Prezident İlham
ƏLİYEV: “Azərbaycanın iqtisadi
potensialının gücləndirilməsində regional proqramların çox
böyük rolu olmuşdur”
Azərbaycanda bazar iqtisadiyyatı prinsiplərinin tam bərqərar olması, xarici investisiyaların qeyri-neft sektoruna, xüsusən də regionların inkişafına yönəldilməsi, əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılması, işsizlik probleminin həlli, əhalinin həyat şəraitinin yaxşılaşdırılması məsələləri Azərbaycan Prezidenti İlham Əliyevin yeritdiyi iqtisadi siyasətin prioritet istiqamətləri kimi diqqəti cəlb edir. İdarəetmə sisteminə dinamizm və müasirlik çalarları gətirən dövlət başçımız hökumətin həyata keçirməli olduğu tədbirlərin icra prosesini daim şəxsi nəzarətində saxlayır, habelə ölkənin strateji resurslarını milli inkişafa təkan verən qlobal layihələrin reallaşdırılması yönündə səfərbər edir. Bu baxımdan son illərdə regional inkişaf və qeyri-neft sektorunun tərəqqisi istiqamətində reallaşdırılmış tədbirləri xüsusi vurğulamaq olar.
Bütün bunlar barədə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr olunmuş konfransda ətraflı danışılmışdır. Ölkə Prezidenti İlham Əliyev demişdir: “Birinci beşillik proqram, demək olar ki, regionlarda böyük dönüş yarada bilmişdir. Ondan sonra ikinci proqram qəbul edildi. 2009-2013-cü illəri əhatə edən proqram başa çatdı. Deyə bilərəm ki, regionların inkişafında, ümumiyyətlə, Azərbaycanın iqtisadi potensialının gücləndirilməsində bu proqramların çox böyük rolu olmuşdur.
Azərbaycanda aparılan islahatlar, düşünülmüş siyasət ölkəmizin hərtərəfli inkişafına təkan verdi. Bu gün Azərbaycan gələcəyə çox böyük ümidlərlə, nikbinliklə baxır. Bunun əsas səbəbi iqtisadi müstəqillikdir, iqtisadi gücümüzdür və siyasi iradədir”.
Prezident İlham Əliyevin diqqət və dəstəyi sayəsində son 10 ildə regionların inkişafı, ölkə əhalisinin sosial problemlərinin həlli, o cümlədən bölgələrdə nəqliyyat xidmətlərinə olan tələbatın ödənilməsi məqsədilə müvafiq işlər görülmüş, yerli və regional əhəmiyyətli layihələr həyata keçirilmişdir. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr olunmuş konfransda bildirilmişdir ki, müvafiq Dövlət Proqramı çərçivəsində ölkənin avtomobil yollarında 3017 kilometr, o cümlədən 1103 kilometr respublika əhəmiyyətli və 1914 kilometr yerli əhəmiyyətli yol çəkilmiş, yenidən qurulmuş və təmir olunmuşdur. Bu yollarda 164 yeni körpü və yol ötürücüsü tikilmiş, 47 körpü isə əsaslı təmir olunmuşdur.
Ötən 10 ildə ölkəmizdə sürətlə aparılan tikinti-quruculuq işləri dəmir yolu infrastrukturunun yeniləşlməsinə də öz təsirini göstərmişdir. Belə ki, dəmir yolu üzrə 318 kilometr yol, Saatlı-Becar və Çarxı-Sarvan mənzillərində 2 dəmir yolu körpüsü tam yenidən qurulmuş, Ağstafa rayonunda Kür çayı üzərində yeni dəmir yolu körpüsünün tikintisi, Yevlax rayonunun ərazisində isə mövcud körpünün bərpası yekunlaşmaq üzrədir.
Regionun ən böyük nəqliyyat layihələrindən olan Avropa və Asiya arasında Azərbaycan ərazisindən keçməklə daha etibarlı nəqliyyat bağlantısını təmin edən Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə yanaşı, Ələt qəsəbəsində bu bağlantının tərkib hissəsi olan Yeni Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tikintisi sürətlə davam etdirilir. Uzunluğu 7,5 kilometr, dərinliyi 7 metr və eni 165 metr olan kanal açılmışdır. Hazırda bərə və quru yük terminallarında işlər sürətlə aparılır. Bərə terminalı cari ildə istismara hazır olacaqdır. Bundan əlavə, limanın magistral avtomobil və dəmir yollarına bağlantısı üzrə işlər yerinə yetirilir.
