Azərbaycanda
taxılçılığın inkişafına mühüm önəm verilir
Dünya iqtisadi sisteminə fəal inteqrasiya yolu seçən Azərbaycanda aparılan uğurlu, məqsədyönlü siyasət nəticəsində iqtisadiyyatın formalaşdırılması ölkədə işgüzar fəallığın daha da yüksəldilməsinə, neft sektoru ilə yanaşı, qeyri-neft sektorunun da sürətli inkişafına, yoxsulluğun azaldılmasına əlverişli şərait yaratmış, əhalinin etibarlı sosial müdafiəsini, maddi-rifah halının əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasını təmin etmişdir. Bütün bunlar isə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilən Azərbaycanın hərtərəfli, dayanıqlı və davamlı inkişafını, insanların layiqli həyat səviyyəsini ehtiva edən, ölkəmizin dünya miqyasında nüfuzunu daha da artıran milli sosial-iqtisadi modelin uğurları və milli iqtisadi inkişaf modelinin möhkəm təməllər üzərində qurulmasının əyani göstəricisidir.
Azərbaycanda elmi əsaslara söykənərək hazırlanan regional Dövlət proqramlarının uğurla reallaşdırılması nəticəsində ölkəmizin dünyadakı nüfuzu durmadan artmış, regionun siyasi, iqtisadi və mədəni mərkəzlərindən birinə çevrilmişdir.
Bu yaxınlarda mənim də iştirakçısı olduğum regionların sosial-iqtisadi ikişafı Dövlət Proqramının yekun nəticələrinə və qarşıda duran vəzifələrə həsr olunmuş konfransda cənab Prezident proqram xarakterli çıxışı inkişafımızın geniş mənzərəsini yaratdı. On il ərzində regionlarda ümumi məhsul buraxılışı 3,2 dəfə, sənaye məhsulu 3,1 dəfə, rabitə xidmətləri 6,1 dəfə, əhalinin gəlirləri 6,3 dəfə, orta aylıq əməkhaqqı 7,3 dəfə, əhaliyə göstərilən pullu xidmətlər isə 6 dəfə artmışdır. Xüsusilə qeyd etmək lazımdır ki, bir çox göstəricilər üzrə artım tempi ölkə üzrə müvafiq göstəricilərdən daha yüksək olmuşdur. Təsadüfi deyil ki, regionlardan vergi ödənişləri 14,2 dəfə artmışdır. Artıq 5 şəhər və rayonda xərclər yerli gəlirlər hesabına maliyyələşdirilir.
Cənab İlham Əliyevin 10 il ərzində bölgələrə səfərləri çərçivəsində 1300-dək müxtəlif təyinatlı infrastruktur obyektlərinin və yeni müəssisələrin açılış və təməlqoyma mərasimləri keçirilmişdir. Həmin mərasimlərdə möhtərəm dövlət başçımız müəssisələrin fəaliyyəti ilə yaxından tanış olmuş, ictimaiyyətlə görüşlərində qaldırılmış məsələlərin həlli məqsədilə əlavə olaraq 737,4 milyon manat vəsaitin ayrılması barədə 240 sərəncam imzalamışdır. Bu isə, təbii ki, regionların inkişafına öz müsbət təsirini göstərmişdir.
Bu gün ölkəmizdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyasının prioritetlərindən olan sahibkarlığın inkişafı da əhəmiyyətli rol oynayır. Dövlət başçımızın “Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır” strateji xəttinə uyğun olaraq son 10 ildə biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması ilə bağlı ardıcıl tədbirlər həyata keçirilmişdir. Bu baxımdan qanunvericilik bazasının təkmilləşdirilməsi, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, sahibkarlığa dövlət dəstəyinin genişləndirilməsi, vergi yükünün azaldılması, sağlam rəqabətin təmin edilməsi, 400-dən çox xidmətin elektron qaydada göstərilməsi, “bir pəncərə” prinsipinin tətbiqi və digər tədbirlər nəticəsində regionlarda güclü özəl sektor formalaşmışdır.
Ötən 10 ildə Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 19 mindən çox sahibkarın ümumi dəyəri 2 milyard manat olan layihələrinin maliyyələşməsinə, 45 faizi qaytarılmış vəsait olmaqla, 1,2 milyard manat güzəştli kredit verilmiş və bu layihələr hesabına 110 minədək yeni iş yeri yaradılmışdır. Kreditlərin 78 faizi, açılan iş yerlərinin isə 81 faizi regionların payına düşür.
