Azərbaycan
XİN: Ermənistan rəhbərliyinin sülhdən, mənəvi-əxlaqi
dəyərlərdən danışması
riyakarlığın ən ifrat nümunəsidir
Elman Abdullayev: “Serj Sarkisyanın anti-Azərbaycan və irqçi fikirlərin əvəzinə Ermənistanın
fəlakətin astanasında olmasına aydınlıq gətirməsi
daha faydalı olardı”
“Populizm və yalan dolu şüarlarla çıxış edən, xalqın fikrini kəskin ölkədaxili problemlərdən yayındırmağa çalışan Serj Sarkisyanın anti-Azərbaycan və irqçi təfəkkürlü fikirlərinin əvəzinə əhalisinin 40 faizindən artığı yoxsulluğun ən aşağı həddində yaşayan Ermənistanın fəlakət astanasında olmasına aydınlıq gətirməyə çalışması daha faydalı olardı”.
APA -nın məlumatına görə, bunu Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Ermənistan prezident Serj Sarkisyanın çıxışını şərh edərək demişdir.
E. Abdullayev bildirmişdir ki, Azərbaycan xalqına qarşı ağır müharibə cinayətləri və etnik təmizləmə əməlləri törətmiş, Xocalı soyqırımının hazırlanmasına və həyata keçirilməsində bilavasitə iştirak etmiş Ermənistan rəhbərliyinin sülh, mənəvi və əxlaqi dəyərlərdən danışması riyakarlığın ən ifrat nümunəsidir: “Ermənistan ərazisində yaşamış bütün xalqlara, xüsusilə köklü azərbaycanlılara və eləcə də işğal olunmuş ərazilərdə Azərbaycan əhalisinə qarşı qanlı təmizləmə həyata keçirmiş Ermənistan rəhbərliyinin Azərbaycana qarşı ittiham irəli sürməyə mənəvi haqqı belə yoxdur. Məgər Azərbaycan və erməni xalqlarının ”etnik uyğunsuzluğu"ndan danışan Serj Sarkisyan və onun sələfi Robert Köçəryan deyildimi? Öz ölkəsinin gəncləri qarşısında çıxış edərək xülyalarda yaşayan “Böyük Ermənistan” yaratmaq üçün onları qonşu dövlətlərin ərazilərinə göz dikməyə və gələcəkdə daha böyük və qanlı müharibələrə təhrik edən həmin Sarkisyan deyilmi? Bu irqçi və digər xalqlara və millətlərə nifrət siyasətinin nəticəsidir ki, Ermənistan mono-etnik dövlətə çevrilib. “Azadlıq” və “patriotizm”dən dəm vuran Ermənistan rəhbərliyinin öz xalqına qarşı rəftarının və münasibətinin dəfələrlə şahidi olmuşuq. Ermənistanın ictimai xadimlərinin dediyi kimi, erməni xalqına qarşı “ağ soyqırım” törədən Ermənistan rəhbərliyi yüz minlərlə Ermənistan vətəndaşının ölkədən didərgin düşməsinə və digər ölkələrdə rəzalət halında qanunsuz miqrant kimi yaşamağa məhkum edilməsinə görə bilavasitə məsuliyyət daşıyır. Ermənistandan fərqli olaraq, Azərbaycan xalqı əsrlərdən bəri formalaşmış və fəxarət mənbəyi olan öz çoxmədəniyyətlilik və tolerantlıq xüsusiyyətlərini qoruyub saxlayıb və Azərbaycan bu gün dünyada tolerantlıq nümunəsi kimi qəbul olunur. Azərbaycanda bir çox millətlərin, o cümlədən ermənilərin yaşaması və müasir Azərbaycanın inkişafından tamhüquqlu vətəndaş olaraq faydalanmaları Azərbaycan xalqının yüksək mənəvi xüsusiyyətlərindən xəbər verir. Amma Serj Sarkisyan unutmamalıdır ki, Azərbaycan dövləti öz ərazisində ikinci bir erməni dövlətinin yaradılmasına və ərazilərinin ilhaq edilməsinə heç bir zaman icazə verməyəcək və gec-tez Azərbaycanın işğal olunmuş əraziləri azad olunacaq və ölkənin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı təmin ediləcək".
Xatırladaq ki, fevralın 15-də Ermənistan prezidenti S. Sarkisyan “Yerkrapa” Könüllülər
İttifaqının qurultayında çıxış edərkən
təmas xəttində baş verən gərginliklərdə
Azərbaycanı ittiham edib.
O bildirib ki, geniş miqyaslı müharibəyə başlamaq üçün
Azərbaycanın gücü və
imkanı yoxdur.
Xalq qəzeti.- 2014.- 18 fevral.- S. 3.