Lerik: ötən il
də uğurlarla zəngin olub
Ölkəmizdə reallaşdırılan uğurlu
iqtisadi islahatlar dağlar diyarı Lerikin də
inkişafına ciddi təsir göstərmişdir. Rayonun
siması xeyli dəyişmiş, ərazilərdə
quruculuq-abadlıq işləri böyük vüsət
almışdır. İqtisadiyyatın
bütün sahələrində uğurlara imza atılmışdır.
İcra
hakimiyyətinin başçısı Rövşən
Bağırovun bildirdiyinə görə, ötən il kənd təsərrüfatı, sənaye,
tikinti-quraşdırma, nəqliyyat xidməti, pərakəndə
əmtəə dövriyyəsi, pullu xidmətlər
artımla muşayiət edilmişdir.
– Lerik
aqrar rayondur, – deyə həmsöhbətimiz davam edir. – Ötən
il 2795 ton taxıl (hər hektardan orta hesabla 18 sentner), 17 min 27
ton kartof (hər hektardan 135 sentner), 1697 ton meyvə (hər
hektardan 40 sentner), 3 min 773 ton tərəvəz (hər hektardan
134 sentner) məhsul əldə edilmişdir. Təəssüf
ki, rayonumuzda taxıl əkini ilbəil azalır. Hektarlarla məhsuldar torpaq sahəsi əkilməmiş
qalır. Maşın və texnikanın
bahalığı, ödəniş müddətinin az olması onlardan səmərəli istifadəyə
imkan vermir.
Lerik
fermerləri 7866 arı ailəsi saxlayır və istehsal olunan
yüksək keyfiyyətli bal hər il ənənəvi olaraq
keçirilən respublika satış yarmarkalarında
yaxşı satılır. Bu sahə üzrə müəssisəsi
yaradılmasına nail olmaq lazımdır. Kompleks tədbirlər
nəticəsində qara malın, qoyun və keçilərin
baş sayı da çoxalmışdır. Təsərrüfatlarda
keçən il diri çəkidə 5 min 940 ton ət, 15 min
110 ton süd, 4 milyon 429 min ədəd yumurta, 228 ton yun,
istehsal olunmuşdur. Təkcə “Pirasora”
dövlət damazlıq qoyunçuluq təsərrüfatında
13522 baş davar bəslənir.
Broyler fabrikinin tikintisində tamamlama işləri gedir. Obyektdə 120 nəfərə
yaxın adam işləyir. Müəssisənin
ümumi dəyəri 18 milyon manatdır.
Sahibkarlığa Kömək Milli Fondu tərəfindən
işin başa çatdırılması üçün 6
milyon manat kredit
verilmişdir. Saatda 6 min ədəd toyuq, həftədə
132 min ədəd cücə istehsal etmək gücünə
malik olan müəssisədə 6 ferma yaradılmış,
daha 3 ferma tikilir.
Rayonun yaşayış məntəqələrinin
qazlaşdırılması davam etdirilmişdir. Hesabat ilində rayonun ən
böyük ərazilərindən olan Çayrud, Monidigah,
Qosmalian, Kələxan, Mistan, Blaband və Nuravuda, ümumilikdə
isə il ərində 24 kəndə mavi yanacaq verimişdir. Hazırda daha 10 kəndə qaz çəkilir.
Lerik
şəhərindəki kommunal yaşayış
binalarında cari təmir işləri aparılmış, 9 belə binanın
dam örtükləri yenilənmişdir. Şəhərin
yaxınlığında Lerikin simvolu kimi qəbul edilmiş
abidənin tikintisi başa çatdırılmış, ətrafı
abadlaşdırılmışdır. Şəhərdə
300 nəfərlik “xeyir-şər” evi sakinlərin istifadəsinə
verilmiş, binada müasir istilik sistemi
yaradılmışdır.
Son 10 ildə rayonda neçə-neçə müasir
tipli inzibati bina tikilmişdir. Ötən il
statistika idarəsi üçün yeni binanın, mərkəzi
xəstəxananın uşaq xəstəlikləri şöbəsi
və 75 yerlik şəhər uşaq
bağçasının əsaslı təmirdən sonra
açılış mərasimləri keçirilmişdir. DSMF-nun rayon şöbəsinin inzibati binası əsalı
təmir edilmişdir. Şəhər
uşaq bağçasının ikinci korpusunun təmirində
son tamamlama işləri aparılır. On bir kənddə
yeni məktəb binaları inşa olunmuşdur. Hazırda dörd
kənddə məktəb tikintisi davam edir, üç kənddə
buna hazırlıq
görülür. Hesabat ilində bir kənd məktəbinin
binası əsaslı təmir edilmişdir, daha bir məktəbin
təmiri isə sona çatır.
