Göygöl rayonunda inkişaf davamlı və sürətlidir
Regionların inkişafı dövlət proqramlarının uğurla həyata keçirilməsi Göygöl rayonunda da hərtərəfli inkişafa və yeniləşməyə meydan açmışdır. Son illər dinamik xarakter almış sosial-iqtisadi irəliləyiş ötən il daha ciddi uğurlarla əlamətdar olmuşdur. Bu barədə Göygöl Rayon İcra Hakimiyyətində keçirilən hesabat konfransında geniş söhbət açildı, 2013-cü ilin yekunları ətraflı təhlil olundu, bu il qarşıda duran əsas vəzifələr konkretləşdirildi.
Toplantının əvvəlində Nazirlər Kabinetinin Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən iclası barədə məlumat verən Göygöl Rayon İçra Hakimiyyətinin başçısı Arif Seyidov bildirdi ki, 2013-cü ildə rayonunda da istehsal və xidmət sahələrinin genişləndirilməsi, sosial obyektlərin tikilməsi, abadlıq–quruculuq işlərinin aparılması istiqamətində həyata keçirilən tədbirlər davam etdirilmiş, iqtisadiyyatın dinamik inkişafı təmin olunmuşdur.
Göygöl şəhərində aparılmış geniş quruculuq işlərini önə çəkən natiq qeyd etdi ki, 10 kilometr uzunluğunda 7 mərkəzi küçə abadlaşdırılaraq yollara asfalt örtük salınmış, 700 binanın dam örtüyü dəyişdirilərək əsaslı təmir olunmuşdur. Küçə istiqamətindəki fasadların bir hissəsinə üzlük plitələr çəkilmiş və qalan hissə rənglənmişdir. Səkilər yenidən qurularaq qranitdən 24 kilometr səki daşları düzülmüş və plitələr döşənmişdir.
Mədəniyyət və İstirahət parkının ərazisi 3 hektar genişləndirilərək abadlaşdırılmışdır. Burada müasir memarlıq üslubunda Heydər Əliyev Mərkəzi yaradılmış, Gənclər və Uşaq əyləncə mərkəzlərii tikilmiş, açıq kinoteatr yenidən qurulmuşdur. Ərazisi 6 hektar olan Olimpiya İdman Kompleksi, Dövlət Sosial Müdafiə Fondunun və Milli Təhlükəsizlik Nazirliyinin Göygöl rayon şöbələri üçün inzibati binalar, şərab zavodunda istehsal sahəsini genişləndirmək üçün spirt zavodu tikilmişdir.
Hündürlüyü 40 metr olan təpədə Dövlət Bayrağı meydanı kompleksi yaradılmış, 50 metr hündürlüyündə Bayraq quraşdırılmışdır. Kompleksin əhatə etdiyi 5,5 hektar ərazidə yaşıllıq salınmış, Bayraq Muzeyi təşkil olunmuş, gecə işıqlandırma sistemi quraşdırılmışdır.
Göygöl şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsinin icrası ilə bağlı Kürək çayından 25 kilometr uzunluğunda yeni magistral su kəməri, 152400 metr paylayıcı su xətti, 134080 metr kanalizasiya xətti çəkilmiş, su təmizləyici qurğu və tutumu 1000 kubmetrlik 6 anbar tikilmiş, 3276 ədəd sayğac quraşdırılmışdır.
Məruzəçi bu yerdə bildirdi ki, 2014-cü ilin yanvar ayının 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Göygöl rayonuna üçüncü dəfə tarixi səfər etmiş, şəhərə çəkilmiş su kəmərini, Olimpiya İdman Kompleksini, Heydər Əliyev Mərkəzini açmış, Dövlət Bayraq Meydanı, Bayraq Muzeyi, Gənclər Mərkəzi və Heydər Əliyev parkı ilə tanış olmuş, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür. Quruculuq və təsərrüfat işlərindən söz açan başçı bildirdi ki, 2013-cü ildə 56 milyon 733,1 min manat əsas kapitala investisiya qoyulmuş, bundan 50 milyon 853,2 min manatı tikinti-quraşdırma işlərinə yönəldilmişdir. Əhali tərəfindən müasir standartlara cavab verən ümumi sahəsi 1100 kvadratmetr olan 5 sahibkar obyekti və ümumi sahəsi 15000 kvadratmetr olan 96 fərdi yaşayış evi inşa edilmişdir. Bakı – Qazax magistral avtomobil yolunun rayon ərazisindən keçən 36 kilometrlik hissəsində yenidənqurma və bərpa işləri başa çatdırılmışdır. Yeni Zod – Çaykənd, Mixaylovka – Göyçəkənd, Quşqara – Nadil kəndarası avtomobil yollarına, Toğanalı, Çaykənd, Yeni Zod, Balçılı kəndlərinin daxili yollarına qum-çınqıl tökülərək təmir olunmuşdur.
