TƏYYARƏ
UÇUŞDADIR
O, kitablı bir ailədə doğulub, kitabların arasında böyüyüb, kitablar yaradan bir atanın oğlu olub və ona görə də lap kiçik yaşlarından kitab həyatının ayrılmaz parçasına çevrilib. İndi vaxtın uzaqlarında qalmış 1950-ci illərin başlanğıcında təhsil aldığı Moskvadan Bakıya - qızmarından, gilavarından, meynələrindən və meyvələrindən, doğma məhəllələrindən, tanış binalarından ötrü darıxdığı əziz şəhərinə, ailəsinə göndərdiyi məktublarında hər dəfə hökmən maraqlanır ki, atası təzə nə yazıb, yeni kitabı çıxıbmı?
Zamanın çox suları axıb keçib, dünya başqalaşıb, siyasətlər, insanlar dəyişib, 60 il öncə bir şimal şəhərindən bir cənub şəhərinə məktublar yollayan, bütün gələcəyi qarşıda olan tələbə Arif Paşayev də, təbii ki, içərisində yaşadığı zamanın və mühitin övladı kimi xeyli dəyişib - indi akademikdir, şöhrətli, xoşbəxt, həyatda arzuladıqlarının az qala hamısına çatmış, cəmiyyətdə böyük nüfuz və hörmət yiyəsi, sanballı şəxsiyyətdir. Amma bu yaşında da, bütün nail olduqlarına yetişəndən, həyatın hər cür xoş və sərt sifətlərini görəndən, ömrün çox zövq və ləzzətlərini dadandan sonra da onu sevindirən, heyrətləndirən, cazibəsinə sala bilən əsas nemət, yenə onillər əvvəl olduğu kimi, kitabdır, ağıllı söz, qələmdən təzəcə çıxmış yeni və dəyərli fikir daşıyan yazıdır.
Təəssüflər ki, sürətli zəmanəmiz insanlardakı oxumaq vərdişi və şövqünü nəzərəçarpacaq qədər soldurub. Daha keçmişlərdəki kimi insanlar kütləvi halda kitab aludəsi deyil, hətta elm, qələm sahiblərinin də əksəri əsasən öz yazdığını oxuyub feyziyab olmaqla kifayətlənir.
Cavanlığındakı kimi, yenə kitabla təmasdan doymayan, cild-cild kitablar bir yana qalsın, hətta qurucusu, qayğıkeş və tədbirli rəhbəri olduğu Milli Aviasiya Akademiyasında buraxılan jurnalın belə hər yeni sayını əvvəldən sonacan peşəkar maraqla oxuyub hər dolğun məqalə bir tərəfə qalsın, hər uğurlu cümləyə, ifadəyə sevinən, gözləri gülən, sifəti işıqlanan (bu, onunla birgə çalışanların mənimlə bölüşdükləri müşahidələrdir) Arif Paşayevi ən əvvəl bu özəlliyinə görə mən xoşbəxt adam sayıram. Və bu keyfiyyəti bütün ömrü boyu varlığında daşıdığına görə onun atası, görkəmli Azərbaycan alimi və yazıçısı Mir Cəlalı da məsud bir ata hesab edirəm.
O məktublar ki onları gənc Arif Paşayev qərib şəhərdən evlərinə göndərərmiş, onlar mənim işlədiyim Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Mir Cəlala həsr olunmuş guşədədir. Orada Mir Cəlaldan yadigar qalmış üstü qeydlərlə dolu təqvimdən, sənədlərdən, əlyazmalardan, fotolardan tutmuş yazı ləvazimatına, müxtəlif şəxsi əşyalaradək xeyli yadigar toplanıb. Və sırada bir binokl da var.
Söyləyirlər ki, Mir Cəlal Xəzər sahilində təkcə əyləşib bu durbinlə dənizin, üfüqün göz işlədikcə uzanan dərinliklərinə baxmağı sevərmiş.
Mir Cəlalın gözləri onsuz da çox uzaqları seyr edə bilirdi. Həm tarixin, həm insanın daxili aləminin hər kəsin rahatca duya, görə bilmədiyi uzaqlarını. Ona görə alim kimi araşdırmalar aparanda millətin keçmişindəki seçkin şəxsiyyətlərdən bəhs edər, yazıçılıq aləminə baş vuranda qəhrəmanlarının hisslər, düşüncələr aləminin ən zərif və dərin qatlarına enməyi bacarırmış.
Bəlkə həmin sevimli binoklunu gözlərinə dayayıb uzaqlara baxanda Mir Cəlal əslində dənizi, üfüqü, gözlə asan sezilməyən mənzərələri deyil, heç bir durbinin göstərə bilməyəcəyi gələcəyi görməyi umurmuş?!
Görəsən, özünün ixtiyar çağlarının, özünün olmayacağı daha sonrakı vaxtların görüntülərini, həmin gələcək içərisindəki əzizlərini, ilk növbədə övladlarını - əsərlərini və balalarını Mir Cəlal uzaqgörən alim və yazıçı təfəkkürüylə necə təsəvvür edirmiş?
Dünəndən boylanaraq bugünü bizim bildiyimiz bütün gerçəkləri ilə seyr edə, oradan baxaraq indi yaşı ondan artıq olan istəkli oğlu Arifin keçdiyi yolu və əldə etdiklərini ayrıntıları ilə görə bilsəydi, hər halda bir ata, valideyn kimi Mir Cəlal müəllim hədsiz bəxtiyar olardı.
Bir kitab adamı kimi ilk növbədə ona fərəhlənərdi ki, verdiyi tərbiyə boşuna ötüb keçməyib.
İftixar duyardı ki, millətinə, dilinə, peşəsinə, elmə, kitaba sevgi ömrü boyu balasının daxilində nəbz kimi döyünüb.
Qürrələnərdi ki, özünün mürəkkəb, çarpaşıq, təlatümlü dövrlər içərisində şöhrət gətirdiyi, daim ləyaqətini qoruyub saxladığı soyadını istəkli övladı daha da ucalara dikəldib.
Fəxr edərdi ki, oğlu Arif həm yaxşı alim, həm də bundan qat-qat çətin olan yaxşı adam olmağı bacarıb.
...1950-cimi, 60-cımı illərdir. Bütün vücudundan təvazö, mehribanlıq, əlçatımlıq yağan, gendən məşhur yazıçıdan, alimdən daha əvvəl müəllimə, bağbana bənzəyən Mir Cəlal yay tətilindədir, universitetdə dərslər bitib, yığışıb köçüblər bağa.