Konfransda diqqətə çatdırılmışdır ki, ümumilikdə 2004-2013-cü illəri əhatə edən regionların sosial-iqtisadi inkişafı üzrə qəbul edilmiş iki dövlət proqramı və əlavə tədbirlər daxilində 8332 kilometr, o cümlədən 2622 kilometr respublika əhəmiyyətli, 5710 kilometr yerli əhəmiyyətli avtomobil yolları çəkilmiş və təmir olunmuş, ümumi uzunluğu 10087 metr təşkil edən 222 körpü və yol ötürücüsü tikilmiş, 85 körpü əsaslı təmir olunmuşdur. Bundan əlavə, 400 kilometrdən çox dəmir yolu əsaslı təmir olunmuş, regionlarda yeni 4 hava limanı tikilmiş, 2 liman tam yenidən qurularaq istismara verilmiş, yeni hava gəmiləri alınmışdır. Bu dövr ərzində 16 avtovağzal tikilmiş, 9 avtovağzal yenidən qurulmuş, iri və orta tutumlu 2760 yeni avtobus, 1800 taksi vətəndaşlarımızın istifadəsinə verilmişdir.
Bu gün ölkəmizdə regional inkişaf strategiyasının prioritetlərindən olan sahibkarlığın inkişafı da əhəmiyyətli rol oynayır. Dövlət başçımızın “Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır” strateji xəttinə uyğun olaraq son 10 ildə biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması ilə bağlı ardıcıl tədbirlər həyata keçirilmişdir. Bu baxımdan qanunvericilik bazasının təkmilləşdirilməsi, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, sahibkarlığa dövlət dəstəyinin genişləndirilməsi, vergi yükünün azaldılması, sağlam rəqabətin təmin edilməsi, 400-dən çox xidmətin elektron qaydada göstərilməsi, “bir pəncərə” prinsipinin tətbiqi və digər tədbirlər nəticəsində regionlarda güclü özəl sektor formalaşmışdır.
Ötən 10 ildə Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 19 mindən çox sahibkarın ümumi dəyəri 2 milyard manat olan layihələrinin maliyyələşməsinə, 45 faizi qaytarılmış vəsait olmaqla, 1,2 milyard manat güzəştli kredit verilmiş və bu layihələr hesabına 110 minədək yeni iş yeri yaradılmışdır. Kreditlərin 78 faizi, açılan iş yerlərinin isə 81 faizi regionların payına düşür.
Prezident İlham
Əliyev Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət
proqramlarının icrasına həsr olunan
konfransda demişdir: “Biz son on
il ərzində, eyni zamanda, sahibkarlığın inkişafına çox böyük diqqət
göstərmişik. Xüsusilə sahibkarların ölkə
iqtisadiyyatına sərmayə qoyuluşunu
təmin etmək üçün dövlət
tərəfindən konkret proqramlar
icra olunmuşdur,
maliyyə resursları cəlb edilmişdir.
Sahibkarlığa Kömək
Milli Fondu hesabına bir milyard 200 milyon manat investisiya qoyulmuşdur. Sahibkarlara güzəştli şərtlərlə kreditlər
verilmişdir. Sahibkarlığın inkişafı üçün
xüsusi tövsiyə
planları da tərtib edilmişdir.
Ölkə iqtisadiyyatında
ən çox lazım olan sahələri inkişaf etdirmək üçün
artıq Sahibkarlığa
Kömək Milli Fondunun xətti ilə kreditlər ayrılır...
Mən sahibkarlarla
mütəmadi qaydada görüşürəm. Sahibkarlara öz
dəstəyimi həmişə
göstərmişəm, göstərəcəyəm.
Bu dəstək həm siyasi, eyni zamanda, maddi
dəstəkdir. Yəni dövlət
tərəfindən güzəştli
şərtlərlə ayrılan
kreditlər sahibkarlığın
inkişafına böyük
təkan vermişdir və verir”.
Azərbaycan Respublikası regionlarının
sosial-iqtisadi inkişafı
dövlət proqramlarının
icrasına həsr olunmuş konfransda son illər ərzində aqrar sahədə görülən işlərə
də toxunulmuşdur. Bildirilmişdir ki, aqrar sektorun
çoxsahəli sabit
inkişafının təmin
olunması istiqamətində
əhəmiyyətli nəticələr
əldə edilmişdir.
Belə ki,
2004-2013-cü illərdə kənd əhalisinin sayının 10,2 faiz artımı ilə müqayisədə
ümumi kənd təsərrüfatı məhsulları
istehsalının həcmi
3,3 dəfə artmışdır.
Kənd təsərrüfatının
mühüm bölməsi
olan bitkiçilikdə
2004-2013-cü illərdə əkin sahələrinin
64,2 min hektar artması ilə yanaşı, əksər
bitki növləri üzrə məhsuldarlıq
səviyyəsində də
əhəmiyyətli artımlara
nail olunmuşdur. Bu amillər hesabına həmin dövrdə bitkiçilik məhsulları
istehsalı 3 dəfə
artaraq 2 milyard 627 milyon manat təşkil
etmişdir. Heyvandarlıq
məhsulları istehsalı
isə 2004-cü ildəki
697 milyon manata qarşı 2013-cü ildə
2 milyard 617 milyon manat təşkil edərək və yaxud təxminən 3,8 dəfə artaraq ümumi kənd təsərrüfatı
məhsulunun strukturunda
payı 49,5 faizə çatmışdır.
