Nizami rayonu: iqtisadi yüksəliş və sosial tərəqqi ünvanı
Ölkəmizdə aparılan uğurlu islahatların müsbət nəticələri getdikcə artır. Məhz bu islahatların nəticəsidir ki, hazırda Azərbaycan Respublikası regionun ən sabit və davamlı inkişaf edən ölkəsinə çevrilmişdir. Son illər ölkəmizin maliyyə gücünün xeyli artması paytaxt Bakıda, eləcə də regionlarda mühüm infrastruktur layihələrinin reallaşdırılmasına imkan yaratmışdır. Dövlət başçısı İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində hazırda ölkənin hər yerində geniş quruculuq və abadlıq işləri aparılır, şəhər və rayonlarımız yeni görkəm alır, insanların həyat səviyyəsi getdikcə yaxşılaşdırılır. Ölkədə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət paytaxtın Nizami rayonunun da hərtərəfli inkişafına təkan vermişdir. Təsadüfi deyil ki, 2013-cü ildə xalqımızın mütəfəkkir şairi Nizami Gəncəvinin adını daşıyan bu rayonunun sosial-iqtisadi sferasında yüksək nailiyyətlər əldə edilmiş, rayonun tarixində bir sıra əlamətdar hadisələr baş vermişdir.
Makroiqtisadi göstəricilər uğurludur
Son illər sosial-iqtisadi inkişaf sahəsində əldə etdiyi yüksək nailiyyətlər Nizami rayonunu paytaxtın, eləcə də ölkənin qabaqcıl rayonlarından birinə çevirmişdir. Təsadüfi deyil ki, indi rayon bütün statistik göstəricilərinə görə ölkə üzrə öncül sıralarda qərarlaşmışdır. Sevindirici haldır ki, bu inkişaf və tərəqqi meyilləri yola saldığımız 2013-cü ildə də davam etmiş, rayon özünün inkişaf salnaməsinə yeni səhifələr yazmışdır. Elə sosial-iqtisadi inkişafı təmin edən ayrı-ayrı sahələr üzrə il ərzində görülmüş işlər, həyata keçirilmiş tədbirlər də bunu bir daha təsdiq edir. Belə ki, 2013-cü ildə rayon ərazisində fəaliyyət göstərən müəssisələr tərəfindən 424,2 milyon manat dəyərində məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5 faiz çoxdur. Rayon sənayesində ümumi istehsalın 65,3 faizi dövlət, 34,7 faizi isə qeyri-dövlət sektoruna aid olmuşdur. Sənayenin əsas sahələrini təşkil edən məhsulların istehsalında qeydə alınmış uğurlu nəticələr rayon iqtisadiyyatının ümumi artımına səbəb olmuşdur. İl ərzində zeytun yağı istehsalının 42,3 faiz, kakao yağının 29,7 faiz, müxtəlif içki istehsalının 37,2 faiz, sous məhsullarının 15,9 faiz, beton, gips və sement məmulatlarının 75,7 faiz, beton qarışığının iki dəfə, duz istehsalının 13,5 faiz, kimyəvi məhsulların 3,6 faiz, plastmas məmulatlarının 5,7 faiz, müxtəlif polietilen kisələrin 68,9 faiz, qeyri-metal məhsulların istehsalının isə 24,1 faiz artması Nizami rayonunun iqtisadiyyatının dinamik inkişafını təsdiq edən amillərdəndir. Yeri gəlmişkən, müəssisələr tərəfindən bazar münasibətlərinin düzgün qurulması nəticəsində ötən il istehlakçılara ümumi dəyəri 433 milyon manatlıq hazır məhsul göndərilmişdir.
