Respublikamız kosmik ölkələr sırasında layiqli yer tutur

 

Azərbaycan cəmi iyirmi üç illik müstəqillik tarixində çox böyük uğurlara imza atmışdır. Qürurla deyə bilərik ki, ötən illərdə aparılan məqsədyönlü və kompleks dövlət siyasəti nəticəsində Cənubi Qafqaz iqtisadiyyatının dörddə-üçü respublikamızın payına düşür.

Tolerantlığı ilə ad qazananOdlar yurdu  beynəlxalq aləmdə neft-qaz, turizm, idman ölkəsi, nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi məkan  kimi tanınmış, üç il bundan əvvəl BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməklə və iki dəfə bu mötəbər quruma sədrlik etməklə dünya dövlətləri sırasında böyük nüfuz qazandığını bir daha göstərmişdir. Müstəqillik tariximizə qızıl hərflərlə yazılan digər bir tarixi hadisə isə keçən ilin fevral ayında Azərbaycanın ilk telekommunikasiya peykinin – “Azərspace-1”in  uğurla orbitə buraxılması idi.  Bununla da ölkəmiz həm də  yeni innovasiyalar, informasiya-kommunikasiya texnologiyaları, kosmik əlaqələndirmələr ölkəsi kimi nüfuz qazandı.

Həqiqətən də bu gün Azərbaycanda yüksək texnologiyaların tətbiqinə və ölkədə kosmik sənayenin inkişafına böyük diqqət göstərilir. Prezident İlham Əliyevin Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə xüsusi diqqət yetirməsi, ötən 2013-cü ilin ölkədə “informasiya-kommunikasiya texnologiyaları ilielan edilməsi bu sahənin inkişafına dövlət səviyyəsində göstərilən diqqətdən xəbər verir. 2008-ci ildə “Azərbaycanda kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması”, 2009-cu ildə ölkədə kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramının təsdiq edilməsi haqqında ölkə başçımızın sərəncamları bu sahənin inkişafında dövlətin kifayət qədər maraqlı olduğunu nümayiş etdirdi.

Bunun ardınca Azərbaycan Prezidenti 2010-cu ildə “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin təsis edilməsi haqqında sərəncam imzaladı və həmin quruma telekommunikasiya peykinin istehsalı və orbitə çıxarılması, əsas və ehtiyat Yerüstü Peyk İdarəetmə Mərkəzinin yaradılması ilə bağlı xüsusi tapşırıq verildi. Ən əsası isə bütün diqqət ölkəmizin ilk süni peyki olan “Azərspace-1”in hazırlanmasına və orbitə buraxılmasına yönəldildi. Dizaynı və qoşulma imkanları ilə milyonlarla insanın informasiya və rabitə xidmətlərindən geniş istifadə etdiyi ilk peykimizin orbitə buraxılması, əlbəttə ki, ölkəmizin qüdrətini dünyaya nümayiş etdirən ən önəmli tarixi hadisələrdən biridir.

Bir daha yada salaq: Ölkəmizin ilk peyki 2013-cü il fevralın 8-də Bakı vaxtilə saat 01.36-da Cənubi Amerikada, Fransanın inzibati idarəçiliyində olan Fransız Qvianasındakı Kuru kosmodromundanQviana Kosmik Mərkəzindən üzərində üçrəngli Azərbaycan bayrağı olan “Ariane-5” daşıyıcı raketi ilə orbitə buraxıldı. “Azərspace-1” peyki kosmodromdan qalxdıqdan 33 dəqiqə sonra raketin gövdəsindən ayrıldı. Fəzaya buraxıldıqdan 34 dəqiqə 56 saniyə sonra Azərbaycanın ilk peyki orbitdə yerini tutdu.