Son 10 ildə torpaqların istifadə vəziyyətinin
statistik təhlili göstərmişdir ki,
2004-cü ildə mövcud
olan 1 milyon 635 min hektar əkin yerinin 79,2 faizində əkin aparıldığı
halda, 2013-cü ilə
1 milyon 695 min hektar əkin sahəsinin 99,4 faizində əkin aparılmışdır ki,
bu da əkin
sahəsinin demək olar tam həcmdə dövriyyəyə cəlb
olunduğunu göstərir.
Konfransda
Azərbaycan Prezidentinin
sərəncam və tapşırıqları əsasında
I və II dövlət
proqramları çərçivəsində
Azərbaycanın elektrik
enerjisi sistemində 17
yeni elektrik stansiyasının istismara
verilməsi, 10 min kilometrdən
çox elektrik verilişi xətləri və 1500-dən çox yarımstansiya inşa edilməsi və yenidən qurulması barədə məlumat verilmişdir. Bundan başqa, 2006-cı ildən
başlayaraq, hər il iki yeni elektrik stansiyası
istifadəyə verilmişdir.
Bu, Azərbaycan energetikası tarixində rekord göstəricidir.
Azərbaycan Respublikası regionlarının
sosial-iqtisadi inkişafı
dövlət proqramlarına
uyğun olaraq su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması sahəsində
böyük işlər
görülmüşdür. Dövlət büdcəsi vəsaiti və beynəlxalq maliyyə qurumlarından cəlb olunmuş kreditlər hesabına ümumilikdə 52 şəhəri
və 730 kəndi əhatə edən layihələr üzrə
işlər icra olunur. Həmin şəhərlərin 38-də
tikinti işlərinə
başlanılmış, 14-də isə layihə-smeta işləri başa çatdırılmışdır və tikintiyə hazırlıq görülür.
Artıq 8 şəhərdə su təchizatı və kanalizasiya sistemlərinin yaradılması yekunlaşmış,
12 şəhərə yeni
mənbələrdən suyun
verilməsi təmin edilmişdir. Nəticədə rayon mərkəzlərində yaşayan 330 min nəfərin
su təchizatı əsaslı şəkildə
yaxşılaşmışdır ki, onların da 125 mini ilk dəfə mərkəzləşdirilmiş qaydada su alanlardır.
Regional dövlət proqramının
icrası dövründə
Bakı şəhəri
və Abşeron yarımadasının su təminatında müstəsna
əhəmiyyət daşıyan,
memarı ulu öndərimiz Heydər Əliyev olan Oğuz-Qəbələ-Bakı su kəməri tikilərək istifadəyə
verilmişdir. Bununla da Bakı şəhərinin
su təchizatında stabillik təmin edilmiş, fasiləsiz su alan əhalinin xüsusi çəkisi əhəmiyyətli
dərəcədə artmışdır.
Nəticədə Kür sutəmizləyici
qurğularından Abşeron
yarımadasına verilən
suyun həcminin azaldılmasına və yaranan əlavə ehtiyatın su təchizatı zəif olan bölgələrə
yönəldilməsinə imkan yaranmışdır.
Beləliklə, 1970-ci illərdə ulu öndər Heydər Əliyevin kənd və qəsəbələrin mərkəzləşdirilmiş
qaydada su təminatının həyata
keçirilməsi üçün
irəli sürdüyü
qrup su kəmərləri
ideyasının reallaşması
mümkün olmuşdur.
Kür sutəmizləyici qurğularının
imkanlarından istifadə
edilərək Şirvan-Muğan
və Saatlı-Sabirabad
qrup su kəmərləri
layihələndirilmişdir.
Göründüyü kimi, həyata keçirilən ardıcıl
və sistemli sosial-iqtisadi islahatlar nəticəsində sabit və dinamik inkişaf edən, etibarlı tərəfdaş
bir ölkə kimi tanınan Azərbaycanın nüfuzu
daha da artmışdır. Dövlət
başçısı tərəfindən
təsdiqlənmiş “Azərbaycan
2020: Gələcəyə baxış” İnkişaf
Konsepsiyasında müəyyənləşdirilmiş
hədəflər bir
daha göstərir ki, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi
ilə bütün sahələri əhatə
edən irimiqyaslı tədbirlərin həyata
keçirilməsi bundan
sonra da Azərbaycanın davamlı
inkişafını, onun
dünyada mövqeyinin
daha da möhkəmlənməsini
və xalqımızın
sosial-iqtisadi vəziyyətinin
davamlı olaraq yaxşılaşmasını təmin
edəcəkdir.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2014.- 9 fevral.- S. 1.