Lənkəran inkişaf yollarında
Ötən il ölkə iqtisadiyyatında davam etmiş artım sürəti Lənkəran rayonunun da sosial-iqtisadi inkişafında özünü göstərmişdir. Rayonda bütün sahələr üzrə yüksək nəticələr əldə olunmuşdur. Bu barədə illik hesabat yığıncağında ətraflı danışılmışdır.
Rayonda istehsal olunmuş çoxçeşidli məhsulların sərgisi ilə tanışlıqdan sonra Milli Məclis deputatlarının da qatıldığı yığıncaqda icra hakimiyyətinin başçısı Taleh Qaraşov hesabat məruzəsi ilə çıxış etdi. O bildirdi ki, ötən il rayonun ictimai-siyasi həyatında ən əlamətdar hadisə Azərbaycan Prezidenti cənab İlham Əliyevin sentyabrın 5-də cənub şəhərinə səfəri olmuşdur. Bu səfər zamanı modern içməli su xətti, yaraşıqlı Gənclər Mərkəzi, Lənkəran-Vilvan-Osakücə-Türkəncil avtomobil yolu, yenidən qurulmuş Mərkəzi xəstəxananın açılışları olmuşdur.
Tarixi səfərdən sonra Lənkəranda abadlıq-quruculuq işləri daha da genişlənmiş və yeni infrastruktur layihələrin icrasına başlanılmışdır.
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında rayonun inkişafı ilə bağlı 21 bənd üzrə nəzərdə tutulmuş tədbirlərin icrası başa çatdırılmışdır.
Lənkəran şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi və şəhərdə abadlıq işlərinin davam etdirilməsi məqsədilə hələ 2012-ci ildə cənab Prezident tərəfindən ayrılmış vəsaitə uyğun işlərin davamı olaraq Heydər Əliyev Xatirə parkında və Həzi Aslanov adına parkda yenidənqurma işləri davam etdirilmişdir. Xatirə parkında daxili imkanlar hesabına ona xüsusi yaraşıq verən yüzlərlə dekorativ ağac və 25 mindən çox gül kolu əkilmişdir.
Şəhərdə və magistral yollar boyunca ötən il 250-dən çox yeni işıqlandırıcı quraşdırılmışdır.
Prezidentin 13 sentyabr 2013-cü il tarixli sərəncamı ilə Lənkəran şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə 2 milyon manat ayrılmış və bu vəsaitə uyğun olaraq Qumbaşı, Göyşaban qala kompleksləri, Ləvəngi dairəsində saat qülləsi, Gərmətük dairəsində bulaq kompleksi müasir üslubda yenidən qurularaq ağ laylarla üzlənmiş, əraziyə tamet döşənmiş, yaşıllıqlar salınmış, dekorativ güllər əkilmişdir. Bundan başqa, Hava limanına gedən yolda, Dəmir yolu vağzalı ərazisində yeniləmə işləri görülmüşdür.
Göyşaban ərazisində 2 km uzunluqda, 4-5 metr hündürlükdə salınmış torpaq təpələrdə zövqlə yaşıllıq sahələri salınmış, 1500-dən çox dekorativ və həmişəyaşıl ağac, 4 mindən çox mövsümi gül əkilmişdir.
Şəhərdəki çoxmərtəbəli yaşayış binalarının 13-nün dam örtüyü yenidən qurulmuş, fasadları təzələnmişdir. Qəzalı vəziyyətdə olan bir binanın sakinləri üçün dövlət vəsaiti hesabına şəhərin Şəhidlər Xiyabanı yaxınlığında 24 mənzilli yeni üçmərtəbəli bina tikilərək istifadəyə verilmişdir.
Cənab Prezidentin müvafiq sərəncamı ilə ayrılmış vəsait hesabına 20 yaşayış məntəqəsini birləşdirən Lənkəran-Vilvan-Osakücə-Türkəncil avtomobil yolunun 22,7 kilometri yenidən qurulmuş, daha bir yol layihəsi -15 yaşayış məntəqəsini birləşdirən 18 kilometrlik Vilvan-Zövlə-Boladi-Liman yolunun əsaslı təmiri tam başa çatmışdır.