Cənab İlham Əliyevin intensiv metodlara əsaslanan aqrar sektorun yaradılmasına yönəlmiş siyasəti, həyata keçirilən dövlət dəstəyi tədbirləri də öz uğurlu nəticəsini vermiş, bu, kənd təsərrüfatı məhsullarının istehsalının və ixracının artmasına, özünütəminetmə səviyyəsinin yüksəlməsinə səbəb olmuşdur.
Ölkə rəhbərinin göstərişinə əsasən yaradılmış pilot taxılçılıq təsərrüfatında ötən il rekord həcmdə - hər hektardan 55 sentner taxıl və 100 sentnerdən artıq yüksək keyfiyyətli qarğıdalı yığılmışdır. Hazırda Beyləqan, Hacıqabul, Cəlilabad və Xaçmaz rayonlarında da 5 iri fermer təsərrüfatının yaradılması işləri yekunlaşmaqdadır.
Yeri gəlmişkən, burada bir məqama toxunmaq istərdim. Kənd təsərrüfatının əsasını təşkil edən taxılçılıq aqrar sektorun digər bölmələrinin inkişafında həlledici rol oynayır. Təcrübə göstərir ki, taxıl öz kaloriliyinə görə insanın ərzaq balansı rasionunun yarısını təşkil edir. Taxılçılğa qayğı, diqqət göstərmədən heyvandarlığın inkişafı mümkün deyildir. Taxıl həmçinin spirt, pivəbişirmə, qarışıq yem sənaye sahələri üçün əsas xammal bazasıdır.
Xatırladım ki, Azərbaycanda taxılçılığın tarixi 7 min ildən çoxdur. Arxeoloji qazıntılar zamanı tapılan nümunələrlə bir daha sübut olunmuşdur ki, Azərbaycan ən qədim dövrlərdən əkinçilik və maldarlıq ölkəsi olmuş, kənd təsərrüfatının bu sahələrinin inkişafına xüsusi diqqət yetirilmiş və əhali həmin sahələrdən əldə etdiyi məhsul hesabına öz güzəranını yaxşılaşdırmışdır.
Akademik Ə.S. Sumbatzadə “XIX əsrdə Azərbaycanın kənd təsərrüfatı” əsərində taxılçılığa xüsusi diqqət yetirərək qeyd edir ki, XIX əsrin 30-50-ci illərində öz bol taxılı ilə fərqlənən Qarabağ, Şirvan, Quba əyalətlərində çoxlu taxıl toplanmışdır. 1883-cü ildə Zaqafqaziya dəmir yolunun çəkilişi də Azərbaycanda taxıl istehsalının artırılmasına təkan vermişdir.
XIX əsrin son onilliklərində Azərbaycanda istehsal olunan taxıl məhsulları əhalinin çörəyə olan tələbatını tam ödəyirdi. Həmin illərdə ölkəyə taxıl idxal olunmamışdır. Bunun əksinə olaraq, həmin dövrdə istehsal olunan taxılın bir hissəsi İran, Gürcüstan, Rusiya və digər Avropa ölkələrinin bazarlarına çıxarılmışdır.
Azərbaycan taxılı Batumi və Poti limanları ilə İtaliya, Yunanıstan, Fransa, Türkiyə, Hollandiya, Almaniya və başqa ölkələrə aparılırdı. Belə ki, 1885-1887-ci illər ərzində Azərbaycandan Qara dəniz limanları vasitəsilə Batumi və Potiyə, oradan isə xarici bazarlara 11 milyon put buğda və arpa aparılmışdır. Bütün bunlar isə Azərbaycanda ən qədim zamanlardan taxılçılığın inkişaf etdirilməsinə xüsusi diqqət yetirildiyini göstərir.
Ölkədə taxıl istehsalının inkişafı əsasən 1971-1985-ci illərə təsadüf edir. Bu mərhələ kənd təsərrüfatının bütün sahələrinin daha yüksək templə inkişafı ilə fərqlənir. Azərbaycanda bu dövrdə taxıl istehsalı orta hesabla 1239,4 min tona çatdırılmışdır.
