Azərbaycanın
iqtisadi qüdrəti artdıqca, dünya birliyindəki reytinqi
də yüksəlir
Son on ildə Azərbaycanda bütün sahələr üzrə islahatların davam etdirilməsi, ölkə iqtisadiyyatının qüdrətlənməsi və beynəlxalq təşkilatlarda mövqelərimizin getdikcə möhkəmlənməsi müstəqil dövlətimizin dünya birliyindəki reytinqini daha da artırıb. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilən daxili və xarici siyasət sayəsində Azərbaycan uğurla inkişaf edir, beynəlxalq aləmə sürətlə inteqrasiya olunur.
Bu gün Azərbaycan dünyada ən sürətli templərlə inkişaf edən müstəqil dövlətdir. Müstəqillik yoluna qədəm qoyduğu vaxtdan az sonra qazanılan uğurlara diqqət yetirsək, bir daha şahidi olarıq ki, qısa bir dövrdə bu qədər nailiyyətlər qazanılan ikinci bir dövlət yoxdur. Bu inkişaf artıq bütün mötəbər beynəlxalq təşkilatlar tərəfindən də öz yüksək qiymətini alıb. Hətta, ölkəmizin bəzi sahələrdəki təcrübəsi indi beynəlxalq aləmdə ən müsbət təcrübə kimi təbliğ olunur.
Prezident İlham Əliyevin həyata keçirdiyi strategiya sayəsində ötən 10 ildə Azərbaycan regionun iqtisadi baxımdan ən qüdrətli dövlətinə, eyni zamanda, xarici investisiyalardan asılı ölkədən sərmayə qoyan ölkəyə çevirib. 2004-cü ildən başlayaraq ildən-ilə Azərbaycanın maliyyə potensialı güclənib, iqtisadiyyatın sürətli inkişafı ölkənin maliyyə imkanlarının genişləndirilməsini və xarici ölkələrə investisiya qoyuluşu üçün əlverişli şəraitin yaradılmasını təmin edib.
Respublikamızın iqtisadi qüdrətinin davamlı olması müxtəlif sahələr üzrə fəaliyyət göstərən və sürətlə inkişaf edən özəl şirkətlərin yaranmasına təkan verib. Bununla yanaşı, dövlət şirkətləri imkanlarını genişləndirərək xarici bazarlara çıxıb. Nəticədə Azərbaycan Avropa ölkələri, Rusiya, Türkiyə, Gürcüstan və digər ölkələrdə iri kapital qoyuluşları həyata keçirən investor ölkəyə çevrilib.
Ölkəmizin iqtisadi qüdrətinin artması informasiya-kommunikasiya texnologiyalarının inkişafına da öz təsirini göstərmişdir. Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının sürətlə inkişaf etdiyini təsdiq edən məqamlardan biri və ən başlıcası kosmik sənayenin inkişafıdır. Bu məqsədlə 2008-ci ildən etibarən Prezident İlham Əliyevin qərar və tövsiyələri ilə kosmik tədqiqatlara başlanılmış və elə həmin il dövlət başçısı “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında” sərəncam imzalamışdır. Bu istiqamətdə həyata keçirilən uğurlu fəaliyyətin nəticəsi olaraq ötən il fevralın 8-də Azərbaycan Respublikasının ilk telekommunikasiya peyki - “Azərspace-1" uğurla orbitə buraxımışdır. Bununla da ölkəmizin dünya birliyindəki reytinqi daha da yüksəlmişdir. Son illər ərzində Azərbaycan xaricə 10 milyard dollardan çox investisiya qoymuşdur. Təbbi ki, bu fakt da Azərbaycanın qüdrətli, güclü və dayanıqlı dövlət olmasının nəticəsidir.