Hesabat ilində rayon üzrə öz gücləri ilə yerinə yetirilən podrat işlərinin həcmi 552 milyon manat təşkil etmişdir ki, bu da əvvəlki ilə nisbətən 43,2 faiz artım deməkdir. İl ərzində rayonda iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına əsas kapitala 186,5 milyon manat həcmində investisiya yönəldilmiş, bu sahədə 32,6 faiz artım qeydə alınmışdır. Əsas kapitala yönəldilmiş investisiyaların 177,2 milyon manatı və ya 95 faizi dövlət, 9,3 milyon manatı və ya 5 faizi qeyri-dövlət müəssisələrinin payına düşür. Ötən il rayon üzrə bütün maliyyə mənbələri hesabına 143,2 milyon manatlıq əsas fondlar istifadəyə verilmişdir. İstifadə edilmiş investisiyaların 100,6 milyon manatı və ya 53,9 faizi tikinti-quraşdırma işlərinə sərf edilmişdir ki, bu da əvvəlki ilə nisbətən 34,1 faiz çoxdur.
2013-cü ildə rayonda pərakəndə ticarət dövriyyəsinin həcmi 2,3 faiz artaraq 1 milyard 554,1 milyon manat olmuşdur. Ümumi dövriyyənin 21,4 faizi ticarət fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin, 8,1 faizi fiziki şəxslərin, 70,5 faizi yarmarka və kənd təsərrüfatı məhsulları bazarlarının payına düşür. İlin əvvəlindən fəaliyyət dairəsi bir qədər də genişlənmiş özəl müəssisələr əhalinin ərzaq və qeyri-ərzaq mallarına olan tələbatının ödənilməsində müstəsna rol oynamış, əhaliyə 172,2 milyon manatlıq pullu xidmətlər göstərmişlər. Rayon ərazisində pərakəndə ticarət dövriyyəsinin, demək olar ki, 100 faizinin sahibkarlıq subyektləri tərəfindən aparılması isə, heç şübhəsiz, ölkəmizdə özəl bölməyə göstərilən qayğı və diqqətin məntiqi nəticəsidir. Hesabat ilndə iaşə müəssisələri tərəfindən əhaliyə 24,9 milyon manatlıq və ya 0,6 faiz çox xidmət göstərilmişdir. 2013-cü ildə Nizami rayonu üzrə əhaliyə göstərilən pullu xidmətlərin həcmi 7,3 faiz artaraq 205,7 milyon manat olmuşdur. Pullu xidmətlərin 99,1 milyon manatı və ya 48,2 faizi hüquqi şəxslərin, 106,6 milyon manatı və ya 51,8 faizi isə fiziki şəxslərin fəaliyyəti hesabına yaranmışdır. Bundan əlavə, il ərzində rayonun məişət obyektlərində 53,7 milyon manatlıq müxtəlif xidmətlər göstərilmişdir ki, bu da ümumi pullu xidmətlərin 27,1 faizini təşkil etmişdir.
Ötən il rabitə sahəsində 136,6 milyon manat, nəqliyyat sahəsində isə 75 milyon manatlıq xidmətlər göstərilmişdir ki, bu da əvvəlki illə müqayisədə müvafiq olaraq 2,5 dəfə və 22,8 faiz çoxdur. Əhaliyə göstərilən rabitə xidmətinin keyfiyyətini yüksəltmək məqsədilə ATS-421/422 NGN texnologiyası əsasında rekonstruksiya olunmuşdur. Bütövlükdə isə “İnformasiya-kommunikasiya texnologiyaları ili” çərçivəsində rayon ərazisində də bir sıra əhəmiyyətli tədbirlər həyata keçirilmiş, sakinlərə göstərilən rabitə və internet xidmətlərinin yaxşılaşdırılması istiqamətində zəruri işlər görülmüşdür.
Son illər dövlətin sosial-iqtisadi siyasətinin prioritetlərindən sayılan məşğulluq strategiyası da Nizami rayonunda uğurla həyata keçirilir. Təkcə onu qeyd etmək kifayətdir ki, 2013-cü ildə rayonda 1996 yeni iş yeri açılmışdır ki, bunun da 434-ü yeni açılmış, 99-u mövcud müəssisə və təşkilatların, 1463-ü isə fiziki şəxslərin payına düşür. Bütövlükdə isə son on ildə burada 23363-ü daimi olmaqla 23460 yeni iş yeri yaradılmışdır. Ötən il rayon üzrə orta aylıq əmək haqqı 442,2 manat təşkil etmiş, sənaye sahəsində 10 faiz, nəqliyyat sahəsində 21,8 faiz, rabitə sahəsində 36,5 faiz, maliyyədə 7,5 faiz, ticarət sahəsində 9,2 faiz, təhsildə 41,2 faiz, peşə, elm və texniki fəaliyyət sahəsində 7,3 faiz, ictimai iaşədə isə 17,3 faiz artım qeydə alınmışdır.