Azərbaycan
Prezidentinin sərəncamı ilə 26 kilometrlik
Lerik-Qosmalian-Kəlvəz yolu yüksək səviyyədə
tikilərək istifadəyə verilmişdir.
Üç ildə Piran, Noda, Vizəzəmin, Cəngəmiran,
Günəşli və Qosmalian kəndlərinin daxili
yollarına asfalt döşənmişdir.
Ölkə
başçısının 14 sentyabr 2013-cü il tarixli sərəncamı
ilə 30 min nəfər əhalinin yaşadığı, 50
yaşayış məntəqəsini birləşdirən 36
kilometrlik Noda-Şingədulan-Xanagah avtomobil yolunun tikintisi
üçün 2 milyon manat vəsait
ayrılmışdır. Artıq yolun tikintinin
texniki işlərinə başlanmışdır. Ümumilikdə isə rayonun yol infrastrukturunun tam bərpasına
ehtiyac vardır. Elə 2006-cı ildən
istismara verilən Lənkəran-Lerik yolu da, demək olar, qəza
vəziyyətinə düşmüşdür. Quruculuq işləri ilə bağlı ağır
tonnajlı maşınların hərəkəti bu yolun
dağılmasına səbəb olmuşdur.
Rayon icra hakimiyyətinin dəstəyi və kənd
sakinlərinin köməyi ilə bir sıra kəndlərarası
yol təmir edilmişdir. Dövlət
Neft Şirkəti Piran-Hamarat-Tülüconu avtomobil yolunun
qayaların partladılması ilə genişləndirilməsi
üçün vəsait ayırmışdır. Havaların yağmurlu keçməsi burada işləri
ləngitsə də, yaxın aylarda yol istifadəyə veriləcək. Son illər
sahibkarlığın inkişafına dövlət dəstəyi
nəticəsində Lənkəran-Lerik yolunda çörək
sexi tikilib istifadəyə verilmişdir. Hazırda həmin
ərazidə süfrə suyu və şirə sexlənin tikintisində
iş davam etdirilir. Lerik şəhərində əvvəllər
tədarük məntəqəsi kimi fəaliyyət göstərmiş
tikililərdə yenidənqurma işləri aparılaraq
plastik qapı və pəncərələrin istehsalına
başlanılmışdır. Köhnə çörək
zavodu da, demək olar ki, yenidən bərpa edilir. Lerik şəhərində
iş adamları tərəfindən yeni bazar da inşa
edilmiş, ərazi abadlaşdırılmışdır.
Fövqəladə Hallar Nazirliyi rayonun kəndlərində
qəzalı şəraiti olan 6 ailə üçün yeni
evlər inşa etmişdir. Eyni vəziyyətdə olan daha 25
ailə üçün ev tikintisinə tələb olunan sənədlər
hazırlansa da, bu sahədə müəyyən lənglik
var. Onu da deyək ki, təbii fəlakət və
yanğın hadisələri ilə bağlı zərər
çəkmiş kənd sakinlərinə evlərinin bərpası
ilə bağlı icra hakimiyyətinin daxili imkanları
hesabına maddi yardım və tikinti materialları ilə
köməklik göstərilmişdir. Bundan
başqa, ƏƏSM Nazirliyi tərəfindən Qarabağ
müharibəsi əlili üçün yaşayış
evi inşa edilmişdir. Daha 6 nəfər Qarabağ
müharibəsi əlilinə ev tikməkdən
ötrü sənədlər hazırlanaraq nazirliyə təqdim
olunmuşdur.
Lerik şəhərinin memarlıq ansamblına xüsusi
yaraşıq verəcək 400 nəfərlik şadlıq
sarayının, Heydər Əliyev meydanında inşa edilən
iki mərtəbəli ictimai iaşə obyektinin tikintisində
işlər davam etdirilir.
Rayonda 17 meqavatlıq elektrik stansiyasının tikintisi
başa çatdırılmışdır. Stansiyada hər birinin
gücü 3,3 meqavat olan 5 mühərrik
quraşdırılmışdır. Bütün
digər zəruri işlər də
görülmüşdür. Yüksək
gərginlikli Lerik-Yardımlı elektrik hava xətti istismara verilmişdir.
