Firəngiz Şərifovanın
90 illiyi qeyd olundu
Bu günlərdə Dövlət Gənc TamaşaçılarTeatrında xalq artisti Firəngiz Şərifovanın 90 yaşı təntənə ilə qeyd olundu. Teatr kollektivinin üzvləri yubiley münasibətilə aktrisanı yaşadığı evdə ziyarət etmişlər.
Məlumat üçün bildirək ki, Firəngiz Şərifova 6 fevral 1924 -cü ildə Bakıda doğulub. O, böyük Azərbaycan aktyorları Abbas Mirzə Şərifzadə və Mərziyyə Davudovanın övladıdır. Firəngiz xanımın ailənin sənət ənənəsini davam etdirən nəvəsi Eldar Qasımov 2011-ci ildə “Eurovision” beynəlxalq mahnı müsabiqəsinin qalibi olmuşdu.
Firəngiz xanım səkkiz il Bakı Xoreoqrafiya Məktəbində oxuyub. 1941 -ci ildə ailələrinin yaxın dostu və xeyirxahı Üzeyir bəy Hacıbəyovun məsləhəti ilə Azərbaycan Dövlət Konservatoriyasının vokal fakültəsinə daxil olub. Beş il konservatoriya təhsili alıb və soprano səsinin peşəkarlıq yönündə formalaşıb. Dramaturq Cəfər Cabbarlının təkidi və atası Abbas Mirzənin razılığı ilə səkkiz yaşında “Oqtay Eloğlu”nda Sevər və bir az sonra “Sevil”də Gündüz rollarında çıxış edib. Qanla və südlə aktyorluq peşəsi, təşnəli sənət ehtirası, alovlu istedad bütün varlığına hopmuş Firəngiz xanım 1947-ci ilin əvvəllərində Cəlil Məmmədquluzadə adına Azərbaycan Dövlət Musiqili Komediya Teatrının truppasına qəbul olunub.
1949-cu ilin əvvəllərində bu sənət ocağı müvəqqəti bağlanıb. Firəngiz xanım Xalq Maarif Komissarlığı İncəsənət İşləri İdarəsinin sərəncamına əsasən Gənc Tamaşaçılar Teatrının truppasında aktyor işləməyə başlayıb. Tezliklə teatrın əsas aktyorlarından biri kimi tanınıb. 1960-cı il may ayının 5-də Firəngiz Şərifova Akademik Milli Dram Teatrına işə götürülüb. O, bu sənət ocağında 1965-ci il aprel ayının 1-nə qədər işləyib və qısa müddət ərzində parlaq sənət hadisəsinə çevrilən obrazlar yarada bilib. Qüdrətli aktrisa yaşının və sənətinin yetkinlik çağında, 1965-ci ildə yenidən Gənc Tamaşaçılar Teatrına qayıdıb və indiyədək oranın aparıcı sənətkarıdır.
Firəngiz xanım milli səhnə mədəniyyətimizin inkişafında göstərdiyi böyük xidmətlərə, qazandığı sənət qələbələrinə görə 1960-cı ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1969-cu ildə isə xalq artisti fəxri adlarına layiq görülüb. Aktisanın zəngin və əlvan, müxtəlif janrlı və fərqli üslublu obrazlar qalereyası vardır. Bu səhnə surətlərinin adisi də var, maraq doğuranı da və ən əsası, aktrisanın həyatında sənət hadisəsinə çevriləni də.
O, Musiqili Komediya Teatrında Gülçöhrə (“Arşın mal alan”, Üzeyir Hacıbəyov), Durna (“Durna”, Səid Rüstəmov), Ulduz (“Ulduz”, Süleyman Ələsgərov), Keto (“Keto və Kote”, Vladimir Dolidze), Bayadera (“Bayadera”, İmre Kalman), Akademik Milli Dram Teatrının səhnəsində Perdidata (“Qış nağılı”, Vilyam Şekspir), Həcər (“Qaçaq Nəbi”, Süleyman Rüstəm), Rəfiqə Rəhimli (“Alov”, Mehdi Hüseyn), Ket (“Afrodita adası”, Aleksis Parnis), Erfila (“Dəlilər”, Lope de Veqa), Gülgün (“Od gəlini”, Cəfər Cabbarlı) kimi maraqlı rollar oynayıb.
1949-1961 və 1965-ci ildən bu günədək Gənc Tamaşaçılar Teatrında yaratdığı səhnə obrazları Firəngiz Şərifovanın yaradıcılığında xüsusi yer tutur. Aktrisa “Söhrab və Rüstəm” (İskəndər Coşğun), “Anacan” (Yusif Əzimzadə), “Keçən ilin son gecəsi” (Anar), “Sən nə üçün yaşayırsan?” (İmran Qasımov, Həsən Seyidbəyli), “Rübailər aləmində” (Məmmədhüseyn Təhmasib), “Yazığam, sevmə məni” (Əkrəm Əylisli), “Şəhidlər” (Bəxtiyar Vahabzadə), “Mahmud və Məryəm” (Elçin), “Ağ Dəvə” (Elçin), “Nənənin kələyi” (Əhməd Orucoğlu) və digər tamaşalarda yaddaqalan obrazlar yaradıb.
Firəngiz Şərifova gənc yaşlarından başlayaraq “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan “Qaraca qız” (Yasəmən), “Bir ailəlik bağ evi” (Ana), “Bayquş gələndə” (Nənə), “Qərib cinlər ölkəsində (Tükəz), “Qətl günü” (Nənə) kino lentlərində müxtəlif rollara çəkilib. Bu rollar psixoloji dərinliyinə, emosional sənətkarlıq xüsusiyyətlərinə görə aktrisanın parlaq ekran istedadından xəbər verir.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2014.- 16 fevral.- S. 7.