Onu da deyək ki, peyk buraxılışı üzrə dünya bazarının 50 faizindən çox hissəsinə malik və fəaliyyətə başladığı 1980-ci ildən müxtəlif daşıyıcı raketlərlə bütövlükdə 240-dan çox peyk buraxılışı həyata keçirmişArianespace” şirkəti üçün “Azərspace-1” peykinin buraxılışı ”Ariane-5” daşıyıcı raketi ilə 2002-ci ildən etibarən həyata keçirilən 54-cü ardıcıl uğurlu buraxılış hesab olunur. “Azərspace-1” peykiOrbital Sciences” korporasiyası tərəfindən işlənib hazırlanan STAR-2 peyk platforması əsasında yığılmışdır. Faydalı yük üzrə 36 fəal transponderlə təchiz olunan və təqribən 3,2 ton çəkisi olan “Azərspace-1” peyki 46 dərəcə Şərq uzunluq dairəsində geostasionar orbitdə yerləşdi və Avropa, Şimali Afrika, Mərkəzi Asiya, Qafqaz ölkələri və Yaxın Şərq regionunu əhatə etdi. Orbitdə istismar müddəti ən azı 15 il təşkil edəcək “Azərspace-1” peyki teleradio yayımı və telekommunikasiya xidmətlərinin göstərilməsi, eləcə də korporativ və hökumət müştərilərinin tələblərinə cavab verən keyfiyyətli və dayanıqlı rabitə platformalarının təmin edilməsi üçün nəzərdə tutulmuşdur.

Azərbaycanın ilk telekommunikasiya peykinin buraxılması iqtisadiyyatın şaxələndirilməsi, informasiya müstəqilliyinin və təhlükəsizliyinin təmin edilməsi, ölkəmizdə kosmik sənayenin inkişaf etdirilməsi və beynəlxalq kosmik məkana inteqrasiya istiqamətində mühüm addım olmaqla yanaşı, kommersiya xarakterli və gəlirli bir layihədir.  Azərspace-1” peyki bütün Azərbaycan ərazisində keyfiyyətli televiziyaradio yayımı, o cümlədən sürətli IP xidmətlərin göstərilməsini təmin edir, ümumiyyətlə, ötürülən bütün məlumatlara daha yaxşı nəzarət olunur. Müxtəlif elektron hökumət layihələrinin həyata keçirilməsi, həmçinin məsafədən təhsil və elektron səhiyyə kimi mühüm proqramlar üçün əlverişli platforma yaradılıb. Digər tərəfdən, yerüstü fiber-optik şəbəkə zədələndiyi hallarda rabitə problemlərinin aradan qaldırılması üçün səmərəli və sürətli həll yolu kimi diqqəti cəlb edir.  Bununla birlikdə, rabitənin təhlükəsizliyinin təmin edilməsi üçün yeni şifrələmə texnologiyası ilə mühafizə olunan və ən son tələblərə cavab verən müasir rabitə sistemi qurulub.

Bütün bunları nəzərə alaraq inamla deyə bilərik ki, bu gün biz dünyanın 50-dən artıq ölkəsini birləşdirən məkanda mühüm iqtisadi rol oynamağımıza şərait yaradan, siyasi əhəmiyyəti və mənəvi dəyəri iqtisadi faydasından da qat-qat artıq olan bir nailiyyətə imza atmışıq. Yuxarıda işarə etdiyimiz kimi, kosmosa göndərilən telekommunikasiya peykinin ərsəyə gətirilməsi ilə yanaşı, Qafqazda ilk peyk operatoru olan “Azərkosmos” Səhmdar Cəmiyyətinin təsis edilməsi və ən müasir tələblərə cavab verən şəkildə formalaşdırılması da böyük səy və vəsait tələb edirdi. Azərbaycan dövləti bu layihəni də böyük uğurla reallığa çevirmişdir.

