Şahbuz rayonunun Sələsüz və Mərəlik kəndləri müasir yaşayış məntəqələrinə çevrilmişdir

 

Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilən tədbirlər “Muxtariyyət iliolan 2014-cü ildə də davam etdirilir. Muxtar respublika 90 yaşını yeni quruculuq töhfələri ilə qeyd edir. Şəhər, rayon və kəndlərdə tikilənlər, qurulanlar yaşayış məntəqələrini abadlığa, inkişaf və tərəqqiyə qovuşdurmuşdur. Artıq muxtar respublikanın ən ucqar dağ kəndində belə əhali rahat yaşayış şəraiti ilə təmin olunmuş, insanlara göstərilən xidmətin səviyyəsi yüksəldilmişdir. Bu istiqamətdə aparılan quruculuq tədbirləri nəticəsində Şahbuz rayonunun Sələsüz və Mərəlik kəndlərində yeni sosial obyektlər istifadəyə verilmişdir.

 

Sələsüz kənd tam orta məktəbinin binası yenidən qurulduqdan sonra istifadəyə verilmişdir

 

Fevralın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Sələsüz kəndinə gəlmiş,  məktəb binasında yaradılan şəraitlə tanış olmuşdur.

Bildirilmişdir ki, 234 şagird yerlik məktəb binası 2 mərtəbədən ibarətdir. Yenidənqurma işləri çərçivəsində məktəbin fasadı və interyeri yenilənmiş, tədrisin müasir metodlarda aparılması üçün lazımi infrastruktur yaradılmışdır. Binada 3 elektron lövhəli olmaqla 13 sinif otağı, kimya-biologiya laboratoriyası, hərbi kabinə, kompyuter otağı, kitabxana, bufet, idman zalı və açıq idman qurğuları vardır.

Ali Məclisin sədri məktəbdə kitabxana işinin təşkili ilə maraqlanmışdır. Qeyd olunmuşdur ki, məktəbin kitabxana fondunda 2664 latın qrafikalı dərslik və 1564 bədii ədəbiyyat olmaqla 4228 kitab vardır. Məktəbdə şagirdlərin dərsdənkənar asudə vaxtlarının səmərəli təşkili və mütaliə vərdişlərinin artırılmasına xüsusi diqqət yetirilir.

Məktəbin kompyuter otağında quraşdırılan və tədris proqramları ilə təmin olunan kompyuterlərin hamısı internetə qoşulmuşdur. Elektron lövhəli siniflərdə isə dərslərin interaktiv tədrisi təmin edilmişdir.

Elektron lövhəli sinifdə Şahbuz şəhər 1 nömrəli tam orta məktəbi ilə canlı videobağlantı qurulmuşdur.

Ali Məclisin sədri videobağlantı vasitəsilə dərs prosesini izləmiş, bundan sonra da informasiya texnologiyalarının imkanlarından səmərəli istifadə olunması barədə tapşırıqlar vermişdir.

Müxtəlif təyinatlı fənn kabinələrində də tədrisin əyani vasitələrlə aparılması üçün lazımi şərait yaradılmış, kimya-biologiya laboratoriyasında müxtəlif təcrübə cihazları quraşdırılmış, hərbi kabinədə məlumat stendləri asılmışdır.

İdman və bədən tərbiyəsi sağlam gənc nəslin yetişdirilməsində vacib məsələdir. Bu baxımdan məktəb binalarında idman zallarının yaradılmasına xüsusi diqqət yetirilir. Sələsüz kənd tam orta məktəbində də idman zalı yaradılmış, həyətdə açıq idman qurğuları quraşdırılmışdır.

Müəllimlərlə görüşən Ali Məclisin sədri demişdir ki, kənd məktəbində yaradılan şərait təhsil uğurlarının artırılmasına imkan verəcəkdir. Ona görə də pedaqoji kollektiv yaradılan təhsil infrastrukturundan səmərəli istifadə etməli, şagirdlər təhsil almaqla yanaşı, həm də əsl vətəndaş kimi yetişməlidirlər. Qeyd olunmuşdur ki, Sələsüz kənd tam orta məktəbi ötən tədris ilində uğurlu nəticələr qazanmış, məzunlardan 5-i ali məktəblərə qəbul olunmuşdur. Bu da məktəbdə tədrisin və müəllim-şagird münasibətlərinin düzgün qurulmasının nəticəsidir.