Xəzər sahilində düşüncəli-düşüncəli gəzişir, sevimli binoklunu asıb boynundan, hərdən qaldırıb yaxınlaşdırır gözlərinə, dənizin, üfüqün sonu görünməyən uzaqlarına baxır.
Nələri
görür?..
Əngin düşüncəsi ilə Yaradanın istəklilərindən olan dahi Eynşteyn özünə xas sərrastlıq və yığcamlıqla Xaliqin maraqlı təriflərindən birini verib: “Allah qərəzli deyil, qəlizləşdirəndir”.
Hamımız Ondan rişələnirik və Onun yanaşma ülgülərindən hərəmizə zərrəcə də olsa pay düşür.
Bəlkə mən də bu gümanlarımla əslində xeyli bəsit olanı həddən ziyadə mürəkkəbləşdirirəm?
Mir Cəlalda onu heç vaxt tərk etməyən zərif yumor hissi olub, hər gördüyündə bir məzəli çalar tuta bilib. Və bu, həyatı boyu karına da çox gəlib.
2009-cu il idi, Həmid Araslının Elmlər Akademiyasında 100 illiyi keçirilirdi. Arif müəllimlə qonşu sıralarda oturmuşduq. Onlar Araslı nəsli ilə köhnədən ailəvi yaxın, dost, simsar olmuşdular. Həmid Araslının həyat yoldaşı Balacaxanım müəlliməni yada salaraq Arif müəllim xatırladı ki, atam zarafatla deyərdi: “Balacaxanımda ki insanlarla belə ustalıqla rəftar etmək, dil tapmaq bacarığı, bu cür təşkilatçılıq var, onu Birləşmiş Millətlər Təşkilatının baş katibi qoysaydılar, işlərdi”.
Müstəsna zəkası və qeyr-i adi şəxsiyyətinə valeh olduğum dünya alimlərinin ən bilginlərindən biri, dillərdə dolaşan aforizmlərinin hərəsində həm iti yumor, həm də hüdudsuz müdriklik yaşayan Nils Bor haçansa belə sərrast ifadə işlədib: “Dünyada o qədər ciddi şeylər var ki, onlar haqqında yalnız zarafatla danışmaq olar”.
Bu şakər Mir Cəlala da xas olub, həmin xüsusiyyət irsən, qanla Arif müəllimə də keçib. Yəqin, daimi şuxluğundan, həyata, gedişata, bəzən ən ciddi görünə bilənlərə də daha iddiasız, təbəssümlə, bir az da kinayə ilə baxa bildiyindən hər olub-keçəni ürəyinə salmamağı da, çox müşkül görünən suallara rahatca cavab tapmağı da bacarıb və həmişə içərisi işıqla dolu olduğundan beləcə cavan qalıb.
(Aviasiya Akademiyasında buraxdığı dəyərli “Səma” (SKY) jurnalı ki var, o dərginin növbəti saylarından birini vərəqləyən qardaşı Hafiz haqlı irad tutur: “Əla jurnaldır. Ancaq dizaynı sən deyən yaxşı deyil”.
Arif müəllim uzun-uzadı izah əvəzinə dərhal gülərək dillənir: “Hə, düz deyirsən. Amma özümüz qəsdən çox bəzəkli eləmirik ki, göz dəyməsin”).
Bəlkə Mir Cəlal da həmin yadigar durbini ilə bağlı mənim guya fəlsəfi mülahizələrimi hansı möcüzəyləsə oxuya bilsəydi, özünə xas təbəssümlə qımışar və buna da məzə ilə sadədən-sadə bir izah verərdi: “Nə gələcəyi görmək həvəsi, canım! Buralardan çox aralı olduğuna görə yaxşı seçə bilmədiyim qayanın üstündə bir balıqçı hər gün gəlib kəmal-i ədəblə saatlarla oturur, mən də uzaqdan ona baxıb azarkeşlik eləyirəm ki, görəsən, nə tutdu, qızılbalıq keçdimi qarmağına?..”
...Amma axı elə Arif Paşayev də, atası kimi, Xəzərlə tək qalmağı sevir, ömrə bənzəyən dənizin sahilində saatlarla əyləşib tilov atmağı xoşlayır.
Təbii ki, əsas məqsədi də nə qızıl, nə də lap elə adi balığı tutmaqdır.
Axı dənizlə, ləpələrlə, sularla tənha qalanda insan ən əvvəl öz aləmində olur.
O aləmsə xüsusən yaş asta-asta artandan sonra gerçək ətrafımızdan, axarında olduğumuz səs-küylü həyatdan daha maraqlıdır.
Və həmin içərimizdəki tək özümüzün olan aləmdə bütün sevdiklərimiz - getmişlər və qalanlar hamısı ən munis xatirələrlə daim bizimlədir...
* * *
Arif müəllimi bir insan və şəxsiyyət kimi səciyyələndirən başlıca üstün keyfiyyətlərdən biri etibarlılıq, dünənə sədaqətdir.
Yaddaşı qısa olanlar heç vaxt mənəvi cəhətdən kamilliyə yetişə bilməzlər. Arif Paşayevdə insan xalisliyindən xəbər verən belə bir xüsusiyyətin varlığına onu uşaqlıq illərindən tanıyan dürüst bir şahidin sözlərindən sonra yəqinlik hasil etdim.
Unudulmaz akademik Həmid Araslının qızı, uzun danışmaqla arası olmayan Nüşabə xanım Araslı üçcə kəlməylə dəqiq qiymətini verə bildi: “Arif müəllim keçmişə sadiq adamdır”.
Bu sözləri deyən insan keçmişə sədaqətin nə demək olmasının çox incəliklərinə öz tərcüme-yi halının sıra-sıra sınaqlı səhifələrindən bələddir.
Mir Cəlalla Həmid Araslı ilk gənclik illərindən, Gəncə dövründən ayrılmaz dostlar idilər. Ailə, ev-eşik sahibi oldular, köhnə sirdaşlıq bir az da dərinləşdi. Dövr isə elə burulğanlı, axarında yaşadıqları siyasi mühit elə dolaşıq idi ki, etibar, kişilik, mərdlik şərtlərinə sonacan əməl etmək mümkünsüz qədər çətin olurdu.
1950-ci illərin başlanğıcında siyasi iqlim bir az dəyişik idi.
Daha dövlətin, hakim siyasətin şübhə ilə baxdığı, qaraladığı, damğa vurduğu adamlara salam verməyin belə ideoloji düşmənə qoşulmaq, onunla həmfikir olmaq kimi qiymətləndirildiyi 1937-ci il deyildi.