İçməli su təchizatının
yaxşılaşdırılması üçün tədbirlər
görülür. Şingədulan və digər 6 kəndin
su probleminin həlli məqsədilə rayon icra hakimiyyətinin
müraciətinə uyğun olaraq “Azərsu” ASC müvafiq
layihə sənədləri hazırlamışdır və əlaqədar
qurumlar tərəfindən işlər davam etdirilir. Lakin “Azərsu” ASC tərəfindən 2011-ci ildə
Gürdəsər, Soru və Zenonu kəndlərində
artezian quyuları qazılması üzrə işlər hələ
də başa çatdırılmamışdır. Gürdəsərdə evlərə su xəttinin
çəkilməsi üçün 100 min manatdan çox vəsait
xərclənsə də, işlər yarımçıq
qalmışdır.
Lerikdə su-kanalizasiya sistemi yaradılır. Ümumi dəyəri
30 milyon manat olan tikinti ilə əlaqədar Qosmalian-Lerik və
şəhərdaxili yüksək təzyiqli su xətləri
çəkilmiş, məhəllələrdə kanalizasiya
sistemi quraşdırılmışdır. Bir neçə məhəllədə su
anbarlarının tikintisi, yaşayış evlərinin su və
kanalizasiya xətlərinə qoşulması istiqamətində
müəyyən işlər həyata keçirilmişdir.
Lakin nədənsə son aylarda tikinti işləri
tam dayandırılmış, dağılmış
küçə və meydanlar bərpa edilməmişdir.
Lənkəran-Lerik
yolu boyunca, Qosmalian, Kələxan və Bilnə kəndlərində
yeni turizm istirahət mərkəzləri, Lerik şəhərində,
ərazilərdə, magistral yol boyu ticarət mərkəzləri,
iaşə obyektləri tikilmişdir və bu sahədə
müasirlədirmə davam etdirilir.
DSMF-nun rayon şöbəsində ilin əvvəlinədək
20115 ədəd sosial-sığorta kartı sifariş
edilmişdir.
Hesabat ilində büdcədən sosial
sığorta haqqının yığımı 2 milyon 669
min manat və ya 92 faiz, qeyri büdcədən isə 222 min
manat və ya 98 faiz olmuşdur. Şöbə
tərəfindən 9967 nəfər əmək
pensiyaçısına təqaüd ödənilir. Bütün növ ödənişlər bankomat
vasitəsi aparılır. Lakin rayonun ən
iri ərazisi olan Çayrud, Qosmalian və Piran ərazilərində
də bankomatlara ehtiyac var.
Rayonda sahibkarlıqla məşğul olan fiziki şəxslərin
fəaliyyəti getdikcə genişlənir, istehlak tələbatının
ödənilməsində onlar əsas rol oynayırlar. 2013-cü ildə rayon əhalisinə
68 milyon 597 min manatlıq, əvvəlki ilə nisbətən
xeyli çox istehlak malları satılmış və pullu
xidmət göstərilmişdir.
Lerikdə bütün ATS-lər
elektronlaşdırılmışdır. Rabitənin
keyfiyyətinin yüksəldilməsi ilə bağlı
bütün ATS-lərin birləşdirici xətləri optik
kabellərlə əvəzlənmiş, bununla da kəndlərə
sürətli internet verilməsi təmin edilmişdir. Lakin bəzi kəndlərdə telefonun olmaması bu
inkişafla bir araya sığmır.
Qışla əlaqədar qayğılar da var. Rayon
üzrə istehlak olunan enerjiyə görə 81 faiz həcmində
yığım həyata keçirilmişdir. Ərazilərdə
sıradan çıxmış bir neçə transformator
yeniləri ilə əvəzlənmiş və ya təmir
edilmiş, 10 və 04 kv-luq elektrik hava xətlərində təmir-bərpa
işləri aparılmışdır. Lakin
problemlər də qalır. Bir sıra kənddə
havaların dəyişməsi, qar və
yağışın yağması, külək əsməsi
səbəbindən enerji fasilələrlə verilir, xətlərin
bərpası vaxtında həyata keçirilmir.
İl ərzində 1060 şagird yerlik 13 məktəb
inşa edilmiş, bir məktəb əsaslı təmir
edilmişdir.
4 məktəbin tikintisində və bir məktəbin
əsaslı təmirində işlər davam etdirilir. Məktəblərə 495 ədəd kompyuter, 12 ədəd
proyektor və noutbuk, 34 ədəd televizor verilmişdir.