Ölkənin elmi şəkildə əsaslandırılmış dövlət proqramları əsasında idarə edilməsinin nəticəsidir ki, cəmiyyət həyatının bütün sahələrində qonşu dövlətlər üçün əlçatmaz olan nailiyyətlərə imza atılır. Qeyd etdiyimiz kimi, respublikamızın ilk telekommunikasiya peykinə sahib olması adi uğur deyil, xalqımızın və dövlətimizin həyatında möhtəşəm bir hadisədir. Bu hadisə təkcə Prezident İlham Əliyevin siyasi idarəetmədə ən müasir texnologiyalardan bəhrələnərək yaratdığı iqtisadi tərəqqinin nəticəsi olan elmi nailiyyət kimi deyil, həm də Heydər Əliyev siyasi kursunun qazandığı qələbənin kosmosdan gələn əks-sədası kimi qiymətləndirilməlidir. Bu siyasətin yeni çalarla zənginləşdirərək davam etdirilməsi isə daha böyük uğurlar qazanacağımıza zəmanət verir.

Bugünkü potensialı və inkişafı bir daha göstərir ki,  qısa zamanda Azərbaycan dünyanın ən qabaqcıl ölkələrinin sırasına yüksəlmək imkanlarına malikdir. Diqqətlə nəzər yetirsək, görərik ki,  Azərbaycanı region ölkələrindən fərqləndirən bir sıra önəmli cəhətlərdən birionun yeni texnologiyaların, xüsusən, informasiya texnologiyalarının inkişafına xüsusi diqqət yetirməsidir. Dövlətimiz öz gələcəyini məhz informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı ilə təmin edəcəkdir. Bu barədə danışan Prezident İlham Əliyev demişdir: “İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı bizim uğurlu gələcəyimizi müəyyən edəcək, təmin edəcəkdir. İnformasiya-kommunikasiya texnologiyaları sahəsi həm bilik, zəka, intellekt, eyni zamanda, biznes sahəsidir. Peykin fəaliyyəti nəticəsində Azərbaycan dövləti, eyni zamanda, maliyyə məsələlərini həll edəcəkdir. Yəni, bu peykin fəaliyyəti iqtisadi cəhətdən də səmərəli olacaqdır. Eyni zamanda, informasiya-kommunikasiya texnologiyalarının inkişafı ümumən hər bir ölkənin inkişafını müəyyən edir. Gələcəkdə bu sahənin hər bir ölkə üçün nə qədər vacib olduğunu, əminəm ki, hər kəs görəcəkdir. Hər bir ölkənin uğurlu, dayanıqlı inkişafı üçün informasiya-kommunikasiya texnologiyaları sahəsi həlledici rol oynayacaqdır”.

Bu gün Azərbaycanın inkişafı naminə informasiyakommunikasiya texnologiyaları üzrə Milli Strategiya”nın (2003-2012-ci illər) gerçəkləşdirilməsi ölkəmizdə informasiya cəmiyyətinin formalaşdırılması üçün müvafiq hüquqi baza yaratmışdır. Bununla yanaşı, həyata keçirilən dövlət proqramları və zəruri islahatlar nəticəsində ölkəmizin ümumdünya elektron məkanına daha sürətli inteqrasiyası təmin edilmiş, elektron hökumətin yaradılması , biliklərə əsaslanan iqtisadiyyatın təşəkkülü, informasiya təhlükəsizliyi və digər məsələlərin həlli istiqamətində mühüm addımlar atılmışdır. Dünya İqtisadi Forumunun hesabatında Azərbaycan İKT-nin inkişafı üzrə 56-cı yerdə qərarlaşmış, internetin sürətinə görə Mərkəzi Asiya və MDB ölkələri arasında yenə də özünün liderlik mövqeyini qoruyub saxlaya bilmişdir. Bundan əlavə, Azərbaycan internetin əlçatımlığına görə dünya ölkələri arasında 20-ci, sosial şəbəkələrdə fəallığa görə 41-ci yerdədir. Ölkəmiz həm mobil sektorda, həm də radio-televiziya texnologiyalarının tətbiqində ön sıralardadır. Azərbaycan bu sahədə inkişaf etmiş ölkələrlə inkişaf etməkdə olan ölkələr arasında qərarlaşmışdır.