“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial- iqtisadi inkişafı Dövlət Proqramı”nda Göygöl rayonu üzrə nəzərdə tutulmuş 18 tədbirdən 17-nin icrası yerinə yetirilmişdir. 2013-cü ildə 1 xidmət, 6 istehsal obyektləri istifadəyə verilmiş, 502-si daimi olmaqla, 1328 iş yeri açılmışdır. Dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin icrasının nəticəsi olaraq son 10 ildə rayonun iqtisadiyyatı dinamik inkişaf etmiş, 27 xidmət, 146 istehsal obyektləri istifadəyə verilmiş, ümumi məhsul istehsalı 8,5 dəfə, sənaye istehsalı 11,6 dəfə, kənd təsərrüfatı məhsulu 4,3 dəfə, pərakəndə ticarət dövriyyəsi 7,4 dəfə artmışdır. 8725 yeni iş yeri açılmış, onun da 5570-i daimidir.
2013-cü ildə iqtisadiyyatın əsas sahələrində istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi faktiki qiymətlərlə 148 milyon 706,8 min manata çatmış, ondan 107 milyon 201,9 min manatı (72,1 faiz) istehsal, 41 milyon 504,9 min manatı (27,9 faiz) xidmət sahələrini təşkil etmişdir. Rayonda fəaliyyət göstərən 21 sənaye müəssisələrində 12 milyon 842,1 min manat dəyərində məhsul istehsal edilmiş, sənaye məhsulunun həcmində qeyri-dövlət sektorunun xüsusi çəkisi 41 faiz olmuşdur.
Əvvəlki illə müqayisədə, 2013-cü ildə 2 milyon 200,5 min manat çox olmaqla, 43 milyon 507,2 min manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilmişdir. Bunun da 99faizi qeyri-dövlət sektorunun payına düşür. 2013-cü ilin məhsulu üçün 10275 hektarda taxıl, o cümlədən 7035,8 hektarda buğda əkilmiş, 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 173,7 ton çox olmaqla 27 min 130,6 ton taxıl tədarük edilmişdir. 2014-cü ilin məhsulu üçün 9947 hektar sahədə payızlıq taxıl əkilmişdir, bunun da 7072 hektarı buğdadır.
Rayonda heyvandarlıq da inkişaf etmiş, iri malın sayı 20 min 203 başa, xırda malın sayı isə156 min 135 başa çatmışdır.
Konfransda rayonda fəaliyyət göstərən aparıcı idarə və müəssisə rəhbərlərinin də hesabatları dinlənildi, ilin mühüm hədəfləri ilə bağlı mülahizə və təkliflər səsləndi.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Rüfət Əliyev və Milli Məclisin deputatı Rövşən Rzayev konfransda çıxış etdilər.
Ümumrayon toplantısında əminlilkə bildirildi ki, Göygöl rayonunda əhalinin rifahının yaxşılaşdırılması, ictimai-siyasi fəallığının yüksəldilməsi, daha yüksək sosial-iqtisad inkişafa nail olunması istiqamətində həyata keçirilən tədbirlər bundan sonra da sürətlə davam etdiriləcək, Prezident İlham Əliyevin dövlət orqanları qarşısında qoyduğu vəzifələr məsuliyyətlə yerinə yetiriləcək.
Ziyəddin SULTANOV
Xalq qəzeti.- 2014.- 13 fevral.- S. 6.