2001-ci ildən başlayaraq Azərbaycanda taxıl istehsalı özünün yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Ölkə tarixində ilk dəfə olaraq taxıl istehsalı iki milyon ton səviyyəsini üstələmişdir. Bu göstərici XXI əsrdə ən yüksək nailiyyətlərin nəticəsi kimi qiymətləndirilməlidir. Bundan başqa, son 110 ildə ən yüksək məhsuldarlıq əldə olunmuşdur. Şübhəsiz ki, bu məhsuldarlığı qabaqcıl taxılçılıq ölkələrinin göstəriciləri ilə müqayisə etmək olmaz. Bu mənada potensial məhsuldarlığa nail olmaq çox da asan deyil, buna yalnız nümunəvi aqrotexniki tədbirlərin tətbiqi nəticəsində nail olmaq mümkündür. Dünya alimləri qeyd edirlər ki, buğdanın potensial məhsuldarlığı 80-100 sentnerdir. Azərbaycanda bioloji məhsuldarlığı hektardan 80-100 sentner olan rayonlaşdırılmış taxıl sortları olmasa da 50-60 sentner məhsulvermə qabiliyyətinə malik olan sortlar mövcuddur.
Qəqim yunan alimi Ksenofonta istinadən deyir ki, kənd təsərrüfatı anadır və bütün peşələrin qidalandırıcısıdır.Yaxşı idarə edildikdə kənd təsərrüfatı çiçəklənir, kənd təsərrüfatına diqqət yetirilməyəndə quruda və suda olan bütün peşələr batır.
Möhtərəm dövlət başçımız kənd təsərrüfatının əsasını təşkil edən taxılçılığın aqrar sektorun digər bölmələrinin inkişafında həlledici rolunu nəzərə alıb bu sahəyə xüsusi diqqət yetirir, əkinə yararlı yerlərin hazırlanmasına mühüm önəm verir. Məhz bunun nəticəsidir ki, 2004-cü ildə mövcud olan 1 milyon 635 min hektar əkin yerinin 79,2 faizində əkin aparıldığı halda, 2013-cü ildə 1 milyon 695 min hektar əkin sahəsinin 99,4 faizində əkin aparılmışdır ki, bu da əkin sahəsinin, demək olar, tam həcmdə dövriyyəyə cəlb olunduğunu göstərir.
Respublikanın ümumi ərazisinin 52,4 faizi kənd təsərrüfatına yararlı torpaqlardır. Təhlil göstərir ki, bir tərəfdən əhalinin təbii artımı ilə, digər tərəfdən isə torpaqların müxtəlif deqradasiya proseslərinə uğraması, tikinti işlərinin aparılması, eləcə də qlobal iqlim dəyişikliyi və sair səbəblərdən adambaşına düşən əkin sahəsinin azalması tendensiyası gözləniləndir. Ona görə də bir tərəfdən kənd təsərrüfatına yararlı torpaqların maksimum intensiv istifadə edilməsi ilə yanaşı, ekstensiv istifadə imkanlarından faydalanmağa, yəni, digər sahələrdə mövcud olan əkinəyararlı sahələrin təyinatının dəyişdirilərək əkin dövriyyəsinə əlavə olunmasına zərurət yaranmaqdadır.
Taxılçılığa qayğıdan danışarkən, bir məqama da diqqət yetirək. Cənab İlham Əliyevin sərəncamı ilə 2004-cü ildə yaradılmış “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə 2005-2013-cü illər ərzində dövlət büdcəsindən və ehtiyat fondları hesabına 458 milyon manat vəsait ayrılmış, təkrar istifadədən qaytarılan 179 milyon manat və eləcə də müxtəlif mənbələrdən ayrılan 13 milyon manat da daxil olmaqla, onun investisiya portfeli 650 milyon manat təşkil etmişdir. Bu vəsaitlər hesabına həmin dövrdə 1200-dən artıq yeni kombayn, 5145 traktor, 184 ekskavator və digər kənd təsərrüfatı texnikaları və texnoloji avadanlıqları alınaraq 6591 nəfər müxtəlif hüquqi və fiziki şəxslərə lizinqə verilmiş və ya lizinq yolu ilə satılmışdır ki, bu da kənd təsərrüfatı məhsulları istehsalçılarının texniki təchizatında müstəsna rol oynamışdır. Eyni zamanda, torpaqların münbitliyini artırmaq, yüksək məhsuldarlığa nail olmaq məqsədilə 121 milyon manat dəyərində 400 min ton müxtəlif növ mineral gübrələr alınmışdır.