Ali Məclisin sədri gələcəkdə nailiyyətlərin daha da artırılacağına əminliyini bildirmiş, kollektivə tədrisdə uğurlar arzulamışdır.

Müəllimlər yaradılan şəraitə görə minnətdarlıq etmişlər.

Məktəb binasının həyəti də abadlaşdırılmış, işıqlandırma sistemləri qurulmuş, gülkarlıqlar salınmışdır.

 

Kənd Mərkəzi açılmışdır

 

Fevralın 10-da Sələsüz Kənd Mərkəzinin açılışı olmuşdur.

Tədbirdə Sələsüz kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Vilayət Ələkbərov çıxış edərək demişdir ki, muxtar respublikada aparılan quruculuq işləri nəticəsində Sələsüz kəndi də abad yaşayış məntəqəsinə çevrilmişdir. Kənddə əhali əsasən heyvandarlıq və əkinçiliklə məşğul olur. İstehsal olunan məhsullar tələbatı ödəməklə yanaşı, kənd təsərrüfatı məsullarının satış yarmarkasında da əlverişli qiymətə satılır. Bu da sakinlərin rifahının yüksəlməsinə, kənddə məskunlaşmanın artmasına səbəb olur. İnzibati ərazi dairəsi üzrə nümayəndə yaradılan şəraitə görə minnətdarlığını bildirmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Sələsüz kənd inzibati ərazi dairəsinin əhatə etdiyi yaşayış məntəqələrində yeni sosial obyektlərin istifadəyə verildiyini bildirmiş, bu münasibətilə sakinləri və tədbir iştirakçılarını təbrik edərək demişdir: “Aparılan quruculuq işləri Sələsüz və Mərəlik kəndlərini müasirliyə qovuşdurmuş, dövlət qurumlarında və xidmət sahələrində çalışan işçilər üçün lazımi şərait yaradılmışdır. Eyni zamanda, hər iki kənddə sakinlərin problemlərinin vaxtlı-vaxtında həll olunması təmin edilmişdir”.

Ali Məclisin sədri demişdir: Bu gün ölkəmizdə qeyri-neft sektorunun inkişafına, yeni yerlərinin açılmasına və əhalinin məşğulluğunun təmin olunmasına xüsusi diqqət yetirilir. Belə ki, kəndlər abadlaşdırılır, əhalinin sosial problemləri həll olunur, güzəştli şərtlərlə kreditlər verilir, heyvandarlıq, meyvəçilik və əkinçilik inkişaf etdirilir, istehsal olunan məhsullar dövlət tərəfindən qəbul edilirbazarda satılması üçün şərait yaradılır. Bu da ərzaq təhlükəsizliyinin təmin olunması ilə yanaşı, qeyri-neft sektorunun inkişafına da təkan verir, iqtisadiyyatın hərtərəfli inkişafına şərait yaradır.

“Hər bir yaşayış məntəqəsinin inkişafı ümumilikdə ölkənin inkişafı deməkdir”, - deyən Ali Məclisin sədri bildirmişdir ki, yaşayış məntəqələrinin kompleks abadlaşması ölkəmizdə qarşıda duran əsas vəzifələrdəndir. Sələsüz kəndində aparılan quruculuq işləri də bu sahədə görülən işlərin daha bir nümunəsidir. Kənddə dövlət qurumlarının fəaliyyəti üçün lazımi şərait yaradılmış, əhaliyə nümunəvi tibbi xidmətin göstərilməsi üçün həkim ambulatoriyası tikilmiş, məktəb binası müasir tələblər səviyyəsində qurulmuş, xidmət mərkəzi vasitəsilə əhalinin gündəlik ehtiyaclarının ödənilməsi təmin olunmuş, yeni yerləri açılmışdır. Kənd qazlaşdırılmış, rabitə və poçt xidmətinin keyfiyyəti artırılmış, fasiləsiz elektrik enerjisinin verilişi təmin olunmuşdur. Bu gün kənd əhalisinin 244-ü dövlət büdcəsində əməkhaqqı, təqaüd və müavinət formasında vəsait alır. Bir sözlə, Sələsüz müasir Azərbaycan kəndinin tələbləri səviyyəsində qurulmuşdur.

