Goranboy: insan amili ön plandadır

 

Söhbət son illər iqtisadi, sosial və mədəni sahədə əldə edilmiş böyük uğurlardan gedir

 

 Bu, son illər, az qala, adətə çevrilib: hər dəfə yolumuz Goranboya düşəndə maraqlı yeniliklərlə, təşəbbüs və axtarışlarla qarşılaşırıq. Bu dəfə də belə oldu. Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev inam və qürurla bildirdi:

– İlk gündən götürdüyümüz yüksək sürət və inkişaf tempi bir an da olsun zəifləməyib, əksinə, bir çox sahələrdə daha da artıb. Rayon Qaz İstismarı və Sukanal idarələri üçün tikilmiş inzibati binalar və avtovağzal açılışa tam hazırdır. Şəhərə xüsusi gözəllik verəcək 3 mərtəbəli Heydər Əliyev Mərkəzində, Böyük Vətən və Qarabağ müharibələrində həlak olanların xatirəsinə ucaldılmış kompleksdə də, əlil və şəhid ailələri üçün 6 mərtəbəli, 54 mənzilli yaşayış binasında və başqa obyektlərdə tamamlama işləri aparılır. Özü də bunlar yalnız son ayların nəticələridir.

Düzdür, son vaxtlar Goranboy şəhəri, eləcə də digər şəhər, qəsəbə və kəndlər öz simasını tamamilə dəyişmiş, daha abad, yaraşıqlı və gözəl olmuşdur. Bu yenilikləri, inkişaf və tərəqqini rayona qədəm basan hər kəs dərhal hiss edir. Buna, necə deyərlər, sözümüz yoxdur, şəksiz həqiqətdir. Ancaq orası da var ki, icra başçısının sadaladığı və sadalamadığı obyektlər də tikilib istifadəyə veriləndən sonra şəhər öz gözəlliyini daha da artıracaqdır. Burada, əlbəttə, söhbət təkcə yeni tikilən binalardan, salınan küçə və səkilərdən, park və xiyabanlardan, yaşıllıq zolaqlarından deyil, başa çatdırılan işlərdən, həyata keçirilən tədbirlərdə tarixiliklə müasirliyin sıx vəhdətindən, yüksək zövq və səliqə-sahmandan gedir.

Məlumdur ki, “Goranboy rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 19 iyun 2013-cü il tarixdə sərəncam imzalamışdır. Həmin sərəncamla Goranboy şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda rayon üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsi məqsədilə 1 milyon manat, 30 iyul 2013-cü il tarixli sərəncamı ilə 35 min əhalinin yaşadığı 18 yaşayış məntəqəsini birləşdirən Goranboy - Yuxarı Ağcakənd avtomobil yolunun tikintisi məqsədilə ilkin olaraq 3 milyon manat vəsait ayrılmışdır.

Artıq yolun birinci hissəsinin tikintisi başa çatmışdır. Bu sərəncamlar, hər şeydən əvvəl, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Goranboy rayonuna göstərdiyi xüsusi diqqət və qayğının nəticəsidir. Təsadüfi deyildir ki, dövlət proqramında rayon üzrə nəzərdə tutulmuş tədbirlərin icrası xeyli sürətləndirilmiş, Goranboy şəhərində abadlıq-quruculuq işləri daha da genişləndirilmişdir. Əhalini narahat edən problemlərin həlli istiqamətində mühüm layihələr icra edilmişdir.

Hazırda Nizami Gəncəvi adına parkın 4 hektar sahəsi olan ikinci hissəsində tikinti işləri davam edir. “Goranboy” otelinin yanında müasir üslubda giriş qapısı tikilir. Parkda əhalinin istirahəti üçün 4 əyləncə yerləri, “Şəlalə” kompleksi inşa edilmişdir. Əlavə olaraq dekorativ ağaclar və gül kolları əkilmişdir. Parkda müasir suvarma qurğuları quraşdırılmışdır.

Şəhərin 5 küçəsində, Goran - Goranboy yolunun İrəvanlı kəndi hissəsində və Goranboy şəhərinə Gəncə və Goran istiqamətindən girişdə 1500 metr divarın tikintisi başa çatdırılmış, üzlük daş vurulmuşdur. Qızılhacılı qəsəbəsindən Goranboy şəhərinə girişdə avtomobil yolu boyu mişar daşı ilə tikinti aparılır. Xüsusi gecə görüntüsü yaratmaq üçün divarlarda işıqlandırma sistemi quraşdırılmışdır. 7 kilometr uzunluğunda Goran - Goranboy yoluna asfalt-beton örtük salınmış, ikitərəfli yol çəkilmişdir.

