Ötən il
qazanılmış uğurlar yeni nailiyyətlər
üçün güclü stimul yaratmışdır
Hər il olduğu kimi, 2013-cü ildə də böyük layihələrin icrası, aparılan islahatların genişlənməsi nəticəsində Azərbaycanın uğurlu, dinamik inkişafı təmin edilib. İqtisadiyyatın bütün sahələri üzrə qeydə alınan müsbət meyillər rabitə və informasiya-kommunikasiya texnologiyaları sahəsində də öz əksini tapıb. 2013-cü ildə sektorun inkişafı ilə bağlı genişmiqyaslı tədbirlər görülüb, yüksək nailiyyətlərə imza atılıb.
Ötən il dövlət proqramlarının icrası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) tərəfindən diqqət mərkəzində saxlanılıb və qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi üçün tədbirlər həyata keçirilib. 2013-cü ildə İKT, informasiya və poçt sektorunda əldə olunan gəlirlərin həcmi müqayisəli qiymətlərlə əvvəlki ilə nisbətən 14 faiz artaraq 1 milyard 632,2 milyon manat təşkil edib. 2012-ci illə müqayisədə artım tempi İKT sektorunda 14 faiz informasiya texnologiyaları sektorunda 1,3 dəfə, poçt sektorunda 4,3 faiz, informasiya sektorunda isə 23,5 faiz təşkil edib. İKT, informasiya və poçt sektorunda əldə olunan gəlirlərin təxminən 77 faizi qeyri-dövlət rabitə müəssisələrinin payına düşüb. Ümumilikdə informasiya, rabitə və poçt sektoruna 202,2 milyon manat investisiya qoyulub və bunun ölkə iqtisadiyyatına qoyulan ümumi investisiyada payı 1,1 faiz təşkil edir.
Ölkə ərazisində universal poçt xidmətlərinin əhatə dairəsinin genişləndirilməsi istiqamətində işlər əsasən başa çatdırılıb. Artıq ölkənin bütün yaşayış məntəqələri üçün rabitə xidmətləri mümkün olmuşdur. Əhalinin artım tempi və yeni yaşayış massivlərinin salınması nəzərə alınmaqla, əhalinin tələbatına uyğun olaraq universal rabitə xidmətlərinin tətbiqi və inkişafı istiqamətində işlər davam etdirilir. 2013-cü ildə “Aztelekom” İB-nin şəbəkəsində 45 560 yeni istifadəçinin genişzolaqlı internetə qoşulması imkanı yaradılıb və beləliklə də şəbəkənin ümumi tutumu 114 812-ə və istifadəçilərin sayı 47 435 nəfər artırılaraq 104 691-a çatdırılıb. Ümumilikdə kənar provayderlərə məxsus ADSL portları da nəzərə alınmaqla BTRİB şəbəkəsində genişzolaqlı xidmətlərdən istifadə etmək imkanı 284 148 porta çatdırılıb və hazırda həmin portlardan 239 838 ədədi istifadə olunur.
2013-cü ilin ən əlamətdar hadisəsi Azərbaycanın ilk telekommunikasiya peykinin 8 fevral tarixində Fransız Qvianasında yerləşən Kuru kosmodromundan orbitə çıxarılmasıdır. Artıq peyk vasitəsilə kommersiya fəaliyyəti həyata keçirilir və Azərbaycan peyki üzərindən 60-dan çox yerli və xarici kanal yayımlanır. 28 avqust 2013-cü il tarixində “Azərkosmos” ASC və ABŞ Ticarət və İnkişaf Agentliyi (USTDA) arasında “Azərspace-2” ikinci telekommunikasiya peykinin orbitə çıxarılması üzrə texniki-iqtisadi əsaslandırmanın hazırlanmasına dair qrant müqaviləsi imzalanıb, müsabiqə keçirilib və “Global Resources” şirkəti qalib elan edilib. Texniki-iqtisadi əsaslandırmanın hazırlanmasına yaxın vaxtlarda başlanılması nəzərdə tutulur.
