Lev Tolstoyun qızının general
Mehmandarovla görüşü
1929-cu ilin payızında bolşevik hökumətindən
narazı olan dahi yazıçı Lev Tolstoyun qızı
Aleksandra Lvovna (1884-1979) atasının əsərlərinin nəşri
ilə maraqlanmaq bəhanəsi altında Yaponiyaya getdi. O, A.V.Lunaçarskinin
köməkliyi ilə icazə ala bilmişdi. Bolşeviklər
Aleksandranı 1920-ci ildən 1929-cu ilə qədər beş dəfə həbs etmişdilər.
Aleksandra Yasnaya Polyana kəndlilərinin, din xadimlərinin kulak kimi günahsız həbs
və sürgün olunmasına qarşı
çıxır, L.Tolstoy muzeyinin baxımsız vəziyyətə
düşməsinə etiraz edirdi. Leninə, Kalininə, Stalinə,
Frunzeyə və başqa dövlət xadimlərinə
yazdığı şikayət məktubuna əsasən onu
türmədən azad edir və yenidən həbsə
atırdılar. Lubyanka türməsində həbsdə olanda
Aleksandra kameranın divarına yazmışdı:
“İnsanın ruhu azaddır. Onu heç nəylə
məhdudlaşdırmaq olmaz— nə divarla, nə də dəmir
hasarlarla”.
Aleksandra iyirmi ay atasının pərəstişkarı
olan yapon yazıçısı Kendziro Tokutominin evində
qaldı. Hələ
1906-cı il iyunun 30-da Yasnaya Polyanaya Lev
Tolstoyun görüşünə gələn Tokutomi ilə
Aleksandranın tanışlığı vardı. 1910-cu ildə Tolstoyun vəfatından sonra da yapon
yazıçısı ilə Aleksandra məktublaşır və
atasının Yaponiyada əsərlərinin nəşri barədə
məlumat alırdı. Həbsxanalardan canını
qurtaran Aleksandra Lvovna 1931-ci ildə Sovet vətəndaşlığından
imtina etdi və böyük çətinliklə Yaponiyadan
ABŞ-a mühacirətə getdi.
Amerikada
qırx səkkiz il yaşayan Aleksandra
Lvovna fermer təsərrüfatı ilə məşğul
oldu. “Lev Tolstoy fondu” yaratdı və keçirdiyi
ağrılı-acılı həyatı barədə “Atam”,
“Lev Tolstoyun qızı”, “Qaranlıqda işartı”, “Mənim
həyatım sovetlərdə” və digər əsərlərini
yazdı.
Tədqiqatçılar yazırlar ki, Tolstoyun
övladlarından ən istedadlısı onun on ikinci
övladı Aleksandra Lvovna olmuşdur. Atasının
çətin xətlə yazdığı əsərlərin
əlyazmasını qayğı ilə köçürən,
ən yaxşı həmsöhbəti və etibarlı şəxsi
də Aleksandra olmuşdur. Hətta dahi Lev Tolstoy Astanovo
stansiyasında 1910-cu il iyulun 22-də
yazdığı “Vəsiyyətnamə”sini də kiçik
qızı Aleksandraya etibar etmişdir. O, həm də cəsarət
və şücaətdə də atasına çəkmişdi.
Təsadüfi deyil ki, Aleksandra 1914-cü ildə
Birinci Dünya müharibəsi başlananda hərbi şəfqət
bacısı kimi könüllü cəbhəyə
getmiş, üç dəfə “Müqəddəs Georgi”
medalı ilə təltif olunmuşdur.
1916-cı ildə Aleksandra sanitar dəstəsinin rəhbəri
kimi Qafqaz cəbhəsində yarım ildən çox
artilleriya generalı Səməd bəy Mehmandarovun korpusunda
xidmət etmişdir. Aleksandra Lvovna xatirəsində yazır: “Smorqon
yaxınlığında döyüşçülərinizin
növbəti hücumu gözlənilirdi. İkinci
Qafqaz ordu korpusunun komandanı general Mehmandarov məni yanına
çağırıb səmimi görüşdü.