Yanvarın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilmiş Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bu barədə daha ətraflı məlumat verildi. Qeyd olundu ki, ötən il qazanılan uğurlar ölkəmizin 2014 - cü ildə daha böyük nailiyyətlər əldə edəcəyindən xəbər verir. Ölkə başçısı regionlara səfərləri zamanı qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi ilə yerində tanış olmuş və yeni müəssisələrin bünövrəsinin qoyuluşunda şəxsən iştirak etmişdir. Qeyd edək ki, möhtərm Prezidentimiz ötən il regionlara səfərləri zaman 131 sosial obyektin açılışında iştirak edib, 43 mərkəzdə aparılan təmir-tikinti, əsaslı bərpa və yenidənqurma işləri və yaradılan şəraitlə tanış olub. Faktlara nəzər salsaq, bir daha aydın olar ki, yola saldığımız il müstəqillik tariximizdə uğurlu il kimi qalacaq. Çünki bir ildə bölgələrdə 15 Heydər Əliyev Mərkəzi, 17 istehsal müəssisəsi, 7 gənclər mərkəzi, 7 istirahət kompleksi və park, 6 Bayraq meydanı, 6 hotel kompleksi, 6 mədəniyyət mərkəzi, 4 Olimpiya İdman Kompleksi, 5 idman mərkəzi, 5 mərkəzi xəstəxana, 3 körpələr evi-uşaq bağçası, 2 muzey, 2 elektrik stansiyası, 1 hava limanı tikilib istifadəyə verilib. Azərbaycan Prezidenti səfər etdiyi 36 rayon və şəhərin 17-ə içməli suyun verilməsi, su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurmadan sonra istifadəyə verilməsi ilə əlaqədar keçirilən tədbirdə, həmçinin 16 rayonda avtomobil yolunun açılışında iştirak edib. Bunlarla yanaşı ölkə başçısı Milli Ordumuzun bölgələrdə yerləşən hərbi hissələrindəki vəziyyətlə də tanış olub. Bu da Vətənimizin müdafiəsində ayıq-sayıq dayanan əsgər və zabitlərimizdə böyük ruh yüksəkliyi yaradıb. Respublikamızda yoxsulluğun səviyyəsi 5,3 faiz olmuşdur. Azərbaycanın xarici dövlət borcunun ümumi daxili məhsula nisbətdə cəmi 8 faiz təşkil etməsi də böyük uğur hesab olunur. Bu, dünya miqyasında ən yaxşı göstəricilərdən biridir. Davos İqtisadi Forumunun son açıqlamasına əsasən rəqabətqabiliyyətliliyinə görə Azərbaycan dünyada 39-cu olmuşdur. 2013-cü ildə əmək haqlarının sosial müavinətlərin və pensiyaların artırılması, MDB məkanında məhz Azərbaycanda Sovet dövründən qalan əmanətlərin kompensasiyasının ən qısa müddətdə və ən yüksək əmsalla reallaşdırılması ölkəmizin iqtisadi qüdrətindən irəli gəlmişdir. 2013-cü ildə TAP və Şahdəniz-2 qlobal səviyyəli layihələrin reallaşdırılmasında Azərbaycanın rolu xüsusi qeyd olunmalıdır. Həmçinin qeyd olunmalıdır ki, ötən il Azərbaycan iqtisadiyyatına rekord miqdarda - 28 milyard dollar investisiya qoyulmuşdur. Azərbaycanın strateji valyuta ehtiyatının 50 milyard dollara çatması da müstəqillik tariximizdə imza atılan nailiyyətlərdəndir. Bu uğurlarla bərabər 2013-cü ildə ölkəmizdə 80 mini daimi olmaqla 110 min yeni iş yerinin yaradılması və işsizlik problemi bir qədər də aradan qaldırılmış və 5 faiz təşkil etmişdir.
Dövlətimizin başçısının sədrliyi ilə keçirilmiş Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında 2014 - cü ilin “Sənaye ili” olacağı bildirildi. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 2014-cü ilin Azərbaycan Respublikasında “Sənaye ili” elan edilməsi haqqında sərəncam da imzalayıb. Sərəncamda qeyd olunur ki, ötən əsrin 70-80-ci illərindən başlayaraq Azərbaycanda sənayeləşmə siyasəti geniş miqyasda həyata keçirilib, yüzlərlə sənaye müəssisəsi inşa edilib, bu sahədə güclü potensial yaradılıb.