Lerik şəhərindəki 1,2,3
saylı, internat tam orta məktəblərinin və təhsil
şöbəsinin internet şəbəkəsinə
qoşulması təmin olunmuşdur. Lakin bu sahədəki
uğurlarla yanaşı, bir sıra nöqsan və
çatışmazlıq hələ də qalmaqdadır. Məktəblərdə dərsə davamiyyətin
aşağı olması, əsasən yuxarı sinif
şagirdlərinin dərs buraxmaları, qızların məktəbə
göndərilməməsi ciddi narahatlıq doğurur.
Rayon Mərkəzi
Xəstəxanasının illik büdcəsi hesabına 7 kənd
həkim məntəqəsində, 2 kənd xəstəxanasında
cari, 2 xəstəxanada isə əsaslı təmir
aparılmış, müxtəlif tibbi avadanlıq
alınmışdır. Sanitar-epidemioloji vəziyyət
sabitdir. Amma səhiyyə sahəsində də
bəzi problemlər qalır. Ali təhsilli
həkimlərə tələbat aktualdır. Rayonda fəaliyyət
göstərən tibb müəssisələrinin əksəriyyəti
uyğunlaşdırılmış və ya qəza vəziyyətində olan
binalarda yerləşir.
Rayon mədəniyyət
və turizm şöbəsində fəaliyyət göstərən
“Rəfti-Uzunömürlülər” və “Bahar”, Mondigah kənd mədəniyyət
evinin “Lakto”, Nodanın “Çiçək”, Çayrudun “Cəngəsər”,
Vizəzəminin “Əvəsor”, Vistənin “Zizə” və Cəngəmiranın “Ənzəli” foloklor qrupları
çıxışları ilə əhalinin rəğbətini
qazanmışdır. Mərkəzləşdirilmiş
kitabxana sisteminin rayon üzrə kitab fondu 298 min nüsxədir.
Bununla bərabər, mədəniyyət müəssisələrinin
də yerləşdiyi binaların əksəriyyəti yararsızdır.
Keçən
il rayon icra hakimiyyəti
başçısı yanında şuranın 24 iclası
keçirilmiş, iqtisadi, sosial-mədəni və digər
yerli əhəmiyyətli 40 məsələ müzakirə
edilmişdir. Bütün inzibati ərazi dairələrində
icra hakimiyyəti başçısının
görüşləri olmuşdur. Səyyar
qəbullarda 4092 nəfər vətəndaş iştirak
etmişdir. 486 nəfər vətəndaş
qəbul edilmiş və onların müraciətlərinə
baxılmışdır.
İl ərzində
rayon icra hakimiyyətinə 1438, əvvəlki ilə nisbətən
22 çox yazılı müraciət daxil olmuş, 1218 vətəndaş
icra başçısının qəbulunda qeydiyyata
alınmışdır. 2013-cü ildə Azərbaycan
Respublikası Prezidenti Administrasiyasından 621, Milli Məclisdən
40, Nazirlər Kabinetindən 50, digər mərkəzi
qurumlardan 311, rayon ərazisindən 416 müraciət daxil
olmuşdur. Rayonun dövlət qulluqçuları
və vəzifəli şəxsləri mövcud qanunvericiliyin
tələblərinə uyğun olaraq vətəndaşların
yazılı və şifahi müraciətlərinə diqqətlə
yanaşmışlar. Cənab Prezidentin
tapşırığına əsasən, əhalini narahat edən
məsələlər həssaslıqla
araşdırılmış, verilmiş təkliflər və
gələcəkdə rayonun iqtisadi inkişafına təkan
verəcək digər zəruri problemlər ümumiləşdirilərək
60 maddədən ibarət layihə halında Dövlət
Proqramına (2014-2018-ci illər) daxil edilməkdən
ötrü İqtisadi İnkişaf Nazirliyinə təqdim
edilmişdir. Verilən təkliflər əsasən
qəbul olunmuşdur.
İnam
var ki,
qarşıdakı illərdə də Prezident
İlham Əliyevin Lerikə xüsusi diqqəti, həmçinin
yeni qəbul ediləcək Dövlət Proqramı rayonun
inkişafında yeni bir tarixin yaranmasına vəsilə
olacaq.
Əli NƏCƏFXANLI
Xalq qəzeti.- 2014.- 12 fevral.- S. 6.