Azərbaycan
dövləti nüfuzlu iqtisadi və siyasi güc mərkəzinə
çevrilir
Son 10 ildə neft gəlirləri əsasında yaradılmış möhkəm maliyyə-iqtisadi baza qeyri-neft sektorunun dinamik inkişafını və ölkə iqtisadiyyatının diversifikasiyasını, regionların tarazlı inkişafını, səmərəli beynəlxalq iqtisadi əməkdaşlığı, dünya iqtisadiyyatına inteqrasiyanı sürətləndirmiş və son nəticədə Azərbaycanın hər bir vətəndaşının rifahının yüksəldilməsi ilə bağlı müsbət dəyişikliklər baş vermişdir.
Bu yaxınlarda keçirilən Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr olunan konfransda bütün bunlar barədə ətraflı danışıldı. Ölkə Prezidenti cənab İlham Əliyev xüsusi vurğuladı ki, 2004-cü ildə əgər birinci proqram qəbul edilməsəydi, bugünkü Azərbaycan reallıqları tam fərqli ola bilərdi. Regionların inkişafı, sahibkarlara verilən dəstək, idxaldan asılılığın azaldılması və ixrac potensialının yaradılması son illərin uğurlarıdır.
Əldə olunmuş bütün bu nailiyyətlər statistik göstəricilərdə də öz əksini tapır. Son 10 ildə Azərbaycanda iqtisadiyyat 3,4 dəfə, sənaye istehsalı 2,7 dəfə, kənd təsərrüfatı 1,5 dəfə artmışdır. Ölkədə 1 milyon 200 min iş yeri açılmışdır ki, onların 900 mini daimi iş yeridir. Yoxsulluq 50 faizdən 5,3 faizə düşmüş, işsizlik cəmi 5 faiz olmuşdur. Bu göstəricilərə görə Azərbaycan hətta inkişaf etmiş ölkələri belə qabaqlayır. Xarici dövlət borcumuz ÜDM-in 8 faizini təşkil edir. Bu da dünya miqyasında ən yüksək göstəricidir.
Sözügedən dövrdə ölkəmizdə 2708 məktəb, 500-dən çox səhiyyə müəssisəsi tikilmiş və ya əsaslı təmir olunmuş, təhsil və səhiyyə sahəsində bir sıra dövlət proqramları qəbul edilmişdir. Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində çox böyük işlər görülmüş, fondun dəstəyi ilə 312 məktəb tikilmiş və əsaslı təmir edilmişdir. Ölkədə bütün çadır düşərgələri ləğv olunmuş, qaçqın və məcburi köçkünlər üçün 77 müasir qəsəbə salınmışdır. Nəticədə 140 min məcburi köçkün mənzillə təmin edilmişdir.
10 il ərzində müxtəlif dövlət qurumları, o cümlədən Sənaye və İqtisadi İnkişaf Nazirliyi tərəfindən əhaliyə göstərilən elektron xidmətlərin həcmi də genişləndirilmişdir. Azərbaycan brendi olan “ASAN xidmət” öz uğurlu fəaliyyəti ilə geniş əhali kütləsinin rəğbətini qazanmışdır. İndiyədək bu mərkəz tərəfindən 500 mindən çox vətəndaşa müxtəlif xidmətlər göstərilmişdir.
On ildə xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi 478 min hektardan 893 min hektaradək artırılmış, 9 milli park yaradılmışdır. Bu dövrdə 20 milyon ağac və kol əkilmiş, əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması üçün 222 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğular quraşdırılmışdır.