Ümumilikdə isə son dörd ildə 22,5 kilometr Dəliməmmədli - Həmənli, 7,5 kilometr Səmədabad - Əhmədabad, 5 kilometr Dəliməmmədli - Fəxralı, 3,3 kilometr Nadirkənd kəndindən keçməklə dövrələmə yol asfalt-beton örtüklə yenidən tikilmişdir. Goranboy şəhərinə Goran və Gəncə istiqamətindən girişdə, habelə Nizami adına parkda Heydər Əliyev fotoabidəsi inşa edilmişdir, Nizami adına parkda və şəhərin digər ərazilərində salınmış yaşıllıq zolaqlarında 22 mindən çox ağac və gül kolları əkilmişdir. Şəhərin müxtəlif ərazilərində 85 ədəd işıqlandırma dayaqları qoyulmuşdur.

Hazırda R.Mustafayev və C.Cabbarlı küçələrində və Nizami parkından “Goranboy” otelinə qədər ikitərəfli yolun tikintisi davam etdirilir. Şəhərin C.Cabbarlı, Civəzadə küçələrindəki çoxmərtəbəli yaşayış binalarının dam örtüyü müasir üslubda dəyişdirilmişdir. Köhnə mehmanxana binası əsaslı şəkildə yenidən qurularaq müasir otelə çevrilmişdir.

Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə təmas xəttində yerləşən Tap Qaraqoyunlu və Tap kəndlərinin problemlərinin həlli istiqamətində xeyli iş görülmüşdür. Dövlət büdcəsindən ayrılmış vəsait hesabına 63 ev yenidən tikilmiş, 28 ev əsaslı təmir olunmuşdur. Əhalinin təhlükəsizliyi üçün 792 metr uzunluğunda, 4 metr hündürlüyündə mühafizə divarı tikilmişdir. Əlavə olaraq, 550 metr mühafizə divarının tikintisi başa çatmaq üzrədir. Murov-Goranboy magistral su kəmərindən kəndə su verilmiş, anbar tikilmiş, həyətlərə su verilmişdir.

Rayonun makroiqtisadi göstəriciləri xeyli yaxşılaşmış, ümumi daxili məhsulun həcmi 3,2 faiz, o cümlədən sənaye məhsulunun həcmi 2 faiz, kənd təsərrüfatı məhsullarının həcmi 10,1 faiz, poçt və rabitə xidmətlərinin həcmi 13,6 faiz artmış, 103 milyon manatlıq tikinti-quraşdırma işləri aparılmışdır. Orta aylıq əmək haqqı 8,2 faiz artaraq 249,9 manata çatmışdır. Əhalinin pul gəlirləri 11 faiz çoxalmışdır. Təkcə ötən il 1577 iş yeri yaradılmışdır ki, onun da 856-sı daimidir.

Bu gün sahibkarlığın inkişafına dövlət tərəfindən hərtərəfli dəstək göstərilir. Rayonda bu sahədə əlverişli şərait mövcuddur. Ötən il sahibkarlıq subyektlərinin sayı 316 ədəd artaraq 2141-ə çatmışdır. 121 biznes layihəsinin icrası üçün sahibkarlara 1 milyon 620,5 min manat kredit verilmiş, bu hesaba 189 yeni iş yeri yaradılmışdır. Ümumi məhsul buraxılışında qeyri-dövlət sektorunun xüsusi çəkisi 33 faiz olmuşdur ki, bu da əvvəlki illə müqayisədə 2,2 faiz çoxdur.

Ölkə Prezidenti Nazirlər Kabinetinin iclasında 2014-cü ili “Sənaye ili” elan etmişdir. Son illərdə rayonda aqrar sahə ilə yanaşı, sənaye də sürətlə inkişaf edir. Hazırda fəaliyyət göstərən 7 sənaye müəssisəsi bunu deməyə əsas verir. Yaxın aylarda isə “Gilan” MMC-nin dünya standartlarına uyğun inşa edilmiş quru qarışıqlar zavodu istifadəyə veriləcəkdir.