Təbii ki, inkişaf daimi xarakter aldıqda faydalı ola bilər. 2012-ci il dekabrın 29-da  Prezident İlham Əliyev tərəfindən imzalanmış fərmanla təsdiq edilən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında 8-10 il ərzində İKT sahəsinin 4 dəfə genişləndirilməsi, həmçinin ixrac potensialında bu sahə üzrə məhsul və xidmətlərin artırılması qarşıya əsas məqsəd kimi qoyulmuşdur.  Bu müddətdə Azərbaycanın böyük bir İKT mərkəzinə çevrilməsi planlaşdırılır. Burada, əsasən, mühüm tranzit yollarına mənsub olmaqböyük data-mərkəzlərinin yerləşdirilməsi, qonşu ölkələrə İKT xidmətlərinin verilməsi nəzərdə tutulur. Əsas vəzifələrdən biri də rəqəmli infrastrukturun genişləndirilməsi, qarşıdakı 3 ildə Azərbaycanın kənd yerlərində 30 meqabitədək, şəhər yerlərində isə 100 meqabitdən çox olmaqla   internetin sürətini təmin etmək və əhalinin bu xidmətdən yararlanma sıxlığını 85 faizə çatdırmaqdır. Həmçinin, yeni radio-televiziya, telekommunikasiya şəbəkələrinin, o cümlədən müasir mobil texnologiyalarının tətbiqi ilə 2020-ci ilədək Azərbaycan bu sahədə inkişaf etmiş ölkələrin səviyyəsinə çatması istiqamətində ardıcıl aparılır.

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsasən ölkəmizin hədəfi İKT-nin illik artımını təxminən 18-20 faiz ətrafında saxlamaqla, qarşıdakı səkkiz ildə sektorun gəlirlərini 8-9 milyard ABŞ dollarına çatdırmaqdır. Buna əsasən, rəqabət mühitinin yaxşılaşdırılması, sektora olunan fiskalmonetar güzəştlər, ixrac potensialının artırılmasına yönəlmiş siyasət, regional İKT resurslarının, yüksək texnoloji məhsul və xidmətlərin yaradılması, güclü insan kapitalına əsaslanan innovativ sahibkarlığın inkişafı hesabına nail olunması planlaşdırılmışdır.

Respublikamız informasiyakommunikasiya texnologiyalarının inkişafı istiqamətində kifayət qədər layihələr həyata keçirdiyinə görə beynəlxalq aləmdə özünəməxsus nüfuz qazanmışdır. Əlavə edək ki, biz bu addımları atmaqla BMT Baş Assambleyasının qəbul etdiyiMinilliyin Bəyannaməsi” və “İnformasiyakommunikasiya texnologiyalarından inkişaf naminə istifadə” adlı qətnamələrin həyata keçirilməsinə də xüsusi töhfələr vermişik. Yeri gəlmişkən, bizim üçün xüsusi önəm kəsb edən məqamlardan biriodur ki, keçən il BMT-nin müvafiq komitəsində Azərbaycan kosmik ölkələr sırasına qəbul olunmuş, ölkəmiz kosmik fəzanın sülh məqsədlərlə istifadəsi üzrə öhdəliklər götürmüşdür.

Onu da əlavə edək ki, Yer səthinin müşahidəsi üçün Azərbaycan peykinin 2015-ci ildə, ikinci telekommunikasiya peykinin isə 2016-cı ildə orbitə çıxarılması planlaşdırılıb. Bu, ölkəmizdə kosmik sənayenin inkişafı üçün çox gözəl imkan yaradacaqdır.  Nəzərə almaq lazımdır ki, Azərbaycan dövləti bu sahədəki fəaliyyətinə cəmi beş il əvvəl başlamışdı. Qısa zamanda ölkəmiz bu sahədə özünəməxsus nüfuz qazanmışdır. Deməli, növbəti beşya on ildən sonra Azərbaycanın sorağı daha yüksəklərdən gələcəkdir.

 

Rauf   KƏNGƏRLİ

 

Xalq qəzeti.- 2014.- 11 fevral.- S. 5.