Yerin müşahidə peyklərindən kosmik təsvirlərin əldə edilməsinə imkan verən universal stansiyanın qurulması və digər ölkələrin yüksək ayırdetməli optik və radar peyklərinin regionumuz üzərindən keçidləri zamanı həmin stansiya vasitəsilə təsvirlərin əldə edilməsi məqsədilə tender keçirilib və hazırda tenderin nəticələrinin qiymətləndirilməsi işləri aparılır. Bununla yanaşı, yüksək ayırdetməli peyk xidmətlərinin təchizatçıları ilə distribüter müqaviləsi əsasında 2013-cü ildən aidiyyəti dövlət qurumlarının, o cümlədən güc strukturlarının optik və radar peyk təsvirləri ilə təchiz edilməsinə başlanılıb. 2016-cı ildə yer səthinin müşahidəsi üçün Azərbaycan peykinin aşağı yer orbitinə çıxarılması, 2017-ci ildə isə Azərbaycan Respublikasına məxsus yüksək ayırdetməli optik peykin orbitə çıxarılması istiqamətində istehsalçı şirkətlərlə danışıqlar aparılır.
“Azərkosmos” ASC-də ISO 9001:2008 auditi keçirilərək “Bureau Veritas”-ın beynəlxalq keyfiyyət standartına uyğunluq sertifikatının əldə olunması təmin edilib. Peykin BMT-də beynəlxalq qeydiyyata alınması üçün sənədlər artıq tərtib olunub.
2013-cü ildə mobil nömrə daşınması xidmətinin tətbiqi üzrə bütün hazırlıq işləri tam başa çatdırılıb və cari ilin 1 fevralından xidmət istifadəyə verilib. Mobil Cihazların Qeydiyyat Sistemi isə 2013-cü ilin may ayının 1-dən etibarən fəaliyyətə başlayıb. Bundan başqa, Tarif (qiymət) Şurasının 2 dekabr 2013-cü il tarixli iclasında telefon rabitəsi tarifləri üzrə bir sıra qərarlar qəbul edilib. Yeni tariflər 2014-cü ilin yanvar ayının birindən tətbiq olunmağa başlanılıb. Sözügedən tarif dəyişikliyi telefon rabitəsi xidmətlərinin əhali üçün əlçatan olmasının təmin edilməsinə və sərfəli qiymətlərlə istifadəsinə şərait yaradılmasına yönəldilib. Azərbaycan əlifbası ilə domen adlarının onlayn qeydiyyatı sistemi isə 2 oktyabr 2013-cü il tarixdən etibarən istifadədədir.
Rəqəmli yayıma keçidlə əlaqədar televiziya yayım tarifləri və UPX tarifləri üzrə təkliflər hazırlanaraq, Tarif Şurasına təqdim olunub və hazırda müzakirələr aparılır. İnternet tarifləri tənzimlənmədiyindən bu sahədə qiymətlərin aşağı salınması ilə bağlı internet servis provayderlərinə tövsiyələr verilib. Ötən il həyata keçirilmiş tədbirlər nəticəsində respublikamızda fəaliyyət göstərən mobil operatorlar tərəfindən əvvəlki illərdə (2010-2011) müxtəlif ölkələrin operatorları ilə rouminq tariflərində edilmiş endirimlərdən əlavə olaraq, digər ölkələrin operatorları ilə əldə edilmiş razılığa əsasən rouminq xidmətlərinin qiymətləri aşağı endirilib.
2013-cü ildə mobil identifikasiya sistemi də istifadəyə
verilib.
Artıq smartfon və digər tablet tipli mobil qurğulardan
“Elektron hökumət” portalına təhlükəsiz
girişlərin təmin edilməsi üçün vətəndaşlara
mobil ID sertifikatları verilir. “Elektron hökumət”
portalına 45 qurum fiziki olaraq qoşulmuş və Nazirlər
Kabineti tərəfindən təsdiq edilmiş 428 elektron xidmətdən
280-i vahid
portal (bir pəncərə prinsipi) vasitəsilə əhaliyə
təqdim olunur. 270 xidmət vətəndaşlar
üçün elektron xidmətlər portalında, 313 xidmət
isə dövlət qulluqçuları üçün
elektron xidmətlər portalında yerləşdirilib. “Azərbaycanda elektron hökumət üçün
təlim mərkəzinin yaradılması” layihəsi üzrə
də işlər davam etdirilir.
“YT
Park”ın ərazisinin layihələndirilməsi və
infrastrukturun yerləşdirilməsi üzrə müzakirələr
aparılır. Respublika
Prezidentinin sərəncamı ilə yaradılan RİTN-in
tabeliyində İnformasiya Texnologiyalarının
İnkişafı Dövlət Fondunun fəaliyyəti də
tam təşkil olunub. Fondun Əsasnaməsi
və “Fondun vəsaitinin istifadəsi Qaydaları” təsdiqlənib,
eyni zamanda, fondun Müşahidə Şurasının tərkibi
formalaşıb və müvəkkil banklar seçilib.
