Ana dilimizə Üzeyir Hacıbəyli sevgisi

 

Ana dilimiz olduqca gözəl, axıcı, melodik, çoxçalarlı, hər cəhətdən dolğun bir dildir. Zaman-zaman Azərbaycan dili, onun zənginliyi başqa millətlərin alimlərinin, yazıçılarının da diqqətindən yayınmamışdır. Məşhur ingilis dilçisi Maksmüller Azərbaycan dili haqqında belə demişdir: “Azəri türkcəsi öz qrammatik formaları, söz ehtiyatı, üslub imkanları ilə barlı - bəhərli ağacı xatırladır. Özübu ağac o qədər barlıdır ki, budaqları ağırlıqdan sına bilər...”. 1843-cü ildə Tiflisə gələn məşhur alman yazıçısı, tərcüməçisi və şairi Fridrix Bodenştedtöz xatirələrində dilimiz haqqında gözəl qeyd etmişdir: “ O zamanlar mən Tiflisdə yaşayan yeganə alman idim ki, Şərq dillərini öyrənmək istəyirdim. Mən tatar (Azərbaycan türkcəsi - S. Q.) dilindən başladım, çünki bu dil Qafqazda müxtəlif millətlərdən olan insanlarla ünsiyyət üçün vacib sayılırdı. Bu dili bilən hər kəs hər yerdə rus dilini bilmədən də baş çıxara bilərdi.”

Dahi bəstəkarımız Üzeyir Hacıbəyli isə 1906-cı ildə İrşad” qəzetində yazırdı: “...Halbuki bizim türk lisanımız Avropa üləma və filosoflarının rəyinə nəzərən ən vəsi və kamil bir dildir ki, onun vasitəsilə insan ən ali fikirlərini və ən dəqiq hisslərini bəyanə qadirdir. Belə bir zəngin lisanın sahibi olub da ondan istifadə etməməyin özü böyük bir bədbəxtlikdir”. Həm böyük sənətkarımızın, həm də Avropa alim və yazıçılarının çox yüksək qiymət verdikləri Azərbaycan dilinin heç bir səbəb olmadan bayağılaşdırılmasına göz yuma bilərikmi? Buna haqqımız varmı? Dövlətimiz də, ölkə başçıları da vaxtaşırı bu məsələyə qayıdaraq müxtəlif sərəncamlarla, fərmanlarla ana dilimizə öz töhfələrini veriblər və bu gün də verirlər. Bu baxımdan ulu öndərimiz Heydər Əliyevin 9 avqust 2001-ci il fərmanı xüsusi önəm daşıyır. Məhz Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında” adlı sənədlə 2002-ci ildən bu yana, hər il avqust ayının 1-də respublikamızda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü qeyd edilir. Prezident İlham Əliyev də dilimizin qorunması və inkişafına dair xüsusi sərəncam imzalamışdır. 23 may 2012-ci il tarixli “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” adlı sərəncamında deyilir: “Ölkəmizin zaman-zaman müxtəlif imperiyalar tərkibində yaşamağa məcbur olmasına baxmayaraq, ana dilimiz hətta bu ağır vaxtlarda belə milli məfkurənin, milli şüurun və milli-mədəni dəyərlərin layiqincə yaşamasını və inkişafını təmin etmişdir. Bu gün onun qorunması və qayğı ilə əhatə olunması müstəqil Azərbaycanın hər bir vətəndaşının müqəddəs borcudur”.

Bəli, ana dilimizin qorunması hər birimizin borcuduronun keşiyində layiqincə durmalıyıq. Vaxtilə Azərbaycanın dahi şəxsiyyətləri, böyük söz, sənət xadimlərimiz də müqəddəs ana dilimizin qorunması yolunda böyük işlər görmüş, mübarizə aparmışdılar. Belə şəxsiyyətlərdən biridünya şöhrətli dahi bəstəkar, mahir publisist, dramaturq, pedaqoq Üzeyir Hacıbəylidir. Üzeyir bəy bütün həyatı boyu ana dili məsələlərinə xüsusi diqqət yetirmiş, yorulmadan mübarizə aparmış və bu mövzuda silsilə məqalələr yazmışdır. Böyük dühanın əqidəsincə, bir millətin varlığının əsas amili onun dilidir. Ona görə də bütün xalqbirinci növbədə də ziyalılar, alimlər öz doğma dilini qorumağı bacarmalı, inkişafına nail olmalı, onu yad ünsürlərdən hifz etməlidirlər. Bu, onların müqəddəs borcudur. Ü. Hacıbəyli yazırdı: “Ana dilimizə əhəmiyyət verməsək, ola bilər ki, bir gün dilimiz itər-batar, yox olarbir millətin də ki, dili batdı , o millətin özübatar, çünki bir millətin varlığına, yaşamasına isbat vücud onun dilidir”. (“Həqiqət” qəzeti, 24-25 yanvar 1910- cu il).