2013-cü ildə rayonda aqrar sahədə dinamik inkişaf müşahidə olunmuşdur. Kənd təsərrüfatı məhsullarının ümumi həcmi xeyli artmışdır. Belə ki, 2013-cü ildə 80 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilmişdir ki, bu da əvvəlki illə müqayisədə 9,2 faiz çoxdur.

Prezident İlham Əliyev “Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” 16 yanvar 2014-cü il tarixli sərəncam imzalamışdır. Sərəncamın icrası ilə bağlı yerli icra hakimiyyəti orqanlarının da üzərinə mühüm vəzifələr qoyulmuşdur. Ən başlıcası isə bütün sahələrdə yüksək məhsuldarlıq təmin edilməlidir. İri taxılçılıq və heyvandarlıq təsərrüfatlarının yaradılmasına diqqət artıtırlmalıdır. Bu sənəd də aqrar bölməyə münasibəti kökündən dəyişməyi tələb edir. Ona görə də, ilk növbədə, ayrı-ayrı sahələrdə vəziyyət təhlil edilməli, nöqsanların aradan qaldırılması, sərəncamdan irəli gələn vəzifələrin icrası üçün tədbirlər müəyyənləşdirilməlidir.

Rayonun ayrı-ayrı ərazilərində 1656 hektar eroziyaya uğramış və şoranlaşmış torpaqlar mövcuddur. Bu torpaqların yararlı hala salınması, şordan yuyulması üçün drenaj kanalların çəkilməsinə ehtiyac vardır. Bu il Şəmkir kanalının ikinci hissəsinin istifadəyə verilməsi nəzərdə tutulmuşdur. Bununla da rayon üzrə əlavə 17 min hektar torpaq sahəsinin suvarılması təmin olunacaq, bu torpaqlar əkin dövriyyəsinə daxil ediləcəkdir.

Hazırda rayon üzrə qazlaşma 88 faizdir. Ötən il Yolqullar, Qaraçinar, Dəyirmanlar, Azad və Baxçakürd kəndlərinin qazlaşmasına başlanmışdır. Lakin işlər başa çatmamışdır. 5 yaşayış məntəqəsinin qazlaşdırılması ilə bağlı Dövlət Neft Şirkətinə təkrar müraciət edilmişdir.

Prezident İlham Əliyevin tapşırığına əsasən “Goranboy şəhərinin içməli su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması” layihəsi başa çatmaq üzrədir.  Ölkə başçısı İlham Əliyevin və respublikanın birinci xanımı Mehriban Əliyevanın diqqət və qayğısı sayəsində 2009-2012-ci illərdə rayonda 18 yeni məktəb inşa edilmiş, 8 məktəb əsaslı təmir olunmuşdur. Ötən il 480 şagird yerlik Fəxralı kənd tam orta məktəbinin, 80 yerlik Təklə kənd ibtidai məktəbinin yeni binası, habelə Tap Qaraqoyunlu kəndində əlavə tədris korpusu istifadəyə verilmişdir. Hazırda hər biri 180 yerlik olmaqla Xınalı, Qarasuçu, Yenikənd tam orta, Goran qəsəbə ümumi orta məktəblərinin tikintisi aparılır. Məktəb və uşaq bağçalarının tikintisi və təmiri, o cümlədən Qazanbulaq qəsəbə, Balakürd, Xoylu, Muzdurlar kənd orta məktəbləri və Goranboy şəhər 1 və 2 saylı, Səfikürd kənd uşaq bağçasının tikintisinin 2014-cü ilin planına daxil edilməsi barədə əlaqədar respublika təşkilatları qarşısında məsələ qaldırılmışdır.

Göründüyü kimi, məktəblərin maddi bazası ilbəil yaxşılaşır. Yaxın 2-3 il ərzində bu sahədə problem tamamilə aradan qaldırılacaqdır. Ölkə rəhbərinin qeyd etdiyi “Müəllimlər yaxşı məktəbdə işləməli, uşaqlar yaxşı məktəbdə oxumalıdır” fikri artıq reallığa çevrilib. Bütün bunlar, əlbəttə, böyük razılıq və məmnuniyyət hissi doğurur. Ancaq gəlin görək bu qayğının müqabilində tədrisdə istənilən nəticə əldə edilirmi? Tədrisin hazırkı vəziyyəti maddi bazaya uyğundurmu? —Təssüf ki, yox. Ötən illərin statistikası da bunu göstərir. Digər tərəfdən, ucqar məktəblərdə müəllim çatışmazlığı da tədrisin keyfiyyətinə mənfi təsir göstərir. Hazırda belə məktəblərdə 11 ixtisas üzrə 35 müəllimə ehtiyac var.