“Yüksək Texnologiyalar Parkı”nın
(YT Park) yaradılması haqda fərmana uyğun olaraq isə
parkın formalaşdırılması, zəruri infrastrukturun
qurulması, beynəlxalq təcrübənin öyrənilməsi
və digər təşkilati məsələlərin həlli
istiqamətində işlər aparılır. Hazırda
parkın ərazisinin layihələndirilməsi və
infrastrukturun yerləşdirilməsi üzrə bu sahədə
çalışan şirkətlərlə müzakirələr
aparılır.
Azərbaycanın
İKT sektorunun inkişafına verilən beynəlxalq qiymətə
gəlincə, Dünya İqtisadi Forumunun “The Global Information
Technology Report 2013" hesabatında Azərbaycan ”Şəbəkələşmə
hazırlığı indeksi"nə görə (Networked
Readiness Index) əvvəlki mövqeyindən 5 pillə irəliləyərək
dünyanın 144 ölkəsi arasında 56-cı yerə
yüksəlib. Hesabata əsasən, Azərbaycan
internet istifadəçilərinin say göstəricisinə
görə MDB və orta Asiya ölkələri arasında
liderdir və eləcə də, 144 ölkə arasında
“İKT-yə dəstəkdə hökumətin
uğurları” indeksi üzrə 8-ci, “Hökumətin gələcək
baxışlarında İKT-nin əhəmiyyətliliyi”
indeksi üzrə 9-cu, internetin əlçatanlığı
göstəricisinə görə isə 20-ci yerdə qərarlaşıb.
Həmçinin, Dünya İqtisadi Forumunun “The Global
Competitiveness Report 2013-2014” hesabatında ”Qlobal rəqabətqabiliyyətlilik
indeksi" üzrə Azərbaycan dünyanın 148 ölkəsi
arasında 39-cu yeri tutmuş və əvvəlki hesabatla
müqayisədə 7 pillə irəliləyərək yenə
də MDB məkanında öz liderliyini qoruyub saxlaya bilib. Beynəlxalq Telekommunikasiya İttifaqının
(BTİ) “Measuring the Information Society-2013” adlı hesabatında
“İKT inkişaf indeksi” (IDI) üzrə əvvəlki
hesabatla müqayisədə 7 pillə irəliləyərək
157 ölkə arasında 61-ci yeri tutub.
2013-cü ildə Naxçıvan Muxtar Respublikası ərazisində
kommunal xidmət haqlarının yığımı üzrə
avtomatlaşdırılmış qeydiyyat sisteminin
yaradılması məqsədilə məlumat bazası da
yaradılıb və proqram təminatı yazılıb. Müvafiq
serverlər alınıb Naxçıvan MR RİTN-də quraşdırılıb.
Naxçıvan MR kommunal idarələri tərəfindən
ilkin məlumat bazalarının tam
formalaşdırılması prosesi gedir və artıq ödənişlərin
aparılmasına başlanılıb.
“Azərbaycan Respublikası ərazisində DVB-T rəqəmli
televiziya yayım sisteminin tətbiqi və inkişafı
proqramı” üzrə işlər hesabat dövründə də
davam etdirilib.
Hazırda ölkə ərazisində 87 DVB-T
vericidən ibarət olan rəqəmli şəbəkə fəaliyyət
göstərir və bu istiqamətdə
görülmüş tədbirlər nəticəsində
respublika əhalisinin yaşadığı ərazilərin 97
faizi açıq paketlə (10-12 kanal) rəqəmli televiziya
yayımı ilə təmin edilib. Teleqüllə
kompleksində yayımlanan analoq və rəqəmli TV
proqramların keyfiyyətli yayımını təmin etmək
üçün yeni efirə nəzarət monitorinq sistemi
quraşdırılıb.
Respublika ərazisində yayımlanan TV və FM
radioproqramlarının yayım keyfiyyətini yoxlamaq məqsədilə
DRİ-nin mütəxəssisləri tərəfindən
respublikanın
yaşayış məntəqələrində TV
siqnallarının elektromaqnit sahə gərginliyinin səviyyəsi
ölçülüb. Həmçinin radiomonitorinq işləri
aparılıb. Belə ki, televiziya yayımı üzrə
172 məntəqədə 1638 ölçü, radio
yayımı üzrə isə 137 məntəqədə 1446
ölçmə işləri aparılıb. Ölkə
ərazisində qonşu dövlətlərdən
yayımlanan radio və televiziya proqramlarının elektromaqnit
sahə gərginliyinin səviyyəsini ölçmək məqsədilə
isə 26 şəhər və rayon ərazisində
radiomonitorinq işləri aparılıb.
