Sözə, qələmə,
yazıya bağlı həmkarımız
...Sözə, qələmə, yazıya bağlı həmkarlarımız barədə söz açan qələm sahibləri əksərən belə ifadələrə yer verirlər ki, bu peşə onun uşaqlıq arzularından biri idi. Həmin ifadəni bu sətirlərin qəhrəmanına şamil etmək qətiyyən mümkün deyil. Çünki o, peşələrin fərqinə varmaq yaşına çatanda - Tovuzdakı Puşkin adına orta məktəbin sonuncu sinifində oxuyanda qəti qərara gəlmişdi ki, hüquqşünas olacağam.
Belə qərar qəbul etməsinə nəsillərində tanınmış hüquqşünasların olması da zəmin yaratmışdı. Hətta, əmisi Zilli müəllim Daxili İşlər Nazirliyində rəhbər vəzifələr tutmuşdu. Atasının təkidi ilə hüquqşünaslıqdan vaz keçməli olan Zərifə həmin illər universitetin filologiya fakültəsində oxuyan bacısı Tərlanın seçimi ilə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə sənəd verdi və...bununla da o, öz istəyi ilə deyil, həyatın diqtəsi ilə getməli olduğu ilk yola çıxdı. Hətta, attestat qiymətlərinin hamısının əla olması da onun həyatın diqtəsindən bir addım kənara çıxa bilməsinə kömək etmədi.
Ancaq həyat təkcə ona diqtə etmir, həm də onun valideynlərini sevindirirdi. Zərifənin bütün imtahanları əla qiymətlərlə verdiyi semestrlərin sonunda universitetdən Tovuza – atası Bəşir Namazovun ünvanına təşəkkür məktubları gəlir, o da qonşular və qohumlar arasında ürəyinin “dağa döndüyünü” söyləyirdi. Evdə bacıların beşincisi olsa da, qardaşların hamısından böyük olduğuna görə atasına üzağlığı gətirən hələ ki, o, idi. Elə universiteti bitirəndə təyinat bölgüsü ilə Bakıda qalması, “Yazıçı” nəşriyyatında işə düzəlməsi, görkəmli nasir Əjdər Xanbabayevin qayğısı nəticəsində korrektor, kiçik redaktor, redaktor və böyük redaktor vəzifələrində çalışması da qohum-qardaşına sevinc bəxş edən məqamlardan idi.
“Yazıçı”da işlədiyi illərdə bu gənc nəşriyyat işçisinin əlindən yüzlərlə kitab gəlib keçmişdi. İşlədiyi şöbənin adı onun hansı səviyyədə olan kitabların ərsəyə gəlməsində iştirak etdiyi barədə təəssürat yaradır : “Klassik ədəbiyyat, folklor və çoxcildliklər” şöbəsi. Həmin dövr Azərbaycan ədəbiyyatının və ədəbiyyatşünaslıq elmimizin ən görkəmli simalarından olan Məmmədağa Sultanov, Əkrəm Cəfər, Qulam Məmmədli, Rəsul Rza, Balaş Azəroğlu, Mədinə Gülgün, Nigar Rəfibəyli və onlarla digər yaradıcı ziyalılarımız tez-tez “Yazıçı”nın qonağı olur, kitabların ərsəyə gəlməsi prosesi ilə maraqlanırdılar. Gənc nasir və şairlərin əsərlərindən ibarət almanaxların hazırlanması prosesinin də öz gözəllikləri var idi. İstənilən müəllif və istənilən yazı ilə bağlı konklret və ədalətli mövqe ortaya qoyulmalı, hamının fikirləri dinlənilməli idi. Yüzlərlə əsərlərin redaktəsində özünəməxsus xidmətlər göstərən Zərifə həm bu proseslərə tez alışdığına, həm də tapşırılan işi məsuliyyətlə yerinə yetirdiyinə görə Mətbuat, Nəşriyyat, Poliqrafiya və Kitab Ticarəti İşləri üzrə Dövlət Komitəsi rəhbərliyinin fəxri fərmanlarına və pul mükafatlarına layiq görülmüşdü.
