Qalib jurnalistlər mükafatlandırılmışlar

 

Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Bakı şəhəri Nizami və Binəqədi rayonlarının icra hakimiyyətləri ilə birlikdə keçirdiyi fərdi jurnalist yazıları müsabiqələrinə yekun vurulmuşdur.

Bugünlərdə həmin rayonlarda keçirilmiş illik hesabat konfranslarında müsabiqə qalibləri olan jurnalistlər ictimaiyyət nümayəndələrinin iştirakı ilə təntənəli şəkildə mükafatlandırılmışlar.

KİVDF-nin icraçı direktoru Vüqar Səfərli mərasimdə müsabiqələrin nəticələri barədə məlumat verərək bildirmişdir ki, jurnalistlər hər iki rayonun sosial-iqtisadi inkişafı ilə bağlı mövzunu maraq və həssaslıqla qarşılamış, ciddi tədqiqat yazıları ərsəyə gətirmişlər. Son illər ardıcıl olaraq belə müsabiqələrin keçirilməsi icra qurumları ilə media işçilərinin faydalı əməkdaşlığı nümunəsi kimi diqqəti cəlb edir və gələcəkdə də davam etdiriləcək.

Toplantılarda Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov və Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov qalib jurnalistləri təbrik etmiş, KİVDF-nin keçirdiyi müsabiqə materiallarının ümümi quruculuq və yüksəliş prosesinə köməyini vurğulamışlar.

Nizami rayonu üzrə müsabiqənin 5 əsas, 11 əlavə, Binəqədi rayonu üzrə isə 5 əsas və 13 əlavə mükafatları pul şəklində qaliblərə təqdim olunmuşdur.

Jurnalistlər adından çıxış edənlər ölkəmizdə KİV-in inkişafına, media işçilərinin problemlərinin aradan qaldırılmasına göstərdiyi ardıcıl qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmiş, müsabiqənin təşkilatçılarına təşəkkür etmişlər.

 

R.TAHİR

 

Xalq qəzeti.- 2014.- 16 fevral.- S. 5.