Konfransda Azərbaycanın hər bir bölgəsinin son dövrlərdə tikinti meydançasını xatırlatması və ölkədə həyata keçirilən mühüm layihələrin yerli şirkətlər tərəfindən uğurla reallaşdırılması bir daha xatırladıldı. Bildirildi ki, quruculuq siyasəti, sabitlik və inkişaf müasir Azərbaycanın simasıdır. Bütün bunlar ölkəmizin gücünü daha da möhkəmləndirir. On illik inkişaf mərhələsi xalqımızın tarixində və taleyində mühüm nailiyyətlərlə müşayiət olunmuşdur. Bu illərdə hər bir azərbaycanlının ən ümdə arzuları reallaşmışdır. Azərbaycan öz iqtisadi inkişaf tempi ilə indi dünyanın diqqət mərkəzindədir. Beynəlxalq miqyasda iqtisadi və siyasi güc mərkəzinə çevrilən Azərbaycanın iştirakı olmadan bu gün regionda irimiqyaslı layihələri həyata keçirmək sadəcə mümkün deyildir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən müddət ərzində regionlarda infrastrukturun yenidən qurulması və inkişafı, səhiyyə və təhsil müəssisələrinin tikintisi, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində mühüm əhəmiyyətli tədbirlər həyata keçirilmişdir. Bu, Azərbaycanın öz iqtisadiyyatını sadəcə neft amili üzərində qurmadığını, əldə olunmuş uğurlu nəticələrdə qeyri-neft sektorunun da mühüm paya malik olduğunu təsdiqləmişdir.
İqtisadiyyatın şaxələndirilməsi,
investisiya mühitinin daha da
yaxşılaşdırılması nəticəsində
ölkəmizdə qeyri-neft sektorunun dinamik inkişafı davam
etmişdir. Prezident İlham Əliyev bununla bağlı
demişdir: “Bu gün Azərbaycan iqtisadiyyatı artıq
çoxşaxəlidir. Məhz buna görə iki-üç
il bundan əvvəl dünyada neftin qiymətləri kəskin
şəkildə aşağı düşəndə biz
böyük çətinliklərlə üzləşməmişdik.
Hətta o illərdə dünyada neftin qiyməti 4-5 dəfə
aşağı düşmüşdü, Azərbaycan
iqtisadiyyatı 8-9 dəfə artmışdı. Nəyin
hesabına, məhz qeyri-neft sektorunun inkişafı
hesabına. Bu, bizim siyasətimizdir və gələcək illərdə
çalışacağıq ki, qeyri-neft sektorunun
inkişafına daha da güclü təkan verək. Deyə
bilərəm ki, bunu etmək üçün dövlət proqramları
həlledici rol oynayır. 2004-cü ildən bugünə qədər
artıq ikinci dövlət proqramı icra edilir. Eyni zamanda,
xarici investorların Azərbaycana olan marağı və
qoyulan investisiyalar da az rol oynamır”.
Son on ildə ölkədə biznes və investisiya
mühitinin davamlı olaraq
yaxşılaşdırılması ilə bağlı
ardıcıl tədbirlər həyata keçirilmişdir. Regional proqramların
icrası müddətində qanunvericilik bazasının təkmilləşdirilməsi,
korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi,
sahibkarlığa dövlət dəstəyinin genişləndirilməsi,
vergi yükünün azaldılması, sağlam rəqabətin
təmin edilməsi, 400-dən çox xidmətin elektron
qaydada göstərilməsi,
“bir pəncərə” prinsipinin tətbiqi və digər tədbirlər nəticəsində regionlarda
güclü özəl sektor formalaşmışdır.
Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 19 mindən
çox sahibkarın ümumi dəyəri 2 milyard manat olan
layihələrinin maliyyələşməsinə 1,2 milyard
manat güzəştli kredit verilmiş və bu layihələr
hesabına 110 minədək yeni iş yeri
yaradılmışdır.
Kreditlərin 78 faizi, açılan iş yerlərinin isə
81 faizi regionların payına düşür.
Bu
müddət ərzində Azərbaycan İnvestisiya Şirkəti regionlarda qeyri-neft sektorunun
inkişaf etdirilməsi, yeni müəssisələrin
yaradılması istiqamətində məqsədyönlü tədbirlər
görmüş, “Milk Pro”, “Ağstafa Aqroservis”, “Azərtoxum”
və “Dəvəçi broyler”də həyata keçirilən layihələrdə iştirak
etmişdir. Bu tədbirlər nəticəsində hesabat
dövründə məşğulluqda özəl sektorun
payı 68 faizdən 74 faizə, vergi daxilolmalarında 42 faizdən
72,5 faizə qalxmış, sahibkarlıq subyektlərinin
sayı 2,5 dəfə artmış, ümumi daxili məhsulda
özəl sektorun xüsusi çəkisi 80 faizi
ötmüşdür.
