 milyon manat, eləcə də
müxtəlif mənbələrdən ayrılan 13 milyon manat
da daxil olmaqla onun investisiya portfeli 650 milyon manat təşkil
etmiş və həmin vəsaitlər hesabına 1200-dən
artıq yeni kombayn, 5145 traktor, 184 ekskavator və digər kənd
təsərrüfatı texnikaları və texnoloji
avadanlıqlar alınaraq 6591 nəfər müxtəlif
hüquqi və fiziki şəxslərə lizinqə
verilmiş və ya lizinq yolu ilə satılmışdır
ki, bu da kənd təsərrüfatı məhsulları
istehsalçılarının texniki təchizatında
müstəsna rol oynamışdır.
Regionların iqtisai potensialının hərəkətə
gətirilməsində infrastruktur layihələrinin icrası
prioritet məsələ olduğundan dövlət
proqramalarında bununla bağlı çoxsaylı tədbirlər
nəzərdə tutulmuşdur. Regionların inkişafının
mühüm amillərindən olan infrastruktur təminatının
yaxşılaşdırılması məqsədilə
ötən on il ərzində yol-nəqliyyat
infrastrukturunun, elektrik, qaz və su təchizatının yenilənməsi
işləri aparılmış, nəticədə regionlarda
kommunal xidmətlərin səviyyəsi əhəmiyyətli dərəcədə
yüksəlmişdir. Bu baxımdan son on il ərzində, ilk
növbədə, Azərbaycanın enerji potensialının
artırılması istiqamətində
çox ciddi addımlar atılmış, ölkədə
ümumi generasiya gücü 2300 meqavat təşkil edən17
elektrik stansiyası tikilmişdir. Dövlətin
enerji siyasətinin uğurla reallaşdırılması nəticəsində
Azərbaycanın ümumi generasiya gücü 6300 meqavata
çatmışdır. Son on ildə
regionlarda reallaşdırılan sosial infrastruktur layihələri
arasında xüsusi yer tutan qazlaşdırma ilə
bağlı böyük işlər
görülmüşdür. Hazırda Azərbaycanda
qazlaşdırmanın səviyyəsi təqribən 90 faizə
çatdırılmışdır. Artıq
ölkəmizin ən ucqar dağ kəndlərində
yaşayan sakinlərin mənzillərində belə, “mavi
yanacaq” şölələnir. Qarşıdakı beş il ərzində isə ölkə
üzrə qazlaşdırmanın səviyyəsinin 95-96 faizə
çatdırılması nəzərdə tutulur.
Ölkəmizin
hərtərəfli inkişafının təmin edilməsində
yol infrastrukturunun böyük əhəmiyyəti var. Bu vacib məsələni
xüsusi diqqət mərkəzində saxlayan dövlət
başçısı İlham Əliyev magistral yollarla
yanaşı, şəhərlərarası, eləcə də
kəndlərarası və kənddaxili yolların tikintisi məqsədilə
həm dövlət büdcəsindən, həm də
Prezidentin ehtiyat fondundan yetərincə vəsait
ayırmışdır. Dövlət Proqramında yol-nəqliyyat
kompleksinin - dəmir yolu, avtomobil, hava, su nəqliyyatı və
avtomobil yolları sahələrində müasir
infrastrukturların yaradılması üzrə 64 tədbir nəzərdə
tutulmuşdur ki, onların icrası nəticəsində 1103 kilometr respublika əhəmiyyətli
və 1914 kilometr yerli əhəmiyyətli yol çəkilmiş,
yenidən qurulmuş və təmir olunmuşdur. Bu yollarda 164 yeni körpü və yol
ötürücüsü tikilmiş, 47 körpü isə əsaslı
təmir olunmuşdur.
Bundan əlavə,
dövlət başçısının regionlara etdiyi
çoxsaylı səfərlərin nəticəsi olaraq
bölgələrdə avtomobil yollarının yenidən
qurulması və təmiri ilə bağlı
imzaladığı sərəncamlara əsasən, Azərbaycan
Respublikası Prezidentinin ehtiyat fondundan ayrılmış vəsaitlər hesabına kəndləri rayon mərkəzləri
ilə birləşdirən və kəndlərarası 1334
kilometr uzunluğunda yollar əsaslı təmir edilmişdir.
Regionlarda
sosial infrastruktur layihələri arasında xüsusi əhəmiyyət
daşıyan
içməli su və kanalizasiya layihələrinin icrası da son illər xeyli intensivləşmişdir.
Dövlət başçısının
xüsusi göstərişi ilə “Azərsu” ASC-nin
qarşısında əhalini Dünya Səhiyyə Təşkilatının
standartları səviyyəsində keyfiyyətli su ilə
fasiləsiz təmin etmək tapşırığı
qoyulmuşdur. Azərbaycan Respublikası
regionlarının sosial-iqtisadi inkişafı dövlət
proqramlarına uyğun olaraq su təchizatı və
kanalizasiya sistemlərinin yenidən qurulması
üçün dövlət büdcəsi vəsaiti və
beynəlxalq maliyyə qurumlarından cəlb olunmuş kreditlər
hesabına ümumilikdə ölkənin 52 şəhəri və
730 kəndi əhatə edən layihələr üzrə
işlər icra olunur. Həmin şəhərlərin
38-də tikinti işlərinə başlanılmış,
14-də isə layihə-smeta işləri başa
çatdırılmışdır və tikintiyə
hazırlıq görülür. Artıq
8 şəhərdə su təchizatı və kanalizasiya
sistemlərinin yaradılması yekunlaşmış, 12 şəhərə
yeni mənbələrdən suyun verilməsi təmin
edilmişdir. Nəticədə həmin
rayon mərkəzlərində yaşayan 330 min nəfərin
su təchizatı əsaslı şəkildə
yaxşılaşmışdır ki, onların da 125 mini ilk dəfə
mərkəzləşdirilmiş qaydada su alanlardır.