- Qrafinya
Aleksandra Lvovna, - dedi, - bir azdan bizim 64-cü diviziya
döyüşə başlayacaq. Sizin ad
gününüzü təbrik eləməyə vaxt olmayacaq.
Axı, bu gün iyunun 18-dir. Sizi ad
gününüz münasibətilə səmimi qəlbdən
təbrik edirəm".
Göydən od-alov yağdığı bir vaxtda da
xeyirxah komandan general Səməd bəy Mehmandarov qrafinyaya diqqətini
əsirgəməmişdi. Bu iki şəxsiyyətin
bir-birinə səmimi münasibəti və Aleksandra
Lvovnanın həmyerlimiz haqqında yazdığı xatirələri
oxucuda iftixar hissi doğurur.
* * *
Aleksandra
Lvovna general Səməd bəylə ilk
görüşünü belə xatırlayır: “İkinci Qafqaz
ordu korpusunun qərargahı ön cəbhəyə
yaxınlaşmışdı və meşədə, hər
tərəfdən maskalanmış rahat blindajda yerləşirdi.
Cavan zabit məni korpusun qərargahına
ötürdü və girişdə nəzakətlə
blindaja birinci daxil olmağımı təklif etdi.
Müşayiətçi aydın Qafqaz ləhcəsi ilə rəhbərliyə
dəstə müvəkkilinin gəldiyini məruzə etdi:
- Cənab korpus komandiri, səkkizinci sanitar dəstəsinin
müvəkkili qrafinya Tolstaya sizin sərəncamınıza gəlmişdir".
Daha sonra
Aleksandra Lvovna yazır ki, rütbəcə böyük olan
zabit masadan aralanaraq dəstə müvəkkilini
qarşıladı:
- General
Mehmandarov, hörmətli xanım, - deyə şəfqət
bacısı formasındakı müvəkkilin titulu və
soyadından karıxmış, buna görə də onun
uzadılmış əlini xüsusi nəzakətlə
öpən korpus komandiri özünü təqdim etdi. Digər iki zabit yerlərində qaldılar, ancaq qamətlərini
düzəltməklə və başlarının hərəkəti
ilə onu salamladılar.
General Səməd bəy Mehmandarov qrafinyaya öz qərargahının
rəisi general-mayor Fyodorovu və kapitan İvliyevi təqdim
etdi, sonra isə hamıya təmiz havaya
çıxmağı təklif etdi. Buradaca, blindajın
yanında Aleksandra Lvovna komandana sənədləri verərək
dəstənin təyinatı, onun tərkibi və imkanları
haqqında məruzə etdi. Gün
işığında o, generalı daha diqqətlə nəzərdən
keçirə bildi. Onun sıx və
olduqca özünəməxsus formalı saqqalı, gur
saçları tamamilə ağarmışdı. Gözəl donqar burnu, tünd-qonur iri və mənalı
gözləri generalın əsilli olduğunu göstərirdi.
Günlər keçdikcə Aleksandra Lvovna onun haqqında
saysız-hesabsız təriflər və tərcümeyi-halının
təfərrüatlarını eşitdi...
Səməd
bəy Mehmandarov 1855-ci il oktyabrın 16-da
Azərbaycanın Lənkəran şəhərində zadəgan
ailəsində anadan olmuşdur. İlk təhsilini
Bakı gimnaziyasında almış, sonra isə
Peterburqdakı Konstantinovski yunker məktəbində
oxumuşdu.