Təhsildəki bu və digər nöqsanları nəzərə alaraq bu yaxınlarda rayon Təhsil şöbəsinin müdiri tutduğu vəzifədən azad edilmişdir. Gözləmək olar ki, yeni rəhbərlik yaranmış vəziyyəti geniş təhlil edəcək, müşahidə olunan nöqsanları tezliklə aradan qaldırmaq, tədrisin səviyyəsini və keyfiyyətini yüksəltmək üçün konkret addımlar atacaqdır.

Son vaxtlar rayon mədəniyyət və turizm sahəsinin fəaliyyəti xeyli canlandırılmış, intizam və tələbkarlıq artırılmışdır. Əsas cəhət isə ondan ibarətdir ki, sahənin maddi-texniki bazası daha da möhkəmləndirilmiş, həyata keçirilən mədəni-kütləvi tədbirlərin səviyyəsi yüksəldilmişdir. Qızılhacılı qəsəbə və Gürzallar kənd mədəniyyət evləri nəzdində fəaliyyət göstərən xalçaçılıq dərnəyi üzvlərinin əl işləri olan xalçalar Bakı şəhərində keçirilən respublika sərgi-müsabiqəsində Mədəniyyət və Turizm Nazirliyinin diplomuna layiq görülmüşdür. Bu xalçaların 2014-cü ildə Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək beynəlxalq sərgidə nümayiş etdirilməsi nəzərdə tutulmuşdur.

 Goranboy Rayon İcra Hakimiyyətində, onun yerli strukturlarında təşkilat-idarəetmə məsələləri, iş üslub və metodları daha da təkmilləşdirilmiş, insan amili, vacib sosial problemlər ön plana çəkilmişdir. Vətəndaşların qəbulu, onların ərizə, şikayət və məktublarına baxılması sahəsində ardıcıl və sistemli iş qurulmuşdur. Məsələn, əhalini narahat edən problemlərin yerində öyrənilməsi və həlli məqsədilə hər həftə bir yaşayış məntəqəsində olmaqla, 45 səyyar görüş-qəbul keçirilmişdir. İnzibati orqanların və xidmət təşkilatlarının rəhbərlərinin iştirakı ilə keçirilən bu tədbirlərdə 3920 nəfər iştirak etmiş, 132 təklif irəli sürülmüşdür. Onlardan böyük bir qismi yerindəcə həll edilmiş, digərlərinin həlli ilə bağlı dövlət orqanları qarşısında məsələ qaldırılmış, bəzilərinin isə regionların inkişafı ilə bağlı üçüncü Dövlət Proqramına daxil edilməsi təklif olunmuşdur.

...Goranboya son səfərimiz zamanı gördüklərimizin, müşahidə etdiklərimizin hamısını, əlbəttə, bir qəzet səhifəsinə çıxartmaq, sadəcə olaraq, mümkün deyil. Biz burada yalnız əsas məqamlar üzərində dayandıq. Başlıca amil isə ondan ibarətdir ki, ötən hər gün, az qala, hər saat rayonda yüksək inkişaf və irəliləyişlə müşahidə olunur. Tikinti-abadlıq və quruculuq işləri artan sürətlə gedir, görülən işlərin keyfiyyəti diqqət mərkəzindədir.

Rayon sakinləri - ağsaqqallar, ziyalılar və gənclərlə keçirdiyimiz görüş və söhbətlərə əsaslanıb deyə bilərik ki, bu gün Goranboyda sağlam mənəvi-psixoloji mühit, yaradıcı və işgüzar əhval-ruhiyyə hökm sürür. İnsanlar son illər iqtisadi-sosial və mədəni sahədə əldə edilmiş böyük uğurları haqlı olaraq ölkə Prezidenti İlham Əliyevin bütün bölgələrə, o cümlədən Goranboya göstərdiyi gündəlik diqqət və qayğının nəticəsi kimi qiymətləndirir, sabaha böyük inam və ümidlə baxır, daha yüksək hədəflər uğrunda mübarizə aparırlar.

 

 

Ziyəddin SULTANOV

 

Xalq qəzeti.- 2014.- 16 fevral.- S. 6.