Ölkə rəhbərinin qayğısı nəticəsində Prezidentin Ehtiyat Fondundan və digər mənbələrdən ayrılmış vəsait hesabına qarşıdakı 3-4 ay ərzində dünyanın ən tanınmış şirkətlərindən 470 ədəd yeni kombayn və yerli istehsal olan “Belarus” tipli 600-dən artıq traktor alınıb istifadəyə veriləcəkdir ki, bu da əvvəlki illərdə alınmış bütün işlək kombaynların təxminən yarısına bərabər olmaqla texniki təchizatda dönüş nöqtəsi yaradacaqdır. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunan konfransda həmçinin bildirilmişdir ki, hər il təqribən 600 min kənd təsərrüfatı məhsulları istehsalçısı dövlət dəstəyindən bəhrələnmiş, ötən dövr ərzində onlara istifadə edilən yanacağın, motor yağlarının və mineral gübrələrin dəyərinin orta hesabla 50 faizinin ödənilməsi, eləcə də buğda və toxum istehsalının stimullaşdırılması məqsədilə dövlət büdcəsindən ümumilikdə 663 milyon manat həcmində subsidiyanın verilməsi təmin olunmuşdur. Bununla yanaşı, onu da qeyd etmək lazımdır ki, hazırda dünyada səslənən yeni çağırışlar və cənab İlham Əliyevin strateji hədəf və niyyətləri fonunda hələ də bu sahədə xeyli iş görülməlidir.
Prezident İlham Əliyev Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr olunmuş konfransda bu barədə demişdir: “Kənd təsərrüfatının inkişafı növbəti illərdə iqtisadi sahədə prioritet olaraq qalacaqdır. Biz daim buna böyük diqqət göstərmişik. Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni tədbirlər görüləcəkdir.
Məhsuldarlıq artırılmalıdır və artırılacaqdır. Böyük imkanlar vardır. İri fermer təsərrüfatlarında məhsuldarlıq 55 sentnerə qalxmışdır. Ölkə üzrə bu rəqəm 27,5 sentnerdir, yəni, 2 dəfə çoxdur. Bu təcrübə hər yerdə tətbiq edilməlidir. Dövlət öz imkanlarını ortaya qoyur. Bütün infrastruktur, kommunikasiya, suvarma məsələlərini öz üzərinə götürür. Sahibkarlara kreditləri də dövlət verir. Təki sahibkarlar gedib bu torpaqdan səmərəli şəkildə istifadə etsinlər və məhsuldarlıq artsın. Əgər 2 dəfə də olmasa, ümumi məhsuldarlıq 60-70 faiz artarsa, o zaman bizim bütün daxili tələbatımız ödəniləcək və böyük ixrac potensialımız da yaranacaqdır”.
Cənab İlham Əliyev sözügedən konfransda aqrar sahənin dinamik inkişafı üçün torpaqların elektron uçot sisteminin yaradılmasının zəruriliyini vurğulamışdır. Bildirmişdir ki, əgər biz kənd təsərrüfatını müasir metodlarla inkişaf etdirmək istəyiriksə, Azərbaycanda hər bir sahədə ən qabaqcıl təcrübəni tətbiq etməliyik. O cümlədən, kənd təsərrüfatının elmi əsaslarla inkişafına da nail olmalıyıq. Bu məqsədlə struktur dəyişiklikləri aparılacaqdır və elm son nəticəyə xidmət etməlidir. Ancaq bu təqdirdə o elmin faydası və xeyri vardır.
Azərbaycan Prezidenti həmçinin vurğulamışdır ki, kənd təsərrüfatının intensiv metodlarla inkişaf etdirilməsi indi bütün inkişaf etmiş ölkələrdə mövcuddur, bizdə də belə olmalıdır. Eyni zamanda, biz dövriyyəyə buraxılacaq yeni əkin sahələrini də təmin etməliyik və edəcəyik.
Məhərrəm
ŞƏFİYEV,
“Bərdə
Çörək” ASC-nin idarə heyətinin
sədri, iqtisadiyyat üzrə fəlsəfə
doktoru
Xalq qəzeti.- 2014.- 16 fevral.- S. 5.