Qeyri-neft sektorunun sürətli yüksəlişi həm
də daxili investisiyaların həcminin artımında
özünü göstərir. Bir sıra dövlətlərin
təcrübəsində uğurla sınaqdan
çıxarılaraq özünü doğrultmuş bu
iqtisadi strategiya neftdən əldə olunan gəlirlərin
qeyri-neft sektoruna, istehsal sahibkarlığının
inkişafına yönəldilməsini, özəl sektorun
ümumi daxili məhsulda xüsusi çəkisinin
artırılmasını nəzərdə tutur. İqtisadiyyatın bütün sahələrinin
inkişafı həm də makroiqtisadi sabitliyin qorunub
saxlanılması və maliyyə təhlükəsizliyinin təmini
baxımından vacib əhəmiyyət kəsb edir.
Dövlətimizin
başçısı cənab İlham Əliyevin
uğurla reallaşdırdığı inkişaf
strategiyası artıq özünün növbəti -
üçüncü mərhələsi ərəfəsindədir.
2013-2023-cü illəri əhatə edəcək bu mərhələdə
Azərbaycanın inkişaf etmiş ölkələr
sırasına çıxarılması və əhalinin
yüksək gəlirli topluma çevrilməsi, qeyri-neft
sektorunun, özəl bölmənin,
sahibkarlığın hərtərəfli
inkişafı sayəsində ümumi daxili məhsulun 2 dəfə
artırılması, dövlət və özəl
qurumların birgə fəaliyyəti üzrə yeni
strategiyanın hazırlanması, ən müasir
texnologiyaları tətbiq etməklə iqtisadiyyatın modernləşdirilməsi,
elm və innovasiyalara əsaslanan cəmiyyət quruculuğu,
hüquqi dövlətçilik prinsiplərinin, insan hüquq
və azadlıqlarının tam bərqərar edilməsi Prezident
İlham Əliyevin qarşıya qoyduğu başlıca hədəflərdir.
“Bakı
şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi
üzrə 2008 - 2013-cü illər üçün əlavə
Tədbirlər Planı”na əsasən
artıq paytaxtda sərnişin daşımalarının təşkili,
idarə olunması və tənzimlənməsi istiqamətində
mühüm tədbir görülmüşdür. 2009-cu ilin əvvəlindən etibarən istifadəyə
verilən Bakı Beynəlxalq Avtovağzal Kompleksi hazırda
tam istismar gücü ilə fəaliyyət göstərir və
buradan respublikanın bütün regionlarına və bir
sıra xarici ölkələrə sərnişin
daşımaları həyata keçirilir. Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramında,
“Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi
üzrə 2008-2013-cü illər üçün əlavə
Tədbirlər Planı”nda avtomobil yollarına dair nəzərdə
tutulmuş layihələrin həyata keçirilməsi və
respublikanın ümumi istifadədə olan avtomobil
yollarının, körpülərin saxlanması, təmiri, bərpası
və yenidən qurulması sahəsində müvafiq işlər
görülmüşdür və bu proses indi də davam etdirilməkdədir. Bundan başqa, inşa olunmuş və inşa
olunacaq körpülər, eləcə də avtomobil
yollarında aparılan tikinti və yenidənqurma işləri
yolların müasir səviyyədə qurulması ilə
yanaşı, eyni zamanda, yollarda hərəkəti
asanlaşdırır, ilk növbədə təhlükəsizliyin
qorunmasına xidmət edir.
Bütün bunlarla
yanaşı, su, hava və dəmir yolu nəqliyyatının
inkişafı sahəsində də Azərbaycan böyük
nailiyyətlərə imza atmışdır. Ölkəmizdə
nəqliyyat sisteminin inkişafının əsas məqsədi
nəqliyyat vasitələri ilə respublika əhalisinin həyat
tərzinin və iqtisadiyyatın yüksəlişini dəstəkləməkdən
ibarətdir. Bu kontekstdə nəqliyyat sisteminin inkişafı məsələləri iqtisadiyyatın artım fazasına
keçməsinə uyğun olaraq, dövlətin
sosial-iqtisadi prioritetlərinin həyata keçirilməsi ilə
bilavasitə bağlıdır.