Doğrudur, tam o cür deyildi, ancaq aşağı-yuxarı mahiyyət dəyişməmişdi, yanaşma təqribən eyni idi və gözünün odu alınmış insanlar hər halda yaxın qorxulu tarixi yaxşı xatırlayırdılar.
Həmid Araslının “Kitab-i Dədə Qorqud”a görə ölkə rəhbərliyi səviyyəsində vurulduğu, təqib və təzyiqlərə məruz qaldığı, bütün gələcək taleyinin tükdən asılı olduğu əyyamlarda Mir Cəlal yenə onunla idi, açıq-aşkar əski dostuna qahmar da çıxırdı, mənəvi dayaq da dururdu, hər axşam külfətini yığıb onlara qonaq da gəlirdi və şübhəsiz, agah idi ki, belə etibargöstərmə ona baha başa gələ bilər.
Övladlar da bütün bunları görürdülər, öz həyat dərslərini (və etibarlılıq tapşırıqlarını) alırdılar.
Keçmişə sədaqətini o qədər müşkül, ağır günlərdə qeyrətli, mərdanə davranışları ilə isbat etmiş Mir Cəlalın oğlu başqa cür ola bilərdimi?!
Nüşabə xanım əlçatmaz keçmiş günləri, gələcəyə ümidlərlə dolu olduqları səadətli çağları xatırlayır, ailəliklə bir gün Mir Cəlalgildə, bir gün Araslıların, bir gün Məmməd Arifin, bir gün Süleyman Rəhimovun, bir gün Cəfər Xəndanın, bir gün Süleyman Rüstəmin... mənzilində toplanmalarını, hamısının iri bir ailə kimi bütöv, məhrəm olmalarını indi ürəksıyıran xiffətlə anır: “Olurdu ki, qardaşım Elman günlərlə Mir Cəlal müəllimgildə - İçərişəhərdə gecələyirdi, ya Arif gəlib bizdə - Çadrovıda (indiki Mirzağa Əliyev küçəsi) qalırdı.
Bəxt elə gətirdi ki, universitetdə də Aida mənimlə birgə oxudu.
İndi də rastlaşanda Arif müəllim bir-iki mehriban ifadəsiylə məni istər-istəməz qaytarır o keçmiş əziz günlərə. Qardaşımla tay-tuş olduqlarına görə daha yaxın idilər, amma mən də bütün həyat boyu onun etibarını müşahidə etmişəm”.
* * *
Arif müəllimin ömrünün, taleyinin bir parçası olan Aida xanım İmanquliyeva ilə Azərbaycan Elmlər Akademiyasının eyni institutunda işləyirdik. O zamanlar Yaxın və Orta Şərq Xalqları İnstitutunda (sonralar adı dəyişilib Şərqşünaslıq İnstitutu oldu) bir-birindən işıqlı görkəmli alimlər çalışırdı. Həmin ağır çəkili üstün alimlərin ən cazibəlilərindən biri hələ ilk tələbəlik illərindən ünsiyyət qurduğum, tez-tez görüşüb əngin biliklərindən bəhrələndiyim Əkrəm Cəfər idi. Əkrəm müəllimin Aida xanıma xüsusi rəğbətləri vardı, onun səviyyəsindən çox razı idi, həmişə tərifləyirdi, örnək gətirirdi və həm Aida xanımın atası Nəsir İmanquliyev, həm də Arif müəllimin atası Mir Cəlalla 1930-cu illərin əvvəllərindən sıx əlaqələri vardı.
Bir dəfə Əkrəm müəllim mənə Aida xanıma həsr etdiyi şeiri oxudu.
Əkrəm Cəfər tükənməz təsiri oyadan biliklər və keşməkeşli tale sahibi olan son dərəcə maraqlı bir insan idi. Fars, türk, ərəb ədəbiyyatlarına mükəmməl vaqif olduğu qədər rus ədəbiyyatına da aşina idi. Firdovsini, Nizamini, Xaqanini, Sədini, Hafizi və bir çox başqa farsdilli poeziya klassiklərini sinədəftər etmiş, onların yaradıcılığından özünəməxsus şövqlə, ehtiraslı bir artistizmlə saatlarla böyük-böyük parçaları əzbər söylədiyi kimi, türk ədəbiyyatından Əbdülhəq Hamidi, Tofiq Fikrəti də sevə-sevə deklamasiya edərdi və qəfildən valı dəyişərək Vladimir Mayakovskiyə keçərdi, cavanlıq çağlarında şairin özündən eşitdiyi tərzdə uzun-uzun seçmə şeirləri dinləyənləri heyran buraxan bir məharətlə oxuyardı. Amma müxtəlif dillərdəki poeziyanın hər çeşidindən xəbərdar olan Əkrəm Cəfərin son saatınacan ən çox sevdiyi şair Ömər Xəyyam, ən çox bəyəndiyi şeir şəkli rübai oldu. Və 1980-ci ilin aprel günlərində Əkrəm müəllim mənə Aida xanıma həsr etdiyi, növbəti ad günü münasibətilə ona bir hədiyyə olaraq təqdim etməyə hazırlaşdığı təzə şeirini göstərdi. Həmin şeirin də mayasında elə rübai dayanırdı. Şeirin sərlövhəsində də “rübai” kəlməsi vardı.
Əkrəm müəllim hesablamışdı ki, fars, türk, ərəb ədəbiyyatlarında son min ildə üç mindən çox rübai yazan şair olub. Aida xanımı isə obrazlı şəkildə o, İlahinin yaratdığı bir rübai sayırdı. Şeirin adı da məhz belə idi: “Allahın rübaisi”.
Bəlkə lap
dünyaya
gəldiyim
gündən
Mən
bütün ruhumla
şeirə məftunam.
Bütün
gözəlliklər şeirdir mənə,
Məni şeirə
vurğun
doğmuşdur
anam.
Şeirlər içində ən
çox sevdiyim
Rübai olmuşdur, indi də odur.
Hətta Aidaya baxdığım zaman
Gözümün
önündə rübai durur.
Məncə,
Aida da bir rübaidir,
Yazanı Allahdır bu
rübainin.
Candan vurulardı, görsəydi onu
Rübai allahı Xəyyam da, yəqin.
Aida ilahi bir rübaidir,
Gözləri, qaşları iki beyt
kimi -
Füzuli şeirinin iki şah beyti
Gözəllik heykəli,
könül hakimi.
Məcnun
ilə Leyli evlənsəydilər,
Uşaqları, yəqin, ona bənzərdi.
Bir qız doğulsaydı
nikahlarından,
O əsmər nazənin ona bənzərdi.
