Ötən il Binəqədi rayonu üçün sosial-iqtisadi inkişaf baxımından uğurlu olmuşdur

 

Binəqədi Rayon İcra Hakimiyyətində  2013-cü ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı  keçirilmişdir.

Tədbir ulu öndər Heydər Əliyevin YAP Binəqədi rayon təşkilatının inzibati binası qarşısındakı abidəsinin önünə tər güllər qoyulması və ehtiramla yad edilməsi ilə başlanmışdır. Sonra Binəqədi  rayonunda ötən il ərzində görülmüş işlərdən bəhs edən film nümayiş etdirilmişdir.

Rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov  hesabat məruzəsi ilə çıxış edərək 2013-cü ildə əldə olunmuş uğurlardan, həyata keçirilmiş quruculuq və abadlıq işlərindən, qarşıda duran vəzifələrdən danışmışdır.

Respublikamızın hər yerində olduğu kimi, Binəqədidə də  abadlıq-quruculuq işlərinin davamlı olaraq aparıldığını qeyd edən başçı əhalinin sosial durumunun yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər reallaşdırıldığını vurğulamışdır. Bununla belə, rayon ərazisində bir sıra problemlərin mövcud olduğunun diqqətə çatdıran rayon rəhbəri onların həlli istiqamətində məqsədyönlü işlərin görüldüyünü xatırlatmışdır.

Natiq bildirmişdir ki, ötən il  bir sıra sistemli, kompleks xarakterli layihələr işlənib hazırlanmış və uğurla həyata keçirilmişdir. Hesabat dövründə yaşayış məntəqələrinin təbii qaza, suya, elektrik enerjisinə olan tələbatının ödənilməsi, küçə və məhəllədaxili işıqlandırma sistemlərinin qurulması, ictimai nəqliyyatın fasiləsiz işləməsi, sosial təyinatlı obyektlərin – məktəblərin, uşaq bağçalarının, xəstəxanaların, mədəniyyət evlərinin tikintisi və bərpası, müasir avadanlıqlarla təchiz edilməsi ilə bağlı xeyli görülmüş, müsbət nəticələr əldə edilmişdir.

İclasda həmçinin xatırladılmışdır ki, ötən il Bakı şəhərində pilot lahiyə olaraq Binəqədi rayonunda mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətlərinin yaradılması və həmin cəmiyyətlər vasitəsilə idarəetmənin təşkilinin formalaşdırılması diqqət mərkəzində saxlanılmışdır.

Bildirilmişdir ki, başçının yerlərdə keçirdiyi səyyar görüşlərdə səsləndirilən şikayət və təkliflərlə bağlı  Tədbirlər Planı tərtib edilərək aidiyatı qurumlaracavabdeh şəxslərə verilir. Adıçəkilən planda hər bir məsələnin reallaşdırılması ilə bağlı  konkret vaxt müəyyənləşdirilir, məsələlərin icrası vəziyyəti ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə şöbəsi tərəfindən nəzarətdə saxlanılır.

Tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Aygün Əliyeva və Bakı Pedoqoji Kadrların İxtisasartırma və Yenidən Hazırlanması İnstitutununn direktoru Asəf Zamanov qeyd etmişlər ki,  Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin  imzaladığı dövlət proqramları, fərman və sərəncamlardan irəli gələn vəzifələrin uğurla həyata keçirilməsi  rayonun ötən il  mühüm  uğurlara imza atmasını şərtləndirmişdir.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul əməkdaşı Tağı Tağıyev çıxış edərək dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkədə gedən dinamik inkişaf prosesindən, qarşıda duran vəzifələrdən ətraflı danışmışdır.

Tədbir iclasın qərar layihəsi və Prezident İlham Əliyevə ünvanlanmış müraciətin mətni  oxunmaqla davam etmişdir.

Sonda Binəqədi Rayon İcra Hakimiyyəti   və Azərbaycan Respublikası Prezidenti  yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun  birgə təşkil etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılmışlar.

Hesabat iclasında Milli Məclisin deputatları Madər Musayev, Rafael Cəbrayılov, Bakı Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşı Ramiz Quliyev, Azərbaycan Respublikası Prezidenti  yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli,  Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Bakı şəhəri üzrə Təhsil İdarəsi müdirinin müavini Hüseyn Əsgərov iştirak etmişlər.

 

 Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2014.- 15 fevral.- S. 5.