İl ərzində rayonda iqtisadi və sosial sferanın inkişafına 137,3 milyon manat investisiya yönəldilmişdir ki, bunun da 128,5 milyon manatı tikinti-quraşdırma işlərində istifadə edilmişdir.
Rayonda ümumi məhsul buraxılışı əvvəlki illə müqayisədə 9,3 faiz artaraq 358,5 milyon manat olmuşdur. Əhalinin gəlirləri 7,2 faiz, xərcləri isə 6,9 faiz çoxalmışdır. Orta aylıq əməkhaqqı 243 manata çatmışdır.
Fəaliyyətdə olan 28 sənaye müəssisəsi tərəfindən 18,7 milyon manatlıq məhsul - 220 ton meyvə-tərəvəz konservi, 231 ton qablaşdırılmış çay, 40,4 ton kərə yağı, 347 ton pendir və kəsmik, 12 çeşiddə 8758 ton süd və süd məsulları, 225 ton dondurma, 7,8 min kubmetr kərpic istehsal olunmuşdur. Sənaye məhsulunun həcmində qeyri-dövlət sektorunun xüsusi çəkisi 69,3 faiz təşkil etmişdir.
Cənab Prezidentin təşəbbüsü ilə 2014-cü ilin “Sənaye ili” elan edilməsi bu sahənin inkişafı üçün yeni perspektivlər açmaqla qarşıya mühüm vəzifələr də qoyur. Aqrar sahəyə dövlət qayğısının daim artması hesabına bütövlükdə ölkəmizin hər yerində olduğu kimi, Lənkəranda da kənd təsərrüfatı sahəsində müəyyən uğurlar qazanılmışdır.
Əhalinin qayğı uman təbəqəsinə lazımi diqqət göstərilir, adamların məşğulluğu ilə bağlı tədbirlər görülür. Ümumilikdə, ötən il rayon üzrə 2541 yeni iş yeri açılmışdır ki, onlardan da beşdə-dördü daimidir. Rayonun beş kəndində və şəhərdə 10 fərdi mənzil tikilib evsiz ailələrə verilmişdir.
2013-cü ildə şəhər icra hakimiyyəti başçısının yerlərdə əhali ilə 81 səyyar qəbul-görüşü keçirilmiş, həmin görüşlərdə 27450 vətəndaş iştirak etmiş və 766 məsələ qaldırılmışdır. Bütün məsələlərə həssaslıqla yanaşılmışdır. İcra hakimiyyətində isə şöbələr tərəfindən 6701 vətəndaş qəbul edilmişdir.
Keçən il rayonda əhali işıq və təbii qazla fasiləsiz təmin edilmişdir. 16041 ədəd “Smart” kart tipli sayğac quraşdırılmışdır. Artıq əhalinin 80 faizi qazdan istifadə edir. Cari ilin sonunadək daha 15 yaşayış məntəqəsi qazlaşdırılacaq.
Hesabat ilində rayonda təhsil, səhiyyə, mədəniyyət və turizm sahəsində də müəyyən işlər görülmüşdür. Rayonun Vilvan kəndində 640 şagird yerlik orta məktəb və uşaq bağçası üçün 110 yerlik bina tikilib istifadəyə verilmişdir. Hazırda daha 11 məktəbin tikintisinə başlanmışdır. Prezidentin tapşırığı ilə Lənkəran Olimpiya İdman Kompleksi yenidən tikilir.
Prezidentin tapşırığı ilə Mərkəzi Rayon Xəstəxanası yüksək səviyyədə əsaslı təmir olunaraq ən müasir avadanlıqla təchiz edilmişdir.
Yığıncaqda Milli Məclisin komitə sədri Hadi Rəcəbli, Prezident Administrasiyasının məsul əməkdaşı Vəfadar Bağırov və başqaları da çıxış etdilər. Birmənalı şəkildə vurğulandı ki, Lənkəran özünün sürətli yüksəliş dövrünü yaşayır. Bu il də uğurlu işlər çox olacaq, yeni qəbul olunacaq regional Dövlət Proqramı inkişafı daha da sürətləndirəcək.
Əli
NƏCƏFXANLI
Xalq qəzeti.- 2014.- 13 fevral.- S. 6.