Aida baxarsa axar bir suya,
O su dəyişilib gülab olacaq.
Aidanın əksi düşsə
güzgüyə,
Güzgünün
qucağı güllə dolacaq.
O, Həvva olsaydı, cənnətdə
İblis
Adəmə yüz kərə
səcdə edərdi.
Züleyxa olsaydı, bütün
cavanlar
Yusifə dönərdi, Misrə gedərdi.
Mən ona səadət diləkçisiyəm,
Ensin ayağına elmin
meracı.
Diləyim budur ki,
ölməyim,
görüm
Mən onun başında
doktorluq
tacı.
Əkrəm müəllim bu şeiri oxumuşdu və
sonra da əlavə etmişdi ki, bax, rübai dörd
misradır. Aidanın da adı dörd hərfdən ibarətdir,
həyat yoldaşı, dostum Mir Cəlalın oğlu Arifin də
adı dörd hərfdir. İki
balaları var - ailələri də dörd nəfərdir.
Elə bil Allah rübailiyi hər cəhətdən
Aidanın alnına yazıb.
1905-ci ildə
doğulmuş Əkrəm müəllim 86 illik uzun
ömür yaşadı, şeirində arzuladığı
günə, Aida xanım İmanquliyevanın 1989-cu ildə
uğurla doktorluq dissertasiyası müdafiə edərək
layiq olduğu yüksək elmi dərəcəni də
almasına şahid oldu.
Heyiflər ki, Aida xanımın özünün
ömründəki rübai bütövlüyü başacan
davam etmədi.
Rübainin bir misrası erkən düşdü. Aida
xanımı insafsızca vaxtsız itirdik.
Hələ
yaşamalı illərsə qarşıda idi, vur-tut 52
yaşı vardı...
Mənim
elə Arif Paşayevlə də ilk görüşüm, ilk
tanışlığım 35 il əvvəl
Aida xanımın səbəbinə baş tutmuşdu.
1979-cu il idi. 3 illik aspiranturanı elə
birinci ildəcə tamamlayaraq XI əsrin filosof şairi Baba
Tahir Üryan haqqında dissertasiyamı müdafiə edirdim.
Baba Tahirin farsca şeirləri ilə
yanaşı ərəbcə “Kələmat-i qisar” (“Qısa
hikmətlər”) adlı bir risaləsindən də
dissertasiyamda bəhs edirdim, ona görə də əsərin
müzakirəsi əməkdaşı olduğum İran
filologiyası şöbəsi ilə Aida xanımın
müdiri olduğu Ərəb filologiyası şöbəsinin
birgə iclasında keçirilmişdi. O dövrün
qaydalarına uyğun olaraq dissertasiya ilə bərabər
bütün sənədlər rusca hazırlanaraq Moskvaya
göndərilməli idi. Bəzi sənədlərdə
Aida xanımın imzasına ehtiyac vardı. Cümə günü idi. Qarşıda iki
qeyr-i iş günü vardı. Aida xanıma zəng vurdum:
“Protokolları evə gətir, imzalayım”, - dedi. Apardım, Arif müəllim təzə qəzetləri
gözdən keçirirdi, əlində o çağın
“Pravda”dan sonra ikinci əsas qəzeti “İzvestiya” idi. Bir yazıdakı ayrı-ayrı məqamları
gülə-gülə dissidentcə şərh eləməyə
başladı və mən çox təəccübləndim.
Sovet dövləti cabəca yerində idi və
artıq çürüyüb laxlayan bu rejimdən
düşüncəli insanların əksəri bezərək
narazı olsa da, bu barədə hündürdən
danışmaq, siyasi gerçəkliyin əyər-əskiklərini
açıqca müzakirə etmək o qədər də dəb
deyildi və hələ ki, keçmişki KQB xofu diri idi.
Kim bilir, bəlkə ilk görüşdən belə
açıq, pərdəsiz replikaları ilə Arif müəllim
elmə yenicə gələn bir gəncin həyata daha
ayıq, daha gözüaçıq yanaşması
üçün bir ötürmə edirmiş.
Hər halda o ilk görüşdən Arif müəllim
mənə çox saf, mülayim, qılıqlı, səmimi
bir insan kimi gəldi.
35 il ötüb, dünya da büsbütün dəyişib,
elə bir çox insanlar da. Amma Arif müəllim
sabit və müsbət insani keyfiyyətləri ilə elə
həminkidir ki, qalıb.
2002-ci ildə Arif Paşayevi Azərbaycan Kosiki Karate-do
Federasiyasının qara kəmərinə layiq görüblər.
Bilmirəm Arif müəllim haçansa tatami üzərinə
çıxıbmı, ya nə vaxtsa ümumilikdə pəhləvanlığa
aid bu qəbil döyüş, güləş idman növlərindən
hansı iləsə məşğul olub, ya yox. Amma qəti əminəm ki,
Arif Paşayev həmin təltifə tam layiqdir, çünki
bizim bu pırtlaşıq, qatmaqarışıq
dünyamızda pəhləvanlıq yalnız güləş
döşəyi üzərində, rinqlərdə, meydanlarda
baş verən qarşıdurmalar deyil, üzdən
göründüyündən qat-qat geniş fəlsəfəni
əhatə edən bir anlayışdır.
Arif
Paşayevin atası Mir Cəlalın aşiqi olduğu,
dissertasiya və monoqrafiya həsr etdiyi Məhəmməd
Füzuli həmin danılmaz həqiqəti hələ beş əsr əvvəl ulu Məhəmməd
Peyğəmbərə ithafən qələmə
aldığı məşhur “Hədis-i ərbəin” əsərində
təsdiqləyərək belə yazırdı:
Pəhləvan ol degil ki, hər saət
Yıxa bir pəhləvanı
qüvvət ilə.
Oldurur pəhləvan ki,
vəqt-i qəzəb
Nəfsinə hökm edə
ihanət ilə.
Və dahi Füzuli bu amili o
qədər vacib hesab eləyirdi ki, cəmi 40 bənddən
ibarət və xeyli mətləbi açmalı olduğu həmin
xırdaca əsərində məsələyə bir də
qayıdır, əsl pəhləvanlığın yalnız
hisslər adama üstün gələndə nəfsini
boğa bilməyə güc tapa bilməyin deyil, həm də
başqalarında olan bir üstünlüyə həsəd
aparmamaq, digərinin uğuruna göz və könül
toxluğu ilə yanaşa bilmək olduğunu bəyan edirdi:
Ol təvangər degil ki,
nəqş-i təmə,
Səfhe-yi qəlbinə
müsəvvər olur.
