Ölkələrimiz
arasında əməkdaşlıq genişlənir
Serbiya Respublikasının Azəbaycan Respublikasındakı səfirliyi 15 fevral - Serbiya Respublikasının Dövlətçilk günü münasibətilə “İnterfaks-Azərbaycan” İnformasiya Agentliyində mətbuat konfransı keçirmişdir. Serbiya Respublikasının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Zoran Vayoviç Serbiya-Azərbaycan ikitərəfli əməkdaşlığının 2013-cü ilin yekunları və 2014-cü ilin perspektiv inkişafı haqqında məlumat vermişdir.
Qeyd olunmuşdur ki, Serbiya -Azərbaycan münasibətlərinin ikitərəfli inkişafında Serbiya Respublikasının Prezidenti Tomislav Nikoliçin Azərbaycan Respublikasına ilk rəsmi səfəri və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüşü 2013-cü ilin (7-9 fevral) əsas hadisəsi olmuşdur. Səfər çərçivəsində Azərbaycan Respublikası və Serbiya Respublikası arasında dostluq münasbətləri və strateji tərəfdaşlıq haqqında bəyannamə, həmçinin baytarlıq, informasiya və kommunikasiya texnologiyaları sahələrində əməkdaşlıq haqqında sazişlər imzalanmışdır. Hazırda ölkələrimiz arasında müxtəlif sahələrdə ikitərəfli qarşılıqlı münasibətlərin hüquqi bazasına aid 26 beynəlxalq müqavilə mövcuddur.Ölkələrimizin ikitərəfli əlaqələrini əhatə edən müxtəlif sahələrdə, hüquq- mühafizə orqanları arasında əməkdaşlıqdan başlamış elm və texnologiya sahələrinədək bir neçə layihə üzərində fəal iş aparılır.
Səfir bildirmişdir ki,Serbiya və Azərbaycan beynəlxalq arenada bir-birini müdafiə etməsi sahəsində dəyişməz mövqe nümayiş etdirir, beynəlxalq hüquq müstəvisində ölkələrimiz ərazi bütövlüyü və suverenliyinin qorunması, münaqişələrin beynəlxalq hüquq normaları əsasında həllinə tərəfdardırlar. 2013-cü ildə ölkələrimiz arasında ikitərəfli ticarət-iqtisadi əməkdaşlıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir.Bu sahədə əməkdaşlığın əsas prioritetləri tikinti,təhsil, turizm və infrastruktur üzrə birgə layihələrdir. İki ölkənin xarici işlər nazirlikləri arsında ilk konsul məsləhətləşmələri, bu sahədə vətəndaşlar və cinayət işləri üzrə huquqi köməkliklər göstərilməsi, əsasən viza rejiminin aradan götürülməsi kimi məsələlər müzakirə edilmişdir. Ölkələrimiz arasında mal dövriyyəsi 2012-2013- cü illərdə 40 milyon avroya, layihə-tikinti işlərini əlavə etdikdə 60 milyon avroya çatmışdır.
Səfir eyni zamanda hökumətlərarası komissiyaların ticarət-iqtisadi əməkdaşlıq sahəsində keçirilən iclaslarının müsbət nəticələri, ölkələrimiz arasında getdikcə genişlənən təhsil, səhiyyə, tibb elmi, mədəniyyət əlaqələri barədə danışmış, şair, yazıçı, aktyorlar arasında mübadilə, serb və Azərbaycan dillərində kitabların nəşr olunması,teatr, kinematoqrafiya sahəsində əlaqələrin daim inkişaf etdiyini göstərmişdir.
Konfransın sonunda jurnalistləri maraqlandıran suallara ətraflı cavab verilmişdir.
A.SADIQOĞLU
Xalq qəzeti.- 2014.- 16 fevral.- S. 7.