Azərbaycanın iqtisadi qüdrətinin yüksəlməsi
fonunda infrastrukturun yenilənməsi prosesinə də ölkəmizdə
xüsusi diqqət yetirilir. Daha bir təqdirəlayiq
məqam ondan ibarətdir ki, ümumi inkişafa, sosial rifaha, əhalinin
həyat şəraitinin yaxşılaşmasına xidmət
edən layihələrin icrası məqsədilə Azərbaycanın
yetərli resursları mövcuddur. Bunun
üçün ölkəmiz nə xarici maliyyə, nə də
texniki yardımlara ehtiyac duyur. 2010-cu il
dekabr ayının 28-də Azərbaycanda ən böyük
infrastruktur layihələrdən biri olan Oğuz-Qəbələ-Bakı
su kəmərinin istifadəyə verilməsi də bunun real təsdiqi
oldu. Bakı-Tbilisi-Ceyhan kimi nəhəng bir
layihə ilə müqayisə olunan Oğuz-Qəbələ-Bakı
su kəmərinin ərsəyə gəlməsi yalnız Azərbaycanın
öz imkanları hesabına reallaşdı. Digər belə
iri infrastruktur layihələrinə Bakı-Tbilisi-Ərzurum,
Bakı-Supsa, Şimal, Cənub, Qərb nəqliyyat dəhlizləri,
yol qovşaqları, Bakı-Axalkalaki-Qars dəmir yolu, Bakı
Dəniz Ticarət Limanı, Kür boyu əhalinin içməli
su təminatı, Samur-Abşeron su kanalı, Bərk məişət
tullantılarının yandırılması zavodu, turizm
infrastrukturu (Qusar), Şəmkir çay dəryaçası,
Tovuzçay su anbarı, Cənub Elektrik Stansiyası
(Şirvan), Biləv (Ordubad) SES-i misal göstərmək olar.
Ölkəmizdəki davamlı inkişaf, iri regional və
beynəlxalq layihələrin həyata keçirilməsi,
müxtəlif infrastruktur layihələrinin icrası Azərbaycan
iqtisadiyyatına investisiya qoyuluşu üçün əlverişli
şərait yaratmış, ölkəmizi investorlar
üçün daha cəlbedici etmişdir. Təsadüfi
deyildir ki, artıq Azərbaycan dünya biznes dairələrində
sərmayədar ölkə kimi tanınır. Hazırda Azərbaycanın dövlət və
özəl şirkətləri xarici ölkələrdə
neft-kimya, qaz, yol və digər layihələrdə uğurla
iştirak edir, xaricdə yatırılan investisiyaların
dinamikasında müsbət irəliləyiş müşahidə
olunur.
Bu gün Azərbaycanda dövlətin investisiyası
hesabına nəhəng layihələr icra edilir. Taxtakörpü
və Şəmkirçay su anbarlarını buna misal
göstərmək olar. Hər iki obyekt
istifadəyə verildikdən sonra ölkəmizdə aqrar
sektorun inkişafında böyük dönüş yaranacaq.
Bundan başqa, Azərbaycanda güclü
ixracyönümlü sənaye potensialı yaradılır.
Bakı, Sumqayıt, Gəncə və Mingəçevir şəhərlərində
bu məqsədlə dünya standartlarına cavab verən
texnoparklar tikilir. Yeri gəlmişkən
xatırladaq ki, Sumqayıtda fəaliyyət göstərən
texnoparkda istehsal olunan məhsullar dünya standartlarına tam
cavab verir və rəqabətqabiliyyətlidir.
Göründüyü
kimi, ölkə Prezidenti cənab İlham Əliyevin uzaqgörən
inkişaf strategiyası nəticəsində son 10 ildə Azərbaycanın
dayanıqlı və davamlı iqtisadi inkişafı daha da
sürətlənmiş,
dünyadakı nüfuzu durmadan artmış, regionun
siyasi, iqtisadi və mədəni mərkəzinə
çevrilmişdir. Bir sözlə, son on ildə Azərbaycan müəyyən
edilmiş hədəflərə doğru inamla irəliləmiş, ötən
hər il bütün sahələrdə əldə olunan
böyük uğurlarla tarixə düşmüşdür.
Əlipənah BAYRAMOV
Xalq qəzeti.- 2014.- 16 fevral.- S. 1.