Qeyr olanda olan təcəmmüldən,
Kəsən ümidini təvangər
olur.
Arif Paşayev həyatı boyu əslində hər
insanın içərisində olan və imkan versən,
münbit şərait tapsa dərinə işləyən,
qol-budaq atan təkəbbürün, nəfsin, həsədin
kürəyini yerə vura, məğlub edə bilib. Buna nail
ola bilən insana isə nəinki qara kəmər, güləşin,
döyüşün, pəhləvanlığın hər
növündə verilə bilən hər çeşid
mükafatın ən yaxşısı düşür.
* * *
Arif Paşayevin 1966-cı ildə müvəffəqiyyətlə
müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi
aldığı dissertasiya “Yüksək və ifratyüksək
yarımkeçiricilərin parametrlərini ölçmək
üçün kontaktsız üsul və cihazların
işlənməsi” adlanırdı.
1978-ci ildə ona fizika-riyaziyyat elmləri doktoru
adını qazandıran əsərin mövzusu isə
“Yarımkeçiricilərin tədqiqində qeyr-i
dağıdıcı üsulların fiziki əsasları,
inkişaf prinsipləri və tətbiq perspektivləri” idi.Bu
sahələrə nabələd olanlara heç nə deməyən
həmin sərlövhələr böyük elm
üçün çox şey deyir və nəticələri,
bəhrələri ilə əslində həm də zahirən
bu qəliz elmi deyimlərin mahiyyətini anlamayan sadə insan
üçün işləyir.
Lakin sırf elmi-terminoloji çəki və anlam
daşıyan kəlmələrin azərbaycancada rahatca dərk
olunan mənaları da var ki, məhz onların
işığında Arif Paşayevin şəxsiyyəti və
keçdiyi yola rəmzi yozumlarla nəzər salmaq olur.
Onillər ərzində yarımkeçiricilərlə
məşğul olubsa da, belə bir deyimin işlənməsi
məqbulsa, Arif müəllim özü həmişə
tamkeçirici olub.
Zəmanəmizin ifratyüksək tezlikli hadisələr
kaleydoskopunda müvazinətini itirmədən, səmt küləklərinə
əyilmədən, simanı qoruyaraq yaşamaq hər
oğulun işi deyil.
Dünyanı, insanları, hadisələri duyğular
selinə döndərərək daxilindən keçirmək,
qəlbində, zehnində bu qədər yükü
daşıya-daşıya səkkiz onili arxada qoymaq və bu təhər
şux, şıq, gümrah, duyğulu, nikbin qalmaq hünərdir.
Axı sən dünya ilə sadəcə paralel
yaşamırsansa, dünya sənin böyründən deyil,
içərindən keçirsə, mütləq gerçək
yaşın ömür sürdüyün illərin
miqdarından nəzərəçarpacaq qədər
artıq olur.
Arif adlanmaq asandır, dünyanı, həyatı arif
yaşamaq çətindir.
Bayaqkı elmi terminlər sırasında bir “qeyr-i
dağıdıcı” ifadəsi də keçirdi. Bunu da bizim
danışdığımız saya həyat dilinə
çevirəndə bir para qənaətlər yaranır.
Qeyr-i dağıdıcı hələ qurucu demək
deyil, amma istənilən halda yenə də
şükürlüdür. Dünyanı
olduğundan da gözəl edəcək yeni nəsə
yaratmırsansa, heç olmazsa olanı uçurub məhv etmə.
Elə təkcə Arif Paşayevin sadə Aviasiya məktəbindən
dünyada tanınan Aviasiya Akademiyası səviyyəsinə
dikəltdiyi təhsil ocağının timsalı onun necə
qurucu olmasının əyani sübutudur.
Arif
Paşayevin (və hər birimizin) ölməz alim
babalarımızdan olan Nəsirəddin Tusi düsturların,
tənliklərin, mürəkkəb quruluşların aləmindən
aralanıb şeirə sığındığı,
misralarla ovunduğu ilhamlı dəqiqələrdə qələmə
aldığı bu dördlüyündə bir tərəfdən
cahanın faniliyindən gileyli idisə, digər yandan ondan pərişan
idi ki, aləm açılmamış suallar,
tapılmamış cavablarla ləbələbdir:
Yol bilən aqillər hey gedib-gələr,
Kimsəyə vermədən
doğru
bir xəbər.
Bir düyün var, onu
heç
kəs açmadı,
Gələn vurub gedər
yeni
düyünlər.
Arif Paşayev məsud adamdır ki, bu yaşında
arxayın inamla söyləyə bilər ki, dünyanın
düyünləri üstünə yeni düyünlər
vurmadım. Gəldim, çalışdım, hansısa suallara
cavablar tapdım, hansısa düyünləri
açmağı bacardım, hansısa kəşfləri etməyə
müvəffəq oldum.
Və
indi səksənin hündürlüyündən geridəki mənzərə
bütün eniş-yoxuşu ilə aydın
görünürkən ortadakı həqiqət budur ki, Arif
Paşayev arifcəsinə yaşamağı bacarıb!
* * *
1998-2002-ci
illər arası püxtə alim Arif Paşayev Beynəlxalq
Mühəndislik Akademiyasının, Beynəlxalq Nəqliyyat
Akademiyasının, Beynəlxalq Ekoenergetika
Akademiyasının, Beynəlxalq Elmlər Akademiyasının,
Beynəlxalq İnformatizasiya Akademiyasının akademiki
seçilib.
Bu mötəbər ümumdünya qurumlarının
verdiyi adları Arif Paşayevə dünənki mühüm
elmi xidmətlərinin dalğası gətirib və yəqin,
belə dəyərləndirmələr bundan sonra da davam edəcək. Amma Arif müəllim
onların ömrün müəyyən mərhələsindən
sonra təbii bir dalğa olaraq gəlməsi üçün
can qoyaraq alın təri və beyin qırışları ilə
möhkəmdən-möhkəm təməllər yaradıb.
İnsana bu dünyada heç bir nemət elə
öz-özünə, qızıl nimçədə yoxdan
nazil olmur.
Arif Paşayev 1991-ci ildə fizika sahəsində önəmli
işlərinə görə “SSRİ ixtiraçısı”
medalına layiq görülüb.