Sosial sahə prioritet
istiqamətdir
2013-cü ildə həyata keçirilən tədbirlər rayonda sosial sahədə müsbət dəyişiklikləri təmin etmişdir. Belə ki, ölkə vətəndaşlarının rifah halını yaxşılaşdırmaq, aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirmək məqsədilə dövlət başçısının müvafiq fərman və sərəncamlarına əsasən, sosial müavinətlərin, təqaüdlərin, ehtiyac meyarının, yaşayış minimumunun, minimum əmək haqqının məbləği artırılmışdır. İl ərzində Nizami Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində vətəndaşlara göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi və qərar qəbuletmə prosesində subyektiv amillərin təsirinin aradan qaldırılması məqsədilə ünvanlı sosial yardım üçün alternativ müraciət mexanizmləri tətbiq olunmuş, 781 ailə tərəfindən mərkəzə poçt vasitəsilə müraciət edilmişdir. İl ərzində Nizami rayonu üzrə 3803 ailəyə ünvanlı sosial yardım təyin edilmişdir. Ötən il mərkəzdən 4730 nəfər sosial, 209 nəfər isə uşaq müavinəti almışdır. Bütövlükdə isə rayon üzrə pensiya, müavinət və sosial yardımın ödənilməsinə 6,73 milyon manat vəsait xərclənmişdir. Hazırda mərkəzin sosial məişət xidməti sektorunda 480 nəfər tənha və kimsəsiz qocaya, əlilə evlərində sosial və məişət xidməti göstərilir. Yeri gəlmişkən, ölkə Prezidenti tərəfindən “Sosial xidmətlər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı imzaladığı fərmandan irəli gələn vəzifələrin icrası ilə əlaqədar Nizami Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən əhaliyə müxtəlif növ sosial xidmətlər təqdim ediləcəkdir. Bu isə rayon üzrə daha çox vətəndaşın sosial xidmətdən yararlanacağına şərait yaradacaq.
2013-cü ildə Dövlət Sosial Müdafiə Fondunun Nizami Rayon Şöbəsi tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən 2 milyon 254,9 min manat vəsait toplanmışdır. Bu da əvvəlki illə müqayisədə 33,8 faiz çox və ya 569,7 min manat əlavə vəsait deməkdir. İlin əvvəlindən 1652 nəfər fiziki şəxs kimi qeydə alınaraq sosial sığorta ödəyicilərinin sayı 12695-dən 14347-yə çatmışdır. Əmək pensiyaçılarının ümumi sayı isə 23665 nəfər olmuşdur. Hesabat ilində 838 nəfərə yeni pensiya təyinatı aparılmışdır. Hazırda rayon üzrə orta pensiyanın məbləği 190,52 manat təşkil edir. Ötən il Nizami Rayon Məşğulluq Mərkəzində işaxtaran kimi 1225 nəfər qeydiyyata götürülmüş, sosial müdafiəyə daha çox ehtiyacı olan 38 nəfər vətəndaş işlə təmin olunmuşdur.
Təhsil, səhiyyə
və mədəniyyət
Ötən il Nizami rayonunda təhsil sahəsində qazanılmış bir sıra nailiyyətlərlə yadda qalmışdır. Belə ki, il ərzində rayonun ayrı-ayrı məktəblərini təmsil edən şagirdlər ölkədə və beynəlxalq miqyasda keçirilmiş müxtəlif fənn olimpiadalarında uğurla çıxış edərək qalib adını qazanmışlar. Rayon üzrə ali məktəblərə qəbul üçün sənəd verən 1606 nəfərdən 961 nəfəri, yəni 59,84 faizi tələbə adını qazanmışdır. Həmin məzunlardan 98 nəfəri 600-dən yuxarı, onlardan isə 33 nəfər 650 baldan yüksək nəticə göstərmişdir. Yüksək balla ali məktəblərə qəbul olunan abituriyentlərdən beş nəfəri Prezident təqaüdünə layiq görülmüşdür. Yeri gəlmişkən, 2012-2013-cü tədris ilində rayon üzrə 14 nəfər “Qızıl” medala layiq görülmüş və onların hamısı biliklərini doğruldaraq ali məktəblərə qəbul olunmuşlar. Məlum olduğu kimi, dövlət başçısı İlham Əliyevin sərəncamı ilə 2007-2008-ci tədris ilindən başlayaraq ölkəmizdə hər il “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələri keçirilir. Ötən tədris ilində Nizami rayonu üzrə 5 məktəb və 8 müəllim bu yüksək mükafata layiq görülmüşdür.