Tale onu 1996-cı ildə indi işlədiyi kollektivə – “Xalq qəzeti” redaksiyasına gətirdi. Amma, deyəsən, burada Zərifənin doğma ixtisası olan jurnalistikada istədiyi kimi fəaliyyət göstərməsi üçün daha böyük imkanlar açılmışdı. Məruz qaldığı cərrahi əməliyyatlara qədər elə bir gün olmurdu ki, azından iki tədbirdə iştirak etməsin. Sosial siyasət şöbəsinin əksər yazılarının müəllifi idi.
Bundan başqa, onun “Yazıçı” nəşriyyatında qazandığı təcrübə “Xalq qəzeti”ndə də özünü göstərir. Belə ki, redaksiya əməkdaşlarından hansının kitabı çapa hazırlanırsa, mütləq ağsaqqallardan belə bir məsləhət eşidir: “Çapa təqdim etməzdən əvvəl ver Zərifə də oxusun. İşin xeyirinə olar”. Verirlər, redaktor kimi oxuyur və həqiqətən işin xeyirinə olur.
Yeri gəlmişkən, onun kollektiv üzvü kimi bir çox başqa keyfiyyətləri də vardır. Bu isə hamının xeyir-şərinə yaraması, hansısa problemi olan həmkarımıza kömək məqsədiylə öz tanış-bilişlərinə zəng etməsi və hətta ilkin tibbi məsləhətlər verməsi kimi müsbət keyfiyyətləridir. Mətbuatımızın veteranlarından olan Telman Heydərovun zarafatla dediyi “Zərifə redaksiyanın təcili yardımıdır” – ifadəsindəki həqiqət zarafatdan qat-qat artıqdır. Yəni bu həmkarımız harada işləməsindən, hansı kollektivdə çalışmasından asılı olmayaraq həmişə bəxti gətirib, tale ona öz istədiyi kimi iş yoldaşları bəxş edib. Amma çox təəssüf ki, bu fikirləri onun şəxsi həyatına şamil etmək mümkün deyil...
...Hələ ikinci kursda oxuyanda, qrup yoldaşı, ucarlı Ələkbər Hüseynovun kiçik bir kağıza “səni sevirəm” sözlərini yazaraq Zərifənin mühazirə dəftərinin arasına qoyması onun ömrünün həm ağlı, həm də qaralı günlərinin başlanğıcı idi. Universiteti qurtaranda hər ikisi Bakıda qalmalı oldular, 1974-cü ilin oktyabrında ailə qurdular, “Sovetski”də darısqal otaqlarda kirayənişin qaldılar, sonra Ələkbər komsomol sistemində müxtəlif rəhbər vəzifələr tutdu, Moskvaya – ikinci ali təhsi almağa göndərildi və növbəti vəzifələr... Beləliklə, ailələrindəki Günay və Günel Bakıda, Lamiyə və Tural isə Saatlıda dünyaya gəldilər. 1989-cu ilin noyabrında Saatlı rayon komsomol komitəsinin birinci katibi olan Ələkbər Hüseynov Azərbaycan komsomolu Mərkəzi Komitəsinə vəzifəyə gətirildi və cəmi 33 yaşında ağır xəstəlikdən sonra dünyasını dəyişdi. Ağrı üstünə ağrı gətirən məqam idi ki, Ələkbər Hüseynovun 40 məclisi veriləndə 20 Yanvar şəhidləri dəfn olunurdular. Yəni artıq 24 ildir ki, Zərifə Hüseynova 4 övladının həm anası, həm də atası kimi onlara qayğı göstərir.
Amma heç kəsi darda qoymayan Ulu Tanrı ona uşaqlarını sağlam və ali təhsilli mütəxəssis kimi böyütmək imkanı verdi. Qızlarının üçü də ailə qurub, oğlu nişanlıdır. Hamısı cəmiyyətdə öz yerini tutmaq istiqamətində uğurlu addımlar atıblar. Sonuncu qızı Lamiyənin toyunda qonaq olan tovuzlu aşığın dediyi kimi, bu uşaqların xalqa və dövlətə lazımlı səviyyədə böyüdülməsi Zərifə Bəşirqızının hünəridir. Bu hünərli həmkarımızı 60 yaşının tamam olması münasibətilə təbrik edir, can sağlığı və daha çox sevincli günlər görmək arzulayırıq!
İttifaq MİRZƏBƏYLİ
Xalq qəzeti.- 2014.- 9 fevral.- S. 7.