Gec-tez dağılmağa məhkum olan SSRİ artıq
yoxdur, tarixin dünəninə çöküb. Amma sovet
dövründə verilmiş fəxri adlar, nişanlar, təltiflər
yaşamaqda davam edir və dəyərini itirmir. Ən əvvəl ona görə ki, o adlar hər yetənə
əta edilmirdi, yüz ölçülüb, bir biçilərək
ən layiqlilərə nəsib olurdu. İkincisi
də, bu qiymətləndirmə həm də miqyas göstəricisi
idi, ucu-bucağı görünməyən möhtəşəm
imperiyanın yüz milyonlarla sakini arasından seçilərək
üstün tutulma demək idi. Sovet dönəmində
SSRİ xalq artisi, SSRİ xalq rəssamı, SSRİ əməkdar
idman ustası, Sovet İttifaqı Qəhrəmanı, Sosialist
Əməyi Qəhrəmanı və digər belə ali şərəfləndirmələrə
yetişmək şəxsiyyətin parlaqlığının,
istedadının, qabiliyyətinin, rəşadətinin
dünyaya meydan oxuyan bir dövlət tərəfindən
tanınması idi.
Tarix əbədiləşən keçmişdir və
onun arxada qalmış səhifələrindən heç nəyi
silmək, dəyişmək mümkün deyil. Tarixin elə
yöndəmsiz, ağrı-acılı səhifələri var
ki, sadəcə onları yada salmaq istəmirsən, onları
bir daha vərəqləməyə həvəsin olmur, ürəyin
gəlmir. Amma yaşanmış vaxt kəsiyinin,
ötüb-keçilmiş dünənin elə məqamları
da var ki, ömrünü bizlərlə birgə yenə
sürür və iftixar qaynağı olaraq qalmaqdadır.
Əgər
bir Azərbaycan aliminin tapıntıları, yaratdıqları
o böyüklükdə elmi potensiala və yüzlərlə,
minlərlə oturuşmuş, dünya şöhrətli
alimdən ibarət intellekt ordusuna malik Sovet İttifaqı tərəfindən
o dövrdə yüksək qiymətləndirilərək
mükafatlandırılıbsa, buna dünən olduğu kimi,
bu gün də vətənini, millətini sevən hər kəs
Azərbaycanın, xalqın uğurları kimi fərəhlənməli,
öyünməlidir.
Arif
Paşayevin 1951-54-cü illərdə Moskva Elektrotexnika Rabitə
İnstitutunun tələbəsiykən Sovetlərin
paytaxtından Bakıya göndərdiyi, təhsilini 1954-57-ci
illərdə Odessa Elektrotexnika Rabitə İnstitutunda davam
etdirərkən oradan evlərinə yolladığı və
Mir Cəlalın arxivində rast gəldiyim məktublarında
epoxa var, dövrün ruhu, ab-havası var, o
çağların Bakısı, Moskvası, Odessası -
SSRİ-si var.
1952-ci
ilin 11 noyabrıdır, Moskvadan yazır: “Mən paradda bu dəfə
STALİNİ (özü bütün hərfləri
böyük yazıb, elə də saxladım - R.H.)
gördüm. Kişinin kefi çox
yaxşı idi. Mən mavzoley tərəfdən
onuncu gedirdim, odur ki, çox gözəl
görünürdü. O, əlini qalxızıb
gülümsəyərək bizi qarşıladı. Ata, mən necə də xoşbəxtəm!”
Bu həmin ilğıma çevrilmiş günlərin
şəxsi məktubda, ata-bala ünsiyyətində ifadə
edilmiş səmimi hissiyyatıdır. İndi onu necə
dəyişəsən?! O tarix o cür yaşanıb, o
cür qavranıb.
(Amma yeri gəlmişkən elə bu babətdə bir
uyğun xatirəni də bölüşüm. Niyazinin Rəsul Rzanın
sözlərinə bəstələdiyi, 1940-50-ci illərdə
çox populyar, dillər əzbəri bir mahnısı olub:
“Can Stalin”. Bir dəfə dedim ki, maestro, heyifdir, gəlin o
şeirə yüngülvari əl gəzdirək, ya mən
edim, ya atasının şeiri olduğuna görə Anara deyək
etsin, mətni Azərbaycana həsr edək, bu gözəl
melodiya da eşidilməmək, səslənməmək
buxovundan xilas olsun.
“Yox, istəmirəm,
- dedi. - Axı o vaxt biz bunu boğazdan yuxarı, kiminsə
tapşırığına görə etməmişik. Səmimi olmuşuq, ona görə də o vaxt
mahnı da qəşəng alınıb. Ürək
hökm eləyib, yazmışıq. Həmin
dövr yoxdur, ürək ki yerindədir. Bir
melodiyanın xatirinə mən ürəyimin əksinə necə
gedim?! Bu Niyazi ayrı, o Niyazi ayrı.
Bu Niyazinin o Niyazinin əvəzinə qərar
çıxarmaq haqqı yoxdur.”).
İndi bu təfərrüatlara varmaqla, ötən əsrin
ortalarının həmin mühitini xatırlamaqla məqsədim
o çağlardan ötrü qəribsəmə
duyğuları oyatmaq deyil, çatdırmaq istədiyim
başqa bir çalar var.
Bu gün elmin çeşidli sahələrində,
xüsusən dəqiq elmlər şəbəkəsində
Kürre-yi Ərzdə tanınan, qəbul edilən
ünlü alimlərimiz varsa, bu, ilk növbədə qoynundan
keçib gəldiyimiz həmin əzəmətli elm və
savad mühitinin bizə töhfəsidir.
Allahın
pay verdiyi istedad, qabiliyyət, zəhmətsevərlik öz
yerində, amma Arif Paşayev kimi alimlərin yetişməsi,
formalaşması, özündə Şərqi və Qərbi
üzvi şəkildə qovuşduran, hər cür əyalətçilik
təmayüllərindən qurtulmuş insanlara çevrilmələri
üçün, yalnız elmi deyil, həyati
dünyagörüşlərinin də genişlənməsindən
ötrü həmin təhsil və mədəniyyət məkanının
müstəsna əhəmiyyəti vardı. Bu
bilik və mədəniyyət mühiti həm o vaxt çox
qabaqcıl sayılırdı, həm də bizim SSRİ tərkibindəykən
maneəsiz gedib çıxa bilməyimiz mümkün olan
xaric idi.
Əlbəttə, valideynlər üçün istəkli
övladlarından müvəqqəti olsa belə
ayrılıq çətin idi, darıxırdılar da,
gözlərindən uzaqda, yad şəhərlərdə
balalarının necə yaşayıb-dolanmasından daim səngiməyən
bir nigarançılıq da vardı.
Dünyagörmüş
Mir Cəlal Paşayev məktublarından birində bunu etiraf
da edirdi: “Peyğəmbər deyib ki, görüş sevinci
olmasaydı, qürbətə səfəri qadağan edərdim.