Respublikada
yaradılması nəzərdə tutulan “Mərkəzləşdirilmiş
Avtomatik Radiomonitorinq Şəbəkəsi”nin
qurulması işləri mərhələlər üzrə
davam etdirilir. Artıq Mehdiabad və Yeni Günəşli
yaşayış massivlərində
planlaşdırılmış radiomonitorinq məntəqələri
tikilib və müvafiq radiomonitorinq, yer və istiqamət təyini,
idarəetmə mərkəzi, anten və s. avadanlıqlar,
server və proqram təminatları quraşdırılıb
istismara verilib. Şəbəkənin
qurulması dövlət büdcəsinin vəsaiti hesabına
həyata keçirilir. Mövcud radiomonitorinq şəbəkəsi
ilə müqayisədə yeni qurulan şəbəkə
respublikada ümumi tezlik spektrinə avtomatik olaraq tam nəzarətin
həyata keçirilməsinə, yüksəktezlikli radiosiqnalların
qəbuluna, efirə qeyri-qanuni müdaxilə edən tezlik
siqnallarının avtomatik aşkarlanmasına imkan verir,
mülki məqsədlər üçün nəzərdə
tutulan tezlik spektrinə nəzarəti
təmin edə bilir və avtomatik idarə olunur.
Ölkənin “Poçt qutusu” - xidmətlərin natural həcmi
əhəmiyyətli dərəcədə artıb.
2013-cü il ərzində poçt
xidməti şəbəkəsinin inkişafı və
genişləndirilməsi sahəsində də əməli tədbirlər
həyata keçirilib. Ötən il
poçt xidmətlərinin natural həcmi daxili göndərişlər
üzrə əhəmiyyətli dərəcədə
artıb.
“Azərpoçt” MMC beynəlxalq bağlamaların axtarışına dair Ümumdünya Poçt İttifaqının (ÜPİ) “Cricket” sorğu sistemi vasitəsilə hazırda dünyanın 157 ölkəsi ilə əməkdaşlıq edir. Bundan başqa, MMC 86 ölkə ilə “PRİME” (müştəri xidmətləri) sistemi ilə beynəlxalq sifarişli poçt göndərişlərinə dair internet vasitəsilə operativ elektron sorğu sistemindən istifadə edir. Hazırda MMC sifarişli poçt göndərişləri üzrə beynəlxalq izləmə sistemi vasitəsilə 33 ölkə ilə əməkdaşlıq edilir.
“Azərpoçt” MMC-nin ÜPİ-nin Qlobal Monitorinq Sisteminə (GMS) qoşulması prosesi tam başa çatdırılıb və 2013-cü ilin yekunlarına əsasən, respondentlərin göndərdiyi nəzarət məktubları təyin edilmiş normativlərə uyğun ünvan sahiblərinə çatdırılıb.
Dünya Bankının maliyyə dəstəyi ilə respublikamızda həyata keçirilən “Maliyyə xidmətlərinin inkişafı” layihəsinin nəticəsi olaraq poçt şöbələri tərəfindən yeni bank-maliyyə xidmətləri göstərilir və tətbiq səviyyəsi genişləndirilir. Maliyyə xidmətlərinin göstərilməsi məqsədilə “Azərpoçt” MMC Mərkəzi Bankın AZİPS və XÖHKS sistemlərinə, eləcə də “SWIFT” sisteminə qoşulmuş və beynəlxalq ödəniş əməliyyatları yerinə yetirilir. Hazırda “Azərpoçt” MMC tərəfindən 14 400-dən çox “Maestro” və “MasterCard” loqolu əməkhaqqı kartı emissiya edilərək müştərilərə təqdim olunub. 2013-cü ildə yeni 53 POS-terminal, 2 ədəd isə ATM-bankomat quraşdırılmış və beləliklə MMC müştərilərə 109 ədəd POS-terminal və 15 ədəd ATM-lər vasitəsilə xidmət göstərir. “STEFİ” elektron pulköçürmələri üzrə ÜPİ-nin regional layihəsinin icrası ilə bağlı “Azərpoçt” MMC ilə Belarus və Qazaxıstan poçtu arasında Təcili Elektron Pulköçürmələrinin mübadiləsinə, Özbəkistan Poçtu ilə “STEFİ” Elektron Pulköçürmələrinin mübadiləsinə, Qırğızıstan Poçtu ilə isə sınaq testlərinə başlanılıb.
