Möhtəşəm
yüksəliş yaxud yeniləşmənin Naxçıvan
təcrübəsi
Naxçıvan Muxtar Respublikası-
90
Xalqımızın ümummilli lideri Heydər
Əliyevin uzaqgörən siyasəti sayəsində
düşmən işğalına məruz qalmaqdan xilas edilərək,
ərazi bütövlüyünü qoruyub saxlayan
Naxçıvan Muxtar Respublikası bu gün tarixinin yeni bir
intibah mərhələsini yaşamaqdadır.
Keçən
əsrin doxsanıncı illərinin əvvəllərində
xaosdan, böhrandan
qurtulan Naxçıvan müstəqillik
dövründə çətin və məsuliyyətli bir
yol keçib. Görkəmli dövlət xadimi
Heydər Əliyev bütün Azərbaycanda olduğu kimi,
Naxçıvanda da gələcək inkişafın möhkəm
bünövrəsini yaratmışdır. Naxçıvanın tarixində xüsusi mərhələ
təşkil edən 1995-ci ildən sonrakı dövr isə
ulu öndər Heydər Əliyevin adı ilə bağlı
olan müstəqillik və dövlətçilik kursunun bu
regiondakı parlaq təcəssümüdür. Ölkə
Prezidenti İlham Əliyevin böyük uğurla həyata
keçirdiyi regionların inkişaf proqramından güc alan Naxçıvan Azərbaycanın son
dövr yüksəlişinin fövqündə dayanan möhtəşəm
bir quruculuq meydanına çevrilmişdir. Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun
ulu öndər Heydər Əliyevin dövlətçilik
ideyalarına sədaqəti, ardıcıl və yorulmaz fəaliyyəti
sayəsində regionda əldə edilmiş mühüm nəticələr,
əslində, yeni bir Naxçıvandan xəbər verir.
Bu illər yeniləşmə və inkişaf
xüsusiyyətlərinə görə
araşdırılıb öyrənilməyə ciddi
ehtiyacı olan tarixi bir dövrdür. Bu
dövrün tədqiq edilməsi, gələcək
inkişafın ana xətlərini, əsas meyllərini müəyyən
etmək baxımından da olduqca mühüm məsələləri
və reallıqları ortaya qoymuş olur. Eyni zamanda, bu
dövr Naxçıvan Muxtar Respublikasında hərtərəfli
inkişafın, yeni yüksəlişin, çətin blokada şəraitində
intibah yaratmağın mümkünlüyünü sübut
edir, idarəçiliyin Naxçıvan təcrübəsi
kimi diqqəti cəlb edir.
Yol düzgün seçiləndə...
Dinamik inkişaf yolu səmərəli idarəetmənin
nəticəsində gerçəkləşir. Naxçıvan Muxtar
Respublikasında son
illərdə həyata keçirilən
çoxşaxəli quruculuq tədbirləri iqtisadiyyatın
bütün istiqamətlərində əsaslı nailiyyətlərin
əldə olunmasını təmin etmişdir. Güclü iqtisadiyyat demokratiya və vətəndaş
cəmiyyəti, daxili əmin-amanlıq, təsirli xarici siyasət
deməkdir. Məhz bu baxımdan həm ümummilli
liderimiz Heydər Əliyevin hakimiyyəti illərində, həm
də ölkə başçısı cənab İlham
Əliyevin bəyanat və çıxışlarında hər
zaman vurğulanır ki, ölkənin və xalqın
bütün problemlərinin sosial çətinliklərinin
aradan qaldırılmasından tutmuş, Dağlıq
Qarabağ münaqişəsinin ədalətli həllinədək
hər bir maneənin dəf edilməsinin optimal yolu məhz
dinamik iqtisadi inkişafdan keçir. Heç
şübhəsiz ki, məhz bu baxımdan möhtərəm
Prezident tərəfindən 2014-cü ilin “Sənaye ili” elan
edilməsi də təsadüfi sayıla bilməzdi.
Naxçıvan Muxtar Respublikasının müasir
iqtisadiyyatı özünün çoxsahəli strukturu ilə
Azərbaycanın digər regionlarından fərqlənir. Bu, muxtar
respublikanın Azərbaycan Respublikasının əsas ərazisindən
təcrid vəziyyətində yaşaması, müvafiq yerli
istehsal sahələrini daxili imkanlar hesabına təmin etmək
zərurəti ilə bağlıdır. Son
illərdə muxtar respublikada yeni istehsal sahələri
yaradılmış, zəngin təbii ehtiyatlar istismara cəlb
olunmuş, sənaye müasir texnika və texnologiya ilə təchiz
edilmişdir. Təbii ehtiyatların və
istehsal imkanlarının səfərbər edilməsi ilə
iqtisadi və sosial inkişafda yeni uğurlu nəticələr
əldə edilmişdir.