Biz indi aramsız olaraq əziz
görüşün intizarındayıq”.
Şəxsiyyətləri, ömürləri, yolları
zamanın sınaqlarından keçmiş insanlar həm də
davam edən dərsdir, öyrəniləsi, nümunə
götürüləsi örnəkdir, bir çox cəhətləriylə
ibrətdir.
İndinin
imkanlı ailələrinin ailə şərəfini hər
an qoruyan, çalışqan, ağıllı
övladları az deyil, lakin təəssüf
ki, yolunu azanlar, qudurğanlar, qayğı, cah-cəlal
bolluğundan çaşanlar da bəs deyincədir.
Kimsə razılaşmaya da bilər, ancaq mənim
düşüncəmə görə, o köhnə nəsil,
xüsusən ziyalı ailələr övladlarına
münasibətdə daha tələbkar, daha ciddi, daha məsuliyyətli
olublar.
Mir Cəlal universitet professoru idi və o dövr
üçün kifayət qədər yüksək məvacib
alırdı, yazıçı idi, vaxtaşırı əsərləri
nəşr edilirdi, qonorarlar gəlirdi.
Amma macal verməyiblər uşaqlar ərköyünləşsin,
övladları aza qane olmağa, israfçılıqdan
aralı dayanmağa alışdırmışdılar.
Ailə tərbiyəsi necə mükəmməl
qurulmuşdusa, hətta kənar şəhərdə olanda belə
uşaqlar ata-ana nəzarətini hiss edirdilər.
Arif tələbədir,
Moskvadadır, həm, yəqin ki, valideynlərinin dönə-dönə
xəbərdarlıqları nəticəsində, həm də
elə öz fəhmiylə anlayır ki, Bakıda evdəkilər
ən çox nədən narahat ola bilərlər.
Nigaran qalarlar ki, özünü soyuğa verə bilər,
nigaran qalarlar ki, nəhəng, gözəl Moskvadakı asudəliyi
nə şəkildəsə dərslərinə təsir edər
və bu qəbil şeylər.
Özü
bunların yada salınmasından öncə
Bakıdakıları sakitləşdirir: “Moskvada bu gün qar
yağmağa başlayıb. Mən özümə
900 manata bir palto almışam. Sizdən
xahiş edirəm nigaran qalmayın. Siz elə
bilməyin mən çox gəzirəm. Xeyr! Dərslər çətinləşir, ona görə
də başqa işlərlə məşğul olmağa
vaxt yoxdur”.
Xatirə
olaraq qalsın deyə şəkillər çəkmək
istəyir və ailədən indiki bir çoxları kimi tələb
yox, ehtiyatla, sanki bir az da özünə
haqq qazandırmağa çalışaraq xahiş edir:
“Fotoaparatı yollayın. Çox xahiş edirəm,
elə bilməyin gəzmək üçün. Narahat
olmayın ki, bu mənim dərslərimə mane ola bilər. Moskvada adam
soyuqdan bilmir başını harada gizlətsin”.
Bu sətirlər
60 ildən də bir az əvvəl
yazılıb. Ancaq o sətirlərin içində
bugünün gəncliyinə də, valideynlərinə də
görk olan təfərrüatlar, incə işarələr
var.
O tərbiyənin,
övlada o cür güzəştsiz məhəbbətin,
övladların da o sayaq sözəbaxan,
başıaşağı, intizamlı olmasının nəticəsidir
ki, sadə bir tələbə zaman gərdişiylə
akademik Arif Paşayev kimi kamil bir şəxsiyyətə
çevrildi.
Hansı insan istəməz belə ucalsın, hansı
valideyn istəməz balasına belə bir tale qismət olsun?!
İstəyirsənsə,
gərək o cür ömür sürüb, o yolun hər
çətininə dözməyə də hazır olasan!
* * *
Hər gün neçə-neçə təyyarə
hava limanlarından səmaya şığıyır,
uzaqları yaxın edərək insanları saatlar, dəqiqələr
işərisində qədimdəkilərin həftələr,
aylar, illər sərf edərək yetə biləcəyi
uzaqlara çatdırır. Bu qeyr-i adiliyə çoxdan vərdiş
etdiyimizdən, tonlarla ağırlığı olan dəmir
“quş”ların kilometrlərlə yüksəkliyə
qalxmasının möcüzəsi haqqında adətən
heç düşünmürük, yerdə, bir avtomobildə
hərəkət edərkən çox zaman təhlükəsizliyimizdən
narahat olsaq da, taleyimizi qorxu-hürkü hiss etmədən məchul
ənginliyə qalxan təyyarələrin ixtiyarına tərəddüdsüz
buraxırıq. Amma min metrlərlə yüksəkliyə
qalxarkən, enərkən, orada yerdəkindən də rahat
arxayınca mürgüləyərkən gərək hərdən
bunun da fikrinə dalaq ki, bu rahatlığımızın,
qorxusuzluğumuzun, təhlükədən
uzaqlığımızın yarana bilməsi
üçün dünya boyunca hər an düşünən
ailmlər var. Və Arif Paşayev də onların ən
yaxşılarından biridir.
Uçuşların təhlükəsizliyini təmin
etməkçün havada nəqliyyatın idarəolunması
sisteminin işləmə effektivliyinin yüksəldilməsində
onun xidmətləri, verdiyi töhfələr çoxdur.
Ölkəmizin hava nəqliyyatının idarəolunması
sistemində aviasiya radiotexniki obyektlərinə məsafədən
nəzarət edən avtomatlaşdırılmış
sistemin işlənilməsi və tətbiqinin elmi rəhbəri
Arif Paşayev olmuşdur. Eləcə də havada nəqliyyatın
idarəolunmasında dispetçer rabitəsinin effektivliyini
artırmağa imkan verən aeronaviqasiya verilənlərinin
ötürülməsinin peyk nəqliyyat normativlərinin
işlənilməsi və tətbiqinin təşəbbüsçüsü
də odur - akademik Arif Paşayev!
Bu nailiyyətlərin arasında Ümumdünya
Meteoroloji Mərkəzindən informasiya qəbulunun
avtomatlaşdırılmış sisteminin yaradılması da
ayrıca vurğulanmalıdır.
Akademik A.M.Paşayevin elmi rəhbərliyi altında Azərbaycanın
tarixində ilk dəfə olaraq radioidarəolunan, pilotsuz
uçuş aparatı, vertolyotun aparıcı vintinin texniki vəziyyətinə
nəzarət üçün elektron qurğu
yaradılıb.
