Naxçıvanda Hacıvar-Vayxır-Sirab avtomobil yolu istifadəyə verilmişdir

 

Babək rayonunda Hacıvar-Vayxır-Sirab avtomobil yolu istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov açılış mərasimində iştirak etmişdir.

Kültəpə kənd sakini Firudun Zamanov çıxış edərək demişdir ki, Babək rayonunun kənd yaşayış məntəqələrini əhatə edən avtomobil yolunun istifadəyə verilməsi sakinlərin böyük sevincinə səbəb olmuşdur. Müasir tələblər səviyyəsində qurulan yolda nəqliyyatın təhlükəsiz hərəkəti təmin edilmişdir. Bu da insan rahatlığının əsas şərtlərindən biridir. Yeni yol təkcə Babək rayonu üçün deyil, ümumilikdə muxtar respublika üçün mühüm iqtisadi əhəmiyyətə malikdir. Firudun Zamanov yaradılan şəraitə görə sakinlər adından minnətdarlığını bildirmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Hacıvar-Vayxır-Sirab avtomobil yolunun istifadəyə verilməsi münasibətilə tədbir iştirakçılarını və yoldan istifadə edən sakinləri təbrik edərək demişdir: “Azərbaycan Respublikası Prezidentinin “Naxçıvan Muxtar Respublikasının Babək rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2013-cü il 5 mart tarixli sərəncamına əsasən Hacıvar-Vayxır-Sirab avtomobil yolunun tikintisinə 6,3 milyon manat vəsait ayrılmışdır. Sərəncamın icrası nəticəsində 18 min əhalinin yaşadığı 13 kənd yaşayış məntəqəsini əhatə edən və ümumi uzunluğu 26 kilometr olan yolda tikinti işləri keyfiyyətlə aparılmış və 1 il müddətində başa çatdırılmışdır”.

Bildirilmişdir ki, tikinti işləri zamanı yol yatağı genişləndirilmiş, hərəkət hissəsinin eni 8 metrə çatdırılmış, yola yeni asfalt örtük salınmışdır. Muxtar respublikamızda reallaşdırılan mühüm infrastruktur layihələrindən biri olan Hacıvar-Vayxır-Sirab avtomobil yolunun üzərində 2 körpü, 2 beton-selötürücü və 170 ədəd müxtəlif diametrli borularla su keçidi inşa edilmişdir. Tikinti işləri aparılarkən mühəndis texniki tələblərə tam əməl edilmiş, nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti üçün siqnal dirəkləri quraşdırılmış və avtomobil yolu hərəkət nişanları ilə təmin edilmişdir.

Ali Məclisin sədri Naxçıvançay üzərində inşa olunan və Hacıvar-Vayxır-Sirab avtomobil yolunu Naxçıvan-Şahbuz-Batabat magistralı ilə birləşdirən yeni körpüyə baxmışdır. Vasif Talıbov yola vaxtlı-vaxtında texniki qulluq göstərilməsi, eləcə də Naxçıvançay yatağında istiqamətləndirici bəndlərin salınması barədə tapşırıqlar vermişdir.

 

 Xalq qəzeti.- 2014.- 16 fevral.- S. 2.