Biz qarşımızda duran vəzifələri məsuliyyətlə icra edirik

 

Fevralın 5-də Bakıdakı Heydər  Əliyev Mərkəzində Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr olunmuş konfrans barədə  televiziyada  verilən geniş materiala baxanda  mən ölkəmizin hərtərəfli uğurları ilə bir daha fəxr etdim. Ancaq  yadıma düşən ilk məqam məhz cənab dövlət başçımızın ötən il fevralın 19-da imzaladığı Zaqatala rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı sərəncam oldu.  Çünki həmin sərəncamın icrası ilə bilavasitə mənim çalışdığım kollektiv məşğul olur.

Sənəddə deyilirdi ki, 16 min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən 28 kilometrlik Zaqatala - Danaçı - Aşağı Çardaxlar yolunun tikintisi məqsədilə 2013-cü ilin dövlət büdcəsində nəzərdə tutulan Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Zaqatala Rayon İcra Hakimiyyətinə 5, 5 milyon manat vəsait ayrılsın. Həmin sərəncam elan ediləndə adıçəkilən 12 kəndin camaatı nə qədər sevinirdisə, bir Allah bilir. Çünki uzun illərdən bəri yol sarıdan böyük korluq çəkən bu adamlar bilirdilər ki, dövlət başçımızın sərəncamı əsasında görülən istənilən yüksək səviyyədə icra olunur.

Rayon icra hakimiyyətinin tövsiyəsi əsasında həmin yolu Zaqatala 17 saylı Yol İstismar İdarəsi çəkməli oldu. Mən və rəhbərlik etdiyim kollektiv, sözün həqiqi mənasında, bu sərəncamdan irəli gələn vəzifələrin nə qədər olduğunu çox yaxşı dərk edirik. Onu da yaxşı bilirik ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı olan istənilən yeni layihə cənab Prezidentin şəxsi nəzarətində olurtikintinin başa çatmasından sonra açılış mərasimində dövlət başçımızın özü iştirak edir. Yəni məsuliyyətimiz çox böyük idi. Bu məsuliyyətli işə uğurla başlayan kollektivimizin hər bir üzvünün fikiri belədir ki, bizim gördüyümüz işin keyfiyyəti barədə rayonumuzun sakinləri və Zaqatalanın qonaqları bu yol açıldıqdan sönra çox danışacaqlar. Hələlik isə məhz dövlətin və dövlət başçımızın tələb etdiyi şəkildə davam edir.

Cənab Prezident fevralın 5-də keçirilən konfransdakı giriş nitqində dedi ki, ölkəmizin hərtərəfli inkişafı üçün  yol infrastrukturu da böyük rol oynayır. Yolların tikintisi məsələləri daim diqqət mərkəzində olmuşdur. İlk növbədə, magistral yollardan, ondan sonra şəhərlərarası, daha sonra kəndlərarası, kənddaxili yollardan başladıq. Bu gün bu proses geniş vüsət almışdır. Hər bir rayonda yol layihələri icra edilir.  Dövlət başçımız qeyd etdi ki, burada əyləşən bütün rayonların icra başçıları bu işlərə fəal şəkildə cəlb edilmişlər.  Prezident əlavə etdi ki, həm dövlət büdcəsindən, həm də Prezidentin Ehtiyat Fondundan kənd yollarının tikintisinə böyük vəsait ayrılır və ayrılacaqdır. Növbəti beş il ərzində bizim bütün kəndlərimizdə asfalt yollar, yaxşı yollar olmalıdır və olacaqdır.

Biz fəxr edirik ki, məhz belə məsul və dövlət başçısının şəxsi nəzarətində olan layihənin icrası ilə məşğuluq. Bu yolun tezliklə istifadəyə verilməsini gözləyən rayon sakinlərini və bu işə məsul olan insanları əmin edirik ki, Zaqatala Rayon İcra Hakimiyyəti rəhbərliyinin daimi köməyi və digər qurumların qayğısı ilə adıçəkilən yol dövlətin müəyyən etdiyi qrafikə əsasən, yüksək keyfiyyətlə istifadəyə veriləcək. Biz ölkənin bütün bölgələri kimi böyük turizm potensialına malik olan Zaqatalanın da sürətlə inkişaf etməsinə görə möhtərəm dövlət başçımıza  öz dərin minnətdarlığımızı bildiririk. İnanırıq ki, həm ölkəmiz, həm də Zaqatala bundan sonra daha sürətlə inkişaf edəcək, ölkə əhalisinin həyatı daha da firavan olacaqdır.

 

Mövlud QƏHRƏMANOV,

 

Zaqatala 17 saylı Yol İstismar İdarəsinin rəisi

 

Xalq qəzeti.- 2014.- 8 fevral.- S. 3.