Hesabat ilində rayonun səhiyyə müəssisələri tərəfindən əhaliyə göstərilən tibbi xidmətin səviyyəsinin yüksəldilməsi, sanitar-gigiyenik vəziyyətə müntəzəm nəzarət edilməsi, əhali arasında infeksion, parazitar xəstəliklərin, qida zəhərlənmələrinin qarşısının alınması və ləğv edilməsi istiqamətində işlər davam etdirilmişdir. Yoluxucu xəstəliklərin vaxtında aşkar olunması, xəstələrin hospitalizasiyası, təmasda olanların laborator müayinəsinə cəlb edilməsi, profilaktik və əks-epidemik tədbirlərin düzgün təşkil edilməsi səbəbindən bir sıra infeksion xəstəliklər kəskin şəkildə azalmış, bir çox hallarda isə, ümumiyyətlə, qeydə alınmamışdır.
2013-cü ildə rayonun mədəniyyət müəssisələrində də bir sıra tədbirlər keçirilmişdir. Belə ki, rayonun Mərkəzi Kitabxanasında və onun filiallarında keçirilən müxtəlif məzmunlu mədəni-kütləvi tədbirlər öz rəngarəngliyi ilə yaddaqalan olmuşdur. Göstərilən müddət ərzində təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin normal iş fəaliyyətlərinin təmin olunmasına xüsusi diqqət yetirilmiş, həmin müəssisələrin istilik, elektrik, kanalizasiya və digər kommunal sahələr üzrə yaranmış problemlərinin operativ və təxirə salınmadan aradan qaldırılması üçün müvafiq təşkilatlarla sıx əlaqə saxlanılmış, lazımi kömək göstərilmişdir. Eyni zamanda, rayonun təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin əsaslı təmiri, yenidən qurulması, maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində də müvafiq işlər həyata keçirilmişdir. Belə ki, “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq 172 və 190 nömrəli uşaq bağçalarının, 251 nömrəli orta məktəbin, 17 nömrəli uşaq poliklinikasının, 2 nömrəli dəri-zöhrəvi dispanserin əsaslı təmiri və yenidən qurulması, eləcə də 145 nömrəli orta məktəbdə əlavə tədris korpusunun tikintisi başa çatdırılmışdır.
Abadlıq-quruculuq
işləri rayonun simasına əlavə
yaraşıq gətirir
Son illər paytaxt Bakda, eləcə də regionlarda genişmiqyasl abadlıq-quruculuq işləri həyata keçirilir. Paytaxtın Nizami rayonunda da bu sahədə reallaşdırılan tədbirlər diqqəti cəlb edir. Ötən il rayon ərazisində bir sıra yeni sosial obyektlər tikilib istifadəyə verilmişdir. Yeri gəlmişkən, Azərbaycanda reallaşdırılan bir sıra sosial layihələrin təşəbbüskarı olan Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə tikilib istifadəyə verilmiş obyektlər rayonun sosial mənzərəsinə mühüm töhfələr vermişdir. 2013-cü ildə Azərbaycan Respublikasının birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın iştirakı ilə “Qayğı” Uşaq Reabilitasiya və Daun Sindromlu Şəxslərin Reabilitasiya mərkəzlərinin, Çobanzadə küçəsi, 2405-ci məhəllədə inşa edilmiş valideyn hüququndan məhrum olan və uşaq evlərində böyüyən gənclər üçün yaşayış evinin, həmçinin əsaslı təmir və yenidənqurmadan sonra 172 və 190 nömrəli körpələr evi-uşaq bağçalarının açılış mərasimləri olmuşdur. Rayonda yol infrastrukturunun təkmilləşdirilməsi məqsədilə məhəllədaxili yollara, məhəllələrə 974 min kvadratmetr asfalt örtüyü döşənmiş, sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün 60 həyətdə abadlıq işləri görülmüş, 45 mindən artıq müxtəlif növ ağac və kollar əkilmişdir. Bütövlükdə isə 2009-2013-cü illərdə fondun təşəbbüsü, eləcə də dövlət vəsaiti hesabına Nizami rayonunda ilə bir sıra sosial obyektlər inşa olunmuş, infrastruktur layihələri icra edilmişdir.