Ali Məclisin sədri “Muxtariyyət ili”ndə Sələsüz kəndində yeni sosial obyektlərin istifadəyə verilməsini əlamətdar hadisə kimi dəyərləndirmiş, yaradılan şəraitdən düzgün istifadə ediləcəyinə əminliyini bildirmiş, açılışı bildirən lenti kəsmişdir.

Bildirilmişdir ki, 2 mərtəbəli Kənd Mərkəzində rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı və kənd mədəniyyət evinin işçiləri üçün otaqları ayrılmışdır. Binadakı 83 yerlik iclas zalında ictimai-mədəni tədbirlərin keçirilməsi üçün şərait vardır.

Kənd kitabxanasına 4938 kitab verilmişdir. Baxış zamanı kitabxana-oxucu münasibətlərinin düzgün qurulması və kitabxanada müxtəlif tədbirlərin, oxucu günlərinin keçirilməsinin vacibliyi vurğulanmışdır.

Ali Məclisin sədri baytarlıq məntəqəsinə baxmış, kənddə baytarlıq xidmətinin təşkili ilə maraqlanmışdır. Bildirilmişdir ki, məntəqə Sələsüz və Mərəlik kəndlərini əhatə edir. Soyuducu, dezinfeksiya avadanlıqları və lazımi dərmanlarla təminat, göstərilən xidmətin səviyyəsini yüksəldəcəkdir. Məntəqənin əməkdaşları mütəmadi olaraq dezinfeksiya işləri aparır, fərdi təsərrüfatlarda cins mal-qaranın baş sayının artırılmasına diqqət yetirirlər.

Rabitə evində 384 nömrəlik yeni nəsil ATS quraşdırılmış, Sələsüz, Mərəlik və Türkeş kəndlərində abonentlərə göstərilən rabitə xidmətinin səviyyəsi yüksəldilmişdir. Mərkəzdə Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatının, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin və bələdiyyənin fəaliyyəti də təmin edilmiş, polis sahə məntəqəsi üçün otağı ayrılmışdır.

Binanın həyətində də abadlıq işləri aparılmış, yaşıllıqlar salınmışdır.

 

Mərəlik kəndində yeni xidmət mərkəzi

 

Fevralın 10-da Mərəlik kəndində də yeni xidmət mərkəzinin açılışı olmuşdur.

Bildirilmişdir ki, xidmət mərkəzində bərbərxana, gözəllik salonu, ət satışı yeri, ərzaq və təsərrüfat malları mağazası vardır. Mərkəzdə 5 nəfər işlə təmin olunmuşdur.

Xidmət mərkəzi ilə tanışlıqdan sonra Ali Məclisin sədri kənd sakinləri ilə görüşmüşdür.

Sakinlər qeyd etmişlər ki, Sələsüz və Mərəlik kəndlərinin müasir görkəm alması insanların rahatlığının təmin olunması sahəsində görülən işlərin nəticəsidir.  Çünki ölkəmizdə həyata keçirilən Heydər Əliyev siyasi xəttinin əsasında da məhz insan amili dayanır. Bu gün şəhər və rayon mərkəzləri ilə yanaşı, kəndlərdə də müasir binalar, abad yollar istifadəyə verilir, insanların rifah halı yaxşılaşdırılır. Görülən bu işlər sakinlərin torpağa bağlılığını, onların qurub-yaratmaq əzmini daha da artırır.

Ali Məclisin sədri qeyd etmişdir ki, Sələsüz və Mərəlik kəndlərində yaradılan şərait Azərbaycan dövlətinin iqtisadi qüdrətinin göstəricisidir. Bu gün muxtar respublikada yaşayış məntəqələrinin inkişafına xüsusi diqqət yetirilir. Həyata keçirilən tədbirlər nəticəsində artıq kəndlə şəhər arasındakı fərq aradan qaldırılmışdır. Səfalı havası, gözəl təbiəti və məhsuldar torpaqları olan Sələsüz və Mərəlik kəndlərinin sakinləri qurulanları qorumalı, əkin sahələrini genişləndirməli, muxtar respublikanın inkişafına öz töhfələrini verməlidirlər.

 

Xalq qəzeti.- 2014.- 11 fevral.- S. 2.