Səməd bəy Mehmandarov öz hərbi karyerasına
1876-cı ildə onun birinci Türküstan artilleriya
briqadasının batareya komandiri təyin olunması ilə
başlayır. Kokand xanlığının fəthində
iştirakına görə cavan poruçik ilk hərbi
mükafatına - üçüncü dərəcəli
Stanislav ordeninə layiq görülür. 1894-cü
ildə Mehmandarov Varşava hərbi dairəsinə, sonra isə
komandiri olacağı Zabaykalye artilleriya divizionuna
keçirilir. 1900-1901-ci illərdə Səməd
bəy Mehmandarov Çində üsyanın yatırılmasında
iştirak edir. Danışırdılar
ki, Xeylunqazyan əyalətinin mərkəzi,
üsyançı şəhər Sisikarının
mühasirəsi zamanı o vaxt mühasirəyə rəhbərlik
edən general Rennekampf Mehmandarovun batareyalarına şəhərin
cənub darvazalarından çıxmağa cəhd edən
üsyançıları məhv etmək əmri vermişdi.
Silahsız üsyançıların
darvazalardan çıxdıqlarını görən
Mehmandarov çinlilərə atəş açmaqdan imtina
edir. Onların başları üzərindən
cəmi bir neçə atəş açır ki, bununla da
onları şəhər divarları arxasında gizlənməyə
məcbur edir.
Rus-yapon müharibəsi zamanı Səməd bəy
Mehmandarov artıq polkovnik rütbəsində Port-Arturun qəhrəman
müdafiəsində iştirak edir və 1908-ci ildə
yüksək hərbi peşəkarlığına görə
ona general-leytenant rütbəsi verilir.
Birinci Dünya müharibəsi başlananda təcrübəli
general artıq general İrmanın komandanlığı
altındakı üçüncü Qafqaz ordu korpusunun tərkibinə
daxil olan 21-ci diviziyanın komandanı idi. Hərbi əməliyyatlar
general Hindenburqun alman ordularının hücumu ilə
başladı. Üçüncü Qafqaz
korpusunun qarşısında Kozenitsa rayonunda alman qüvvələrinin
diqqətini Varşavadan yayındırmaq vəzifəsi
qoyulmuşdu.
Düzənlik və bataqlıq əraziləri
sözün həqiqi mənasında sulara qərq edən,
onları nəinki ağır texnika, həm də piyadalar
üçün keçilməz edən aramsız payız
yağışları üçüncü Qafqaz korpusunun
üç diviziya və korpus hissələrinin hücumu
inkişaf etdirmək cəhdlərinə ciddi əngəl
oldu. Kozenitsanı ələ keçirənə və o
qədər də böyük olmayan plasdarmda möhkəmlənənə
qədər üçüncü Qafqaz korpusunun
diviziyaları üç dəfə hücumu inkişaf etdirməyə
cəhd edirlər. Bu döyüşlərdə
alman artilleriyasının üstün qüvvələrinə
baxmayaraq general Mehmandarovun diviziyası fərqləndi.
1915-ci ilin sentyabrında general Mehmandarov tərkibinə
iki piyada diviziyasının, korpus artilleriyasının,
süvari alayının, istehkamçı batalyonun, aviodəstə
və teleqraf bölüyünün daxil olduğu ikinci Qafqaz
korpusunun komandiri təyin olunur. Bu təyinatdan sonra
artilleriya generalı Səməd bəy Mehmandarov
döyüşlərdə fərqləndiyinə görə
Knyaz Aleksandr Nevski ordeni və qılıncla təltif edilir.
1916-ci ilin yay kampaniyasında Səməd bəy
Mehmandarovun komandanlığı altında 2-ci Qafqaz korpusu
Zalesye Smorqon rayonunda fəaliyyət göstərirdi. Almanların tətbiq
etdikləri bombardmanlar və qaz hücumları zamanı cəbhədə
faciəli vəziyyət yaranmışdı. Doqquz min rus döyüşçüsü zəhərlənmişdi.
Aleksandra Lvovna yazır ki, dəstənin tibbi heyətinə
də ciddi ziyan dəymişdi.