Ötən
on il ərzində ölkəmizdə digər
sosial infrastruktur layihələrinin icrası da uğurla davam
etdirilmiş, 2700 məktəb, 500-dən çox tibb müəssisəsi
tikilmiş və təmir edilmişdir. Bundan əlavə
əksəriyyəti regionlarda olmaqla ölkə üzrə 41
olimpiya-idman kompleksi tikilmiş, çoxsaylı mədəniyyət
ocaqları bərpa edilmişdir. Yeri gəlmişkən,
ölkə üzrə sosial infrastrukturun yaradılmasında
regional dövlət proqramlarının müstəsna əhəmiyyətini
vurğulayan Prezident İlham Əliyev qeyd etmişdir ki, bu sənədlərin
formalaşmasında Azərbaycan vətəndaşları fəal
iştirak etmiş və onların təklifləri tam nəzərə
alınmışdır.
Regional
inkişaf proqramlarının icrasına həsr olunmuş
konfransda Prezident İlham Əliyev Azərbaycanın
qarşıdakı illər üçün sosial-iqtisadi tərəqqisinin
əsas konturlarını müəyyən edərək
bildirmişdir ki, növbəti illərdə ölkəmizin
ümumi iqtisadi inkişafı təmin edilməli, makroiqtisadi
vəziyyət sabit saxlanmalıdır. Növbəti illərdə
həm neft-qaz, eyni zamanda, qeyri-neft sektorlarının
inkişafı sayəsində ölkəmizə böyük
valyuta axınının gözlənildiyini böyük əminliklə
söyləyən dövlət başçısı həmin
vəsaitin şəffaf şəkildə
saxlanılacağını, əsas xərclər
üçün və sosial məsələlərin həllində
istifadə ediləcəyini, eyni zamanda, infrastruktur layihələrinin
icrasının və sahibkarlığa dəstək məsələlərinin
də diqqət mərkəzində olacağını
bildirmişdir. Ölkə Prezidentinin təbirincə desək, növbəti
beş il ərzində Azərbaycanın kifayət qədər
iqtisadi, maliyyə və texniki resursları olacaqdır ki, bu da
üçüncü regional inkişaf proqramını
uğurla icra etməyə imkan yaradacaq. Təsadüfi deyil ki,
Prezident İlham Əliyev qarşıdakı beş
il ərzində infrastruktur layihələrinin icrasının
tam başa çatdırılmasını aidiyyatı
dövlət qurumlarının rəhbərləri
qarşısında konkret vəzifə kimi qoymuşdur. Qeyd
olunmuşdur ki, növbəti illərdə ölkə əhalisinin,
o cümlədən regionlarda yaşayan sakinlərin elektrik
enerjisi, qaz, içməli su və digər kommunal xidmətlərlə
təminatının əsaslı şəkildə
yaxşılaşdırılması məqsədilə sosial
infrastruktur layihələri yüksək səviyyədə icra edilməlidir.
Eyni zamanda, regional iqtisadiyyatın aparıcı
sahəsi olan kənd təsərrüfatının
inkişafı növbəti illərdə iqtisadi sahədə
prioritet olaraq qalacaqdır. Bu məqsədlə iri fermer təsərrüfatları
ilə yanaşı, kiçik və ailə fermer təsərrüfatları
da yaradılmalı, subsidiyaların verilməsində tam şəffaflıq
təmin edilməlidir. Dövlət
başçısı, həmçinin Azərbaycanda istehsal
olunan məhsulların bazara çıxarılmasını və
daxili bazarın qorunması üçün təsirli tədbirlərin
görülməsini aidiyyatı dövlət qurumlarına
mühüm bir vəzifə kimi
tapşırmışdır. Son on il ərzində
özəl sektora göstərilən dövlət
qayğısının nəticəsi olaraq ölkəmizdə
55 min yeni müəssisənin yaradıldığını
vurğulayan Prezident İlham Əliyev qarşıdan gələn
hər bir ildə sahibkarlıq subyektlərinə təxminən
270-300 milyon manat həcmində güzəştli kreditlərin
veriləcəyini bəyan etmişdir.
2014-cü
ilin Azərbaycanda “Sənaye ili” elan olunduğunu xatırladan
dövlət başçısı ölkə
iqtisadiyyatının aparıcı sahəsi olan sənayenin
inkişafına xüsusi diqqət göstəriləcəyini
bildirmiş, bu məqsədlə bir sıra bölgələrdə—Gəncə,
Sumqayıt və
Mingəçevirdə texnoparkların, eləcə
də hər bir şəhərdə xüsusi sənaye yerlərinin,
sənaye zonalarının
yaradılacağını bildirmişdir. Bütün bunlar isə
onu deməyə əsas verir ki, bu yaxınlarda qəbul ediləcək
üçüncü regional inkişaf proqramı Azərbaycanın
davamlı və tarazlı inkişafı üçün əlavə
imkanlar yaradacaq, bununla da ölkə əhalisinin həyat səviyyəsi
daha da yaxşılaşacaq.
Mirbağır
YAQUBZADƏ
Xalq qəzeti.- 2014.- 8 fevral.- S. 3.