Üzeyir Hacıbəyli öz məqalələrində dəfələrlə ana dilimizin saflığı məsələsinə toxunmuş, bu dilin yad sözlərdən təmizlənməsinə, sırf Azərbaycan türkcəsi olmasına çağırmışdır. Bu xüsusda onunBir xanım əfəndinin bizlərə hüsni-təvəccöhi” məqaləsi maraqlıdır. 20 yaşlı mühərrir bu məqaləni 1905-ci il 10 sentyabr tarixli “Həyat” qəzetinin 62-ci sayında “Üzeyir” imzası ilə dərc etdirmişdir. Burada gənc jurnalistPeterburqskiye vedemosti” qəzetində Maqda Neyman adlı bir yazarın ana dilimiz əleyhinə yürütdüyü böhtana kəskin cavab vermişdir.

Ana dilinin məktəblərdə tədrisini irəli sürərək Üzeyir Hacıbəyli bir-birinin ardınca üç məqalə yazmışdır. Bu məqalələr “Hansı vasitələr ilə dilimizi öyrənib kəsbi-maarif etməliyik” sərlövhəsi altında “İrşad” qəzetinin 1906-cı il 15, 16, və 20 fevral tarixli saylarında “Üzeyir bəy Hacıbəyov” imzası ilə dərc edilmişdir. Bu məqalələrdə Üzeyir bəy ana dili haqqında çox qiymətli fikirlər irəli sürmüşdür. Ədib ana dilini bilməyənləri istehza ilə “zavallı” adlandırır və bu qisim insanlara ana dilini öyrənmək üçün yollar göstərir. Və bir daha xüsusi olaraq vurğulayır ki, “Avropa dillərinə vaqif olan zat, öz dilini də mükəmməl surətdə bilsə, hər bir cəhətdən millətə artıq nəf gətirər”.

Təbii ki, Üzeyir bəy heç vaxt çox dil bilməyin əleyhinə olmamışdır. Lakin öz doğma dilini bilməyib ərəb, fars, rus, ingilis, fransız dillərində “bülbül kimi ötənlərə” qarşı barışmaz olmuşdur. Böyük sənətkar özü Azərbaycan dilini, təhsil aldığı rus dilini bütün incəlikləri ilə bilməklə yanaşı, bir neçə dilə - ərəb, fars, türk, tatar, gürcü, ləzgi dillərinə də bələd olmuş, bu dillərdə sərbəst danışmışdır. Ona görə də dil məsələsinə tez-tez müraciət etmiş, Azərbaycan türkcəsini mükəmməl öyrənmək üçün xalqımıza faydalı məsləhətlər vermişdir. Üzeyir bəy özününÜsuli - təbii “(Müəllim Əli cənablarına müxtəsər cavab”) yazısında qeyd edirdi: “Qafqazda türk dilini mükəmməl bilənlərdən Əli bəy Hüseynzadə cənabları dəfələrlə qəti surətdə elan etmişdir ki, türk dilində “hansı ki”, “hansılar kisözü yoxdur. Mən də deyirəm ki, bu sözü tərcümə üsulu ilə dərs verən müəllimlər rusun “kotorıy” kəlməsini tərcümə etmək üçün özlərindən çıxardıblar, onun istemalı lüzumsuz bir ağırlıqdır”. Qəribədir ki, qeyd etdiyimiz bu fikirlərin üstündən bir əsrdən çox zaman keçməsinə baxmayaraq, bu gün də həmin ifadələr işlənir. Elə “belə deyək ” kəlməsi də o qəbildən olan bir ifadədir.

Üzeyir Hacıbəyli “Yeni üsuli - təbii haqqında bir neçə söz” (“Tərəqqi” qəzeti, 6, 8 mart 1909), “ Üsuli - təbii ” (“Tərəqqi ” qəzeti, 1 aprel 1909), “Dilimizi korlayanlar” (“İqbal” qəzeti, 16 oktyabr 1912) və s. məqalələrində ana dili məsələlərindən geniş bəhs etmişdir. Məsələn, “Dilimizi korlayanlar” məqaləsində ana dilini korlayanlardan artistlə axundu bərabər qoyaraq yazırdı: “Axund belə danışır: - Zamani ki, mən burada əklətmişəm, hərgah bir şəxs ki, onun zahiribatini mənə məlum olmayan surətdə qapıdan daxil olub içəri girdi və mənə salam verdi, hansı ki, mənə aiddiryainki, aid dögül, onda yəqinlik hasil etmək xaric əz məkandır, mənə fərzdir ki, mən onun salamının cavabında deyəm ki, əleykəssalam!

Axund belə demək istəyir ki, tanımadığın bir adam sənə salam versə, salam almaq sənə borcdur. Amma farsdan tərcümə eləyir, dilimizin sərf-nəhvini bilmir, ona görə də mətləb dolaşıq düşür...