Xidmət sahələri
uğurlu fəaliyyəti ilə seçilir
2013-cü ildə rayonun xidmət və təsərrüfat idarələri tərəfindən tabeçiliklərində olan təsərrüfatlarda mühüm işlər görülmüşdür. Belə ki, rayon istilik təsərrüfatı üzrə ötən dövr ərzində ayrı-ayrı ünvanlarda 1330 paqonometr istismara yararsız müxtəlif diametrli boru dəyişdirilmiş, 190 saylı qazanxanada yenidənqurma işləri aparılmış, müasir tipli qazanlar quraşdırılmış və həmin qazanxanalardan qidalanan yaşayış binalarının və bir məktəbin məhəllədaxili istilik xətləri əsaslı təmir olunmuşdur. Bundan əlavə, bir sıra qazanxanalarda təmir-bərpa işləri aparılmış, iki yeni qazanxana tikilmiş, avadanlıqlar quraşdırılmış, həmin qazanxanalardan istilik alacaq binalara magistral və məhəllədaxili istilik xətləri çəkilmişdir.
Sakinlərin “mavi yanacaq”la təminatının yaxşılaşdırılması üçün Nizami Rayon Qaz İstismar Sahəsi tərəfindən 5546 paqonometr müxtəlif diametrli qaz xətti çəkilmişdir. Dövlət Proqramı çərçivəsində 30-cu sahə qazpaylayıcı stansiyasından Keşlə qəsəbəsinə gedən qaz kəmərindən M. Kazımov küçəsinə ayrılan 3138 paqonometr küçə xətti və 4085-ci məhəllədə müxtəlif diametrli 2544 paqonometr yeni qaz xətti çəkilmişdir. İl ərzində əhali sektorunda 51320 abonentə xidmət göstərilmişdir ki, onlardan da 49761 abonentə sayğac quraşdırılmış, sərfiyyata görə ödəniş 95 faiz təşkil etmişdir.
Ötən il rayonun elektrik təchizatını yaxşılaşdırmaq məqsədilə iki ədəd 630 kV-luq komplekt transformator məntəqəsi quraşdırılmış, 4 ədəd zəif transformator daha güclüsü, 16 transformator məntəqəsindən çıxan hava xətləri yeni SİP xətləri ilə əvəz edilmiş, transformator məntəqələriarası kabel xəttləri dəyişdirilmiş, 55 binanın elektrik təchizatında yenidənqurma işləri aparılmış, 20 transformator məntəqəsində təmir-təftiş işləri görülmüş, 20-də isə paylayıcı lövhələr yenisi ilə əvəz edilmiş, 204 saylı yarımstansiya yenidən qurulmuş və digər zəruri tədbirlər həyata keçirilmişdir. Əhali sektorunda 54560 abonentə xidmət göstərilmiş, 54436 abonentə sayğac quraşdırılmışdır. Elektrik enerjisinin istehlakına görə ödəniş səviyyəsi isə 104 faiz təşkil etmişdir.