Ölkə başçısı sərəncamda Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkə iqtisadiyyatının sənayeləşməsini sürətləndirmək, Azərbaycanın güclü sənaye mərkəzinə çevrilməsi üçün mövcud potensialdan daha səmərəli istifadə etmək məqsədi ilə qərara alıb ki, 2014-cü il Azərbaycan Respublikasında “Sənaye ili” elan edilsin. Möhtərtəm Prezidentimiz bu il ölkənin gələcək inkişaf dinamikasını müəyyən edən sənaye sahəsinə daha da böyük diqqət verilməli olduğunu diqqətə çatdıraraq demişdir: “Texnoparklar, yeni sənaye müəssisələri, ixrac yönümlü sənaye məhsullarının istehsalı, emal müəssisələrinin, böyük sənaye komplekslərinin yaranması - bütün bu işlər ölkəmizin gələcək inkişafını təmin edəcək, neft-qaz amilindən asılılığı daha da azaldacaq və ölkə iqtisadiyyatının dayanıqlı şəkildə inkişafını müəyyən edəcək”.
Hazırkı mərhələdə müasir çağırışlar və yeni təşəbbüslər nəzərə alınmaqla sənayenin modernləşdirilməsi və qeyri-neft sənayesinin şaxələndirilməsi məqsədi ilə bir sıra tədbirlərin həyata keçirilməsi, o cümlədən mövcud təbii və iqtisadi resursların təsərrüfat dövriyyəsinə cəlb edilməsi, ənənəvi sənaye sahələri ilə yanaşı, yeni prioritet istehsal sahələrinin, sənaye parklarının yaradılması, regionlarda sənaye potensialının gücləndirilməsi, sənayenin innovasiyalar əsasında inkişafını təmin edəcək imkanların formalaşdırılması çox zəruridir.
Son on ildə Azərbaycan iqtisadiyyatının bütün sahələrində olduğu kimi, sənayenin inkişafında da böyük uğurlar qazanılmış, sənaye məhsulları istehsalının həcmi 2,7 dəfə artıbdır. Bu müddət ərzində rəqabətqabiliyyətli müasir sənaye sahələrinin yaradılması, sənayenin infrastruktur təminatının yaxşılaşdırılması sahəsində çoxsaylı layihələr icra edilib, yeni iş yerləri açılmış, ölkə sənayesi yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.
Ölkəmizin iqtisadi qüdrətinin getdikcə artması artıq dünya miqyasında da qeyd edilir. Yaxın günlərdə Prezident İlham Əliyevin də iştirak etdiyi Davos Forumunda da ölkəmizin sosial - iqtisadi uğurları barədə ətraflı söhbət getmişdir. Forum iştirakçıları Azərbaycanda gedən iqtisadi yüksəlişə diqqət çəkmiş və ölkəmizlə əməkdaşlıqda maraqlı olduqlarını bildirmişlər. Bu fakt Azərbaycanın beynəlxalq iqtisadi nüfuzunun daha da artmasından və yeni tərəfdaşlıq imkanlarının yaranmasından xəbər verir.
Dünya İqtisadi Forumu iştirakçılarının Azərbaycana xüsusi maraq göstərməsi, həm də ölkəmizin dünya iqtisadi münasibətlərindəki yeri ilə bağlıdır. Məlumdur ki, Azərbaycan son illər dünyanın iqtisadi cəhətdən dinamik inkişaf edən ölkələrindən biri kimi tanınmış, iqtisadi gücünə görə Cənubi Qafqaz regionunun lider dövlətinə çevrilmişdir. Ölkəmizin iqtisadiyyatı hazırda region iqtisadiyyatının 80 faizindən çoxunu təşkil edir. Azərbaycanın təşəbbüsü və iştirakı ilə gerçəkləşən qlobal əhəmiyyətli enerji layihələri respublikamızın dünya iqtisadiyyatındakı yerini daha da möhkəmləndirmişdir. Bu baxımdan dövlət və hökumət başçılarının, aparıcı beynəlxalq şirkətlərin rəhbərlərinin, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin qatıldığı Dünya İqtisadi Forumunda iştirakı Azərbaycanın iqtisadi potensialının dünyaya tanıdılmasında, ölkəmizin tutduğu inkişaf xəttinin beynəlxalq ictimaiyyətin diqqətinə təqdim olunmasında mühüm əhəmiyyətə malikdir.