2013-cü il ərzində “Azərmarka” şirkəti tərəfindən 22 mövzuda 60 ədəd poçt markası, 4 növ markalanmış poçt zərfi, 4 növ poçt kartı dövriyyəyə buraxılıb. Ümummilli liderimiz Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar kitab və suvenirlər hazırlanıb dövriyyəyə buraxılıb.
Ötən il qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində də tədbirlər görülüb. “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafı üzrə 2013-2020-ci illər üçün Milli Strategiya”nın layihəsi hazırlanaraq aidiyyəti dövlət orqanları ilə razılaşdırılıb və Prezident Administrasiyasına təqdim edilib. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi” haqqında Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişikliklərin layihəsi və “Dövlət informasiya sistemləri və ehtiyatları” haqqında qanun layihəsi hazırlanıb. Hazırda layihə üzərində təkmilləşdirmə işləri aparılır.
RİTN ötən dövr ərzində əsas fəaliyyəti ilə yanaşı, qaçqın və məcburi köçkünlərin, şəhid və əlil ailələrinin, veteranların, idmançıların və sosial vəziyyəti ağır olan digər insanların problemləri ilə yaxından maraqlanaraq onlara daim yardımlar edib. Ermənistanın təcavüzü nəticəsində işğal edilmiş ərazilərdən didərgin düşmüş məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması barədə dövlət proqramına uyğun olaraq, respublikanın müxtəlif bölgələrində məskunlaşmış məcburi köçkünlərə və “Rabitəçi” istirahət düşərgəsində yaşayan rabitəçi köçkünlərə nazirlik tərəfindən maliyyə və ərzaq yardımı göstərilib.
2013-cü il ərzində vətəndaşlardan birbaşa RİTN-ə daxil olan müraciətlərin sayı əvvəlki illə müqayisədə 499 ədəd artaraq 2 215 ədəd təşkil edib. Daxil olan müraciətdən 366-ı telefon çəkilişi, 249-u işlə təmin olunma, 170-i maddi yardım verilməsi,178-i telefonun işləməməsi, 69-u qəbula gəlmək, 39-u telefonun bərpası, 58-i rəhbərlikdən şikayət və s. məsələlərlə əlaqədar olub. 2013-cü ildə vətəndaşların müraciətlərinin daha da operativ həll olunması məqsədilə yaradılmış “qaynar xətt”ə 5691 ədəd, nazirliyin elektron poçtuna isə 1829 müraciət daxil olub.
Ötən il rabitə və informasiya texnologiyaları naziri respublikanın 8 bölgəsində ətraf rayonları da əhatə etməklə 151 vətəndaşla görüş keçirib, sakinlərin problemləri dinlənilib və edilmiş müraciətlərin həll olunması istiqamətində zəruri tədbirlər görülüb. Keçirilmiş görüşlərdə qaldırılan məsələlərin böyük bir qismi yerindəcə həll olunub, bəzi müraciətlər qeydə alınaraq araşdırılıb həll edilməsi üçün RİTN-in müvafiq strukturlarına tapşırıqlar verilib. Aidiyyəti üzrə olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.
Qarşıda isə mühüm vəzifələr durur. Bu il bütün ölkə üzrə genişzolaqlı internet infrastrukturunun yaradılmasını nəzərdə tutan layihənin tətbiqinə başlanılmasıdır ki, bu da sektorun hərtərəfli inkişafı üçün güclü təkanverici vasitə olacaq. Layihənin yekunu olaraq, genişzolaqlı internet istifadəçilərinin sayının 85 faizə çatdırılması Azərbaycana 2017-ci ilədək dünyanın inkişaf etmiş ölkələrinin səviyyəsinə çıxmağa imkan verəcək. Bununla yanaşı, kosmik sahənin inkişafı ilə bağlı nəzərdə tutulan tədbirlərin davam etdirilməsi və yeni layihələrin icrasına başlanılması, elektron xidmətlərin tətbiqinin genişləndirilməsi, yüksək texnoloji və elmtutumlu məhsulların hazırlanması üzrə Yüksək Texnologiyalar Parkının fəaliyyətinin təşkili, İKT İnkişafı Dövlət Fondu tərəfindən kredit və qrantların verilməsi və s. qarşıda duran vəzifələrdəndir.
Vidadi ZEYNALOV,
Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyi Aparatının rəhbəri
Xalq qəzeti.- 2014.- 15 fevral.- S. 6.