Artistlər də bizim dilimizi bu sayaq korlayırlar: “Bu gün Tağıyevin teatrında oynanılacaqdır suznaq bir faciə ” Gaveyi - ahəngər “. Fasilələrdə çalacaq tarzən və oxuyacaq xanəndə, filanın rolunu oynayacaq məşhur filan artist”... Teatrlar üçün yazılan elanları savadlı bir adama həvalə etsəydilər, çox əcəb olardı”.

Üzeyir bəy öz əsərlərində - istər “Ər və arvad”, “ O olmasın, bu olsun”, “Arşın mal alan ” operettalarında, istər operalarına yazdığı librettolarda, istərsə də publisistik yazılarında ana dilimizin bütün qanunlarına riayət etmiş, onun gözəlliyini, zərifliyini qoruyub saxlamış, hətta bəzi kəlmələrlə, məsələn “Heç hənanın yeridir ”, “Tarixi Nadiri yarıya qədər oxumuşam”, “O olmasın, bu olsun”, “Bir nəfər molla, üç manat pul, bir kəllə qənd, “Pulun var, gələrəm”, “Bəs mənim bir abbasım?”, “Əşi, siz gəlini gətirəndə bir baxmadınız görək, bu kişidir, yoxsa arvaddır?”, “Mən dul, sən dul” və sair bu kimi zərb-məsələ dönmüş ifadələrlə dilimizi zənginləşdirmişdir.

1977-ci ildə Almaniyada yaşayan Cənubi Azərbaycandan olan soydaşımız Eldostun Üzeyir Hacıbəylinin həyat və fəaliyyətindən bəhs edən kitabı işıq üzü görmüşdür. Orada Eldost yazır ki, “Məşədi İbad ” əsəri Azərbaycan dilinin şirin, mənalı, gözəl ifadələri və məsəlləri məcmuəsidir. Bu ifadələr bir tərəfdən dilimizin zəngin, mükəmməl bir dil, o biri tərəfdən isə Üzeyir Hacıbəylinin xalq dilinə bağlı və yüksək qələm sahibi olmasını nümayiş etdirir.

Ümumiyyətlə, böyük bəstəkar həm də Azərbaycan dilinin sərrafı, qüdrətli bir dilçi idi. Sankt - Peterburq İncəsənət Tarixi İnstitutunun professoru Yevgeni Braudo (1882-1939) Üzeyir Hacıbəylini “xalq musiqisinin böyük dilçisi” adlandırmışdır. Üzeyir bəy ana dilimizi müqəddəs bilərək, onun keşiyində ayıq-sayıq dururdu. Dilimizlə bağlı bütün yazıları oxuyurdu. Ona xələl gətirə biləcək mətləblərin qarşısını vaxtında alırdı.

Bu barədə akademik Məmməd Arif Dadaşzadənin dediklərindən: “Bir dəfə S. Rəhimovun dilini tənqid etmişdim. Məqalə çıxandan sonra mənə dedilər ki, Üzeyir bəy səni axtarır, ona zəng elə. Mən bir qədər təşvişə düşdüm. Görəsən, Üzeyir bəy məni nə üçün axtarır? - deyə düşündüm. Zəng vurdum, dedi ki, Arif, bir mənim yanıma gələrsən. Getdim, içəri girəndə gördüm ki, mənim məqaləm onun stolunun üstündədir. S.Rəhimovun dilindən gətirdiyim sözlərin altından qırmızı qələmlə xətt çəkmişdi.

Salamlaşdıq, oturdum. Dedi ki, məqalən pis deyil, xoşuma gəldi. Amma S.Rəhimovun dilindən gətirdiyin sözlərlə səninlə razılaşmaq çətindir. Əgər sən Bakıda və onun ətraf kəndlərində az işlənən, lakin rayonların bir çoxu üçün xarakterik olan bu sözlərin əleyhinə gedirsənsə, bununla da ədəbi dilimizi yoxsullaşdırmırsanmı? Bəs az işlənən və işlənilməyən bu sözləri yazıçılarımız bədii əsərlərdə işlətməsələr, necə olar? Mən razılaşdım və səhvimi başa düşdüm “(Ələkbər Məmmədov, “Nur karvanı” kitabı, Bakı – 2003, səh. 138).

Bəzən Üzeyir Hacıbəylinin həyat fəlsəfəsi insanı yaxşı mənada heyrətləndirir. 63 il yaşamış bir nəfər bu qədər işin öhdəsindən necə gəlmişdir? Bu böyük insan dahiyanə işlər görmüş, başqa sahələrdə olduğu kimi, dilçiliyimizə də əvəzsiz töhfələrini vermişdir.

 

Səadət QARABAĞLI, Üzeyirşünas

 

Xalq qəzeti.- 2014.- 8 fevral.- S. 7.