2014-cü ilin “Sənaye ili” elan olunması
ayrı-ayrı illərdə strateji məsələləri
önə çəkməklə və məhz həmin ildə
həmin sahəyə diqqəti artırmaqla bu
sektorun daha çox inkişaf etməsinə
nail olunacaq. Bu sahədə əldə olunan
uğirlara diqqət yetirməklə bunu açıq - aydın hiss
etmək olar. Məsələn, 2012-ci il “Turizm ili”, 2013-cü il “İKT ili” elan edildi.
Hər iki ildə həyata keçirilən iri iqtisadi layihələr, yatırılan vəsaitlər
öz bəhrəsini
verdi. Azərbaycanda dünya standartlarına cavab verən çoxlu sayda turist kompleksləri inşa edildi, turizm sektorunda sürətli inkişaf yarandı, xarici ölkələrdən Azərbaycana
turist axını başlandı. Növbəti “İKT ili”ndə isə ölkəmiz kosmik ölkələr ailəsinə
daxil oldu.
2014-cü ilin “Sənaye
ili” elan edilməsi şüardan ibarət deyil. Artıq
Azərbaycanda iqtisadiyyatın
inkişafı, sənayeləşmənin
ciddi əsası qoyulduğuna görə, bu il sənayeni bütün istiqamətlərdə irəli
aparmaq mümkün olacaq. Biz artıq
bu ilin başlanğıcında
bu inkişafın şahidi olduq. 2014-cü ilin birinci
həftəsində artıq
iki böyük obyektin açılışı
olub. Qəbələdə “Tufan” Dağ-Xizək
Mərkəzi və Bakıda müstəqillik
dövründə tikilmiş
ən böyük tibb ocağı - Bakı Sağlamlıq Mərkəzi artıq açılıb. Bunlar 2014 - cü
ilin artıq yadda qalan hadisələrlə
başlandığından xəbər verir. Möhtərəm Prezidentimiz İlham
Əliyevin diqqəti sayəsində ölkəmizdə
həm ənənəvi
sənaye sahələri,
həm də Azərbaycan üçün
yeni olan sənaye müəssisələri
ardıcıl sürətdə
istifadəyə verilməkdədir.
Təbii ki, bu da Azərbaycan
iqtisadiyyatında sənayenin
həcminin durmadan artmasına gətirib çıxarır Bütün
bunlar yeni iş yerləri, dövlət büdcəsinə
yeni gəlirlərin gəlməsi, eyni zamanda Azərbaycan və xarici bazarın ciddi surətdə tutulması deməkdir. Təbii ki, bu da Azərbaycan iqtisadiyyatında sənayenin
həcminin durmadan artmasına öz müsbət təzahürlərini
göstərəcək.
Ölkəmizdə sənaye sahələrinin
inkişafı ötən
il də
diqqət mərkəzində
saxlanılmışdır.Cari ilin birinci yarısında
Azərbaycanın bölgələrində
170-dən artıq yeni
müəssisə istismara
verilmiş, 450-dən artıq
müəssisənin yaradılması
davam etdirilmişdir. Sənayeləşdirmə siyasətinin aparılması
nəticəsində birinci
yarımillikdə 50-dən artıq sənaye müəssisəsi və
istehsalat sahəsi işə salınıb.
Hazırda tikiş və toxuculuq sənayesi, kağız və karton emalı, plastik boru və digər
plastik məmulatların
istehsalı, karton və tara
istehsalı üzrə
fabrikin, elektrotexniki avadanlığın istehsalı
zavodunun tikintisi sahələrində 120-dən artıq
sənaye müəssisənin
yaradılması davam
edir.
2014-cü ilin “Sənaye ili” elan edilməsi
bu sahənin inkişafına təkan verəcək və iri sənaye obyektlərinin yaradılması
və istfadəyə
verilməsi istiqamətində
qətiyyətli addımlar
atılacaq.
Mirkazım KAZIMOV,
Milli Məclisin deputatı,
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü
Xalq qəzeti.- 2014.- 9 fevral.- S. 5.