Rus ordusunda 40 ildən artıq xidmət etmiş
artilleriya generalı Səməd bəy Mehmandarov da tezliklə
ciddi mənəvi sınaqlardan keçməli oldu. Onun ikinci Qafqaz ordu korpusunun
komandanı vəzifəsində olduğu son günlərdən
general A.İ.Denikin “Rus iğtişaşı” kitabında ətraflı
söhbət açır: “1917-ci il martın 28-də
generalın yanına gəlmiş iki zabit məruzə etdi ki,
Olenets kəndi yaxınlığında düzülmüş
ikinci Qafqaz qrenadyor diviziyası müxtəlif
narazılıqlar bildirir və korpus komandanının mötəbər
izahatlarını eşitmək istəyir.
General Səməd bəy Mehmandarov öz korpusunun qərargah
rəisi general-mayor Fyodorovla Qafqaz qrenadyor diviziyasının
iki alayının - 703-cü Suram və 704-cü Rion
alaylarının kiçik meydançada sıra ilə
düzüldüyü Olenets kəndinə gəldikdə
silahlı əsgərlər olduqca həyəcanlı idilər.
General Səməd bəy Mehmandarov
düzülmüş alaylara yaxınlaşdı və
onların qarşısında çıxış etdi. Ancaq ehtiraslar
o dərəcədə qızmışdı ki, komandirin
izahatı əsgərləri razı salmadı. Əslində, o həbs olunmuşdu. Cəbhədə çox ağır vəziyyət
yaranmışdı. Əsgərlər
heç nəyi başa düşmək istəmirdilər.
Yerindən duran odlu-odlu nitq söyləyirdi.
Əvvəlcə bolşeviklər
çıxış etdilər, sonra da onların əleyhinə
çıxışlar oldu. Əsgərlər
çaş-baş qalmışdılar, ayırd edə
bilmirdilər ki, bu natiqlər onları hara aparırlar. Yadımdadır, mənim çadırıma soxulan əsgərlərdən
biri ədəbsiz küçə söyüşləri
söydü. Mən həmin əsgəri
tanıyırdım, o kontuziyalı idi. Ona
yaxınlaşıb əlimi çiyninə qoydum: “Mən gələcəm sənin
yanına, söhbətimizi orda davam etdirərik, – dedim. Bu vaxt
qeyri-adi bir hadisə oldu; o, uşaq kimi ağladı,
üzünü çiynimə söykəyib dedi: “Siz mənə
deyin görüm, bu deyilənlərin hansı doğrudur? Bolşeviklər deyirlər ki, bütün
günahlar sizdədi, ona görə ki, siz burjuysunuz.
Ancaq mən bilirəm ki, sizin mənə münasibətiniz
yaxşıdır, deyin görüm həqiqət hardadır?”.
Az savadlı adamlara baxmaq çox əzablı idi. Onlar qorxu hissi keçirirdilər və bilmirdilər ki, sabah onları nələr gözləyir.
Davamlı müşavirədən sonra başda praporşik Remnyov olmaqla əsgər deputatları korpus komandanı artilleriya generalı Mehmandarova, qrenadyor diviziyasının komandanı general-mayor Nikolskiyə və diviziyanın qərargah rəisi polkovnik Voytsexovskiyə etimadsızlıq göstərdi və general-mayor Feyodorovun korpus komandiri seçilməsi haqda qərar çıxardılar. Ancaq korpus qərargahının rəisi korpusda rütbəcə ondan böyüklərin olmasını bildirərək bu təyinatdan qətiyyətlə imtina etdi. Qısamüddətli müşavirədən sonra əsgərlər elan etdilər ki, onlar general-leytenant Tita Beneskulu komandir seçiblər. Öz növbəsində general Tita Beneskul da bildirdi ki, korpusa komandanlığını ancaq korpus komandirinin əmrindən sonra qəbul edəcək. Əsgərlər general Mehmandarovu əhatəyə aldılar və vəziyyəti bir az da qızışdırmamaq üçün ağsaçlı general müvafiq əmr verdi...
Şəmistan NƏZİRLİ,
istefada olan polkovnik-leytenant
Xalq qəzeti.-
2014.- 9 fevral.- S. 7.