Biləsuvar: uğurlar fərəh doğurur
Ötən il Muğan düzünün gözəl rayonu üçün xüsusilə əlamətdar olmuşdur. Prezident İlham Əliyevin sentyabr ayının 4-də Biləsuvara səfər etməsi rayonun həyatında tarixi hadisəyə çevrilmişdir. Həmin gün dövlət başçısı mühüm tikililərin açılışını etdi, rayona verilən yeni içməli su xəttinin istismara buraxılmasını reallaşdırdı. Əsrlər boyu keyfiyyətli su üzünə həsrət qalan Muğana aydınlıq rəmzi olan saf suyun gətirilməsi məhz cənab İlham Əliyevin adı ilə bağlıdır.
Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev illik hesabat yığıncağında xüsusilə vurğuladı ki, həmin səfər zamanı ölkə rəhbərinin rayon ictimayyəti nümayəndələri ilə görüşü hər kəsə unudulmaz təsir bağışlamışdır.
Hesabat məruzəsinin müsbət məqamları yetərli qədərdir. Onların daha xarakterik olanlarını diqqətdən keçirək.
Ümumi məhsul buraxılışının həcmi 2012-ci illə müqayisədə 28,8 faiz çox olmuşdur. Kənd təsərrüfatı 10,7 faiz, sənaye 16,5 faiz, tikinti isə 76,9 faiz artımıla müşayiət edilir. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 106 sahibkarlıq subyektinə 6,2 milyon manat kredit verilmişdir.
İl ərzində 4 kənd təbii qazla təmin olunmuşdur. Hazırda 2 kənddə küçə qaz xətlərinin, 4 kənddə isə magistral daşıyıcı xətlərin çəkilişi aparılır. Bu il rayonda qazlaşdırma işi tam başa çatdırılacaq. Mərkəzdə yeni elektron ATS-in quraşdırılması tam başa çatdırılmış, eyni zamanda bütün kənd ATS-ləri elektronlaşdırılmışdır.
Hesabat ilində tikinti, abadlıq və quruculuq sahəsində xeyli işlər görülmüş, bir sıra mühüm obyektlərin qısa müddətdə və yüksək keyfiyyətlə inşa edilməsi şəhərin simasını xeyli dəyişərək ona xüsusi gözəllik vermişdir. Bunlardan ən önəmlisi kimi mərkəzi hissədə görülmüş işləri qeyd etmək olar. Ulu öndər Heydər Əliyevin adını daşıyan 2,1 hektarlıq yeni müasir park salınaraq unudulmaz dahi şəxsiyyətin möhtəşəm abidəsi ucaldılmışdır. Böyük yaşıllıq zolaqları salınmış, yüzlərlə dekorativ ağac və minlərlə gül kolu əkilmişdir. Parkda dörd fontan kompleksi, yeni oturacaqlar və müasir işıqlandırma sistemi quraşdırılmış, 56 metr hündürlüyündə Dövlət Bayrağı ucaldılmış, bayrağın bünövrə hissəsində respublikamızın xəritəsi, gerbi və himni təsvir olunan lövhələr vurulmuşdur. Burada Heydər Əliyev Mərkəzinin, rayon icra hakimiyyətinin və Yeni Azərbaycan Partiyası rayon təşkilatının yeni inzibati binalarının yüksək zövqlə tikilməsi hər bir biləsuvarlını qürurlandırır. Şəhərin cənub istiqamətində müasir üslublu tağvari giriş darvazası quraşdırılmış, Heydər Əliyev küçəsindəki yolayırıcı dairədə saat kompleksi, Bolqarçay üzərindəki körpünün ətrafında tumbalar üzərində dekorativ işıqlandırma sistemi qurulmuşdur. Yol kənarlarında yerləşən kommersiya obyektlərinin dekorativ aqlay daşları ilə üzlənməsi davam etdirilmişdir. Aparılan tikinti quraşdırma işləri ilə yanaşı xeyli yol asfaltlaşdırılmışdır. Bundan başqa Bəhrəmtəpə-Biləsuvar magistral yolunda 30 kilometr asfalt-beton örtüklü yol tikilmişdir və hazırda yol tikinti işləri davam etdirilir. Ələt-Astara magistral avtomobil yolunda da təmir işləri aparılmışdır.
Dövlət Proqramına uyğun olaraq Biləsuvar şəhərinin kanalizasiya sisteminin tikintisi davam edir. Rayon ərazisində ticarət mərkəzlərinin, kəndlərdə 2 xeyir-şər evinin, istixananın, saatlıq gücü 380 ton olan asfalt-beton zavodun tikintiləri başa çatdırılmışdır. Onlarla kilometrlik kəndlararası avtomobil yolu çəkilir. Üç məktəbin cari ildə istifadəyə verilməsi nəzərdə tutulur.
Məruzəçi
sonra dedi:
-Nailiyyətlərlə başa vurduğumuz ildə rayonda ictimai-siyasi sabitliyin təmin olunmasına, təhsil, səhiyyə və mədəniyyət sahələrinin inkişafına, gənclərlə aparılan ideya-siyasi tərbiyə işinin yaxşılaşdırılmasına diqqət artırılmış və bu sahələrdə maddi-texniki bazanın möhkəmləndirilməsi üçün mühüm tədbirlər həyata keçirilmişdir. Son illər rayonumuzda 9 yeni məktəb binası tikilmiş, 5 məktəb yüksək səviyyədə əsaslı təmir olunmuşdur. Cənab İlham Əliyevin Nazirlər Kabinetinin iclasında söylədiyi kimi, yaxın illərdə bölgələrdə bir dənə də olsun qəzalı və təmirsiz məktəb qalmayacaq.
“Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının yenidən qurulması ilə bağlı tədbirlər haqqında” möhtərəm Prezidentimizin sərəncamı ilə bu tibb ocağının əsaslı təmirinə başlanmışdır. Hazırda işlər sürətlə davam etdirilir. Son illərdə rayonun 6 kəndində müasir səhiyyə ocaqlarının tikilib istifadəyə verilməsi xidmətin keyfiyyətinin yüksəlməsinə səbəb olmuşdur.
Olimpiya İdman Kompleksindən və digər idman qurğularından səmərəli istifadə edən idmançılarımız müxtəlif turnir və yarışlarda ilbəil uğurlarını artırırlar. Ötən il elektron səsvermə nəticəsində Biləsuvar “Gənclər paytaxtı” müsabiqəsində qalib gəlmişdir. Rayon əhəmiyyətli tədbirlərə layiqincə ev sahibliyi etdi və adını doğrultdu.
Hər həftənin müəyyən günlərində yerlərdə mütəşəkkil qaydada səyyar görüş-qəbullar keçirilir. Keçən il kəndlərdə keçirilən qəbullarda 3082 nəfər iştirak etmiş, qaldırılan məsələlərin 169-u və ya 93,4 faizi həll edilmişdir. Rayon icra hakimiyyətinə gələn yazılı müraciətlərə də yüksək həssas münasibət bəslənir.
Məruzəçi çıxışını Azərbaycan Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin iclasında söylədiyi fikirləri xatırlamaqla yekunlaşdırdı: “2014-cü ildə ölkəmizin dinamik inkişafı təmin edilməlidir. Hesab edirəm ki, əvvəlki illərdə qəbul edilmiş qərarlar və 2014-cü ildə görüləcək işlər imkan verəcək ki, biz cari ili də uğurla başa vuraq”.
Əli
NƏCƏFXANLI
Xalq qəzeti.- 2014.- 18 fevral.- S. 6.