Son illər bütün ölkə ərazisində olduğu kimi, Nizami rayonunda da əhalinin içməli su təminatının və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması üçün genişmiqyaslı işlər görülmüşdür. Hazırda Nizami Rayon Sukanal İdarəsi tərəfindən 216 kilometr su xəttinə xidmət göstərilir. İl ərzində su təchizatı və kanalizasiya xidməti ilə bağlı rayon Sukanal İdarəsi tərəfindən ayrı-ayrı ünvanlarda 4820 paqonometr su borusu, 1680 paqonometr kanalizasiya xətti dəyişdirilmiş, 2860 ədəd sayğac, 143 ədəd siyirtmə quraşdırılmış, mövcud avadanlıqlar təmir edilmişdir. Su təsərrüfatı üzrə 51440 abonentə xidmət göstərilmiş, onlardan 37738 abonentə sayğac quraşdırılmış, ödəniş isə 98,1 faiz təşkil etmişdir. Əhalini fasiləsiz su ilə təmin etmək məqsədilə Dövlət Proqramı çərçivəsində 72360 paqonometr binadaxili və 31062 paqonometr məhəllədaxili su xətti dəyişdirilmiş, 24 ədəd nasos stansiyası təmir edilmiş, 26340 paqonometr kanalizasiya xətti yuyulmuşdur.
Eyni zamanda, rayonun lift təsərrüfatının işinin və kommunal mənzil fondunun istismar keyfiyyətinin yaxşılaşdırılması, onun qorunub saxlanılması məqsədilə bir sıra zəruri tədbirlər həyata keçirilmiş, rayon ərazisində məişət tullantılarının idarə olunmasının təkmilləşdirilməsi və rayonun sanitar vəziyyətinin yaxşılaşdırılması üçün 20-dən artıq xüsusi təyinatlı nəqliyyat vasitəsi alınmışdır.
Sakinlərin
müraciətlərinə həssaslqla yanaşılır
Nizami Rayon İcra Hakimiyyətində sakinlərin sosial-məişət problemlərinin həlli istiqamətində zəruru tədbirlər həyata keçirilir, vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılır. Ötən il sakinlər tərəfindən rayon icra hakimiyyətinə daxil olmuş müraciətlərin xeyli hissəsi mənzillə təminolunma fərdi yaşayış evinin tikintisi üçün torpaq sahələrinin ayrılması, mənzillərin və dam örtüklərinin təmiri, bir sıra iaşə obyektlərinin fəaliyyətindən şikayətlər, eləcə də həyətlərin abadlaşdırılması ilə bağlı olmuşdur. Həmin müraciətlərin 27,1 faizi müsbət həllini tapmış, 50,5 faizinə müvafiq izahatlar verilmiş, 2,9 faizi əsassız sayılmış, bir hissəsi isə baxılmaq üçün tabeli qurumlara və aidiyyəti orqanlara göndərilmişdir. Rayon icra hakimiyyətinin səlahiyyətlərinə aid müraciətlərdən 538-i müsbət həllini tapmışdır ki, bunların da içərisində binaların istiliklə təchizatı, kanalizasiya xətlərinin təmiri, həyətlərin abadlaşdırılması, dam örtüklərinin təmiri kimi məsələlər mühüm yer tutmuşdur. Bu sahədə görülən işlərlə əlaqədar vətəndaşlardan 48 minnətdarlıq məktubu daxil olmuşdur.
İcra hakimiyyəti aparatında vətəndaşların qəbuluna da xüsusi əhəmiyyət verilir. 2013-cü ildə icra başçısı və müavinləri tərəfindən 993 vətəndaş qəbul edilmişdir. Mövcud problemlərin, vətəndaşların sosial əhəmiyyətli sifarişlərinin, tələb və təkliflərinin öyrənilməsi məqsədilə ötən il 24 səyyar görüş keçirilmiş, sakinlər tərəfindən 117 müraciət edilmişdir. Müraciətlər, əsasən, həyətlərin abadlaşdırılması, binaların dam örtüklərinin, mühəndis-kommunikasiya xətlərinin, liftlərin təmiri ilə əlaqədar olmuşdur. Qaldırılan məsələlərlə bağlı operativ tapşırıqlar verilmiş, nəticədə müracətlərin əksəriyyəti müsbət həllini tapmışdır.
Mirbağır
YAQUBZADƏ
Xalq qəzeti.- 2014.- 13 fevral.- S. 9.