Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi “Qış məktəbi”nə start vermişdir

 

Azərbaycanda gənclərə diqqət və qayğı dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Gəncləri Azərbaycanın gələcəyi kimi dəyərləndirən ulu öndər Heydər Əliyevin bu tezisinin davamı olaraq dövlətimizin başçısı İlham Əliyev bildirir ki, müasirləşmə, yeniləşmə dövlət siyasətinin düzgün qurulmasından, eyni zamanda, gənclərin fəaliyyətindən asılıdır.

Ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının sıralarında birləşən 600 mindən artıq üzvün 40 faizini gənclərin təşkil etməsi də onlara diqqət və qayğıdan qaynaqlanır. Gənclərin partiyaya axını onların ulu öndər Heydər Əliyevin ideyalarına sədaqətlərini, Prezident İlham Əliyevin siyasətinə inamlarını ifadə etməklə yanaşı, bir daha bu reallığı da təsdiqləyir ki, YAP-ın sıralarına qoşulmaqla gənclər öz potensiallarından səmərəli istifadə etmək, dövlətə, dövlətçiliyə xidmət göstərmək üçün böyük meydan görürlər. YAP rəhbərliyi gənclərin siyasi fəallığının artırılması, asudə vaxtlarının səmərəli təşkili, beynəlxalq əlaqələrinin genişləndirilməsi, ümumiyyətlə, ayrı-ayrı sahələr üzrə müxtəlif layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirir.

Bu layihələr sırasında 2007-ci ildən başlayaraq hər il keçirilən yay və qış liderlik məktəblərini xüsusi qeyd etmək olar. Bu layihələrin əsas məqsədi Azərbaycan ərazisində yaşayan bütün gənclərin biri-birini daha yaxından tanımalarını, onların arasında səmimi münasibətlərin yaradılmasını, ölkədə ictimai həyatın istənilən sahəsində dinamik inkişaf haqqında gənclərə dolğun məlumatların çatdırılmasını, tanınmış siyasətçilərlə görüşlərinin təşkil edilməsini, gələcəkdə müxtəlif sahələrdə çalışacaq gənclərdə liderlik kimi mühüm xüsusiyyətlərin formalaşdırılmasını təmin etməkdir.

Fevralın 10-dan YAP Gənclər Birliyinin təşkil etdiyi “Gənc liderlər” üçün “Qış məktəbi”nə start verilmişdir. Fevralın 10-dan 14-dək Oğuz rayonunda yerləşən “Afra” oteldə davam edəcək “Qış məktəbi”ndə YAP-ın Bakı şəhəri üzrə rayon təşkilatlarının 100-ə yaxın fəal gənci və ali məktəb tələbələri iştirak edəcəklər.

Fevralın 10-da “Qış məktəbi”nin açılışı olmuşdur. İştirakçılar komandalara bölünmüşlər. Gənclərlə görüşdə müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparılmışdır.

Qrup rəhbərləri YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və YAP Siyasi Şurasının üzvü, partiyanın Gənclər Birliyinin sədr müavini Samirə Quliyeva Azərbaycan dövlətinin, Yeni Azərbaycan Partiyasının gənclərə diqqət və qayğısından, onların öz potensiallarından səmərəli istifadə etmələri üçün yaradılan şəraitdən danışmışlar. Qeyd olunmuşdur ki, gənclərimiz onlara yaradılan bu şəraitdən səmərəli istifadə etməli, gündən-günə qüdrətlənən, güclənən Azərbaycana öz töhfələrini verməlidirlər. Bunun üçün gənclər elmin sirlərinə dərindən yiyələnməli, ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməli, ən əsası Azərbaycan reallıqlarının təbliğində fəal olmalıdırlar. Azərbaycan gəncləri böyük qüvvədir. Birgə səylər qarşıya qoyulan hər bir məqsədə yüksək səviyyədə nail olmağa stimul verir.

V.Rəhimzadə gənclərə yaradılan bu yüksək şəraitə görə dövlətimizin başçısına minnətdarlığını ifadə etmişdir. Bildirilmişdir ki, gənclərimiz onlara olan etimadı əməli fəaliyyətləri ilə doğrultmağa çalışırlar.

“Qış məktəbi”nin gənclərin intellektual səviyyəsinin artırılmasına, onların arasında əlaqələrin inkişafına müsbət təsirini göstərməsindən bəhs edən V.Rəhimzadə, eyni zamanda, layihənin əsas məqsədlərindən biri kimi gənclərin istirahətlərinin lazımi səviyyədə təşkilini yüksək dəyərləndirmişdir.

YAP Siyasi Şurasının üzvü, YAP Gənclər Birliyinin sədr müavini Samirə Quliyeva partiyanın gənclərin ictimai-siyasi fəallığının, eyni zamanda, istirahətlərinin yüksək səviyyədə təşkili istiqamətində atdığı addımlardan danışmışdır. Qeyd olunmuşdur ki, məqsəd gələcəyimiz olan gənclərin hərtərəfli inkişafını təmin etmək, onların gənc siyasətçilər kimi yetişmələrinə dəstək olmaqdır.

 

“Qış məktəbi” çərçivəsində keçirilən debatlarda müxtəlif mövzularda müzakirələr aparılır, gənclərin biliklərinin artırılmasına xidmət edən çıxışlar edilir. Layihə çərçivəsində gənclərin Milli Məclisin deputatları ilə, həmçinin siyasətçilərlə görüşləri də nəzərdə tutulmuşdur.

“Qış məktəbi”nin birinci günüNikah müqavilələrinin bağlanması və Ailə Məcəlləsi” mövzusunda seminar keçirilmişdir. Zaur Quliyevin moderatorluğu ilə keçirilmiş seminarda bildirilmişdir ki, ötən illərdə ailənin möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi istiqamətində bir sıra hüquqi islahatlar aparılmışdır. Qeyd olunmuşdur ki, hər bir dövlətin və millətin inkişafı, gücü onun ailə institutlarının möhkəmləndirilməsi ilə ölçülür.

Keçirilən görüşlərdə çıxış edən gənclər dövlətin, Yeni Azərbaycan Partiyasının onlara diqqət və qayğısından razılıqlarını ifadə edərək vurğulamışlar ki, onlar Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin ətrafında sıx birləşir, gələcəyə böyük inamla addımlayırlar.

“Qış məktəbi” çərçivəsində müxtəlif növ idman yarışları da təşkil olunur. Təbii ki, bu oyunların keçirilməsində əsas məqsəd gənclərin hərtərəfli inkişafını təmin etməkdir. İdman sağlamlıqdır. Azərbaycan gənclərinin sağlam böyüməsi hər zaman diqqət göstərilən məsələlərdəndir.

“Qış məktəbi”nin proqramına diqqət yetirdikdə hər günün gənclərin həyatında özəlliyi ilə seçiləcəyi aydın görünür. Təşkil olunan müxtəlif mövzular üzrə seminarlarda, debatlarda gənclər həm öz biliklərini artıracaq, həm də bir-birilərini daha yaxından tanımaqla, əlaqələrin qurulmasına və inkişafına nail olacaqlar. Bir sözlə, bu kimi layihələr həm təcrübə, həm də bilik qazanmaq üçün geniş imkandır.

Qrup rəhbərləri gəncləri bu imkandan səmərəli istifadə etməyə çağırmışlar.

 

Xalq qəzeti.- 2014.- 12 fevral.- S. 2.