Elə həmin prinsiplərlə yaradılan başqa
qurğular da var ki, onlar düçar olduğumuz elan edilməmiş
müharibə, Ermənistanın Azərbaycana təcavüzü,
torpaqlarımızın və insanlarımızın təhlükəsizliyi
ilə birbaşa bağlıdır.
...Bir
neçə il öncə sərhəd
bölgəsinə, Ağdamın erməni
işğalından kənarda olan kəndlərinə, əsgərlərimizin
yanına getmişdim. Düşmən lap yaxında idi. O qədər
yaxında ki, onların səngərdən qırağa
atdığı konserv qutuları da aydınca gözə
çarpırdı.
Bu ins-cinssiz, atəşkəsin də ara-sıra
pozulduğu yerlərdə itləri görəndə təəccübləndim.
İzah elədilər ki, bunları özümüz
saxlayırıq. Çünki düşmənlə
aramızdakı bütün ərazilər minalanıb,
torpağa ayaq basan kimi partlayır. Ona
görə də hara irəliləsək, əvvəlcə
itləri həmin səmtə tuşadırıq ki, orada mina
varsa, zərərsizləşsin.
Həyatları bahasına bizə bu müharibə
gedişində köməyi dəyən o
dilsiz-ağızsız heyvanlara yazığım gəlmişdi. İstər-istəməz
düşünmüşdüm ki, siyasi lisanda bəzən
“dondurulmuş münaqişə” adlandırılan və geridəki
20 ildən artıq müddətdə əslində bir an da
dayanmamış bu Qarabağ davasında düşmən
yalnız insana, torpağa, yurda deyil, təbiətin də həşəratından
tutmuş gülünə-çiçəyinəcən hər
canlısına zədəsini və zərərini yetirib,
yarasını vurub, zəhərini dadızdırıb.
Əsarətdəki ərazilərimizin düşmən
işğalından qurtarması, partlayıcılardan təmizlənməsində
də elm dada yetir və akademik Arif Paşayev həmin istiqamətdəki
tədqiqləriylə də millətə faydasını
verir.
Onun başçılığı altında
minaların aranması, aşkarlanıb zərərsizləşdirilməsi
üçün radioidarəolunan robot da yaradılıb.
* * *
Bu gün
ən müasir təyyarələri daha təkmil etməkçün
çalışan, ölkədə aviasiya təhsilini
yönəldən Arif Paşayev 70 il əvvəl, məktəbliykən
pionerlər evində təşkil olunan müsabiqə
üçün təyyarə modeli düzəldibmiş,
birinci yeri qazanıbmış,
mükafatlandırılıbmış.
Təsadüfdürmü, alın yazısımı?
Allah ona
qanadlanmağı nəsib edəcəkmiş...
* * *
Sabitlik, mənim
nəzərimcə, insandakı ən ümdə və ən
ali əxlaqi məziyyətlərdəndir.
Arif Paşayev həyatı ərzində daim istəklərində,
əməllərində, münasibətlərində ideal səviyyədə
sabit olmağı bacarmış nadirlərdəndir.
Azərbaycanda, lap elə dünyada 80 yaşı olan və
80 illik dosta malik neçə nəfər tapıla bilər?
O təyyarə
modeli əhvalatını mənə hələ körpəykən
Ariflə eyni otaqlarda iməkləmiş, həyat yollarında
ötən əsrdən bu yüziləcən qoşa
addımlamış, həmin çağlardan bugünəcən
dostluqları, ülfətləri eyni istilikdə davam edən
diplomat Elman Araslı danışıb.
Övladları bunca sadiq və nəcib,
belə dəyişməz və yüksək mənəvi
meyarlarla tərbiyə edə, böyüdə bilsək, millətimizin
hər sıra nəfəri şəxsiyyətə
çevrilər!
* * *
Arif Paşayevin indiyəcən 400-dən artıq elmi əsəri
nəşr edilib, 30-dan artıq kitabı çıxıb,
60-dan çox ixtirası var, tələbələr
yetişdirib və ən mühümü, ömrü boyu
yaxşılıqlar etməyə can atıb.
Bunlar izlərdir.
Hamımız gedəriyik, bunlarsa qalarıdır.
İnsanı yaşadan, onu daim ehtiramlara ünvan edən
də belə-belə əməllərdir.
Söz yox, yeni illər gələcək və akademik
Arif Paşayevin əsərlərinin siyahısı bir qədər
də sıxlaşacaq, cərgəyə onun qələmindən
çıxmış başqa yeni əsərlərin də
adları əlavə ediləcək. Çünki
iş-gücsüz qalmamaq, təzə nəsə etmədən,
yaratmadan yaşayışı təsəvvür etməmək
bu qəbil insanların xislətidir. Mayası
belə yoğrulmuş insanlardan ötrü faydalı, qaynar fəaliyyətdə
olmaq, işləməmək deyil, əksinə, usanmadan
çalışmaq, yeni-yeni təşəbbüslərin həvəsiylə
yeni yollara çıxmaq dincəlməyin, daxili ahəngdarlıq
tapmağın körpüsüdür.
Amma Arif Paşayevin əsərlərinin təsdiqlənmiş,
imzalı-möhürlü siyahısında bir vacib əsərin,
mühüm bir kitabın adı adətən göstərilmir. Əslində isə o əsərin
adı gərək ən başda ola!
Bu əsərin, bu kitabın adı Ləyaqətlə
Sürülmüş Ömürdür.
Bəxtiyardır
o insan ki, yaşanmış illərin ucalığından
ötənləri seyr edəndə arxada gözəl bir əsərə
bənzəyən ömür görə!
Elə bir ömür ki, hər mərhələsində
sənə ehtiyac hiss edilib, həmişə umulmusan, gərəkli
olmusan, aranmısan.
Səksən
illik yolu boyunca akademik Arif Paşayevin ən böyük
qazancı və sərvəti məhz belə bir mənalı
həyatdır!
Dünənə
sədaqət, bugünə inam, sabaha ümidlə
yaşanmış ömür!
Əsər
kimi ömür, kitab kimi ömür!
Və o kitabın hələ bundan sonra yazılası,
yaşanası çox səhifələri var.
Təyyarə
səmadadır, uçuş davam edir...
Rafael HÜSEYNOV,
Azərbaycan Respublikası Milli Məclisinin
deputatı,
Azərbaycan Milli Elmlər
Akademiyasının müxbir üzvü,
filologiya elmləri
doktoru, professor
Xalq qəzeti.- 2014.- 15 fevral.- S. 2-3.