Bu strategiyanın reallaşdırılması istiqamətində
yeni sürətli mərhələ isə Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin 1995-ci il
dekabrın 16-da keçirilmiş sessiyasında
başlanğıc götürmüş oldu. Məhz həmin
sessiyada Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri
seçilmiş Vasif Talıbov 1969-cu ildən başlanan Heydər
Əliyev quruculuq və inkişaf xəttinin konkret bir
regionda-ağır blokada şəraitində yaşayan,
davamlı olaraq enerji qıtlığı keçirən,
kommunikasiya əlaqələrinin olmaması ucbatından
mal-material, xammal gətirilməsində ciddi problemlərlə
üzləşən muxtar respublikada fəal yaradıcı
gücə malik olduğunu təşəbbüskar və gərgin
işi ilə sübut etmişdir. “Mənim
ayrıca bir fəaliyyət proqramım olmayacaqdır. Fəaliyyətimi görkəmli dövlət xadimi
Heydər Əliyevin dövlətçilik proqramının
Naxçıvanda dönmədən həyata keçirilməsinə
həsr edəcəyəm”-deyərək siyasət
meydanına qədəm qoyan Naxçıvan Ali Məclisinin sədri,
əslində ulu öndərin siyasi kursuna sədaqətini bir
daha nümayiş etdirmiş, bu kursa alternativ bir yolun
olmamasını bəyan etmişdi. Ümummilli lider Heydər
Əliyev sonralar Naxçıvandakı işləri yüksək qiymətləndirərək
deyirdi: “Mən, ümumiyyətlə, demək istəyirəm
ki, Naxçıvanda işlər lazımi səviyyədə
gedir. Vasif Talıbovu bu vəzifəyə
seçəndə mən onun bir çox xüsusiyyətlərini
bilirdim. Amma o çox gənc idi.
Daxilən bir az fikirləşdim ki, gəncliyinə
görə, bəlkə də, ağır, çətin
olar. Ancaq o sübut etdi ki, vətəninə, millətinə,
xalqına sədaqətli olan adam
yaşından asılı olmayaraq böyük işlər
görə bilər”.
Muxtar
respublikanın müasir tarixində zaman etibarilə o qədər
də böyük olmayan son 20 ilə yaxın dövrün mənzərəsinə
diqqət edəndə, bu
dövrdə ictimai tərəqqi, iqtisadi inkişaf və
sosial islahatlar yolunda olduqca mühüm addımların
atıldığını görürsən. Eyni
zamanda, muxtar dövlət kimi mövcudluğunun əsaslarını
gündən-günə möhkəmləndirən
Naxçıvanın böyük uğurlarına sevinirsən.
Bu tarixi dövr ərzində Naxçıvan
Muxtar Respublikasınin rəhbərliyi ümummilli lider Heydər
Əliyevin müəyyənləşdirdiyi strateji inkişaf
kursunu muxtar respublikada böyük əzmlə, yüksək
dinamizmlə davam etdirmişdir. Həyata
keçirilən məqsədyönlü siyasət sayəsində
Naxçıvan Muxtar Respublikası sosial-iqtisadi yüksəlişinə,
ictimai həyatındakı nailiyyətlərinə görə
nəinki ölkəmizin iqtisadi rayonları, eyni zamanda,
dünya ölkələrinin oxşar muxtariyyətlərə
malik inzibati əraziləri arasında əhəmiyyətli dərəcədə
önə çıxmışdır. Bu,
hər şeydən əvvəl, düzgün
seçilmiş yolun uğurudur.
Milli maraqlara və dövlətçiliyə
sədaqət olanda...
Naxçıvanın 1990-cı illərdəki həyatını
xatırlayanda olduqca dəhşətli və vahiməli
günlər göz önünə gəlir. İqtisadi blokada
adamların siyasi fəallığını azaltmasa da, o zaman
bu torpaq, həqiqətən də, özünün ən
ağır, məşəqqətli günlərini
yaşayırdı. Xarici düşmənlər bir yana,
o vaxtkı ölkə rəhbərliyinin də ədalətsiz
mövqeyi bütün naxçıvanlıları “Olum ya ölüm”
dilemması ilə üz-üzə
qoymuşdu. Amma bu ağır, mürəkkəb
ictimai-siyasi proseslər dövründə tale Heydər
Əliyevi yenidən xalqın köməyinə gətirdi.
Müdrik, uzaqgörən siyasətçinin doğma torpağa xilaskar
dönüşü təkcə Naxçıvanı yox,
bütün Azərbaycanı bəlalardan qurtarmış oldu.
Məhz bu dövrdə ulu öndərin Azərbaycan
xalqı qarşısında ən böyük xidmətlərindən
biri də azərbaycançılığı dövlət
ideologiyasına çevirməsi oldu. Heydər Əliyev
deyirdi: “Müstəqil Azərbaycan dövlətinin əsas
ideyası azərbaycançılıqdır. Hər
bir azərbaycanlı öz milli mənsubiyyətinə görə
qürur hissi keçirməlidir”. Heydər
Əliyev məhz siyasətçi idi və ömrünün
sonuna qədər də öz vətəninin çiçəklənməsi,
bütün dünyada layiqincə tanınması və qəbul
olunması yolunda yorulmadan mübarizə apardı. O
öz çıxışlarında dəfələrlə qeyd
edirdi: “Azərbaycan Respublikasının dövlət müstəqilliyi
1918-ci ildə yaranmış ilk Azərbaycan Demokratik
Respublikasının ənənələri əsasında
müasir tələblərlə, dünyada gedən proseslərlə
bağlı olaraq təmin olunmalıdır. Bu
sahədə mən daim çalışacağam və heç
kəsin şübhəsi olmasın ki, ömrümün
bundan sonrakı hissəsini, harada olursa-olsun, yalnız və
yalnız Azərbaycan Respublikasının müstəqil
dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm”.
Heydər Əliyevin şəxsiyyətində təzahür
edən milli iradə, möhtəşəm xalq ruhu azərbaycançılıq
ideyasını müstəqil Azərbaycan dövlətinin
siyasi ideologiyası səviyyəsinə
qaldırılmasıdır. Ümummilli liderimiz tərəfindən
yaradılan və dünya azərbaycanlılarını vahid
ideologiya ətrafında birləşdirən, böyük
siyasi-ideoloji və tarixi əhəmiyyətə malik olan bu
ideologiya Azərbaycan Respublikasını irəli aparır. Heydər Əliyev tərəfindən irəli
sürülən azərbaycançılıq ideyası
ölkəmizin dünya birliyinə inteqrasiyasında da qoruyucu
amil rolu oynayır. Ulu öndərin Naxçıvan Ali Məclisinin sədri
vəzifəsində işlədiyi qısa vaxt ərzində
böyük uzaqgörənliklə qəbul etdiyi siyasi qərarlar
regionu ağır bəlalardan xilas etdi. Bu gün də muxtar respublika həmin
strategiyanın prinsiplərini əsas
tutaraq inkişaf edir. Tələbkarlıq və
prinsipiallıq, yaradıcılıq və təxəyyül,
intizam və məsuliyyət, düşüncə və təfəkkür,
xeyirxahlıq və humanizm, yurdsevərlik və vətənpərvərlik
bu prinsiplərin əsas amili kimi daim diqqət mərkəzindədir.
Əslində, ulu öndərin ideyalarından bəhrələnərək,
qurucu-rəhbər obrazının əsas səciyyəvi xüsusiyyətlərini
əxz etmiş adamın həyatında və taleyində bu
amillərin cəmləşməsi həm də zamanın tələbi
və dərsləri idi. Muxtar
Respublikanın yeni inkişaf mərhələsinə-intibah
dövrünə qədəm qoymasında, şübhəsiz
ki, bu amillər mühüm və önəmli rol
oynamışdır.
Sosial problemlərin həlli diqqət
mərkəzində olanda...
Naxçıvan
Muxtar Respublikası rəhbərliyinin məqsədyönlü fəaliyyəti
nəticəsində, ilk növbədə, ictimai-siyasi sabitlik
qorunub saxlanılmış, dəqiq müəyyənləşdirilmiş
prioritetlər, elmi və təcrübi əsaslara söykənən
fundamental qərarlar, muxtar respublika sakinlərinin mənafeyinə
uyğun reallaşdırılan sosial-iqtisadi siyasət, mobil
idarəetmə mexanizmləri, mövcud imkanlardan əhalinin
rifahı naminə maksimum istifadə muxtar respublikanın
müasir tarixini səciyyələndirən ən xarakterik
xüsusiyyətlərdəndir. İqtisadi fəaliyyət sahələrində
sürətli inkişafa rəvac verən səmərəli
iqtisadi siyasət muxtar respublikada tarazlı və davamlı
inkişaf üçün başlıca amil olmuş,
inkişafa stimul verən canlanma yaranmış, iş
adamlarının normal fəaliyyəti üçün əlverişli
biznes mühiti formalaşdırılmış, yeni təsərrüfat
subyektlərinin yaradılması sayəsində işsizliyin səviyyəsi
xeyli dərəcədə azalmışdır. Muxtar respublikanın mərkəzində olduğu
kimi, rayonlarda da, hətta ən ucqar kəndlərdə belə
nəqliyyat-kommunikasiya sisteminin bərpası, elektrik enerjisi,
rabitə, qaz, su təminatı kimi sosial məsələlərin
həlli, müasir informasiya texnologiyalarının tətbiqi mədəni-intellektual
yüksəlişə əsaslı zəmin
yaratmışdır.
Muxtar respublikada mövcud potensialdan səmərəli
istifadə etməklə iqtisadiyyatın ayrı-ayrı sahələrinin
inkişafına, istehsal müəssisələrinin fəaliyyətinin
daha da genişləndirilməsinə, ixracyönümlü məhsul
istehsalının stimullaşdırılmasına, yerli
sahibkarlığın inkişafı yolu ilə əhalinin həyat
səviyyəsinin daha da
yaxşılaşdırılmasına nail olunmuşdur.
Bu gün muxtar respublikanın bütün
yaşayış məntəqələrində ən
müasir tələblərə cavab verən sosial və
inzibati obyektlər tikilir, yollar çəkilir, körpülər
salınır.
Magistral və yerli əhəmiyyətli yolların yenidən
qurulması və bərpası geniş vüsət alan quruculuq tədbirlərinin əsas tərkib
hissəsidir. Müasir tələblər səviyyəsində
inşa olunan yollar əhalinin rahat gediş-gəlişi
üçün imkanlar yaratmışdır. Bu inkişaf ucqar kəndlərin iqtisadi
inkişafına da müsbət təsir göstərmişdir.
Nəqliyyat Nazirliyi muxtar respublikanın
bütün yaşayış məntəqələrinə
gediş-gəlişi təmin etmək məqsədilə yeni
marşrutların yaradılmasını diqqət mərkəzində
saxlamış, yerli icra hakimiyyətləri ilə birlikdə,
xüsusən, qış aylarında bütün
marşrutların vaxtlı-vaxtında hərəkətini təmin
etmişdir.
Prioritet sahə olan təhsilin inkişafına xüsusi
diqqət yetirilməsi vacib məsələlərindən
olmaqla, ümumtəhsil məktəblərində
informasiya-kommunikasiya texnologiyalarının imkanlarını
genişləndirmişdir. Məktəblərdə
hər 13 şagirdə 1 kompyuter düşməsi
özlüyündə maraqlı faktdır.
Naxçıvan Muxtar Respublika Səhiyyə Nazirliyi müvafiq
qurumlarla birlikdə əhalinin sağlamlığını qoruyur, iş yerlərində, bazarlarda, kommunal
və ictimai xidmət obyektlərində sanitar-gigiyena
qaydalarının tətbiqinə nəzarəti həyata
keçirir. Hər il muxtar respublikada
onlarca yeni müəssisə istifadəyə verilir, yeni iş
yerləri açılır, əhalinin məşğulluq
probleminin həlli istiqamətində tədbirlər
görülür.
* * *
İndi XXI əsrin
Naxçıvanı sürətlə, dinamik inkişaf edən,
gündən-günə gözəlləşən bir bölgədir.
Əslində, bu bölgədə aparılan
quruculuq içlərinin vüsəti o qədər sürətli
və ahəngdardır ki, adamlar gündən-günə artan
bu xariqələri möcüzəyə bənzədiblər.
Onsuz da dünyanı heyrətə salan bu diyar
istər tarixi keçmişi, sərt təbiəti və əfsanəvi
abidələri, istər zəhmətkeş və fədakar
adamları ilə əsl möcüzələr
diyarıdır. Ulu öndərin “Mən
istəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan
dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi
haqqında və Azərbaycanın ayrılmaz tərkib hissəsi
olan Naxçıvan haqqında planlarım, arzularım yerinə
yetirilsin” sözləri, indi xoş bir arzu çərçivəsindən
çoxdan çıxmış və bu
günümüzün möhtəşəm
reallığına çevrilmişdir. Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin sədrinin böyük əminliklə
söylədiyi
sözlər bu möcüzənin sirrini dəqiq
açıqlayır: “Yol düzgün seçiləndə,
milli maraqlara və dövlətçiliyə sədaqət
olanda, adamların qayğısı və ehtiyacları hədəfə
alınanda istənilən möcüzəni yaratmaq olar”.
Namiq
ƏHMƏDOV
Xalq qəzeti.- 2014.- 11 fevral.- S. 3.